İstifadə edilmiş elektrik enerjisinin pulu vaxtında ödənilmədikdə elektrik enerjisinin verilməsini dayandırmaq qanunidirmi?
Həlimə Nəbizadə,
Bakı şəhəri
- İstifadə edilən enerjiyə görə ödənilməli olan pul məbləğinin əks olunduğu müvafiq bildirişi aldıqdan sonra istehlakçı həmin məbləği bir ay müddətində tam ödəmədikdə, enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini dayandımaq hüququna malikdir ("Elektroenergetika haqqında" qanunun 11-ci maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiqlənmiş "Elektrik enerjisindən istifadə Qaydaları"nın 9.13.2-ci bəndi). Lakin enerji təchizatı müəssisəsi bu hüququnu həyata keçirərkən iki mühüm şərtə əməl etməlidir. Birincisi, istehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılması yalnız fərdi qaydada həyata keçirilməli, elektrik enerjisinin dəyərini vaxtında ödəməyən istehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılması, elektrik enerjisinin dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir. İkincisi, elektrik enerjisinin verilməsi dayandırılmazdan əvvəl enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılacağı barədə yazılı bildiriş təqdim etməlidir. Yazılı bildiriş göndərilmədən elektrik enerjisi verilməsinin dayandırılması qadağandır (qanunun 11-ci maddəsi, qaydaların 9.13-1-ci bəndi).
Cavablandırdı:
Dünyamin NOVRUZOV,
Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi