Alternative content

18:43 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Oxucuların suallarına cavab verir
Oxucuların suallarına cavab verir
ANA SƏHİFƏ / Hüquq məsləhəti
12:10 30.10.2011

 

Razılığım olmadan işəgötürən məni başqa işə keçirə bilər?

 

Mahizər Həbibli,

Xırdalan şəhəri

 

- Ümumi qaydaya görə, işçinin razılığı olmadan onu başqa işə keçirməyə yol verilmir. Çünki Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən, işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir.

Bu ümumi qaydadan istisna adı çəkilən məcəllənin 60-cı maddəsində nəzərdə tutulmuşdur. Lakin 60-cı maddə işçinin razılığı olmadan işəgötürənin təşəbbüsü ilə başqa işə keçirilməsini bir sıra şərtlərdən asılı etmişdir. Bunlar aşağıdakılardır: 1) başqa işə keçirmə istehsalat zəruriyyəti və boşdayanma hallarının qarşısını almaq məqsədi daşımalıdır; 2) başqa işə keçirmə müvəqqəti xarakter daşıyır, başqa sözlə, onun davametmə müddəti 1 aydan çox ola bilməz; 3) işçi onun səhhətinə mənfi təsir edən, habelə aşağı ixtisaslı işə keçirilməməlidir; 4) başqa işə keçirilmə müddətində işçinin əməyi görülən işin müqabilində, lakin əvvəlki orta əməkhaqqından aşağı olmamaqla ödənilməlidir.

Beləliklə, işçinin razılığı olmadan başqa işə keçirmə yalnız Azərbaycan Respublikası Əmək Məcəlləsinin 60-cı maddəsinin müəyyənləşdirdiyi şərtlər çərçivəsində mümkündür.

 

Mən torpaq sahəsini icarəyə götürdükdən sonra icarəyə verən həmin yeri başqasına satmışdır. Bu halda torpaq sahəsindən istifadəyə davam edə bilərəm?

 

Şahlar Həsənov,

Sabirabad rayonu

 

- Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə görə, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı, bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 718-ci maddəsinə görə, icarəyə götürülmüş torpaq satıldıqda və ya üçüncü şəxslərin hüquqları və ya iddiaları ilə yüklü edildikdə bu Məcəllənin 699-cu maddəsi tətbiq edilir. Adı çəkilən Məcəllənin 699.1-ci maddəsinə əsasən,  kirayəyə  verilən əşya kirayəçiyə verildikdən sonra ona mülkiyyət hüququ kirayəyə verəndən hər hansı üçüncü şəxsə (əldə edənə) keçdikdə əldə edən mülkiyyəti əldə etdiyi andan kirayəyə verəni əvəz edərək kirayə hüquq münasibətlərindən irəli gələn bütün hüquq və vəzifələrə malik olur.

Göründüyü kimi, icarəyə götürdüyünüz torpaq sahəsi üçüncü şəxsə satılsa da, siz həmin torpaq sahəsindən istifadəyə davam edə bilərsiniz.  

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi