05 Dekabr 2020 00:32
2450
SİYASƏT
A- A+

Əbədiyyət məqamı


Sükut...

Ecazkar səssizlik...

Xəzərin, Kürün, Arazın xırçın dalğalarının sakit-sakit axdığı an...

Badi kubədən, uca Şəhidlər xiyabanından qanad açan coşqun rüzgarların, Şahdağda, Murovda, Kəpəzdə, Kirsdə, Qoşqarda həzin laylaya çevrildiyi zaman...

Vətən fədailərinin ölməz ruhları qarşısında səcdəyə durduğumuz müqəddəs məqam...

Susduq, səssizliyə qərq olduq və zaman üçün çox qısa olan bu vaxt dilimində əbədiyyətin özü qədər sonsuz bir aləmdə var olduq...

İgidlər nərə çəkdi qulaqlarımızda, oğullar od saçdı baxışlarıyla qəlbimizə, üçrəngli bayrağa sarılıb, ayaq basdığı qaraca torpağı laləzar Vətənə çevirən ərlər-ərənlər keçdi gözlərimiz önündən...

"Vətən, sənə canım fəda” hayqıraraq ölümə atılan və bir daha dönməyən minlərlə qəhrəman gördük...

Həm də son anda Vətən analarının qucağında uyumağı seçən həmin mərd oğulları dünyaya gətirən anaların gözlərindən kədər yaşı axsa belə, elə onların da "Vətən sağ olsun, Vətən var olsun” dediklərinin şahidi olduq...

Ey cənnət ətirli şəhidim, öz qanınla tarixin qızıl səhifələrinə min illərin o üzündə belə şərəflə xatırlanacaq bir salnamə yazdın. Milyonların Vətən nisgilinə məlhəm çəkdin, Qarabağ düyününü bir yumruğunun zərbəsiylə bilmərrə çözdün. Bu torpaq uğrunda canından keçən şəhidlərimizin, Xocalıda soyqırıma məruz qalan məsumlarımızın qisasını almaq kimi müqəddəs bir missiyanı da şərəflə yerinə yetirdin, düşmən əsirliyində zülm görən, işgəncə yaşayan soydaşlarımızın yarasına məlhəm çəkdin.

Bütün elimə-obama illərdir həsrətində, arzusunda olduğu sevinci yaşatdın, gələcək övladlarımızın daha xoşbəxt yaşayacağı bütöv və xoşbəxt bir Azərbaycan bəxş etdin.

Ey müqəddəs şəhidim, biz firavan yaşayaq, bölünməz Vətənin övladları olaq deyə, bir an belə tərəddüd etmədən ölümün gözünə dik baxaraq özünü qurban verdin.

Nə etsək də, nə desək də, qanınla imza atdığın bu qəhrəmanlıq salnaməsinin qarşısında sönük qalar, haqqını ödəyə bilmərik!

Fəth etdiyin uca şəhidlik zirvən qarşısında baş əyirik!

Əsrlər, minilliklər keçsə belə, bu fədakarlığını unutmayacaq, qəlbimizə, könlümüzə həkk edib, dualarımızla yad edəcəyik.

İlahi, necə bəxtəvər yaratmısan bu yurdu ki, hər qarışı üçün çarpışıb canını heçə sayan igidləri var!

Can Azərbaycanım, necə xoşbəxtsən ki, uğrunda şəhadət şərbəti içib torpağına qarışmağı ən uca zirvə sayan oğulların, qızların var...

Özünü Vətənə qurban deyən milyonların var...

İndi isə Vətən uğrunda çarpışan daha 2783 övladın bir-birinə qovuşaraq ölməz ruhlarıyla üz tutdular Tanrının müqəddəs dərgahına doğru...

Zirvədə olanlar əbədiyyətdə yolculuğa çıxdılar...

Şəhidlər ölməz ruhla, gedir üzü Allaha,

Şəhidlər gedən yolu tufanlar bağlamazlar.

Şəhidlər ölməzdirlər, ölməzi ağlamazlar!..

Yasəmən MUSAYEVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video