16 Noyabr 2011 03:11
896
Milli Məclis
A- A+

Keçmiş prezidentlərin təminatı haqqında Konstitusiya qanunu qəbul edildi

 

Noyabrın 15-də Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin növbəti plenar iclası keçirildi. İclasda ilk olaraq  "Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında" Azərbaycan Respublikası Konstitusiya  qanununun layihəsi ikinci oxunuşda müzakirə edildi.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qeyd etdi ki, qanun layihəsi 12 maddədən ibarətdir. "Keçmiş prezident" adının kimlərə şamil olunması ilə bağlı maddəyə əsasən bu ifadə Konstitusiyaya uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti vəzifəsini tutmuş və vəfat etmiş, həmçinin Konstitusiyanın 104-cü maddəsinə uyğun olaraq səlahiyyətlərinə xitam verilmiş şəxslərə aid olur. Layihədə keçmiş prezidentin həyat yoldaşı və öhdəsində olan uşaq anlayışları da verilib. Komitə sədrinin sözlərinə görə, öhdədə olan uşaq dedikdə vəfat etmiş prezidentin 18 yaşına çatmamış və onun öhdəsində olan uşaq, o cümlədən övladlığa götürülmüş uşaq və ya ögey uşağı nəzərdə tutulur.

Komitə sədri onu da vurğuladı ki, qanun layihəsi Konstitusiyanın 107-ci maddəsi ilə vəzifəsindən azad edilmiş prezidentlər istisna olmaqla əvvəllər prezident olmuş şəxslərə şamil edilir. Əli Hüseynli  deputatların sabiq prezidentə verilən aylıq müavinətin məbləğinin fəaliyyətdə olan prezidentin aylıq vəzifə maaşının 80 faizi həcmində olması barədə təkliflərə də münasibət bildirdi: "Layihədə keçmiş prezidentin Azərbaycan Respublikasının fəaliyyətdə olan Prezidentinin aylıq vəzifə maaşının 50 faizi məbləğində aylıq pensiya alması nəzərdə tutulur. Bu müavinətin aylıq məbləği 7500-8000 manata yaxın vəsait edir. Keçmiş prezident təxminən bu məbləği alacaq. Nəzərdə tutulan təminatlarla bağlı maliyyə ekspertizasının müsbət rəyi var."

Daha sonra qanun layihəsi ilə bağlı müzakirələr aparıldı. 

Deputat Fazil Mustafanın sözlərinə görə, sözügedən qanun layihəsi demokratik və vacibdir. Bu, ölkədə siyasi dialoqa imkan yaradır.  O, layihəyə düzəlişlər edilməklə ikinci və üçüncü oxunuşda qəbul olunmasını təklif etdi.

Deputat Zahid Orucun fikrincə isə, üzərində cinayət məsuliyyəti olan bir şəxsin bu qanundan yararlanması hüquqi nihilizm yaradar. Müzakirələr zamanı deputatlardan Aydın Mirzəzadə, Jalə Əliyeva, Gülər Əhmədova, Rafael Cəbrayılov və Tahir Rzayev fikirlərini bildirdilər və qanun layihəsinin beynəlxalq tələblərə cavab verdiyini vurğuladılar.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq ikinci və üçüncü oxunuşda qəbul edildi.

Daha sonra Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında Konstitusiya qanunu layihəsi ikinci oxunuşda səsverməyə çıxarıldı. Muxtar Respublikanın Konstitusiyasına təklif olunan əlavəyə əsasən, Naxçıvan Ali Məhkəməsinin hakimlərini Ali Məclisin sədrinin Azərbaycan Prezidentinə verilmiş təklifi və Azərbaycan Prezidentinin təqdimatı ilə Milli Məclis təyin edir. Digər bir dəyişikliyə əsasən, Naxçıvan MR ümumi və ixtisaslaşdırılmış məhkəmələri qanunla səlahiyyətlərinə aid edilmiş işlər üzrə birinci instansiya məhkəmələri sayılır. Muxtar respublikanın ümumi və ixtisaslaşdırılmış məhkəmələrinin hakimlərini Muxtar respublika Ali Məclisi sədrinin təklifi ilə Azərbaycan Prezidenti təyin edir. Bu qanun layihəsi də qəbul edildi.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov plenar iclasın gündəliyində olan üçüncü məsələ - "Azərbaycan Respublikası hökuməti və Polşa Respublikası hökuməti arasında diplomatik pasportlara malik şəxslər üçün viza tələbinin ləğv edilməsi haqqında" Sazişin təsdiq edilməsi barədə qanun layihəsi haqda məlumat verdi. O dedi ki, saziş hər iki ölkə arasında mövcud dostluq münasibətlərinin möhkəmləndirilməsinə, etibarlı diplomatik pasportlara malik olan vətəndaşların gediş-gəliş və səyahətlərinin asanlaşdırılmasına böyük yardımçı olacaq.

Müzakirələrdən sonra bu qanun layihəsi səs çoxluğu ilə qəbul edildi.   

Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə məsələləri komitəsinin sədri Ziyafət Əsgərov gündəlikdə duran digər məsələlər - "Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında", "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında", "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" qanunlara Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli 421-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin xüsusi sənədləri haqqında Əsasnamə"yə dəyişikliklər edilməsi ilə bağlı məlumat verdi. Adıçəkilən qanunlara dəyişikliklər azadlığın məhdudlaşdırılması cəza növünün Cinayət Məcəlləsindən çıxarılması ilə bağlıdır.

Müzakirələrdən sonra dəyişikliklər səs çoxluğu ilə qəbul edildi.

Daha sonra "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi səsə qoyularaq qəbul edildi.

Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin  sədri  Valeh Ələsgərov iclasın gündəliyində duran iki məsələ - "Elektroenergetika haqqında" və "Qaz təchizatı haqqında" qanunlara dəyişikliklər edilməsi barədə qanun layihələri haqqında məlumat verdi. Bildirdi ki, qanunlara edilmiş dəyişikliklər istehlakçıların hüquqlarının qorunması sahəsində atılan bir addımdır. Dəyişikliyə görə, qaz, elektrik və istilik xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya yazılı bildirişin göndərilməsi tələb olunan hallarda yazılı bildiriş göndərilmədən qaz, elektrik və istilik enerjisinin dayandırılması qadağandır.

Müzakirələrdən sonra deputatlar qanun layihəsinə dəyişiklikləri təsdiqlədilər.

Fasilədən sonra Milli Məclis öz işini davam etdirdi. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "İcra məmurları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" qanun layihəsini müzakirəyə təqdim etdi. Bildirdi ki, qanuna təklif edilən dəyişikliklər məhkəmə hüquq islahatlarına uyğun olaraq iqtisadi məhkəmələrin inzibati məhkəmələrlə əvəz olunması ilə bağlıdır. Belə ki, qanunun 1-ci maddəsində və 11-ci maddəsinin 5-ci hissəsində "iqtisadi" sözündən əvvəl "inzibati və" sözlərinin əlavə edilməsi təklif olunur. Qanun layihəsi təsdiq olundu.

Əli Hüseynli "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" və "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihələri barədə məlumat verdi. Bildirdi ki, hər iki məcəlləyə təklif olunan dəyişikliklər dini etiqada dair qanunvericiliklə bağlıdır. Dəyişikliklərdə dini etiqad azadlığının pozulmasına, qanunsuz olaraq dini təyinatlı ədəbiyyatı, əşyaları istehsal və idxal etməyə, satmağa və yaymağa, dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etməyə görə cərimə sanksiyalarının artırılması təklif olunur.

Müzakirələr zamanı Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimləndiyini deyən deputat Gövhər Baxşəliyeva bu dəyişikliklərin vacib olduğunu bildirdi. Deputat Elmira Axundova da təklif olunan dəyişikliklərin ölkəmizin dini təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb etdiyini söylədi.

Deputat Musa Qasımlı bildirdi ki, hər iki məcəlləyə nəzərdə tutulan dəyişikliklər  Azərbaycan vətəndaşları olan inanclı insanların hüquqlarının qorunması baxımından olduqca vacibdir. O qeyd etdi ki, başqa ölkələrin dindar insanlar üzərində nəzarətinə yol vermək olmaz. Ölkəmizdə dini maarifləndirmə işlərinin aparılmasını, qeyri-hökumət təşkilatlarının bu istiqamətdə layihələr həyata keçiriməsini təklif edən M.Qasımlının sözlərinə görə, bütün bunlar xarici dini təsirlərin qarşısının alınmasında böyük rol oynayar.

Deputat Çingiz Qənizadə də hər iki məcəlləyə təklif olunan dəyişiklikləri müsbət dəyərləndirərək, bunların dövlətimizin və xalqımızın milli maraqarına xidmət etdiyini dedi. Bildirdi ki, dəyişikliklərin dinə qarşı olması, dini azadlığın məhdudlaşdırılması haqda deyilənlər doğru deyil. Əslində əlavə və dəyişikliklər dini etiqadın həyata keçirilməsinə mane olanların cəzalandırılmasını nəzərdə tutur. Dəyişiklikləri yüksək qiymətləndirən deputat Rafael Cəbrayılov həm də dini fəaliyyətin lisenziyalaşdırılmasını təklif etdi.

Bu dəyişikliklərdə ölkəmizdə dini təhlükəsizliyin yüksək səviyyədə təmin olunmasının ehtiva edildiyini deyən deputat Zahid Orucun sözlərinə görə, kimsə bunu dinə təzyiq kimi qəbul edə bilməz. Azərbaycan dövləti dünyəvi və demokratik dövlətdir. Dəyişikliklər də dövlətin maraqlarına cavab verir.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov dedi ki, bu cür müddəalar dünyanın əksər ölkələrinin qanunlarında var. Deputat Aqil Abbas isə Azərbaycanı dini poliqona çevirmək istəyənlərə qarşı daha sərt olmağı vacib saydı. Deputatlardan Kamilə Əliyeva və Qənirə Paşayeva da bu məsələ ilə bağlı qənaətlərini bölüşdülər.

Milli Məclis Sədrinin müavini Bahar Muradova məişətimizin dini qaydalara tabe etdirilməsinin əleyhinə olduğunu bildirərək dedi ki, din həyatımızda tuta biləcəyi yeri tutmalıdır. Bahar Muradovanın sözlərinə görə, təklif olunan dəyişikliklər bu sahədə olan boşluqların aradan qaldırılmasına xidmət edəcək: "Biz malik olduğumuzu qorumalıyıq. Din sahəsində olan modelimiz özümüzə məxsusdur. Bu dəyişikliklər də qarşımıza qoyduğumuz məqsədlərə xidmət edir". Bahar Muradova onu da əlavə etdi ki, Azərbaycan dünyəvi dövlətdir və islam mədəniyyəti deyərək Azərbaycan mədəniyyətinin üzərindən xətt çəkə bilmərik.

Məsələyə münasibət bildirən Milli Məclisin Sədri Oqtay Əsədov dedi ki, biz dinimizi sevməliyik, amma ilk növbədə dövlətimizi sevməli və qorumalıyıq. Müzakirələrin yekununda qanun layihələri təsdiq olundu.

Daha sonra iclasda "Azərbaycan Respublikasının Mülki Prosessual  Məcəlləsində dəyişikliklər edilməsi haqqında", "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20 illiyi (1992-2012)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" qanun layihələri təsdiq edildi.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə", "Notariat haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə", "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə" və "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanun layihələrini diqqətə çatdırdı. Deputatlar məsələlərə müsbət münasibət bildirdilər və qanun layihələri təsdiq olundu.

Milli Məclisin İqtisadi siyasət komitəsi sədrinin müavini Çingiz Əsədullayev  "Rəsmi statistika haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə", "Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında" və "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihələri barədə məlumat verdi. "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanun layihəsini  Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli diqqətə çatdırdı. Qısa müzakirədən sonra qanun layihələri təsdiq olundu.

Daha sonra iclasda Azərbaycan Respublikasının Mülki  Prosessual Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, Cəzaların İcrası Məcəlləsinə təklif olunan dəyişikliklər təsdiq olundu. 

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli "Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişikliklər edilməsi haqqında", "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" və  "Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihələrini müzakirəyə təqdim etdi. Komitə sədri dəyişikliklər barədə ətraflı məlumat verdi. Qanun layihələri təsdiq olundu. Qeyd edək ki, Ailə Məcəlləsinə edilən dəyişikliyə əsasən Azərbaycan Respublikasında nikah yaşı qadınlar üçün də 18 yaş müəyyən olunur.

İclasda son olaraq "Azərbaycan Respublikasının  Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsi müzakirəyə çıxarıldı. Dəyişikliyə əsasən məcəlləyə 176-1-ci maddə təklif olunurdu. Bu maddəyə əsasən qadını nikaha daxil olmağa məcbur etməyə görə  iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə, eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə  üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəza nəzərdə tutulur. Qanun layihəsi təsdiq olundu.

 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video