21 Oktyabr 2011 06:10
952
Konstitusiya məhkəməsi
A- A+

Azərbaycan və İndoneziya konstitusiya məhkəmələri arasında əməkdaşlıq məsələləri müzakirə edilmişdir

 

Azərbaycanda səfərdə olan İndoneziya Respublikasının Konstitusiya Məhkəməsinin sədri Məhəmməd Mahfudun başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 20-də Konstitusiya Məhkəməsində olmuşdur.

Görüşdə qonaqları salamlayan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Bakıya səfərə gəldiklərinə görə nümayəndə heyətinin rəhbəri professor M.Mahfuda təşəkkürünü bildirmişdir.

Səfərin müstəqilliyimizin bərpasının 20-ci ildönümü münasibətilə həyata keçirilən silsilə tədbirlər çərçivəsində reallaşdığını bildirən Konstitusiya Məhkəməsinin sədri ölkəmizin tarixi haqqında məlumat vermiş, Azərbaycanın əsl müstəqilliyə xalqımızın böyük oğlu Heydər Əliyevin respublikamıza rəhbərliyə qayıdışından sonra qovuşduğunu diqqətə çatdırmışdır. Bildirmişdir ki, müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyev ölkənin ən ağır vaxtında xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra respublikamız müstəqilliyin itirilməsi təhlükəsindən xilas olaraq bugünkü inkişaf səviyyəsinə çatmışdır. Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan Respublikası Avropa məkanına və dünya birliyinə sürətlə inteqrasiya olunmuş, regionda lider dövlətə çevrilmişdir.

Bu gün ölkəmiz ilə bir çox dövlətlər arasında siyasi və hüquqi sahədə ikitərəfli və çoxtərəfli münasibətlərin qurulduğunu diqqətə çatdıran F.Abdullayev İndoneziya və Azərbaycanın əməkdaşlıq imkanlarının geniş perspektivlərinin olduğunu qeyd etmişdir. Konstitusiya Məhkəməsinin sədri İndoneziyanın Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu və nüfuzlu beynəlxalq təşkilatlarda ölkəmizin haqlı mövqeyini dəstəklədiyini diqqətə çatdırmışdır.

Nümayəndə heyətinin rəhbəri, İndoneziya Konstitusiya Məhkəməsinin sədri Məhəmməd Mahfud səmimi qəbula və yüksək qonaqpərvərliyə görə F.Abdullayevə təşəkkürünü bildirmişdir. Müstəqilliyimizin bərpasının 20-ci ildönümü münasibətilə xalqımıza təbriklərini çatdıran qonaq Azərbaycanın daha böyük uğurlar əldə edəcəyinə əmin olduğunu vurğulamışdır.

Ölkələrimizin tarixində bir çox oxşar məqamların olduğunu vurğulayan M.Mahfud İndoneziya Konstitusiya Məhkəməsinin fəaliyyəti haqqında geniş məlumat vermişdir. Qeyd etmişdir ki, 2003-cü ildə yaradılmış İndoneziya Konstitusiya Məhkəməsi doqquz hakimdən ibarətdir. Qonaq demişdir ki, Konstitusiya Məhkəməsinin səlahiyyətləri ölkənin Konstitusiyası və qanunlarının icrasına nəzarət etmək, müxtəlif dövlət qurumları arasındakı münasibətləri nizamlamaq, seçkilərin nəticələrinə münasibət bildirmək, siyasi partiyaları buraxmaq, dövlət başçısının səlahiyyətlərinin dayandırılması haqqında parlamentə təklif irəli sürmək və sairədən ibarətdir.

Ölkələrimizin konstitusiya məhkəmələrinin gənc olmasına baxmayaraq, bu qurumlara cəmiyyətlərimizdə böyük ehtiyac olduğunu vurğulayan F.Abdullayev ildən-ilə onların fəaliyyət dairələrinin genişləndiyini bildirmişdir.

Sonra Azərbaycan Respublikasının 20 illik müstəqillik dövrü və Konstitusiya quruluşu ilə bağlı qonaqlara məlumat verilmişdir.  

Bildirilmişdir ki, 1918-1920-ci illərdə birinci müstəqillik dövründə Azərbaycan Xalq Cümhuriyyəti ölkədə hakimiyyət bölgüsünün təmin edilməsi istiqamətində bir sıra qanunlar qəbul etmişdir. Sovet dövründə isə Azərbaycanda dörd konstitusiya qəbul olunsa da, onlar formal xarakter daşımış, orada əksini tapan insan hüquqlarının mühafizəsi üçün konkret mexanizmlər fəaliyyət göstərməmişdir.

Vurğulanmışdır ki, 1991-ci ildə elan edilmiş müstəqilliyimizin əvvəllərində ölkədə siyasi vəziyyət gərgin olduğundan idarəçilik institutları tam formalaşmamış, vətəndaş qarşıdurması hökm sürmüşdür. 1993-cü ildə yenidən hakimiyyətə gələn ulu öndər Heydər Əliyevin ilk təşəbbüslərindən biri Konstitusiyanın yaradılması olmuş, nəticədə 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyası referendum yolu ilə qəbul edilmişdir. Bildirilmişdir ki, ilk Konstitusiyada insan hüquq və azadlıqlarının təminatı əsas vəzifə kimi müəyyənləşdirilmişdir. Konstitusiyanın qəbulundan sonra ölkəmizin hüquq sistemində ciddi islahatlar aparılmışdır.

Qeyd edilmişdir ki, 1998-ci ildə ölkədə doqquz hakimdən ibarət Konstitusiya Məhkəməsi fəaliyyətə başlamışdır. 2002-ci ildən fiziki şəxslərə də Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ verilmişdir. Hazırda Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yeni qanun əsasında fəaliyyət göstərir. Hakimlər 15 illik müddətə bir dəfə olmaqla seçilirlər. Azərbaycan Konstitusiya Məhkəməsinə Konstitusiyanın müddəalarının və qanunların şərhi barədə səlahiyyət verilmişdir. Konstitusiya Məhkəməsinin rəsmi şərhi hüquq mənbəyi hesab olunur. 

Qonaqların diqqətinə çatdırılmışdır ki, 2009-cu ildə keçirilmiş referendumdan sonra insanların sosial rifahının artırılmasına xidmət etmək məqsədilə sosial hüquqların təminatı məsələləri də Konstitusiya Məhkəməsinin fəaliyyətinə daxil edilmişdir. Prezident İlham Əliyevin gərgin fəaliyyəti sayəsində bu gün bizim hüquq sistemimiz sosial rifahın əldə olunmasına şərait yaradır.

Vurğulanmışdır ki, Ermənistanın təcavüzü, torpaqlarımızın 20 faizinin işğal olunması nəticəsində Azərbaycanın bütün ərazisində Konstitusiyanın yurisdiksiyası bu gün tam təmin edilməmişdir.

Qarşılıqlı təcrübə mübadiləsi və əməkdaşlığın daha da genişləndirilməsi baxımından əhəmiyyəti xüsusi vurğulanan görüşdə sonra fikir mübadiləsi aparılmışdır.

Sonda iki ölkənin Konstitusiya nəzarəti orqanları arasında qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında memorandum layihəsi müzakirə olunmuş, əlaqələrin inkişaf etdirilməsi baxımından həmin sənədin yaxın gələcəkdə imzalanmasının əhəmiyyəti vurğulanmışdır.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video