26 Oktyabr 2011 04:10
893
Milli Məclis
A- A+

«Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında» Konstitusiya qanununun layihəsi müzakirəyə çıxarıldı

 

Oktyabrın 25-də Milli Məclisin növbəti plenar iclası keçirildi. İlk olaraq Türkiyə Respublikasında baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirəsi yad edildi. Sonra Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzv seçilməsinə münasibət bildirdi.

Qeyd etdi ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi Prezident İlham Əliyevin apardığı uğurlu  xarici siyasətin məntiqi nəticəsidir. Spiker bu münasibətlə Azərbaycan Prezidentinə, xalqına və diplomatiyasına parlament adından təbriklərini çatdırdı.

Gündəlikdəki məsələlərin müzakirəsi başladı. İlk olaraq "Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında" Konstitusiya  qanununun layihəsi müzakirəyə çıxarıldı. Layihə barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verdi. Bildirdi ki, bu qanun layihəsinin hazırlanması 2009-cu ildə Konstitusiyanın 108-ci maddəsinə edilən dəyişiklikdən sonra hüquqi zərurət kimi meydana çıxmışdır. Belə ki, Konstitusiyanın 108-ci maddəsinin ikinci hissəsinə edilən dəyişikliyə əsasən əvvəllər Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxsin təminatı qaydaları Konstitusiya qanunu ilə müəyyən edilir. "Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında" Azərbaycan Respublikası Konstitusiya  qanununun layihəsi də bu dəyişiklikdən irəli gələrək hazırlanıb.

Əli Hüseynli əksər inkişaf etmiş ölkələrdə belə qanunların olduğunu bildirdi. Onun sözlərinə görə, 12 maddədən ibarət Konstitusiya  qanununun layihəsində əvvəllər Azərbaycanın Prezidenti seçilmiş şəxsin və onun ailə üzvlərinin təminatı qaydaları müəyyən edilib. Layihədə əsas müddəalardan biri keçmiş prezidentin pensiya təminatıdır. Layihəyə əsasən keçmiş prezident Azərbaycan Respublikasının Prezidenti vəzifəsində olan şəxsin aylıq vəzifə maaşının 50  faiz məbləğində pensiya almalıdır. Lakin digər bəndə əsasən Konstitusiyanın 107-ci maddəsinə uyğun olaraq  Azərbaycan Prezidenti vəzifəsindən kənarlaşdırılmış şəxs pensiyanı almaq hüququna malik deyil. Layihəyə əsasən keçmiş prezident vəfat etdikdə onun pensiyasını həyat yoldaşı, həyat yoldaşı olmadıqda öhdəsində olan uşaq ala bilər. Öhdədə olan uşaq birdən artıq olduqda ödənilməli olan aylıq müavinət uşaqlar arasında bərabər bölünməlidir.

Digər təminatlardan biri toxunulmazlıqdır. Layihəyə əsasən keçmiş prezident Azərbaycan Prezidenti seçilməmişdən əvvəl və Azərbaycan Prezidenti səlahiyyətlərini icra edərkən etdiyi hərəkətlərə (hərəkətsizliyə) görə inzibati və cinayət məsuliyyətinə cəlb edilə bilməz. Toxunulmazlıq onun həyat yoldaşına da şamil olunur. Amma keçmiş prezident və onun həyat yoldaşı cinayət başında yaxalanarsa, tutula bilər. Belə olduqda dərhal Azərbaycan Respublikasının Baş prokuroruna məlumat verilməlidir.

Layihəyə əsasən keçmiş prezidentə tibbi təminat da verilir. 9-cu maddədə göstərilir ki, dövlət qulluqçusu üçün müəyyən edilmiş tibbi təminata dair bütün qanun və qaydaların müddəaları keçmiş prezidentə və onun ailə üzvlərinə şamil olunur.

Bunlardan başqa, layihədə keçmiş prezidentin təhlükəsizlik və nəqliyyat təminatları, təmsilçilik xərcləri, həmçinin özünün və həyat yoldaşının ömürlük diplomatik pasportla təmin olunmaları məsələləri öz əksini tapıb. Təminatlar sırasında keçmiş prezidentin şəxsi arxivinin saxlanılması da var.

Məsələnin siyasi və hüquqi əhəmiyyətini diqqətə çatdıran Əli Hüseynli dedi ki, bu qanun layihəsinin qəbulu Azərbaycanın dövlətçilik ənənələrinə xidmət edəcək.

Sonra layihə ətrafında müzakirələ başlandı. Deputat Zahid Oruc belə bir qanun layihəsinin qəbulunun əhəmiyyətini qeyd etdi.  Bununla  belə, Zahid Orucun fikrincə, üzərində cinayət məsuliyyəti olan bir şəxsin bu qanundan yararlanması hüquqi nihilizm yaradar. Deputat Fəzail Ağamalı da eyni mövqeni ortaya qoydu. Onun sözlərinə görə, A.Mütəllibov sovet dövrünün qanunları ilə prezident seçilmişdi. İndi isə həmin qanunlar işləmir. Ona görə də bu qanun qəbul olunduqdan sonra A.Mütəllibov onun tətbiq dairəsindən kənarda qalmalıdır.

Yeni Azərbaycan Partiyası sədrinin müavini, deputat Əli Əhmədov bildirdi ki, bu qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılan son illərin ən həssas sənədlərindən biridir. O, belə bir qanunun qəbulunun əleyhinə çıxmadığını, dünyanın bütün sivil cəmiyyətlərində eks-prezidentlərin hüquqi vəziyyətini müəyyənləşdirən qanunların olduğunu dedi. Əli Əhmədovun sözlərinə görə, belə bir qanun konkret şəxslərə şamil olunduğundan konkret məna kəsb edir: "Belə olan halda, bu qanunun konkret olaraq hansı şəkildə və kimlərə tətbiq edilməsi sualı ortaya çıxır. Burada Azərbaycan Konstitusiyasının 104 və 107-ci maddələrinə istinad edildi. A.Mütəllibov prezidentlikdən istefa verdikdən 3 ay sonra zorla prezidentliyi öz üzərinə götürmək istəyib. Qeyri-qanuni yolla hakimiyyəti zəbt edib və sonra da hakimiyyətdən kənarlaşdırılıb. O özü istefa verib, yoxsa zorla hakimiyyətdən uzaqlaşdırılıb? Bu məsələ açıq qalır. O, 20 ildir cinayət törətmiş şəxs kimi mühacirət həyatı yaşayır. İndi Mütəllibov öz ərizəsi ilə istefa vermiş prezident sayılacaq, yoxsa 107-ci maddə ilə vəzifəsindən kənarlaşdılmış prezident hesab olunacaq?  Bu məsələyə də aydınlıq gətirilməlidir. Hesab edirəm ki, məsələyə emosional yox, hüquq müstəvisində yanaşmaq lazımdır". Əli Əhmədov qeyd etdi ki, qəbul olunduqdan sonra bu qanunun tətbiqinə gəlincə, onun kimlərə şamil olunmasına, o cümlədən A.Mütəllibova şamil edilib-edilməyəcəyi haqda Konstitusiya Məhkəməsi rəy verməlidir.

Deputat Elman Məmmədovun sözlərinə görə, Xocalı faciəsi məhz A.Mütəllibovun məsuliyyətsizilyi ucbatından baş verib. Bu, istintaq materiallarında da öz əksini tapıb. A.Mütəllibovun adının cinayət məsuliyyətində hallandığını xatırladan Elman Məmmədovun sözlərinə görə, layihəyə bu qanunun prezidentlik dövründə vəzifə səlahiyyətlərini layiqincə yerinə yetirmiş insanlara şamil olunması barədə bənd salınmalıdır.

Deputat Musa Quliyevin sözlərinə görə, A.Mütəllibovla bağlı fikirlərin haçalanmasının əsasları var. Çünki onun cinayət əməllərinin üstündən xətt çəkilməsi cəmiyyətdə normal qarşılana bilməz. Musa Quliyev də bununla bağlı Konstitusiya Məhkəməsinin rəyinin öyrənilməsini təklif etdi.

Deputat Etibar Hüseynov bildirdi ki, qəbul olunduqdan sonra Konstitusiya qanunu vəzifəsini ləyaqətlə yerinə yetirən keçmiş prezidentlərə şamil olunmalıdır.

Ölkəmizin demokratik və sivil ölkə kimi inkişaf etdiyini deyən deputat Aydın Mirzəzadə bu qanun layihəsinin hüquq qaydalarına söykənərək hazırlandığını dedi. Onun sözlərinə görə, belə bir qanunun olması ölkəmizin sivil və demokratik inkişafına böyük töhfələr verəcək.

Müzakirələr zamanı deputatlardan Xanhüseyn Kazımlı, Elmira Axundova, Musa Qasımlı, Qüdrət Həsənquliyev, İqbal Ağazadə, Əli Məsimli, Məlahət İbrahimqızı, Aytən Mustafayeva, Çingiz Qənizadə, Asim Mollazadə və Fərəc Quliyev layihə ilə bağlı fikirlərini bildirdilər. Çıxışlarda bu qanunun qəbul olunduqdan sonra onun tətbiqi ilə bağlı müxtəlif fikirlər, o cümlədən prezident kitabxanasının yaradılması, keçmiş prezidentlərin mənzil təminatı kimi müddəaların salınması ilə bağlı təkliflər səsləndirildi. Məsələ ilə bağlı Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov da fikirlərini bildirdi, layihənin Konstitusiyaya uyğun hazırlandığını dedi.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deputatların fikirlərinə münasibət bildirdikdən sonra "Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında" Azərbaycan Respublikası Konstitusiya  qanununun layihəsinin birinci səsverməsi keçirildi və qəbul olundu.

Qısa fasilədən sonra gündəlikdəki digər məsələlərin müzakirəsi davam etdirildi. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Cinayət mühakimə icraatının iştirakçılarının müdafiəsi haqqında" sazişin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun layihəsi haqqında məlumat verdi. Bildirdi ki, bu saziş 2006-cı il noyabrın 28-də MDB iştirakçısı olan dövlətlərin Dövlət Başçıları Şurasının iclasında imzalanmışdır. Deputatlar məsələyə müsbət münasibət bildirdilər.

Əli Hüseynli "Prokurorluq haqqında", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" və "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının qanunlarına dəyişikliklərlə bağlı qanun layihələrini də təqdim etdi. Bildirdi ki, bu qanunlara təklif olunan dəyişikliklər Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə əməliyyat-axtarış səlahiyyətinin verilməsi ilə bağlıdır. Bu qanunlara dəyişikliklər də  təsdiq olundu.

Daha sonra Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə, "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, "Bələdiyyə qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə, "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə, "Bələdiyyələrin daimi və başqa komissiyaları haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında, "Bələdiyyənin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə, "Lənkəran şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" və "Gədəbəy rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında" qanun layihələrini müzakirəyə təqdim etdi.

Layihələr ətrafında  deputatlardan Azay Quliyev, Elmira Axundova, Əli Məsimli, Qüdrət Həsənquliyev, Hikmət Atayev çıxış edərək fikir və təkliflərini bildirdilər. Qanun layihələri təsdiq olundu.

İclasda "Psixiatriya yardımı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" qanun layihəsi də müzakirə olundu. Layihə ilə bağlı Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev məlumat verdi. Qeyd etdi ki, psixiatriya tibbin elə sahəsidir ki, burada tibbi yardımla yanaşı, hüquqi, sosial və mənəvi problemlərin yoluna qoyulması da lazım gəlir. "Psixiatriya yardımı haqqında" Azərbaycan Respublikasının Qanunu 2001-ci ildə qəbul olunub. Hazırda bu qanuna dəyişikliklər edilməsi zərurəiti yaranıb. Qanun layihəsi Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri nəzərə alınmaqla hazırlanıb. Layihəyə əsasən, qanuna ümumilikdə 41 dəyişiklik təklif olunur. Musa Quliyev bu dəyişiklikləri qruplaşdıraraq onlar barədə ətraflı məlumat verdi.

Müzakirələr zamanı deputat İlham Məmmədov bu dəyişikliklərdən sonra qanunun dövrün tələblərinə cavab verəcəyini dedi. Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova dedi ki, bu gün dünyada hər dörd uşaqdan biri psixi pozğunluqla doğulur. Bu, beynəlxalq səhiyyə qurumlarının hesabatlarında da öz əksini tapıb. Bu ondan xəbər verir ki, 2020-ci ildə dünyada olan xəstəliklər arasında psixi pozğunluq əsas yerlərdən birini tutacaq. Rəbiyyət Aslanova psixiatriya sahəsində profilkaktiki tədbirlərin görülməsi barədə fikirlərini və təkliflərini diqqətə çatdırdı.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin sözlərinə görə, 2001-ci ildə qəbul olunan  "Psixiatriya yardımı haqqında" qanunun bir sıra müddəaları artıq günün reallıqlarına cavab vermir. Buna görə, qanuna dəyişiklik edilməsi zərurəti yaranıb. Bu dəyişikliklər uzun müddət Sosial siyasət komitəsində ekspertlərin iştirakı ilə müzakirə olunub. Layihədə nəzərdə tutulan dəyişikliklər həm reallıqlara, həm də beynəlxalq sənədlərə cavab verir.

İclasda iştirak edən Səhiyyə Nazirliyinin baş psixiatrı Gəray Gəraybəyli də layihəyə münasibətini bildirərək, dəyişikliklərin qanunda olan boşluqların aradan qaldıracağını diqqətə çatdırdı.

Qanun layihəsi qəbul olundu.

 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video