05 Dekabr 2020 00:23
847
SİYASƏT
A- A+

Ermənistanda müxalifət vətəndaş müharibəsinə hazırlaşır


Ermənistanda getdikcə gərginləşən siyasi vəziyyət Paşinyan hakimiyyətinin parçalanması ilə müşayiət olunmaqdadır, iqtidarın istefasını tələb edən insanların sayı daha böyük sürətlə artmaqda davam edir. Müxalifətin aksiyalarından sonra hakimiyyətin dayaqları xeyli laxlayıb. Son günlərdə ölkəyə erməni lobbisi tərəfindən edilən təzyiqlər də artıb.


Aksiyalar səngimək bilmir


Ermənistanda 17 müxalifət partiyası baş nazir Nikol Paşinyan tərəfindən Qarabağa dair üçtərəfli bəyanatın imzalanmasına etiraz olaraq 10 noyabrdan bəri Yerevanda mitinqlər keçirir. Müxalifət Paşinyanın istefasını, xilasetmə komitəsinin yaradılmasını və kapitulyasiya bəyanatının bəzi müddəalarında dəyişiklik edilməsini tələb edir. Bu arada məlum olub ki, Ermənistan Xüsusi İstintaq Xidməti qanunsuz aksiyalarla bağlı cinayət işi açıb, saxlanılanlar var.

Müxalifətin Yerevanın mərkəzində keçirdiyi son yürüşdə "Daşnaksütyun”, "Vətən” və "Çiçəklənən Ermənistan” partiyalarının üzvləri iştirak ediblər. Etirazçılar əllərində "Xain Paşinyan”, "Rədd ol!” şüarları, "Azad, müstəqil Ermənistan” və "Paşinyan hakimiyyəti istefaya getməlidir” çağırışları ilə meydandadırlar. Bundan narahat olan hakimiyyət rəhbərliyinin göstərişi ilə etiraz edən onlarca aksiya iştirakçısı həbs olunub. Polis rəhbərliyi nümayişçilərin parlamentin hasarına "Xəyanətkar Paşinyan!” yazılmış iri plakatı asmaq cəhdinin qarşısını almaq üçün "qırmızı beretlilər” adlanan xüsusi dəstəni əraziyə yeridib. Aksiyaçılar buna baxmayaraq mövqelərindən geri çəkilməyəcəklərini bildiriblər.

Nikol Paşinyan üçün doğma olan İcevan şəhərində də aksiyalar başlayıb. Etirazçılar baş nazirin istefasını tələb ediblər. Aksiya zamanı polislərlə onlar arasında qarşıdurma baş verib. Vətəndaşlar hüquq mühafizə orqanlarının əməkdaşlarını Paşinyanı müdafiə etməməyə çağırıblar. Polislər buna cavab olaraq bir neçə nəfəri nəzarətə götürüblər.

"Çiçəklənən Ermənistan” partiyasından olan deputat İveta Tonoyan deyib ki, müxalifət dekabrın 5-də Yerevanda ümumxalq mitinqi keçirməyi planlaşdırır. O, "Facebook” səhifəsində hamını paytaxtın Azadlıq meydanında keçiriləcək ümumxalq mitinqinə dəvət edib.

Proseslərin gedişatı göstərir ki, Ermənistanda vətəndaş müharibəsi qaçılmaz olacaq. Müxalifətin günlərdir ki, keçirdiyi aksiyaların nəticəsində vətəndaş qarşıdurması mütləq baş verəcək.

Ermənistanda N.Paşinyanın yerinə müxalifətin vahid namizədi sabiq baş nazir və müdafiə naziri Vazgen Manukyandır. Bununla bağlı "Vətən” Partiyası İdarə Heyətinin üzvü Robert Arutyunyan deyib ki, Manukyan Ermənistanın keçid hökumətinin baş naziri vəzifəsinə vahid namizəd olacaq.

Xatırladaq ki, Vazgen Manukyan 1990-1991-ci illərdə Ermənistanın baş naziri, 1992-ci ildən 1993-cü ilə qədər (Dağlıq Qarabağ münaqişəsi dövründə) müdafiə naziri olub, eyni zamanda ölkənin hərbi - sənaye kompleksinə başçılıq edib. 1993-cü ilin avqustunda müdafiə naziri vəzifəsindən azad edilib.


Sabiq müdafiə naziri xəbər sızdırmaqda ittiham edilir


Yaşanan tənəzzül və xoasun özünü qabarıq şəkildə göstərdiyi sahələrdən biri isə ölkənin məğlub ordusudur. Müharibədən sonra yayılan məlumatlar Ermənistan ordusunda əsl anarxiya, özbaşınalıq hökm sürdüyünü göstərir. Yerli media yazır ki, Paşinyan hökuməti 44 günlük müharibədən nəticə çıxarmalıdır - ordunun döyüş bacarığı haqda təbliğat tezisi hamımının gözü qabağında buxarlanıb.

Bu arada separatçıların keçmiş "müdafiə naziri” Cəlal Arutyunyan ilə Ermənistanın sabiq müdafiə naziri David Tonoyan arasında baş vermiş qalmaqalın təfərrüatları məlum olub. "4rd.am” saytı yazır ki, Cəlal Arutyunyan Azərbaycan Ordusunun dəqiq zərbələri ilə məhv edilməmişdən əvvəl onunla David Tonoyan arasında mübahisə düşüb. Mübahisəyə səbəb İordaniyadan gətirilən hava hücumundan müdafiə sistemlərinin istifadə edilməməsi olub.

Bildirillir ki, həmin qurğuların bir çoxu istifadəyə yararsız olduğundan tərəflər arasında mübahisələr qızışıb: "Mübahisə zamanı Cəlal Arutyunyan müharibə bitdikdən sonra susmayacağını, cənub cəbhəsindəki hava məkanının tamamilə müdafiəsiz hala gəldiyinə görə günahkar olan insanların adlarını açıqlayacağını deyib. Üstəlik, məlum partlayışdan bir gün əvvəl Cəlal Arutyunyan Arayik Arutyunyanı (Qarabağ separatçılarının rəhbəri-red.) təcili Şuşa ətrafında müdafiə istehkamlarının inşasına başlamağa çağırıb. Çünki qarşı tərəf bu istiqamətdə yeni qüvvələr toplayırmış və bu səbəbdən keçmiş nazir əlavə ehtiyat qüvvələri toplamağa və top tədarükünə başlamağa ehtiyac olduğunu bildirib”.

Cəlal Arutyunyanın yaxınları iddia edirlər ki, onun hərəkət istiqaməti ilə bağlı məlumat qəsdən sızdırılıb: "Bunun nəticəsində Azərbaycan Silahlı Qüvvələri "nazirin” yerini asanlıqla müəyyən edə bilib”.

Qeyd edilənlərdən aydın olur ki, müharibədəki məğlubiyyət fonunda Ermənistan ordusunda çöküş ölkənin özündə də açıq etiraf olunur. Paşinyan isə ona qarşı yönəlmiş təhdidləri güc yolu ilə aradan qaldırmağı düşünür. Bu da o deməkdir ki, Ermənistanı qarşıdakı dövr ərzində hələ də qanlı günlər gözləyir.

Elçin CƏFƏROV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video