Alternative content

18:44 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV oxucuların suallarına cavab verir
oxucuların suallarına cavab verir
ANA SƏHİFƏ / Hüquq məsləhəti
01:06 02.06.2013

 

Babam vəfat edib. Ondan 3 otaqlı mənzil və 22 sot bağ evi qalıb. Anam, bacım və mən babamın mənzilində qeydiyyatdayıq. Babamın anamdan başqa 3 qızı və 3 oğlu da  var. Bütün sənədlər babamın adınadır. O isə vəsiyyətnamə yazmayıb. Pay bölgüsündə  əmilərimə və bibilərimə  nə qədər pay düşür?

 

Orxan Cavadzadə,

Bakı şəhəri

 

- Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə görə, qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin məcəllənin 1159.1.3-cü maddəsinə əsasən, bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.

Sualınızdan dolayısı ilə aydın olur ki, babanızın vərəsəsi olacaq atanız babanızdan əvvəl vəfat edib.

Beləliklə, babanızın miras əmlakı 7 paya bölünəcəkdir. Əmiləriniz və bibilərinizin hər birinə miras əmlakdan 1/7 pay düşəcəkdir. Atanıza çatacaq 1/7 pay isə, sizinlə bacınız arasında bərabər bölüşdürüləcəkdir.

 

3 ilə yaxındır ki, əmək müqaviləsi əsasında 2 yerdə çalışıram. İndi onların birindən imtina etmək məcburiyyətindəyəm. Əgər işin birindən çıxarılsam və ya öz istəyimlə azad olunsam, şirkət mənə işdənçıxma təzminatı ödəməlidirmi?

 

Valid Nəbili,

Sumqayıt şəhəri

 

-  Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci fəsli "Əmək müqavilələrinə xitam verilərkən işçilərin təminatları" adlanır. Həmin fəsildə əmək müqaviləsinə xitam verilməsi zamanı işçilərə müavinət ödənilməli olduğu hallar, müavinətin miqdarı, işdən azad edilməsi qadağan olunan işçilər və s. nəzərdə tutulmuşdur. Məsələn, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə görə əmək müqaviləsi bu məcəllənin 70-ci maddəsinin "a" (yəni müəssisə ləğv edildikdə) və "b" (yəni işçilərin sayı və ya ştatları ixtisar edildikdə) bəndləri ilə ləğv edilərkən işçilərə orta əməkhaqqından az olmamaqla işdənçıxarma müavinəti və işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta əməkhaqqı ödənilir. Həmin maddənin 7-ci hissəsinə əsasən əmək müqaviləsinə bu məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin "c" (yəni "əmək şəraitinin şərtlərinin dəyişdirilməsi"), 74-cü maddəsinin birinci hissəsinin "a" (yəni işçi hərbi və ya alternativ xidmətə çağırıldıqda) və "c" (qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə) bəndləri ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əməkhaqqının azı iki misli miqdarında müavinət ödəyir.

İşçinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi zamanı işəgötürənin hər hansı təzminat ödəməsi nəzərdə tutulmayıb.

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi