Alternative content

17:35 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ulu öndər Heydər Əliyevin müəllifi olduğu ilk milli Konstitusiyanın qəbulu müasir tariximizin ən mühüm hadisəsidir
Ulu öndər Heydər Əliyevin müəllifi olduğu ilk milli Konstitusiyanın qəbulu müasir tariximizin ən mühüm hadisəsidir
ANA SƏHİFƏ / Konstitusiya məhkəməsi
03:11 12.11.2011

 

Ulu öndər Heydər Əliyevin müəllifi olduğu ilk milli Konstitusiyanın qəbulu müasir tariximizin ən mühüm hadisəsidir.

Bu fikir noyabrın 11-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində Konstitusiya Günü münasibətilə keçirilmiş tədbirdə səslənmişdir. 

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çıxış edərək, iştirakçıları Konstitusiya Günü münasibətilə təbrik etmiş, demokratik dövlət və cəmiyyət quruculuğu baxımından böyük əhəmiyyət daşıyan Konstitusiyanın qəbulunun növbəti ildönümünün respublikamızda böyük ruh yüksəkliyi ilə qeyd olunduğunu bildirmişdir.

Fərhad Abdullayev demişdir ki, ulu öndər Heydər Əliyevin müəllifi olduğu ilk milli Konstitusiyanın qəbulu müasir tariximizin ən mühüm hadisəsi olmaqla yanaşı, ümummilli liderimizin Azərbaycan dövlətçiliyi qarşısında əvəzsiz xidmətlərindən biridir. Ulu öndər Konstitusiya layihəsini hazırlayan xüsusi komissiyaya bilavasitə sədrlik etmiş, dəfələrlə layihənin açıq müzakirəsini təşkil etməklə, onun müasir dəyərləri özündə ehtiva edən ən yetkin formada qəbul olunmasını təmin etmək üçün gərgin əmək sərf etmişdir.

Konstitusiya Məhkəməsinin sədri diqqətə çatdırmışdır ki, Konstitusiyamız ümumbəşəri ideyalara, ən qabaqcıl dünya təcrübəsinə əsaslanmaqla yanaşı, özündə tarixi ənənələrimizi, Azərbaycan xalqının milli mənəvi dəyərlərini əks etdirir.

Müstəqil Azərbaycanın Konstitusiyası çox dinamik, ölkəmizin inkişaf strategiyasını müəyyən edən əsas sənəddir.

Natiq vurğulamışdır ki, dövlətin Əsas Qanununun qəbulundan ötən 16 il Azərbaycanın yeni tarixində xüsusi yer tutur. Həmin müddətdə ölkə demokratik dövlət quruculuğu sahəsində, iqtisadiyyatın və sosial-siyasi həyatın inkişafında taleyüklü dəyişikliklərə nail olmuşdur. Konstitusiyanın qəbul edilməsi müasir, dünyəvi və vətəndaş cəmiyyətinin tələblərinə cavab verən dövlət sisteminin formalaşmasında və möhkəm hüquqi bazanın yaradılması sahəsində mühüm addım olmuşdur. Əsas Qanun dövlətimizin, onun ərazi bütövlüyünün və cəmiyyətin hüquqi baxımdan legitimləşdirilməsini təmin etmişdir. Konstitusiyada təsbit olunmuş hüquqi baza isə Azərbaycanın siyasi, sosial və iqtisadi inkişafının sabitliyinə və dinamikliyinə imkan yaratmışdır.

F.Abdullayev bildirmişdir ki, ümummilli liderimizin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində Azərbaycan bu gün regionda lider dövlətə çevrilmiş, dünyada layiqli yerini tutmuşdur. İndi Azərbaycan regionda həyata keçirilən irimiqyaslı layihələrin həm birbaşa iştirakçısı, həm də əsas təşəbbüskarıdır. Azərbaycan beynəlxalq aləmdə böyük nüfuz sahibidir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi dünya dövlətlərinin və nüfuzlu beynəlxalq təşkilatların ölkəmizə xüsusi diqqətinin bariz nümunəsidir.

Konstitusiya Məhkəməsinin sədri əminliklə söyləmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin gərgin əməyi və düşünülmüş siyasəti nəticəsində Dağlıq Qarabağ münaqişəsi də Konstitusiya çərçivəsində öz həllini tapacaqdır. 

Rəhbərlik etdiyi qurumun fəaliyyətindən bəhs edən F.Abdullayev  bildirmişdir ki, 1998-ci ildə yaradılmış Konstitusiya Məhkəməsi fəaliyyətə başladığı ilk dövrdən üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışmış, insan hüquq və azadlıqlarının daha səmərəli həyata keçirilməsinə imkan verən qərarları ilə qısa müddətdə ictimaiyyətin etimadını qazanmışdır. Konstitusiya Məhkəməsi yarandığı gündən beynəlxalq əməkdaşlığa, xarici ölkələrin konstitusiya məhkəmələri və beynəlxalq təşkilatlarla əlaqələrin möhkəmləndirilməsinə və genişləndirilməsinə böyük diqqət yetirir.

Konstitusiya Məhkəməsi Prezident İlham Əliyevin demokratik, hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin inkişafı, insanların əsas hüquq və azadlıqlarının ən yüksək səviyyədə müdafiəsi istiqamətində qarşıya qoyduğu öhdəlikləri bundan sonra da layiqincə yerinə yetirəcəkdir.                           

 

AzərTAc