23 Noyabr 2011 01:11
1016
Milli Məclis
A- A+

Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin layihəsinin müzakirəsi başlandı

 

Milli Məclisin noyabrın 22-də keçirilən iclasında 2012-ci il dövlət büdcəsinin və icmal büdcənin layihələrinin müzakirəsinə başlanılmışdır.

Gələn ilin dövlət büdcəsinin əsas parametrləri kitab halında çap olunaraq əvvəlcədən deputatlara paylanılmışdır.

İclasda Baş nazir Artur Rəsizadə və hökumət üzvləri iştirak edirlər.

Milli Məclisin sədri Oqtay Əsədov demişdir ki, ümummilli lider Heydər Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində Azərbaycanın davamlı iqtisadi inkişafı və makroiqtisadi sabitliyi təmin edilmişdir. Bu gün Milli Məclisdə müzakirəsinə başladığımız büdcə zərfi sənədləri də ölkə həyatında müşahidə olunan müsbət dinamik dəyişiklikləri dolğun şəkildə əks etdirir. 

Qeyd olunmalıdır ki, 2012-ci il üçün dövlət büdcəsinin və büdcə zərfinə daxil edilmiş digər sənədlərin layihələri ölkəmizin sosial-iqtisadi durumu və müasir dövrün çağırışları nəzərə alınmaqla tərtib olunmuşdur.

Cari ilin 9 ayının nəticələri göstərir ki, ilin sonuna qədər ümumi daxili məhsulun istehsalında artım əldə ediləcəkdir. Burada xüsusi qeyd edilməli məqam neft sektorunda sabitliyin saxlanılması ilə yanaşı, iqtisadiyyatın qalan sahələrində təqribən 8-9 faizlik artımın gözlənilməsidir. Gələn ildə ümumi daxili məhsul istehsalının 57 faizindən çoxu qeyri-neft sektorunun payına düşəcəkdir. Bu isə neftdən əldə olunan gəlirlər hesabına qeyri-neft sektorunun inkişafı siyasətinin davam etdirilməsinin bariz nümunəsidir.

2012-ci ildə ölkə iqtisadiyyatına 14 milyard manata yaxın sərmayə qoyulacaqdır. Bu, cari illə müqayisədə 10 faizə yaxın artım deməkdir. İnvestisiyaların ümumi həcmində daxili sərmayələrin payı 70 faizdən çox olacaqdır.

Ötən dövrdə olduğu kimi, gələn ildə də əhalinin rifah halının  yüksəldilməsi diqqət mərkəzində saxlanılacaqdır. Orta aylıq əməkhaqqının 432 manata çatdırılması, yaxud 11,6 faiz artırılması proqnozlaşdırılır.

İqtisadiyyatda baş verən real struktur dəyişiklikləri onun neft amilindən asılılığının azaldılmasına, qeyri-neft sektorunun, xüsusən, kənd təsərrüfatının, emal sənayesinin, turizmin, xidmət sahələrinin genişlənməsinə, regionların inkişafına, insan resurslarından səmərəli istifadə olunmasına yönəlmişdir.

Bu baxımdan makroiqtisadi sabitliyin qorunub saxlanılması, ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi, iqtisadi tənzimləmə mexanizmlərinin sadələşdirilməsi dövlət büdcəsi zərfinin əsas məqamlarıdır.

Dövlət büdcəsinin gəlirlərində və xərclərində mühüm kəmiyyət və keyfiyyət dəyişiklikləri nəzərdə tutulmuşdur. Büdcə gəlirləri 16,4 milyard manat məbləğində müəyyən edilmişdir. Bu, cari ilin təsdiq olunmuş göstəricisindən təqribən 5,7 faiz çoxdur. Gəlirlərin 73 faizinin neft sektorunun, 27 faizinin isə qeyri-neft sektorunun payına düşəcəyi proqnozlaşdırılır.

Gələn ilin dövlət büdcəsinin gəlirləri hesablanarkən dünya maliyyə bazarlarının konyunkturasına və əvvəlki illərin təcrübəsinə istinad olunmuş, neftin qiymətində baş verə biləcək gözlənilməz dəyişikliklər nəzərə alınmış, onun 1 barelinin qiyməti 80 ABŞ dolları məbləğində götürülmüşdür.

Büdcə siyasətinin ən mühüm məsələlərindən biri daxil olmuş pul vəsaitlərinin optimal bölgüsü, təyinatı üzrə qənaətlə istifadəsi və proseslərin şəffaflığının təmin edilməsidir. 2012-ci ildə dövlət büdcəsinin xərcləri ümumi daxili məhsulun 39 faizi həcmində proqnozlaşdırılır. Bu, 17 milyard manat və ya 21,5 milyard ABŞ dolları deməkdir. Beləliklə, büdcə xərclərində cari illə müqayisədə 1 milyard manatdan çox, yaxud 6,5 faiz artım nəzərdə tutulmuşdur.  

Əvvəlki illərdə olduğu kimi, 2012-ci ilin dövlət büdcəsi də sosial və investisiya yönümlü olacaqdır. Belə ki, sosial məqsədlərə ayrılan xərclər büdcənin ümumi xərclərinin 28 faizini, mütləq ifadədə 4,7 milyard manat təşkil edəcəkdir. Bu isə cari ilə nisbətən 10 faiz artım deməkdir. Gələn il əsaslı vəsait qoyuluşları isə 7,8 milyard manat, yaxud ümumi xərclərin 46 faizi həcmində proqnozlaşdırılır.

Ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin gücləndirilməsi, ordunun, hüquq-mühafizə və məhkəmə hakimiyyəti orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, bu sahələrdə xidmət edənlərin sosial müdafiəsinin təmin olunması məsələləri də diqqət mərkəzində saxlanılacaqdır.

Sonra Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə çıxış etmişdir. Komitə sədri demişdir ki, Prezident İlham Əliyevin də bildirdiyi kimi, Azərbaycan 20 il ərzində çox böyük inkişaf yolu keçmiş və öz müstəqilliyini qoruyub saxlamış, dünyada tanınan dövlətlər sırasına daxil olmuşdur. Bütün dünya ölkələrində ən böyük problemlərdən biri dövlət büdcəsinin müzakirəsidir. Çünki dövlət büdcəsi ölkənin müqəddəratını həll edir. Azərbaycanda güclü iqtisadi təhlükəsizlik bazası yaradılmışdır ki, bu da ildən-ilə büdcənin hazırlanmasında böyük rol oynayır. Son illər "Büdcə sistemi haqqında" qanuna və digər qanunlara edilən dəyişiklər bütövlükdə Azərbaycan büdcəsinin hazırlanmasında sanballı hüquqi baza rolunu oynamışdır.

Z.Səmədzadə bildirmişdir ki, Avropada baş verən hadisələrdən fərqli olaraq Azərbaycan ənənəvi oyun qaydalarını kənara qoyaraq öz inkişaf modelini seçmişdir. Burada da milli maraqlar vacib rol oynayır. Azərbaycan büdcəsi də ölkənin milli maraqlarına, iqtisadi təhlükəsizliyinə cavab verir. Azərbaycan dünyada nadir dövlətlərdən biridir ki, büdcə siyasətində irəli sürdüyü müddəalar dövlətin qüdrətinin artmasına təkan verir.

Parlamentin komitə sədri demişdir ki, dövlət büdcəsinin layihəsi hazırlanarkən son illər Azərbaycanda müsbət meyillərin güclənməsi nəzərə alınmış və mənfi meyillər ciddi təhlil olunmuşdur. Bizim həm də beynəlxalq öhdəliklərimiz var ki, bu da büdcənin güclənməsinə kömək edir.

Komitə sədri vurğulamışdır ki, Azərbaycanın dövlət büdcəsi əsasən Vergilər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin xətti ilə yığılan vergilər hesabına formalaşır. Son illər Vergilər Nazirliyi tərəfindən daxilolmalar 8,9 faiz artmışdır. Eyni zamanda, büdcənin gəlir və xərclərində də 44 faiz artım olmuşdur. 2012-ci ilin büdcəsində adambaşına düşən gəlirlər borclardan 4,2 dəfə çoxdur.

Sonra maliyyə naziri Samir Şərifov çıxış etmişdir.

Nazir demişdir ki, 2012-ci ilin dövlət və icmal büdcələrinin layihəsi və büdcə zərfinə daxil olan digər sənədlər Konstitusiyaya uyğun olaraq Azərbaycan Prezidenti tərəfindən Milli Məclisin müzakirəsinə təqdim edilmişdir.

2012-ci ilin dövlət büdcəsinin layihəsi "Büdcə sistemi haqqında" qanuna müvafiq olaraq ölkənin əsas makroiqtisadi proqnoz göstəriciləri, mövcud sosial-iqtisadi vəziyyəti və ortamüddətli inkişafa təsir göstərən daxili və xarici amillər, o cümlədən 2011-ci ilin ötən 9 ayı ərzində iqtisadiyyatın inkişafının əsas meyilləri və nəticələri qiymətləndirilməklə tərtib edilmişdir.

Gələn ilin dövlət büdcəsinin layihəsində ölkənin müdafiə qüdrətinin gücləndirilməsi, büdcə təşkilatlarında, o cümlədən hərbi qulluqçuların, elm, səhiyyə, təhsil, mədəniyyət, kənd təsərrüfatı və digər sahələrdə çalışanların əməkhaqlarının, pensiya və sosial müavinətlərin artırılması, sosial, aqrar və digər sektorların maddi-texniki təminatının yaxşılaşdırılması, regionların, sahibkarlığın inkişafı, sosial və infrastruktur obyektlərinin tikintisi və yenidən qurulması üçün vəsaitin ayrılması, dövlət borclanmasına ehtiyatla yanaşmaqla borclanma limitinin azaldılması və s. məsələlər müsbət həllini tapmışdır. 2012-ci ilin dövlət büdcəsinin layihəsinin tərtibi zamanı İqtisadi İnkişaf Nazirliyinin hazırladığı 2012-2015-ci illər üzrə Azərbaycan Respublikasının ortamüddətli makroiqtisadi proqnoz göstəriciləri, o cümlədən 2012-ci ildə ÜDM-in 5,7 faizlik, qeyri-neft ümumi daxili məhsulun isə 8,6 faizlik artım sürəti əsas götürülmüşdür.    

Cari ilin dövlət büdcəsinin icrası vəziyyətinə toxunan nazir bildirmişdir ki, 2011-ci ilin 9 ayında dövlət büdcəsinin gəlirləri 105,6 faiz, xərcləri isə 87,7 faiz icra olunmuşdur. İlin sonuna dövlət büdcəsinin gəlirlərinin 100 faiz, xərclərinin isə 95 faiz icra olunacağı gözlənilir.

Gələn ilin əsas maliyyə sənədi barədə məlumat verən S.Şərifov demişdir ki, 2012-ci il üçün dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 37,8 faizi həcmində proqnozlaşdırılır ki, bu da 2011-ci illə müqayisədə 1,1 faiz çoxdur. Mütləq ifadədə 2011-ci ilin dövlət büdcəsinin gəlirləri 16 milyard 436 milyon manat və yaxud 2011-ci ilin proqnozuna nisbətən 5,7 faiz (882,2 milyon manat) çox nəzərdə tutulmuşdur.

Gəlirlərin 12035,0 milyon manatı və ya 73,2 faizi neft, 4401,4 milyon manatı və ya 26,8 faizi isə qeyri-neft sektoru üzrə daxilolmaların payına düşəcəkdir.

Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 5 milyard 310 milyon manat daxilolma nəzərdə tutulmuşdur ki, bunun da 3 milyard 180 milyon manatı və ya 59,9 faizi qeyri-neft sektorunun, 2 milyard 130 milyon manatı və ya 40,1 faizi isə neft sektorunun payına düşür.

Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 1 milyard 200 milyon manat gəlir proqnozu nəzərdə tutulmuşdur ki, bu da cari illə müqayisədə 60,0 milyon manat və ya 5,3 faiz çoxdur.

Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin məbləği 9 milyard 905 milyon manat proqnozlaşdırılmışdır.

Növbəti il dövlət büdcəsinin xərcləri 16 milyard 984 milyon manat olacaqdır ki, bu da 2011-ci illə müqayisədə 6,5 faiz çoxdur. Kəsirin maliyyələşmə mənbələri və Dövlət Neft Fondundan ayrılan 9905,0 milyon manat transfert nəzərə alınmaqla 2012-ci il dövlət büdcəsinin xərcləri 16984,4 milyon manat proqnozlaşdırılmışdır. Bu da cari ilə nisbətən 1043,2 milyon manat və ya 6,5 faiz çoxdur.

Dövlət büdcəsi xərclərinin 51,8 faizi və ya 8 milyard 794 milyon manatı cari xərclərə, 46,1 faizi və ya 7 milyard 828 milyon manatı əsaslı xərclərə, 2,1 faizi və ya 362,4 milyon manatı dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcəkdir. 2012-ci ilin dövlət büdcəsinin kəsiri 548,0 milyon manat və ya ÜDM-in 1,3 faizi həcmində nəzərdə tutulmuşdur.

Maliyyə naziri S.Şərifov bildirmişdir ki, 2012-ci il icmal büdcəsinin gəlirləri 18 milyard 220 milyon manat olmaqla 2011-ci ilə nisbətən 1 milyard 762,2 milyon manat və ya 8,8 faiz, xərcləri 20 milyard 26 milyon olmaqla 2011-ci ilə nisbətən 1 milyard 412 milyon manat və ya 7,6 faiz çox nəzərdə tutulmuşdur.

İcmal büdcəyə daxil olan Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin xərcləri 2 milyard 454 milyon manat proqnozlaşdırılır.

Dövlət Neft Fondunun büdcəsinin xərcləri 10 milyard 483 milyon manat olmaqla 2011-ci illə müqayisədə 630,1 milyon manat və ya 6,4 faiz çoxdur.

İcmal büdcənin tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri bərabər olaraq 305,2 milyon manat proqnozlaşdırılmışdır ki, bu da 2011-ci ilə nisbətən 9,9 milyon manat və ya 3,4 faiz çoxdur.

2012-ci ilin icmal büdcəsinin kəsiri 1 milyard 806 milyon manat, Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan isə icmal büdcənin kəsiri 12 milyard 503 milyon manat və ya nəzərdə tutulan ümumi daxili məhsulun 28,8 faizi həcmində olacaqdır.

Daha sonra iqtisadi inkişaf naziri Şahin Mustafayev çıxış etmişdir.

İqtisadi inkişaf naziri bildirmişdir ki, avrozona ölkələrinin üzləşdiyi maliyyə və iqtisadi problemlər, ABŞ-da böhrandan əvvəlki iqtisadi fəallığın hələ də bərpa olunmaması, maliyyə bazarlarında davam edən mənfi dinamika dünya iqtisadiyyatında böhranın ikinci dalğasının baş verməsi ehtimalını artırır. Buna baxmayaraq, Azərbaycan iqtisadiyyatının 2012-ci ildə də əlverişli olmayan xarici iqtisadi mühit şəraitində inkişaf edəcəyi proqnozlaşdırılır. Yaradılmış möhkəm təməl və düşünülmüş iqtisadi siyasət nəticəsində 2012-ci ilin Azərbaycan iqtisadiyyatı üçün uğurlu il olacağı və əvvəlki illərdə müşahidə olunan müsbət meyillərin davam edəcəyi gözlənilir. Belə ki, 2012-ci ildə ölkədə iqtisadi artımın 5,7, faiz 2015-ci ilədək isə orta illik iqtisadi artımın 6,3 faiz olacağı gözlənilir. 

Adambaşına düşən ÜDM 2012-ci ildə 4744 manatdan 2015-ci ildə 5963 manata qədər artacaq və Azərbaycanın yuxarı orta gəlirli ölkələr arasında mövqeyi daha da möhkəmlənəcəkdir.

Növbəti il üçün manatın dollara məzənnəsi 79 qəpik qəbul edilmiş və inflyasiya tempi 6 faiz proqnozlaşdırılmışdır. Büdcə kəsirinin ÜDM-ə nisbəti 1,3 faiz, xarici dövlət borcunun yuxarı həddi 2 milyard manat nəzərdə tutulmuşdur.

Neftin qiyməti ilə bağlı beynəlxalq maliyyə-iqtisadi təşkilatların və neft hasil edən ölkələrin proqnozları təhlil edilmiş, 1 barelin qiyməti gələn il üçün 80, növbəti 3 il üçün isə 75 dollar qəbul edilmişdir.

Nazir demişdir ki, 2010-cu ildə neft sektorunun ÜDM-də payı 48,5 faiz təşkil edirdisə, uğurla həyata keçirilən şaxələndirmə siyasəti nəticəsində 2015-ci ildə bu göstəricinin 29,3 faizə qədər azalacağı və qeyri-neft sektorunun payının isə müvafiq olaraq 44,4 faizdən 61,3 faizə qədər artacağı proqnozlaşdırılır.

Bütün bunlara nail olunması üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq özəl bölmənin inkişafı məqsədi ilə qanunvericilik bazasının və bu sahədə dövlət tənzimlənməsi sisteminin təkmilləşdirilməsi, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması, sahibkarlığın, o cümlədən kiçik və orta sahibkarlığın inkişafına dövlət dəstəyi tədbirlərinin genişləndirilməsi davam etdiriləcəkdir.

İclasda Azərbaycan Respublikası Hesablama Palatasının gələn ilin dövlət büdcəsi layihəsinə dair rəyi də dinlənilmişdir.

Palatanın sədri bildirmişdir ki, Hesablama Palatası "Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin qanunvericilik aktlarının tələblərinə uyğun hazırlandığı qənaətinə gəlmişdir.

Heydər Əsədov 2012-ci ilin dövlət büdcəsi layihəsinin strateji aspektləri, inkişaf konsepsiyasına və dünyada yaranan iqtisadi mühitə uyğunluğu ilə bağlı fikirlərini açıqlamışdır.

Palatanın sədri diqqətə çatdırmışdır ki, 2012-ci ilin büdcəsi növbəti ildə də ölkədə makroiqtisadi və sosial sabitliyi saxlamağa xidmət edəcəkdir.

Sonra deputatlar 2012-ci ilin dövlət büdcəsi layihəsi ilə bağlı çıxış edərək fikirlərini açıqlamış, qeyd və təkliflərini bildirmişlər.

Çıxışlarda qeyd olunmuşdur ki,  layihədə  dünya iqtisadiyyatında gedən proseslər real  əks etdirilmişdir, dövlət büdcəsinin göstəriciləri və hədəfləri genişmiqyaslıdır və ölkəmizin davamlı inkişafına xidmət edəcəkdir. Ötən illərdə olduğu kimi, gələn ildə də büdcənin sosialyönümlülüyü və investisiya tutumluluğu saxlanacaqdır. Bütün xərclərin ünvanlı olması isə layihənin tam şəffaflığından xəbər verir.

Bildirilmişdir ki, ölkəmizin milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi üçün müdafiə xərclərinə 2012-ci il dövlət büdcəsi xərclərinin 14,8 faizi həcmində vəsait ayrılacaq ki, bu da 2011-ci ilə nisbətən 1,9 faiz çoxdur. Eyni zamanda, gələn ilin büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərində  müdafiə xərcləri üçün də müvafiq investisiya vəsaiti nəzərdə tutulacaqdır.

Deputatlar 2012-ci ildə də Azərbaycanın mövcud dinamik inkişafının davam edəcəyinə kifayət qədər əsaslı və real imkanlar olduğunu söyləmişlər.

Dövlət büdcəsinin müzakirəsi Milli Məclisin noyabrın 23-də keçiriləcək iclasında davam etdiriləcəkdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video