İş yoldaşım üzrlü səbəbdən müvəqqəti olaraq işə çıxmadığından onun da işini mən görürəm. Buna görə mənə əməkhaqqı necə hesablanmalıdır?
Sevda Qasımova,
Bakı şəhəri
- Müvəqqəti əvəzetməyə görə haqqın ödənilməsi qaydası Azərbaycan Respublikası Əmək Məcəlləsinin 162-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddənin I hissəsinə görə, özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı müəyyən səbəbdən işə müvəqqəti çıxmayan işçini əvəz edən işçiyə, əvəz edilən işçinin tarif (vəzifə) maaşı ilə onun maaşı arasındakı fərq ödənilir. Həmin maddənin II hissəsinə görə, əvəz edilən işçinin tarif (vəzifə) maaşı əvəz edən işçinin maaşı ilə eyni və ya ondan az olduqda isə əməkhaqqına əlavə müəyyən edilib verilir. Bu əlavə işçinin və işgötürənin qarşılıqlı razılığı ilə müəyyən edilir.
İki qohumumla birlikdə bankdan kredit götürmüşdüm. Kreditin bir hissəsini ödəsək də, qalıq borcumuz qalmışdı. Qalıq borcu mən ödədim. Qohumlarımdan onların əvəzinə ödədiyim pulu tələb edə bilərəmmi?
Cəlal Şahbazlı,
Bakı şəhəri
- Azərbaycan Respublikası Mülki Məcəlləsinin 503-cü maddəsinə görə, borclulardan birinin öhdəliyi tam icra etməsi qalan borcluları icradan azad edir. Həmin Məcəllənin 509.1-ci maddəsinə görə, birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir.
Siz digər iki borcludan ödədiyiniz qalıq borc məbləğini onların paylarına mütənasib surətdə, lakin öz payınız çıxılmaqla tələb edə bilərsiniz.
Cavablandırdı:
Dünyamin NOVRUZOV,
Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi