Alternative content

18:42 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Oxucuların suallarına cavab verir
Oxucuların suallarına cavab verir
ANA SƏHİFƏ / Hüquq məsləhəti
12:07 21.07.2013

 


Dostum ipotekayla ev alıb, indi satmaq istəyir. Həmin evi alıb öz adıma keçirə bilərəmmi?

 

Nadir Qəhrəmanlı,

Bakı şəhəri

 

- "İpoteka haqqında" qanunun 30.1-ci maddəsinə əsasən, ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair digər sərəncamlar verə bilər (istifadə, icarə və sair).   

Qanunun 30.2-ci maddəsinə görə, bu qanunun tələblərinə uyğun olaraq, ipoteka predmetinin özgəninkiləşdirilməsi, yaxud hüquqi şəxsin yenidən təşkili nəticəsində və ya vərəsəlik qaydasında həmin əşya başqa şəxsə keçdikdə, ipoteka qüvvədə qalır və həmin şəxs ipoteka müqaviləsi üzrə ilkin ipoteka qoyanın bütün vəzifələrini, o cümlədən ilkin ipoteka qoyan tərəfindən lazımınca icra edilməmiş vəzifələri daşıyır.

Beləliklə, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, evi əldə edə bilməniz üçün ipoteka saxlayanın yazılı razılığı tələb olunur. Bu zaman siz ipoteka müqaviləsi üzrə ilkin ipoteka qoyanın (yəni evi satan şəxsin) bütün vəzifələrini, o cümlədən ilkin ipoteka qoyan tərəfindən lazımınca icra edilməmiş vəzifələrini daşıyacaqsınız. Əsas öhdəliyin (məsələn, kredit müqaviləsinin) icra edilməməsi və ya lazımınca icra edilməməsi halında ipoteka predmetinə (yəni evinizə) tutma yönəldilməsi riski vardır.

 

Birinci qrup əlillər işləyə, yəni zehni əməklə məşğul ola bilərlər?

 

Fəridə Hacıyeva,

Gəncə şəhəri

 

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə"nin 2.1-ci bəndinə görə, birinci dərəcə əlillik, xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki,  xəstənin daimi olaraq kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olsun. Qüsurların və ya funksiya pozğunluqlarının xüsusi vasitələrlə kompensasiya olunduğu hallarda əlil şəxslər xüsusi əmək şəraiti yaradılmış istehsalat, yaxud evdə müxtəlif növ işlərdə işləyə bilərlər.

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi