06 Dekabr 2020 01:01
1504
SİYASƏT
A- A+

Qəhrəmanlar yurdu işğaldan azad edildi


Azərbaycan xalqının öz qəhrəman övladlarını unutması, hətta yeni nəsillərin onları heç tanımamaları üçün sovet hakimiyyəti çox çalışdı. Kimilərinsə adını çəkmək yasaq edildi, kimiləri isə yanlış tanıtdı. Sultan bəy Sultanov da Azərbaycanın belə qəhrəmanlarından biri idi.

Əslən indiki Laçın rayonunun Kürdhacı kəndindən olan Əlipaşa bəyin oğlu idi Sultan bəy. 1871-ci ildə dünyaya gəldiyi bu kəndin ilk adı Qurdgəzi olub. Əvvəlcə çar Rusiyasının yeritdiyi milli ayrı-seçkilik siyasətinə uyğun olaraq məqsədli şəkildə Qurdgəzi (Qurdqajı) kəndi Kürdhacı adlandırılıb. Sonradan bolşevik hökuməti qurulduqda bu adla da sənədləşdirilib.

Mahalın sayılıb-seçilən, sözünün üstünə söz deyilməyən ağsaqqallarından olan Əlipaşa bəy oğluna öz ana babası Əsəd Sultanın adını verib. Ancaq hamı onu Sultan bəy çağırıb. Elə tariximizdə də bu adla qalıb. Əsilzadə atasından mərdanəliyi, sözübütövlüyü, səxavəti, yurdsevərliyi görüb-götürüb Sultan bəy. Övladlarının tərbiyəsi ilə ciddi məşğul olan Əlipaşa bəy onların mükəmməl təhsil almalarının da qayğısına qalıb. Sultan bəy ilk təhsilini elə öz obalarında, molla Xudaverdi Tanrıverdidən alıb. Atası bir neçə il sonra onu Şuşa şəhərində, qəza məktəbinə yazdırıb. Daha sonra Sultan bəy təhsilini Gəncə şəhərində gimnaziyada davam etdirib. Ali təhsil almaq üçün isə Sankt-Peterburq şəhərinə yollanıb. Həmin şəhərdə Hərbi Akademiyaya daxil olsa da onu tamamlamayıb. Laçına dönüb.

Bu o dövr idi ki, çar Rusiyası siyasi iğtişaşların cəngində idi. İmperiyanın əksər ərazilərində olduğu kimi, Azərbaycanda da inqilabi hərəkat genişlənməkdəydi. Belə bir zamanda çar hökuməti milli münaqişəni alovlandırmaq məqsədilə pusquda dayanmış erməni daşnaklarına hər cür yardım göstərirdi. Bundan cəsarətlənmiş, azğınlaşmış ermənilər - 1905-1907-ci illərdə azərbaycanlılara qarşı qətliamlar törətməyə başladılar. Ağır zamanda Azərbaycanın qeyrətli övladları öz ana vətənlərinin harayına, soydaşlarının fəryadına yetişdilər. Sultan bəy Sultanov da qəddar və namərd ermənilərin hücumlarından Azərbaycan xalqını müdafiə edənlərin ön sırasında idi. O, mərd olduğu qədər də ağıllı, iti fəhmli olması ilə seçilirdi. Sultan bəy mükəmməl hərbi biliyə malik olduğundan hərbi taktikalardan məharətlə istifadə edirdi. Hələ qırğınlar başlamamış sərhədlərin təhlükəsizliyi məqsədilə erməni tərəfə mühafizə məntəqələri qoydurmuşdu. Ermənilər yerli əhaliyə qarşı qətliamlara başlayanda isə Zəngəzur qəzasının müsəlman əhalisini ayağa qaldırıb, silah toplayıb, varlılara məcburi silah aldırıb, yerli camaatdan döyüşçü dəstəsi yaratmışdı.

Mərdliyi, mübarizliyi, qorxmazlığı ilə Sultan bəy bütün silahdaşlarına nümunəydi. Hücuma keçərkən döyüş yoldaşları onu qorumağa, öndə getməsinə mane olmağa çalışırdılar. Amma Sultan bəy həmişə qoşunun qabağında gedirdi.

O, Vətən torpağını müdafiə edən özü kimi igid döyüşçülərə başçılıq edirdi. Sultan bəy bu yolda həm də böyük səxavətlə var-dövlətini sərf edirdi.

Ermənilər hələ İrəvan və Naxçıvan ərazilərində qırğın törədəndə Sultan bəy Dərələyəzdə, İstisuda və bir neçə kənddə ermənilərin hücumlarının qarşısını aldı.

Sultan bəy ermənilərin problemə çevirdikləri daha bir məsələnin də həllində fəallıq göstərdi. 1917-ci ilin yazında o, Cicimli kəndi ərazisində yerləşən Məlik-Əjdər türbəsi yaxınlığındakı çadırda Araz çayı ətrafı bölgələrdən gələn nümayəndələrlə yaylaq məsələsini müzakirə etdi. Görüş Qafan, Zəngilan, Cəbrayıl, Qubadlı bölgələrindən olan bəylərin iştirakı ilə keçdi. Sonda Sultan bəy döyüşün planını açıqladı.

1917-ci il mayın 10-da onun rəhbərliyi ilə döyüş başladı. Müqaviməti qırılan daşnaklar qaçmağa üz tutdular. Qaragöl döyüşündə Sultan bəy 9 uzaqvuran, 5 yaxınvuran toplardan, 40 pulemyotdan, 3 min müxtəlif növ tüfəngdən, 120 qılıncdan, 50-dən çox gürzdən və minlərlə canlı qüvvədən istifadə etdi. Axşamadək davam edən döyüşdə daşnakların xeyli hərbi sursatı və canlı qüvvəsi məhv edildi, bir çoxu əsir düşdü.

1917-ci ilin sonları və 1918-ci ildə Naxçıvanı talan edən Andronik Ozanyan dəstəsi ilə Zəngəzura doğru irəliləməkdəydi. Zəngəzura keçən Andronik azərbaycanlı əhaliyə divan tutmağa, onların yaşadıqları kəndləri xarabazara çevirməyə başladı. Ermənilərin qəddarlığının həddi-hüdudu yox idi. Onlar Ağdu kəndində məscidə adamları yığıb çıxışları bağladılar və od vurub yandırdılar.

1918-ci ildə indiki Laçın rayonunun sərhəd kəndləri də daşnakların vəhşi hücumlarına məruz qaldı. Onlar azərbaycanlıların yaşadığı Cağazur, Malıbəy, Mollaəhmədli, Zabux və digər kəndləri dağıtdılar, evləri yandırdılar.

Zəngəzurun kəndlərini Andronikin quldur dəstəsinin hücumundan xilas etmək üçün Sultan bəy qeyri-bərabər döyüşə atıldı. Mahir hərbçi məğlubiyyətə uğramamaq üçün taktikanı dəyişib geri çəkilməli oldu. Hərbi qərargahı Hoçaz kəndində yerləşdirdi. Ətraf kəndlərdən gələn könüllülərdən ibarət dəstələrə Sultan bəy ən yaxın silahdaşlarını - Seyid Həmid və Cağazurlü Ağaməmmədi rəhbər təyin etdi. Həmin döyüşdə ermənilərin xeyli canlı qüvvəsi və silah-sursatı məhv edildi.

Ermənilərin məqsədi Qarabağa daxil olmaq idi. Andronikin göstərişi ilə 300 nəfərlik təlim görmüş daşnaklardan ibarət dəstə Minkənd-Şəlvə-Murovdağ, sonra da Sarıbaba dağının arxasından Şuşa rayonunun Xəlfəli, Şırlan və Zarıslı tərəfə hücuma keçməli, oradan da Qarabağa daxil olmalı idi. Andronik məqsədinə çatmaq üçün hərbi sursatını Qaragölün ətrafına toplayıb, yaylaq mövsümünün bitməsini, ərazinin boşalmasını gözlədi. Ancaq onun bu yolla da zəfər qazanmaq arzusunu Sultan bəy gözündə qoydu... Döyüş üç gün davam etdi. Və Andronik layiq olduğu məğlubiyyətlə üzləşdi.

Vətənin dar günlərində adı dillərdə dastan olmuş xalq qəhrəmanları sırasında Sultan bəylə yanaşı qardaşı Xosrov bəy də vardı. Gənc yaşlarından siyasi hərəkata qoşulmuş Xosrov bəy Sultanov 1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsini imzalayan 26 nəfərdən biri idi. O, Tiflisdə Azərbaycan Milli Şurası tərəfindən təsdiq olunan Birinci hökumət kabinetində hərbi nazir vəzifəsini tutdu. 1918-ci il iyunun 17-də təşkil edilən İkinci hökumət kabinetində isə əkinçilik naziri oldu. 1918-ci ilin yayında Azərbaycan Xalq Cümhuriyyəti Ermənistan daşnak hökumətinin Zəngəzur bölgəsində azərbaycanlılara qarşı dövlət səviyyəsində həyata keçirdiyi soyqırımı siyasətinin, Andronikin, Njdenin, Dronun quldur dəstələrinin Cavanşir, Cəbrayıl, Şuşa qəzalarında törətdiyi kütləvi qətllərin, qarətlərin qarşısını almaq məqsədilə Müvəqqəti Qarabağ general-qubernatorluğu yaratdı. Xosrov bəy Sultanov 1919-cu ilin 29 yanvarında Qarabağın general-qubernatoru təyin olundu. Bu xəbər Androniki qəm dəryasına qərq etdi. Xosrov bəy bütün imkanlara əl atır, müsəlmanlar yaşayan kəndlərin daşnakların hücumlarından qorunması üçün silah-sursat göndərirdi.

Qarabağa keçə bilməyəcəyinə əmin olan Andronik hiylə işlətmək qərarına gəldi. Din xadimlərinin toxunulmazlığından istifadə edərək keşiş Mesrofu və Sultan bəyin kirvəsi Saşanı danışığa yolladı. Keşiş Andronikin məktubunu Sultan bəyə təqdim etdi. Məktubda yazılırdı: "Sultan bəy, bizə Abdallar oylağından keçib Şuşaya, oradan da keçib Dərbənd tərəfdən gələn rusların qarşısını almağa və ermənilərin təsərrüfat işlərinə kömək etməyə getməyimizə icazə versəniz, keçməyimizin təhlükəsizliyini təmin etsəniz sizə istədiyiniz qədər qızıl verərəm: Andronik paşa”.

Keşişə Sultan bəyin cavabı kəskin oldu: "Elə cavab məktubunu da özün yaz. Yaz ki, türk hərbi adı "paşa” sizə yaraşan ad deyil. Bu ad türklərə məxsusdur. Siz isə eşitdiyimə görə, ermənisiniz. Onu da bilməlisiniz ki, bu yurdun övladları qeyrətlərini pula satmayıblar”.

Əlipaşa bəyin müdrik, uzaqgörən oğulları Xosrov bəy və Sultan bəy erməni daşnaklarının hiylə işlətdiklərindən xəbərdar idilər. Odur ki, qabaqcadan düşünüb-daşınmış, hiyləgər ermənilərə layiq olduqları cəzanı vermək qərarına gəldilər. Beləliklə, azərbaycanlıları aldatmaq istəyən ermənilər özləri tələyə düşdülər. Andronikin gecə vaxtı gizlicə qoşunu ilə Şuşaya daxil olmaq planı puça çıxdı. Andronikin silah-sursat karvanı Abdallar poçtuna az qalmış Sultan bəyin pusquçuları tərəfindən tərksilah olundu.

Xəbər gecəyarısı Andronikə yetişdi. O, orduya geri çəkilmək əmrini versə də, artıq gec idi. Geri dönüb Zabıx dərəsindən Dığ tərəfə qayıtmaq istəyən Andronikin ordusunu Sultan bəyin dəstələri mühasirəyə aldı və hücuma keçdilər. Döyüşdə Andronikin qoşunu məhv edildi. O, yenə hiyləyə əl atdı, keşişi öldürüb paltarını geyindi. Balaca uşağın əlindən tutub gedərkən Sultan bəylə qarşılaşdı. Andronik ona yalvardı: "Bəy, başına dönüm, bu uşağın heç kəsi yoxdur, yaxın kəndlərdəndir, atası Zabıx döyüşündə öldürülüb, yazıqdır, azıb eləyər, aparıb onu o tərəflərə ötürmək istəyirəm”. Sultan bəy dedi: "Keşiş, biz uşaq öldürmürük, gəl keç”.

Çox keçmədi ki, atlılar Andronikin keşiş paltarında aradan çıxdığı xəbərini gətirdilər.

Andronikin ordusunun Zabıx dərəsində məhv edilməsi xəbəri Zəngəzurun azərbaycanlılar yaşayan kəndlərində böyük sevinclə qarşılandı. Xosrov bəy və Sultan bəy qardaşlarının hazırladıqları birgə plan əsasında daşnaklara unudulmaz dərs verildi. Şuşa, onun kəndləri - Zarıslı, Xəlifəli, Şırlan, eləcə də Ağa körpüsü yanında və Xankəndi ətrafında yaşayan Azərbaycan kəndlərinin və bütövlükdə Aran Qarabağın əhalisi dəhşətli qətliamlardan xilas edildi. Qələbədən arxayınlaşmayan Sultan bəy dəstəsini gücləndirməkdə, döyüşçülərin sayını artırmaqda davam etdi. Çünki ermənilərin məkrli planları bitmək bilmirdi.

Hərbi təlim keçmiş daşnak partiyasının liderləri, general Qaregin Njdenin və general Karo Hamparsumyanın hazırladıqları hərbi taktiki plan üzrə daşnakların Laçın, Qubadlı və Zəngilan rayonlarının kəndlərinə növbəti hücumu 1919-cu ilin yayında başladı. Bu hücum Zabıx məğlubiyyətindən sonra ermənilərin Azərbaycan xalqına qarşı ən dəhşətli, ən məkrli hücumu oldu. Ermənilərin çox güvəndikləri planları barədə qabaqcadan məlumat əldə edən Sultan bəy düşməni məğlub etmək üçün tədbirlər görmüşdü. Daşnakların hücumundan qorunmaq üçün bir sıra sərhədyanı kəndlərdən qocaları və uşaqları arxa kəndlərə köçürmək barədə ağsaqqallarla məsləhətləşmiş, lazımi işlər görmüşdü.

Daşnaklar daxil olduqları Zabıx, Sümüklü, Xallanlı, Cağazur, Kosalar, Malıbəy və Sultanlar kəndlərini talan edərək yandırdıqları xəbəri Sultan bəyə çatdı. Düşmənin niyyəti Mərkiz, Sus, Qızılca, Hoçaz, Avazlar, Tatdərəsi, Abdallar kəndlərinə doğru irəliləmək idi. Sultan bəyin qoşunu yerli dəstələrlə birlikdə müdafiəyə qalxdı. Gorusdan Şuşaya gedən şose yol nəzarət altına alındı. Gözləmədikləri müqavimətlə üzləşən daşnaklar xeyli itki verərək geri çəkildilər. Andronik kimi Njde və Karo da arzularına çatmadılar.

Sultan bəy və qardaşı Xosrov bəyin igidliyi sayəsində Zəngəzurun dağlıq bölgələrində kütləvi qırğınların qarşısı alındı, çoxsaylı erməni silahlıları məğlub edildi. XX əsrin əvvəllərində yalnız Zəngəzurun deyil, Şuşanın, Kəlbəcərin və Basarkeçərin azərbaycanlı əhalisinin erməni basqınlarından qorunmasında, talanların qarşısının alınmasında Sultan bəy və Xosrov bəy Sultanovlar misilsiz xidmətlər göstərdilər.

Onlar vətəni, soydaşlarını qorumaq naminə çox ağır sınaqlardan keçdilər, çox vuruşdular. Sultan bəyin, Xosrov bəyin və onların silahdaşlarının qəhrəmanlıqları cild-cild kitablara sığmaz. Elə buna görə də adları hər zaman uca tutuldu. Onlar xalqın əbədi qəhrəmanlarına çevrildilər. Sovet hakimiyyətinin bütün cəhdləri bu həqiqətin qarşısında məğlub oldu.

Zaman keçdi. Sultan bəyin at oynatdığı məkanları XX əsrin sonunda işğal etdilər. Otuz ilə yaxın yağıların tapdağı altında inləyən o torpaqlar azad ediləcəkləri günləri soraqladıqca qəhrəmanlarımızın ruhları da rahatlıq tapmadı.

İndi o yurdlar yenə qəhrəmanlarımızın səsi, nərəsi ilə sevinir. Mərd babaların igid nəvə-nəticələri vətən torpaqlarının xilaskarı olublar. Bu gün Azərbaycan bayrağı Laçında dalğalanır. Sultan və Xosrov bəyin yurdları düşməndən xilas edilib. İndi onların da ruhu şaddır.

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video