Alternative content

14:11 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclisin Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunmuş təntənəli iclası keçirilmişdir
Milli Məclisin Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunmuş təntənəli iclası keçirilmişdir
ANA SƏHİFƏ / Milli Məclis
01:10 19.10.2011

 

Oktyabrın 18-də Milli Məclisin Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş təntənəli iclası keçirilmişdir.

AzərTAc xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov iclası açdıqdan sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir.

O.Əsədov çıxış edərək demişdir ki, bu gün ölkəmizin və xalqımızın həyatında dönüş yaradan tarixi bir gündür. Ötən əsrin əvvəllərində dövlət müstəqilliyini qazanıb onu cəmi 23 ay yaşada bilmiş Azərbaycan xalqına bu imkan bir də əsrin sonlarında nəsib olmuşdur. Sovetlər birlyinin dağılması ilə 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa edən xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin zəngin ənənələrindən bəhrələnmiş və tarixi varislik üzərində müstəqil Azərbaycan dövlətini yaratmışdır.

Müstəqilliyin ilk illərində ölkəmiz çox mürəkkəb problemlərlə qarşılaşmış, çox çətin vəziyyətə düşmüşdü. O dövrdə baş verən hadisələr 1918-1920-ci illərdə cərəyan edən hadisələrin təxminən eyni idi. Ermənistanın təcavüzü, xarici dövlətlərin Azərbaycana qarşı təxribatları oxşar xarakter daşıyırdı. Lakin o vaxt hakimiyyət başında duranların səriştəsizliyi, ölkədə baş verən siyasi və iqtisadi tənəzzül, xaos və özbaşınalıq bu çətin vəziyyətdən çıxmağa imkan vermirdi. Görünür, bu da taleyin qismətidir ki, xalqımızın bir əsrdə ikinci dəfə əldə etdiyi müstəqilliyi qorumaq üçün məhz ulu öndər Heydər Əliyev kimi siyasət dahisi Azərbaycanın idarəçilik sükanı arxasında olmalıydı.

Müdriklər deyiblər ki, xalq əvvəlcə şəxsiyyət ətrafında birləşir, yalnız bundan sonra ideyalar haqqında düşünməyə başlayır. Bu kəlamın nə qədər doğru olduğunu Azərbaycan xalqı 1988-1993-cü illərdə düçar olduğu fəlakətlərin və itkilərin timsalında bir daha görüb yəqin etmişdir.

Ermənistandan qaçqınların axını, qanlı 20 Yanvar faciəsi, xalqımızın böyük zəhmət hesabına topladığı maddi və mənəvi sərvətlərin talan edilməsi, Xocalı soyqırımı, Şuşanın, Laçının, digər torpaqlarımızın işğal edilməsi, insanlarımızın yerindən-yurdundan didərgin salınması - bütün bunlar olmaya da bilərdi. Əgər o dövrdə Azərbaycana ulu öndər Heydər Əliyev rəhbərlik etsəydi, düşmənlərimiz bu məkrli planların heç birini həyata keçirə bilməzdilər. Dövlətçiliyimizin müqəddəratının həll edildiyi 1993-cü ilin vahiməli iyun günlərində xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi.

Bu qayıdışla etibarlı siyasi rəhbərlik amili təmin olundu. Ulu öndər ölkəmizin gələcək siyasi, iqtisadi inkişaf strategiyasının təməlini qoydu.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə bu strategiya uğurla davam etdirilir. Azərbaycan gələcəyə inamla baxan bir dövlətə və regional güc mərkəzinə çevrilməkdədir. Vətəndaş cəmiyyətinin yaradılması, hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolunda qazanılan uğurlar Azərbaycanı dünyanın diqqət mərkəzində saxlayır.  Demokratikləşmə prosesinin genişləndirilməsi, qanunun aliliyinin qorunması, insan hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində görülən işlər ölkəmizi Avropa xalqları ailəsinin üzvlərindən birinə çevirmişdir. 

Azərbaycan beynəlxalq qurumların nüfuzlu üzvüdür, onun beynəlxalq mövqeləri ildən-ilə daha da möhkəmlənir. Ölkəmiz iqtisadi artım sürətinə görə dünya dövlətlərinin ön sırasındadır. Ümumi daxili məhsul, büdcə və valyuta ehtiyatları ildən-ilə artır. Neft və qeyri-neft sektorları dinamik inkişaf edir.

Azərbaycan neft-qaz sənayesi, energetika və nəqliyyat sahələrində həyata keçirilən nəhəng transmilli layihələrin təşəbbüsçüsü və fəal iştirakçısıdır. Ölkəmiz həm özünün enerji təhlükəsizliyini təmin etmişdir, həm də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində getdikcə daha fəal rol oynayır. Yeni infrastruktur formalaşdırılır. Ordu quruculuğu prosesi böyük uğurla həyata keçirilir. Ölkəmizdə müdafiə sənayesi inkişaf etdirilir, ilk süni peykimizlə bağlı layihə həyata keçirilir. İnformasiya-kommunikasiya texnologiyaları sahəsində əldə olunan nailiyyətlər informasiya cəmiyyətinin qurulması üçün möhkəm zəmin yaradır.

Regionların inkişafı proqramı çərçivəsində böyük uğurlar əldə edilir. Tikilib istifadəyə verilən yüzlərlə məktəb, tibb müəssisələri, mədəniyyət ocaqları, muzeylər, parklar, qurulan idman kompleksləri və olimpiya mərkəzləri təhsil, səhiyyə, mədəniyyət və sosial həyatda yeniləşmənin miqyasını göstərir. Aparılan quruculuq və abadlıq işləri sayəsində bu gün paytaxtımız yeni görkəm almaqdadır, şəhər və rayonlarımız ildən-ilə gözəlləşir. Ölkəmizin ərzaq təhlükəsizliyi təmin olunur, yeni iş yerləri açılır, yoxsulluğun səviyyəsi bir neçə dəfə azaldılmışdır.

Sədr Azərbaycanın üzləşdiyi problemlərdən də danışmış, bildirmişdir ki, bizim bir əsas problemimiz Azərbaycan torpaqlarının hələ də Ermənistanın işğalı altında qalmasıdır. Əminliklə deyə bilərik ki, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu xarici siyasət nəticəsində artıq dünya Azərbaycan həqiqətlərinin, Dağlıq Qarabağ probleminin məğzini başa düşmüşdür. Əminik ki, bu məsələ dövlətimizin başçısının rəhbərliyi altında yaxın bir dövrdə öz həllini tapacaq və Azərbaycanın ərazi bütövlüyü təmin olunacaqdır.

Prezidentin "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" sərəncamında deyilir: "İyirmi illik inkişaf yolumuzun ən parlaq nəticəsi ondan ibarətdir ki, bu gün Azərbaycan, sözün əsl mənasında, artıq tam müstəqil ölkədir. Ölkəmizdə gerçəkləşdirilən siyasət daim Azərbaycan xalqının maraqlarına xidmət göstərir".

Oqtay Əsədov vurğulamışdır ki, Azərbaycanın dövlət müstəqilliyi ölkəmizin hər bir vətəndaşı, bizim hər birimiz üçün ən böyük sərvətlərdən biridir. Əminəm ki, bu sərvəti qoruyub saxlamaq, daha da zənginləşdirmək üçün hər kəs öz üzərinə düşən vəzifəni yerinə yetirəcəkdir.

Milli Məclisin sədri dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü münasibətilə Azərbaycan xalqını və deputatları təbrik etmişdir.

Sonra "Azərbaycan 20 il: müstəqilliyin bərpası" sənədli filmi nümayiş etdirilmişdir.

Daha sonra Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov dövlət müstəqilliyimizin 20-ci ildönümünə həsr olunmuş məruzə ilə çıxış etmişdir.

Ziyafət Əsgərov Azərbaycanın qədim dövlətçilik tarixi barədə ətraflı məlumat vermiş, XX yüzilliyin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasını xalqımızın dövlətçilik potensialının yenidən təzahür edib real şəkil alması və qəlbində yaşatdığı müstəqillik arzusunun gerçəkləşməsi kimi xarakterizə etmişdir.

Qeyd edilmişdir ki, XX əsrin əvvəllərində dövlət müstəqlliyini əldə etmiş Azərbaycan öz parlamentini də yaratmışdı. 1918-ci il mayın 27-də Azərbaycan Milli Şurasının ilk iclası çağırılmış, mayın 28-də isə Azərbaycanın İstiqlal Bəyannaməsi qəbul edilmişdi. Həmin il noyabrın 19-da keçirilən iclasında Milli Şura qanun qəbul edərək 120 üzvdən ibarət Azərbaycan parlamentini formalaşdırmağı qərara almışdı.

Dekabrın 7-də Hacı Zeynalabdin Tağıyevin qız məktəbinin binasında müsəlman Şərqində ilk parlamentin iclası keçirilmişdi.

Cəmi 17 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk parlamentimiz Azərbaycanın gələcək həyatı üçün dəyərli işlər görə bilmişdi. Bu işlər sayəsində müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi təməli yaradılmışdı. Dövlət bayrağı və himni qəbul edilmiş, ana dili dövlət dili elan olunmuşdu. Dünyada birincilər sırasında və Şərq aləmində ilk dəfə olaraq məhz bu parlament qadınlara seçki hüququ vermişdi.

Milli Məclis sədrinin birinci müavini vurğulamışdır ki, Cənubi Qafqazda yaranmış respublikalar arasında sərhəd məsələlərinin həlli də parlamentin diqqət mərkəzində olmuşdur. Lakin ərazi və sərhəd məsələləri ilə əlaqədar Azərbaycan ilə Gürcüstan arasında aparılan danışıqlarda ümumi razılığa gəlmək mümkün olsa da, Ermənistan ilə heç cür razılığa gəlmək mümkün olmamışdır. Ermənistanın məkrli siyasəti, xaricdəki havadarlarının köməyi ilə Azərbaycan xalqına qarşı həyata keçirdiyi etnik təmizləmə və işğalçılıq siyasətinin acı nəticələri isə hamıya bəllidir. Z.Əsgərov Azərbaycan Demokratik Respublikasının fəaliyyəti və süqutunun o dövrdə mövcud olan obyektiv və subyektiv səbəblərlə bağlılığını xüsusi vurğulamışdır. 

Bildirilmişdir ki, bütün bunlara baxmayaraq Azərbaycan xalqı inkişaf etmiş, savadsızlıq tamamilə ləğv olunmuşdur.

Xüsusən, ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illərdə Azərbaycanda, sözün həqiqi mənasında, böyük quruculuq və yaradıcılıq dövrü yaşanmış, həyatın bütün sahələrində güclü inkişaf və tərəqqi əldə olunmuş, sənayedə və kənd təsərrüfatında misilsiz uğurlar qazanılmışdır. Lakin Azərbaycanın gələcəyi təkcə maddi sahədə yaradılmırdı. Heydər Əliyev xalqın mənəvi gələcəyinin bərqərar olmasına da böyük diqqət yetirmiş və bundan ötrü çox işlər görmüşdür. Müstəqil daxili siyasət yeridilməsi nəticəsində Azərbaycanın siyasi, iqtisadi, milli-mədəni inkişafı üçün görülən son dərəcə böyük işlərlə yanaşı, xalqın milli mənlik şüurunun inkişaf etdirilməsi, tarixi ənənələrinin, dilinin qorunması istiqamətində mühüm nailiyyətlər qazanılmışdı.

Məhz belə bir dövrdə Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinə dövlət dili statusu verilmişdir. Bu isə Azərbaycanın müstəqilliyini bərpa etməsi üçün böyük zəmin yaratmışdır. 

Z.Əsgərov Azərbaycanın dövlət müstəqilliyinin bərpasından ötən dövrə geniş nəzər salmışdır. Bildirmişdir ki, o zaman müstəqilliyimizi istəməyən qüvvələr Azərbaycanı yenidən parçalamağa çalışırdılar.  Bütün bu proseslərin məntiqi nəticəsi kimi dövlətin varlığı, xalqın gələcək müqəddəratı sual altında idi. Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin aqibətini yaşamaq təhlükəsi ilə üzləşmişdi.

1993-cü ilin iyununda təcrübəli siyasətçi və böyük dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıtması Azərbaycan üçün sivil dünyanın bir hissəsinə çevrilmək imkanının reallaşmasına şərait yaratdı. Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1991-ci il oktyabrın 18-də elan olunsa da, onun əsl tarixi məhz 15 iyun - Milli Qurtuluş Günündən başlanır. 

Ümummilli lider Heydər Əliyevin böyük siyasətə qayıdışı 1993-cü il iyunun 15-də onun Azərbaycan Ali Sovetinin sədri seçilməsi ilə başlanmışdır. Ulu öndər Heydər Əliyevin Azərbaycan parlamentinin sədri seçilməsi ölkəmizdə qanunvericilik orqanının nüfuzunu yüksək səviyyəyə qaldırmış və onun peşəkar nümayəndəli orqan kimi formalaşması istiqamətlərini müəyyənləşdirməyə imkan vermişdir.

Milli Məclis ölkədə baş verən mürəkkəb və ziddiyyətli ictimai-siyasi hadisələrin açıq və demokratik şəraitdə müzakirə edildiyi real hakimiyyət orqanına çevrilmişdir. Qısa müddətdə ulu öndər Heydər Əliyev parlamentin ruhunu kökündən dəyişmiş, Milli Məclisə siyasi mədəniyyət gətirmişdir.

Ulu öndər torpaqlarımızı müdafiə etməyi bacaran milli ordunun formalaşdırılmasını ən vacib vəzifələrdən biri kimi irəli sürmüşdür. Görülən tədbirlər sayəsində Azərbaycan ordusu tezliklə özünü toplayıb düşmənə ağır zərbələr endirmiş, nəticədə 1994-cü ilin mayında cəbhə xəttində atəşkəs elan olunmuş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və prinsipləri əsasında, sülh yolu ilə nizama salınmasına dair danışıqlara başlanmışdır.

Qeyd edilmişdir ki, ölkə daxilində möhkəm ictimai-siyasi sabitliyin təmin edilməsi Azərbaycan dövlətinin yeni neft strategiyasının həyata keçirilməsinə imkan yaratmışdır. Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının işlənilməsinə dair xarici neft şirkətləri ilə onlarla saziş imzalanmış, Azərbaycan iqtisadiyyatına milyardlarla dollar məbləğində investisiya cəlb edilmişdir.

Neftdən götürülən gəlirdən xalqın mənafeyi üçün daha səmərəli istifadə edilməsi məqsədi ilə Dövlət  Neft Fondu yaradılmışdır.

Azərbaycanın beynəlxalq nüfuzu da artmışdır. Müstəqil Azərbaycan Respublikası BMT-nin, ATƏT-in, Avropa Şurasının, Parlamentlərarası İttifaqın, Avratlantika Tərəfdaşlıq Şurasının, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının, İslam Konfransı Təşkilatının, Müstəqil Dövlətlər Birliyinin, İqtisadi Əməkdaşlıq Təşkilatının və bir sıra digər nüfuzlu beynəlxalq təşkilatların bərabərhüquqlu üzvü, GUAM regional qurumunun təşəbbüsçüsü və fəal iştirakçısı olmuşdur. Ölkəmizin Avropa xalqları ailəsinə inteqrasiyası reallığa çevrilmişdir.

Ölkədə bütün siyasi qüvvələrin və partiyaların sərbəst fəaliyyətinə, siyasi plüralizmin bərqərar olmasına şərait yaradılmışdır. Milli-mənəvi dəyərlərimizin qorunması, mədəniyyətin, ədəbiyyatın və incəsənətin inkişafı üçün lazımi tədbirlər görülmüş, milli dövlətçilik ideologiyası və idarəçilik fəlsəfəsi formalaşdırılmışdır.

Z.Əsgərov demişdir ki, bu gün ulu öndərimizin müəyyənləşdirdiyi strateji inkişaf xəttini davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan Cənubi Qafqaz bölgəsinin lider dövlətinə çevrilmişdir.

Son illərdə iqtisadi artım sürətinə görə Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələri sırasına çıxmışdır. İqtisadiyyatın ardıcıl inkişafı şəhər və kəndlərimizin simasını dəyişdirir, insanların həyat tərzini yeniləşdirir. Genişmiqyaslı dövlət proqramları həyata keçirilir, xalqımızı düşündürən sosial-iqtisadi problemlər həll edilir. İstehsal və sosial infrastruktur obyektləri yaradılır, yeni iş yerləri açılır. Təhsilə, elmə, səhiyyəyə, mədəniyyətə, ədəbiyyata, incəsənətə, idmana dövlət qayğısı artır. 

Cəmiyyət və dövlət həyatının bütün sahələri dünya standartları əsasında qurulmuşdur. Səmərəli, məsuliyyətli və demokratik idarəçilik sistemi bərqərar edilmişdir. Xalqımızın maraqları və tələbatı üzərində qurulan sosial-iqtisadi inkişaf xətti hər gün yeni bəhrələr verir.

Bu gün Azərbaycan müasir dövlət quruculuğu yolunda qazandığı uğurları ilə dünyaya səs salan güclü bir dövlətdir.

Getdikcə daha da artan imkanlarımız qarşıya qoyulan hər bir mürəkkəb vəzifəni uğurla yerinə yetirməyə imkan yaradır. Dövlətimizin beynəlxalq mövqelərinin daha da güclənməsi ölkəmizin inkişafı yolunda ən böyük maneə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsipləri və normaları, xüsusən, onların arasında təməl prinsip olan dövlətlərin ərazi bütövlüyü əsasında sülh yolu ilə həll edilməsinə yeni imkanlar açır.

Milli Məclis dövlətin daxili və xarici siyasətini parlament vasitələrinin köməyi ilə fəal surətdə dəstəkləyir. Həyata keçirilən siyasi, iqtisadi, hüquqi, sosial islahatların hüquqi mexanizmi daha da inkişaf etdirilir və təkmilləşdirilir.

Qanunyaratma və qanunvericilik məsələlərinin həllində Milli Məclis qabaqcıl dünya təcrübəsindən bəhrələnməyə çalışır. Milli Məclis nəzarət funksiyasını da uğurla yerinə yetirir. 

Sonra məruzə ətrafında çıxışlar olmuşdur.

Milli Məclis sədrinin müavini Bahar Muradova, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı  Əli Əhmədov, deputatlar Vahid Əhmədov, Siyavuş Novruzov, Əli Hüseynli, Elton Məmmədov, Fəzail İbrahimli, Rəbiyyət Aslanova, Qənirə Paşayeva, İqbal Ağazadə, Jalə Əliyeva və başqaları çıxış etmişlər. Çıxışlarda Azərbaycanın müstəqillik illərində qazandığı uğurlara bir daha nəzər salınmış, bu bayramın təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da qeyd olunması yüksək qiymətləndirilmişdir.

Bildirilmişdir ki, neft-qaz sənayesi, energetika və nəqliyyat sahələrində həyata keçirilən nəhəng transmilli layihələr nəticəsində özünün enerji təhlükəsizliyini təmin edən Azərbaycan həm də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində getdikcə daha fəal rol oynayır. Ölkəmizdə yeni infrastrukturun formalaşması, ordu quruculuğu prosesinin böyük uğurla həyata keçirilməsi, müdafiə sənayesinin inkişaf etdirilməsi, ilk süni peykimizlə bağlı layihənin reallaşdırılması, informasiya-kommunikasiya texnologiyaları sahəsində əldə edilən nailiyyətlər xüsusi qeyd olunmuşdur.

Deputatlar Azərbaycanın üzləşdiyi problemlərdən də danışmışlar. Belə bir əminlik ifadə olunmuşdur ki, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu xarici siyasət nəticəsində yaxın vaxtlarda  Dağlıq Qarabağ münaqişəsi öz həllini tapacaq, Azərbaycanın ərazi bütövlüyü təmin olunacaqdır.

Azərbaycanın dövlət müstəqilliyinin ölkəmizin hər bir vətəndaşı üçün ən böyük sərvətlərdən biri olduğu qeyd edilmişdir.

Sonda Oqtay Əsədov bir daha deputatlar adından Azərbaycan Prezidentini və xalqını təbrik etmiş, parlamentin bundan sonra da ölkəmizdə həyata keçirilən islahatlara, dövlətimizin başçısının daxili və xarici siyasətinə dəstək verəcəyini bildirmişdir.

Bununla da, təntənəli iclas başa çatmışdır.  

 

AzərTAc

Foto F.BAĞIROVUNDUR