01:49 20 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
23:13 19.01.2021 Faktiki hava proqnozu
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Vətəndaş məsuliyyəti ilə koronavirusa qalib gələ bilərik
ANA SƏHİFƏ / CƏMİYYƏT
00:19 05.12.2020


Yeni növ koronavirus pandemiyası dünyanın əsas problemi olaraq qalmaqda davam edir. Artıq Yer üzündə bu virusa yoluxanların sayı sürətlə 70 milyona yaxınlaşır, bir milyondan çox insan isə həyatını itirib. İndiyə qədər ən çox yoluxma halı ABŞ, Hindistan və Braziliyada qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi Margaret Harris yalnız qapalı yerlərdə deyil, açıq havada da maska taxmağa çağırıb. Onun izah etdiyinə görə, təhlükəsiz məsafəni qorumağın mümkün olub-olmamasından asılı olmayaraq, kifayət qədər havalandırma olmayan yerlərdə maskalardan istifadə edilməlidir. Hətta otaqlar yaxşı havalandırılsa belə, bir-birindən bir metr məsafəni saxlamaq mümkün deyilsə, şəxsi qoruyucu vasitələrdən istifadə etmək zəruridir.

ÜST-nin sərt tövsiyələri artıq açıq yerlərə də tətbiq olunur: əgər küçədə digər insanlarla məsafə saxlamaq mümkün deyilsə, maskadan istifadə edilməlidir.


Tövsiyələrə laqeyd yanaşma yoluxmanı artırır


Dünyanın bir guşəsi olan Azərbaycanda da son aylar koronavirusa yoluxma narahatedici sayda artıb. Vəziyyətin təhlili göstərir ki, gündəlik yoluxma sayı 4 min nəfəri ötüb, paralel olaraq ölüm sayı artıb. Mövcud tendensiya onu deməyə əsas verir ki, qarşıdan gələn günlərdə yoluxma hallarının sayı xeyli arta bilər. Bu da xəstələrin çarpayılarla təminatı, xəstəxanalara çatdırılması, vaxtında tibbi müdaxilənin edilməsi, təmasların izlənilməsi kimi zəruri tədbirlərin görülməsində çətinliklərə səbəb olar.

Təcrübə göstərir ki, bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da insanlar vəziyyətin ciddiliyini, həyatları üçün potensial təhlükəni yaz və yay aylarında olduğu qədər məsuliyyətlə dərk etmir, bir çox hallarda ehtiyatsız davranır, mövcud qaydaları pozur, tövsiyələrə laqeyd yanaşırlar.

Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi ilə nəticələnən tarixi qələbə bir çox vətəndaşlar tərəfindən kütləvi şəkildə qeyd edilir, insanlarda yaranmış ruh yüksəkliyi COVID-19 pandemiyası təhlükəsini ikinci plana keçirir. Vətən müharibəsində şəhid olan insanların yas mərasimlərində kütləvi iştirak, torpaqların işğaldan azad olunmasının kütləvi qeyd edilməsi, yürüşlərin keçirilməsi COVID-19-un yayılması ilə bağlı vəziyyəti gərginləşdirib.

COVID-19-a qarşı mübarizədə son vaxtlar özünümüalicə kimi zərərli tendensiya da müşahidə olunur. Son günlər əhali arasında sistem vurulması hallarının çoxaldığını söyləyən TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayeva bildirib ki, koronavirus səbəbindın əsas ağırlaşmalar xroniki xəstəlikləri olan şəxslərdə daha çox müşahidə olunur: "Ürək damar xəstəlikləri olanlarda, şəkərli diabet, xərçəng xəstələrində ağırlaşma daha çox müşahidə olunur. Yoluxanlardan 81 faizi xəstəliyi yüngül keçirir. Lakin bəzi həssas qrup şəxslər xəstəxanalara axın edir. Bəziləri isə həkimin təyin etmədiyi müalicələrə yönəlirlər. Son günlər əhali arasında sistem vurulması halları da çoxalıb. Xəstəliyin sonrakı günlərində bu insanlar daha da ağırlaşmış halda xəstəxanalara müraciət edirlər. Vətəndaşları təşvişə düşməməyə çağırırıq. Testin nəticəsi pozitiv olan bəzi şəxslər isə yaşadığı yerləri tərk edirlər. Bu da onların özü və ətrafdakılar üçün təhlükə yaradır. Bu şəxsləri karantin qaydalarına ciddi şəkildə riayət etməyə çağırırıq”.


Virusa ikinci dəfə yoluxma ehtimalı var


TƏBİB-in infeksion xəstəlikləri üzrə işçi qrupunun rəhbəri, həkim-infeksionist Vasif Əliyev xəbərdarlıq edib ki, koronavirusa ikinci dəfə yoluxma ehtimalı var və bu, dünyada da təsdiqini tapıb. Öz təcrübəmizdə müşahidə etmişik ki, yayda yoluxan insanlarda yenidən eyni əlamətlər qeydə alınır. Bəlkə də bir müddətdən sonra belə hallarla daha da sıx rastlaşacağıq. Koronavirusa yoluxub sağalan insanların qanında anticisimlər yaranır. Həmin anticisimlər həm xəstəliyin keçirilib-keçirilmədiyini dəqiq göstərir, həm də bu xəstəliyə qarşı qoruyuculuqda əhəmiyyət kəsb edir. Zamanla anticisimlərin miqdarı azalır və nəticədə virusa yoluxanlarla təmas yenidən yoluxmaya səbəb olur.

V.Əliyev deyir ki, bu, insanın immun sistemi ilə əlaqədar olan bir məsələdir. Qripi təkrar olaraq keçirə biliriksə, koronavirusda da qoruyuculuq yaranmadığına görə təkrar yoluxma mümkündür. Təkrar yoluxma zamanı onu yüngül və ya ağır keçirmək yenidən yoluxma zamanı alınan virusun yükündən asılıdır. Hətta təkrar yoluxma zamanı xəstəliyi birinci dəfə müşahidə olunduğu kimi keçirmək mümkündür. Bu, insanın immun sistemindən və təmasda olduğu infeksiyadan, yəni virus yükündən asılıdır.

Həkim-infeksionist bildirib ki, koronavirusun ən azı yaz aylarına qədər davam edəcəyi dəqiqdir. Çünki kütləvi olaraq immunitet qazanılmadığı müddətdə bu virusun davam edəcəyi şübhəsizdir. Onun təkrar yoluxmasını da nəzərə alsaq, nə zaman bitəcəyini əvvəlcədən demək çox çətindir. Lakin koronavirus kütləvi peyvəndlə və ya gələcəkdə onun vilurentliyinin azaldılması, virus mutasiyaya uğrayıb daha yüngül formaya keçdikdən, mortallığı, yəni ölümcüllüyü minimuma endikdən sonra onu sonlandırmağa nail ola bilərik. Lakin virus hələ uzun müddət yoluxdurmağa davam edəcək: "Hazırda virusa yoluxmamağın yeganə yolu maskadan doğru istifadə etmək, kütləvi tədbirlərə qatılmamaq, gigiyena qaydalarına əməl etməkdir. Burada da həmrəylik göstərmək lazımdır. Dövlət tərəfindən atılan addımlarla yanaşı, vətəndaş həmrəyliyi də lazımdır. İctimai qınaq da olmalıdır, ətrafımızda maska taxmayan və doğru istifadə etməyənlərə öz iradımızı bildirməliyik. Əgər həmrəylik göstərməsək, qoyulan qayda-qanunlara əməl etməsək, o zaman virusun yayılma sürəti daha da arta bilər. Tendensiya yüksəlməyə doğru gedir. Baxmayaraq ki, maskadan istifadə tələbi daha da ciddiləşdirildi, düşünürəm ki, virusla yoluxma halları daha da artacaq”.


Daha ciddi tədbirlərin görülməsinə ehtiyac var


Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, tibb elmləri doktoru Adil Allahverdiyev qeyd edib ki, hazırda Azərbaycanda daha ciddi tədbirlərin görülməsinə ehtiyac var: "Əks halda xəstəxanalarda xəstələrin müalicəsi üçün yer tapılmayacaq. Səhiyyə sistemi həm koronavirus xəstələrinin, həm də müharibədə yaralanan əsgər və zabitlərin müalicəsi ilə məşğul olur. Həkimlərimiz də yorulublar. Düşünürəm ki, sərt karantin tədbirləri tətbiq olunmadan yoluxmanın qarşısı alınmayacaq. Yoluxma saylarını azaltmaq və vəziyyəti nəzarət altına almaq üçün ən azı iki həftəlik sərt karantin tədbirlərinə ehtiyac var”.

Göründüyü kimi, artıq vəziyyət olduqca narahatedicidir. Mütəxəssislərin də həyəcan təbili çaldığı kimi, pandemiyaya qarşı tam səfərbər olmasaq, qaydalara əməl etməsək sağlamlığımızla bağlı qarşıda bizi daha ciddi sınaqlar gözləyə bilər.

COVID-19 virusu ilə mübarizədə ən vacib amil vətəndaş həmrəyliyi və dövlət-vətəndaş əməkdaşlığıdır. Buna görə də dövlətin virusun qarşısının alınması istiqamətində atdığı addımlara, pandemiyanın sadə tələblərinə əməl edərək töhfə verməliyik: maskadan düzgün istifadə etməli, sosial məsafəni qorumalı, əl gigiyenasına əməl etməli, kütləvi toplanma yerlərindən uzaq durmalıyıq.

Yasəmən MUSAYEVA,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM