24 Noyabr 2011 03:11
982
Milli Məclis
A- A+

Milli Məclisdə 2012-ci il dövlət büdcəsinin layihəsinin müzakirəsi davam etdirilmişdir

 

Milli Məclisin noyabrın 23-də keçirilmiş iclasında "Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi davam etdirilmişdir.

İclasda çıxış edən Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bildirmişdir ki, bu günlərdə xalqımız möhtəşəm bir bayramı - dövlət müstəqilliyimizin 20-ci ildönümünü təntənə ilə qeyd edir. Müzakirəyə təqdim olunmuş büdcə layihəsi iyirmi illik müstəqilliyin uğurlu göstəricisidir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş strategiyanı Prezident İlham Əliyevin uğurla davam etdirməsi nəticəsində ölkə həyatının bütün sahələrində dinamik inkişafa nail olmuşuq. 

E.Rüstəmov demişdir ki, bu gün Azərbaycanda keyfiyyətcə yeni iqtisadi şərait yaranmışdır. Azərbaycan iqtisadiyyatı bu uğur sayəsində dünyadakı iqtisadi böhrandan da çox az itki ilə çıxmışdır. İndi Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının dörddəüçünü özündə birləşdirir, yoxsulluq səviyyəsi 5 dəfə azalmışdır. Azərbaycan iqtisadiyyatı son 8 ildə 3 dəfə artmışdır. Dünyada isə qlobal böhranın ikinci dalğası artıq başlayır. Hamıya məlumdur ki, bu, başlıca olaraq avrozonanı əhatə edir. Bu gün Avropanın beş dövlətinin toplam borcu 4 trilyon ABŞ dollarından çoxdur. Bu, fantastik bir rəqəmdir. Həmçinin  ABŞ-da da eyni böhran yaşanır. İşsizlik bu ölkələrə hakim kəsilmişdir. Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə isə dünya üzrə resessiya çox zəif gedir.

Mərkəzi Bankın İdarə Heyətinin sədri demişdir ki, bu gün  Azərbaycanın məcmu valyuta ehtiyatları 42 milyard ABŞ dollarına  yaxınlaşır və mütəxəssislər ölkəmizin iqtisadiyyatı üçün ortamüddətli dövrdə hər hansı makroiqtisadi risk görmürlər. Hesablamalara görə, qarşıdakı 10 ildə Azərbaycan iqtisadiyyatı ikirəqəmli inkişaf tempinə - 10-12 faiz artıma nail olacaqdır. Bunun üçün də əhəmiyyətli investisiya artımı olmalıdır və bu halda xaricdən investisiyaların cəlb edilməsi tələb olunur.

E.Rüstəmov daha sonra demişdir: "Yeni il üçün dövlət büdcəsinin layihəsi yüksək səviyyədə hazırlanmış, dayanıqlığı təmin olunmuşdur. Büdcə xərcləri ümumi daxili məhsulun (ÜDM) 37 faizinə çatmışdır ki, bu da "Böyük iyirmilik"in həddidir. Neftin baza qiyməti konservativdir, bu barədə Beynəlxalq Valyuta Fondunun proqnozu 102 dollardır. Sosial proqramların reallaşdırılması da uğurla davam etdirilir. Biz heç bir sosial proqramı dayandırmırıq və sürətini aşağı salmırıq. Büdcə xərcləri də texniki xarakter daşıyır".

O qeyd edib ki, növbəti illərdə inflyasiyanın birrəqəmli olması  üçün lazımi tədbirlər görüləcəkdir. Hazırda Azərbaycan manatı 1,4 faiz möhkəmlənmişdir.

Azərbaycanda irəli sürülən sosial ipoteka proqramının çox mühüm, həm də iqtisadiyönümlü proqram olduğunu vurğulayan Elman Rüstəmov onu da bildirmişdir ki, ipoteka kreditləri üçün ayrılan 20 milyon manat kifayət deyil, əlavə vəsait lazımdır. Buna dövlətin kifayət qədər imkanı da vardır.

Sonra gələn ilin dövlət büdcəsi ilə bağlı çıxışlar olmuşdur. 

Deputatlar bildirmişlər ki, ölkəmizdə sosial-iqtisadi siyasət fundamental əsaslara malikdir. Dünya iqtisadiyyatındakı böhran bir çox ölkələrə ciddi mənfi təsir göstərsə də, Azərbaycan iqtisadiyyatı bu sınaqdan ən az itkilərlə çıxmışdır. Bu isə ölkədə həyata keçirilən siyasətin düzgünlüyünü bir daha sübut edir. Qeyd olunmuşdur ki, 2012-ci ilin dövlət büdcəsi ölkəmizdə neçə illərdir yaşanan dinamik inkişafın bundan sonra da davam edəcəyini təsdiqləyir.

Gələn il Azərbaycan iqtisadiyyatının inkişafının daha da güclənəcəyini, büdcənin isə investisiya və sosialyönümlü xarakter daşıdığını vurğulayan deputatlar sosial sahələrin proqramlar şəklində maliyyələşdirilməsinin yüksək səmərə verdiyini diqqətə çatdırmışlar.

Qeyd olunmuşdur ki, dövlət büdcəsində böyük maraq doğuran və xüsusi diqqətçəkən məqamlardan biri sosial məsələlər üçün nəzərdə tutulan vəsaitlərdir. Təqdirəlayiq haldır ki, hər il olduğu kimi, 2012-ci ildə də hökumət bu sahəyə böyük diqqət göstərmişdir. Büdcədə elm, təhsil, səhiyyə, mədəniyyət, bədən tərbiyəsi və gənclər siyasəti sahələrinə ayrılan vəsaitin həcmi yüksək qiymətləndirilmişdir.

Bununla yanaşı, deputatlar bir sıra təkliflər də səsləndirmişlər. Növbəti ilin büdcə zərfində təhsil  və səhiyyə sahəsində çalışanların əməkhaqlarının, bir sıra sahələrə ayrılan vəsaitin həcminin artırılması, kənd təsərrüfatının inkişafı, kəndlərdə yolların təmiri, ipoteka kreditlərinin verilməsi və digər məsələlərin nəzərə alınması məqsədəuyğun hesab edilmişdir.

Bildirilmişdir ki, ölkəmizdə Beynəlxalq İnkişaf Agentliyi yaradılmalıdır. Bununla da Azərbaycan xarici  mediada daha yaxşı təbliğ olunar, xarici QHT-lərlə əməkdaşlıq qura bilər. "Elektron hökumət"in idarə olunması üçün də xüsusi bir qurumun  yaradılmasının vacibliyi qeyd edilmişdir.

Milli Məclis Sədrinin müavini Bahar Muradova bildirmişdir ki, iki gün ərzində davam edən bu müzakirələr onu göstərir ki, Azərbaycan dövləti malik olduğu bütün resursları yeni əlavə sahələrin inkişafına yönəltmək istiqamətində növbəti bir plan hazırlamışdır. Bu gün ölkəmiz sürətlə inkişaf edir.

2012-ci il dövlət büdcəsi layihəsinin müzakirələrinə yekun vuran Milli Məclisin Sədri Oqtay Əsədov bildirmişdir ki, iki gün davam edən müzakirələrdə deputatlar bir sıra əhəmiyyətli təkliflər səsləndirmişlər. Noyabrın 24-də keçiriləcək iclasda maliyyə naziri Samir Şərifov deputatların Milli Məclisdə səsləndirdikləri təkliflərə münasibət bildirəcək, sonra isə büdcə paketinə daxil olan digər qanun layihələri müzakirə ediləcəkdir.

Bununla da Milli Məclisin bugünkü iclası başa çatmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video