Alternative content

11:59 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Belarusun Cənubi Qafqazdakı əsas tərəfdaşıdır
Azərbaycan Belarusun Cənubi Qafqazdakı əsas tərəfdaşıdır
ANA SƏHİFƏ / Milli Məclis
03:11 16.11.2011

 

Azərbaycanda səfərdə olan Belarus parlamenti Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko noyabrın 15-də Milli Məclisin Sədri Oqtay Əsədovla görüşmüşdür.

Oqtay Əsədov Azərbaycan ilə Belarus arasındakı qədim dostluq əlaqələrindən danışmış, müstəqilliyimizin bərpasından sonra münasibətlərimizin yeni müstəvidə inkişaf etdiyini bildirmişdir.

Milli Məclisin Sədri demişdir ki, iki ölkə arasında əlaqələrin yüksək səviyyəyə çatmasında dövlətlərimizin başçılarının müstəsna xidmətləri vardır. Dövlətlərimiz və hökumətlərimiz arasında 80-dən çox sənəd imzalanmışdır. Hər iki ölkənin prezidentlərinin qarşılıqlı səfərləri zamanı aparılan danışıqlar və imzalanmış sənədlər münasibətlərimizin daha yüksək səviyyəyə çatdırılması üçün geniş imkanlar yaratmışdır. Parlamentlərimiz də dövlətlərarası əlaqələrin inkişafına töhfəsini verir, deputatlarımız beynəlxalq təşkilatlarda səmərəli əməkdaşlıq edirlər. 

O.Əsədov Azərbaycanın dinamik inkişafı, Avratlantik məkana inteqrasiyası barədə ətraflı məlumat vermiş, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin inkişafına ciddi mane yaratdığını və regionda böyük təhlükə mənbəyi olduğunu diqqətə çatdırmışdır. Milli Məclisin Sədri problemin həlli ilə bağlı nümayiş etdirdiyi mövqeyə, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə Belarus dövlətinə və xalqına minnətdarlığını bildirmişdir.

O.Əsədov Belarusda Azərbaycan diasporunun Belarus cəmiyyətinə inteqrasiyasından razılığını ifadə etmişdir. 

Vladimir Andreyçenko Azərbaycana səfərindən məmnun qaldığını və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirmişdir.

Qonaq demişdir: "Azərbaycanın dinamik inkişafı barədə eşitmişdim. Amma Bakıda inşa olunan binalar, yollar, körpülər məndə daha böyük təəssüratlar yaratmışdır. Mən əldə etdiyiniz uğurlara görə sizi təbrik edirəm".

V.Andreyçenko bildirmişdir ki, Azərbaycan Belarusun Cənubi Qafqazdakı əsas tərəfdaşıdır və rəsmi Minsk Azərbaycan ilə əlaqələrinin hərtərəfli inkişafında maraqlıdır. Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu da çox yüksəkdir. Mən nümayəndə heyəti adından bir daha BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi münasibətilə Azərbaycan xalqını təbrik edirəm. Qeyd etməliyəm ki, bu, Azərbaycan diplomatiyasının parlaq qələbəsidir.

Sonra görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi, elm, mədəniyyət sahələrində əlaqələrin inkişafı, qanunverici orqanlar arasında əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.