13:36 22 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Daşlarda elə informasiyalar var ki, onları silmək mümkün deyil - Xudavəng monastır kompleksi
ANA SƏHİFƏ / SİYASƏT
20:48 05.12.2020

Kəlbəcərin Vəng kəndində yerləşən Xudavəng məbəd kompleksi Azərbaycan xalqının əcdadlarının dini etiqadından və əsrlərboyu məruz qaldığı istilalara rəğmən tolerant davranışından xəbər verir. Daş kitabələrdə yazılan Arzu xatun, Tursun, Həsən, Şəms, Altun, Qaragöz və bizim üçün doğma olan digər adlar bu abidə kompleksini ucaldanların etnik mənsubiyyətinin göstəricilərindən biridir.

Azərbaycana 200 il əvvəl köçürülmüş ermənilər xalqımıza məxsus dini, tarixi-mədəniyyət abidələrini öz adlarına çıxmaq üçün hər cür saxtakarlığa əl atıb, buna bütün dövrlərdə aramsız cəhdlər göstəriblər. Kəlbəcərdəki Xudavəng monastırı da bu qəbildəndir.

Dağlar qoynunda yerləşən məbədin tarixinə keçməzdən əvvəl Azərbaycan Alban-udi dini icmasının nümayəndələrinin bu monastır kompleksinə dekabrın 4-də tarixi ziyarətini xatırlatmaq istərdik. İcma nümayəndələri soyuq qış günündə Qəbələnin Nic kəndindən təxminən 400 kilometr məsafə qət edərək, Murovun qarlı dağ yollarını aşaraq tarixi bir gün yaşadılar. Doğma Qarabağımızı, eləcə də onun dilbər guşələrindən biri olan Kəlbəcəri düşmən tapdağından azad edən Vətən müharibəsi şəhidlərinin ruhuna burada dualar oxudular. Udi dilində liturgiya səsləndi, kilsədə şamlar yandırıldı. Bunun çox böyük rəmzi mənası var.

Bu səfərdə AZƏRTAC-ın müxbirləri də iştirak edirdilər. Otuz ildən sonra Xudavəngin görüntülərini əks etdirən fotolar ilk dəfə olaraq AZƏRTAC-ın saytında yayımlandı - gözlər önündə möhtəşəm bir mənzərə canlandı.

Azərbaycan Alban-udi dini icmasının sədri Robert Mobili ziyarət zamanı dedi ki, Xudavəng məbədi həm tarixən, həm də memarlıq üslubu baxımından tamamilə Alban Apostol Kilsəsinə məxsusdur. Ermənilərin burada etdiyi saxtakarlıqlar monastırın giriş qapısındakı erməni xaçkarlarından və daxildəki bir çox müasir xaç elementlərindən aydın şəkildə görünür.

Vəng ziyarətinin ertəsi günü Robert Mobili ilə telefon əlaqəsi saxlayıb təəssüratları ilə maraqlandıq. Robert ixtisasca geoloqdur, ilahiyyatın incəliklərini də yaxşı bilir. Sovet dövründə geoloq işlədiyi illərdə Kəlbəcər dağlarını piyada gəzib-dolaşıb. Deyir ki, az qala bu dağlardakı hər daşa, ağaca bələddir. İndi isə bura gələndə sanki başqa dağlar gördü. Ermənilər hətta ağacları kəsib aparıblar. İmkanları olsa, daşları da daşıyıb aparardılar.

"Bu, mənim gənclik illərimdə gördüyüm Kəlbəcər deyildi. Xudavəngə çatanadək yolumuzun üstündə dağılmış iki alban məbədi gördük. Kəlbəcərdə müharibə getməyib ki, desinlər mərmi düşüb. Bu mənzərə ermənilərin tarixi abidələrə münasibətinin əyani göstəricisidir. Xudavəng monastır kompleksində ilk dəfə idi olurdum. İndiyədək onu yalnız şəkillərdə görmüşdüm. Geoloq olduğumdan, ilk növbədə, diqqətimi daşlar cəlb etdi. Daşlarda elə informasiyalar var ki, nə qədər çalışsan da, onları silə bilməzsən. İndi elm elə inkişaf edib ki, daşın yaşını müəyyənləşdirmək, qumun tərkibini analiz edib onun hansı dövrə aid olduğunu, nəyin həqiqi, nəyin saxta olduğunu asanlıqla ayırd etmək mümkündür. Əminliklə deyə bilərəm ki, belə bir analiz aparılarsa, kilsəyə sonradan qoyulan daşların, xaçların tarixinin 200 ildən uzağa getmədiyi, bəlkə də elə 1993-cü ildən sonraya aid olduğu aşkarlanacaq. Halbuki Xudavəngin yaşı 1000 ildən çoxdur. Kilsənin içərisində harada boş yer var erməni xaçı yapışdırıblar. Hətta onların yaxınlıqda sexləri var, deyəsən elə bir ucdan xaç düzəldirlər. Divarda böyük bir daşı çıxarıb yerinə xaç qoyublar.

Bu torpağın, daşların, ağacların yaralarını sağaltmaq üçün vaxt lazımdır. Amma Prezidentimizin dediyi kimi, biz bunu edəcəyik. İşğaldan azad olunmuş torpaqlarımızda erməni vandallarının dağıtdığı bütün dini abidələrimiz də bərpa ediləcək, - deyə Robert Mobili əminliyini ifadə etdi.

Xudavəng monastırının tarixi ilə bağlı bəzi araşdırmaları, tarixçi alimlərimizin maraqlı mülahizələrini nəzərdən keçirdik. XII əsrdə yaşamış tarixçi Mxitar Qoş bu məbədin əsasının eramızın ilk əsrlərində missionerlərin Qafqaz Albaniyasında təbliğatla məşğul olduqları dövrdə qoyulduğunu qeyd edirdi. Məlumatlara görə, kompleksin ən erkən tikilisi olan bazilika (dini əhəmiyyət daşımayan toplantı yeri) İsa Məsihin həvarisi müqəddəs Faddeyin göstərişi ilə xristianlığı təbliğ etmək üçün gəlmiş Dadinin məzarı üzərində VIII əsrdə inşa edilmişdi. Bu monastır Cənubi Qafqaz ərazisində ilk xristian məbədlərindən biri hesab olunur.

1993-cü ildə Kəlbəcər rayonu Ermənistan tərəfindən işğal edildikdən sonra ölkəmizdə yaşayan qədim xristian etnik icmalar monastırı ziyarət etməkdən məhrum oldular. Ermənilər isə Xudavəngi dünyaya öz məbədləri kimi təqdim edir, bunu tikiliyə sonradan əlavə etdikləri xaç elementlərlə əsaslandırmağa çalışırdılar.

Xudavəngin memarlıq xüsusiyyətlərini tədqiq etmiş professor Gülçöhrə Məmmədova onun Azərbaycan ərazisində ən böyük monastır kompleksi olduğunu bildirir. Kompleksə dini və dünyəvi xarakter daşıyan müxtəlif ölçülü və dizayna malik ondan çox tikili daxildir. Onların ən qədimi - bazilikanın maraqlı xüsusiyyətlərindən biri əsas altarın yanlarında yerləşən əlavə məkanlardır. Bu məkanlar Qafqaz Albaniyası memarlığında məbəd inşasının özünəməxsus ənənələrini yaşadır.

Tarixçi-alim, professor İbrahim Zeynalov Kəlbəcərin işğaldan azad olunması ərəfəsində AZƏRTAC-a müsahibəsində deyib ki, monastır kompleksində əsas yer tutan Arzu xatun kilsəsi alban memarlığının ən qiymətli nümunələrindən biridir. İki barelyefli kilsənin şərq divarında knyaz və müqəddəs adam, cənub divarında əllərində məbədin modelini saxlayan iki knyaz təsvir olunur. Kompleksə daxil olan digər tikilinin - İgid Həsən məbədinin divarında isə onun 1182-ci ildə inşa edildiyini təsdiqləyən kitabə var. 1224-cü ildə kompleksə əlavə edilmiş böyük tikilidə zadəgan nəslinin ailə üzvləri dəfn olunub. Alimlərin fikrincə, kompleksin tikintisi XIII əsrdə tamamlanıb. Çar Rusiyası dövründə, sovet hakimiyyəti illərində yaşanmış çətinliklərə baxmayaraq, Azərbaycan ərazisindəki bütün dini abidələr, o cümlədən Xudavəng monastırı qorunub saxlanılırdı. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra isə müxtəlif dinlərə məxsus ibadət məkanlarına xüsusi diqqət və qayğı ilə yanaşılır.

Qeydlərimizi Prezident İlham Əliyevin Kəlbəcərin işğaldan azad edilməsi ilə əlaqədar xalqa müraciətində alban kilsələri barədə dediyi bu fikirlərlə tamamlamaq istədik: "Tarixə baxmaq kifayətdir, hər kəs görsün ki, 1830-cu illərdə çar Rusiyası alban kilsəsini ləğv etdi, alban kilsəsinin bütün mülkiyyətini erməni Qriqorian kilsəsinə verdi və erməni keşişləri, onların havadarları bu kilsələri mənimsəməyə başladılar. Qafqaz Albaniyasının tarixini silmək, unutdurmaq onların başlıca vəzifəsi idi. Amma biz imkan vermədik. Azərbaycanda bu məsələ ilə bağlı kifayət qədər böyük elmi baza var, əsərlər var. Bu əsərlər nəinki elm ictimaiyyətinə, bütövlükdə dünya ictimaiyyətinə çatdırılır və çatdırılmalıdır. Qafqaz Albaniyası böyük dövlət olub. Onun paytaxtı Qəbələ şəhəri olub. Qafqaz Albaniyasına aid olan tarixi abidələr, kilsələr bizim tarixi-mədəni sərvətimizdir. Biz bu kilsələri qoruyuruq. Mən bu kilsələrdə dəfələrlə olmuşam, Şəki şəhərində, Qəbələ rayonunda, Udi kilsəsində. Bildiyiniz kimi, müharibə dövründə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Nic qəsəbəsində qədim Udi Qafqaz Albaniyası kilsəsinin təmir işləri yekunlaşdı və bu kilsənin açılışı oldu. Biz bu kilsələri mədəni sərvətimiz kimi qoruyuruq. Ona görə, heç kim narahat olmasın. Bu kilsələr bundan sonra da dövlət tərəfindən qorunacaq”.

Xudavəng monastır kompleksi tarixin daşlaşmış yaddaşıdır. Robert Mobilinin dediyi kimi, daşlarda elə informasiyalar var ki, ermənilər və onların fransalı havadarları nə qədər çalışsalar da o informasiyaları silə bilməzlər.




NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM