03 Dekabr 2020 00:35
918
SİYASƏT
A- A+

Etirazlar Ermənistanı daha dərin xaosa aparır


Yerevanda üç həftədir fasiləsiz etiraz mitinqləri keçirilir. Aksiyalar istər iştirakçıların sayı, istərsə də miqyası baxımından genişlənməkdədir.

Son məlumata görə, mitinq iştirakçılarının gündəlik sayı 7 min nəfəri ötüb. Paytaxtla yanaşı, Gümrü və daha bir neçə şəhərdə insanlar küçələrə çıxmağa başlayıblar.

Baş nazir Nikol Paşinyana qarşı təşkil edilən etiraz aksiyalarına polisin müdaxiləsi nəticəsində indiyə kimi 100 nəfərədək insan yaralanıb. Onlardan bəzilərinin vəziyyəti ağırdır. Hazırda baş verənlərdən belə məlum olur ki, yaxın tezlikdə Ermənistanda vəziyyət daha acınacaqlı xarakter alacaq. Çünki hər ötən gün Paşinyanın ölkəyə rəhbərliyini istəməyənlərin sayı sürətlə artır.


"Nikol, get!”, "Nikol- xain!”


Etirazçılar son aksiyalar zamanı Ermənistan paytaxtının mərkəzi prospektini bağlamağa çalışıblar, amma polis onları sıxışdırıb, həbslər aparıb. Mitinq iştirakçıları Yerevanın mərkəzində zibil qutularından barrikadalar qurublar. Onlar Paşinyan istefa verməyənədək geri çəkilməyəcəklərini bildiriblər. Bir qrup nümayişçi isə Yerevandakı Opera və Balet Teatrının binasının yaxınlığında aksiya keçirib və nəticədə bu hissədə hərəkət tamamilə iflic olub. Onlar "Nikol, get!”, "Nikol- xain!” şüarları səsləndiriblər.

Paytaxtın Maştosa prospekti ilə Tumanyan küçəsinin kəsişməsində Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən fəallar trolleybusu saxlayıblar. Onlar trolleybusa daxil olaraq pirotexniki vasitələr yandırıblar.

Daha bir qrup vətəndaş polis binasının qarşısına toplaşaraq aksiya keçirib. Onlar həmyerliləri, 26 yaşlı Samvel Qriqoryanın polis bölməsinə aparılaraq döyülməsinə qarşı çıxıblar. Zərərçəkənin yaxınları deyirlər ki, paytaxtda bu, adi haldır və güc strukturlarının özbaşınalıqları pik həddə çatıb.

Əsgər valideynlərinin də etirazları davam edir. Onlar hökumət binası qarşısında yenidən etiraz aksiyasına başlayıblar. Valideynlər övladlarının Qarabağdan Ermənistana qaytarılmasını tələb edirlər. Onlardan Asmik Qriqoryan bildirib ki, Cəbrayıl və Hadrutdakı döyüşlərdə iştirak edənlər yanvar ayında tərxis olunmalıdır: "Mənim övladım bunların arasındadır. Biz uşaqlarımızın bir ay tez tərxis olunmasını istəyirik. Çünki indi məktəblərdə yerdə yatırlar”.


Hökumətdən arbitraj məhkəməsinə şikayət olunacaq


Siyasi gərginlik fonunda Ermənistanda iqtisadi problemlər də dərinləşir. Hətta iş o yerə gəlib çatıb ki, ölkədə xarici kapitalla fəaliyyət göstərən şirkətlər də hökumətin yürütdüyü vergi-iqtisadi siyasətindən ciddi şəkildə narazılıq edirlər. "İravunk” qəzeti etibarlı mənbələrinə istinadən yazır ki, xarici kapitalla işləyən şirkətlər Ermənistan hökumətinə qarşı güclərini birləşdirmək qərarına gəliblər. Bu məqsədlə onların nümayəndələri vaxtaşırı görüşərək mövcud vəziyyəti, eləcə də hakimiyyətlə münasibətlərini və gələcək addımlarını müzakirə edirlər.

Mənbələrdən verilən məlumata görə, Ermənistan hökumətinə qarşı "ittifaq” yaradan həmin şirkətlərin sırasına iri vergi ödəyicisi olan müəssisələr və rabitə operatorları daxildir: "Problemlərinin həll olunması əvəzinə daha da böyüdüyünü görən bu şirkətlər Ermənistan hökumətini arbitraj məhkəməsinə verə bilərlər. Artıq "Lidian Ermənistan” şirkəti 3 aydan sonra məhkəməyə şikayət edəcəyi barədə xəbərdarlıq edib və başqaları isə vəziyyətin sonrakı inkişafının necə olacağını gözləyirlər. Bu şirkətlərin arbitraj yoluna baş vurması Ermənistan dövləti üçün olduqca təhlükəlidir. Təkcə ona görə yox ki, hökumət iri məbləğdə cərimə ödəməli olacaq. Həm də ona görə ki, bu, əcnəbi biznesmenlər üçün Ermənistanın investisiya cəlbediciliyinin daha da azalmasına və perspektivdə xarici investisiyalardan tamamilə məhrum olmasına gətirib çıxara bilər”.


Baş nazirin nüfuzu kəskin aşağı düşüb


Bu günlərdə keçirilən rəy sorğusu Paşinyanın nüfuzunun daha sürətlə aşağı düşdüyünü növbəti dəfə göstərib. "İravunk” qəzeti Ermənistanın Milli Təhlükəsizlik Nazirliyindəki mənbəyə istinadla sorğunun nəticələrini açıqlayıb. Bildirilib ki, hazırda onun reytinqi 6-12 faizdir. Bu da hökumət başçısı üçün heç də ürəkaçan göstərici deyil.

Qəzet yazır ki, Paşinyanın reytinqinin düşməsini onun "Facebook” hesabından da müşahidə etmək mümkündür: "İqtidar mütəmadi olaraq daxili istifadə üçün gizli sorğular keçirir. Sosial şəbəkələrdə vətəndaşlar arasında keçirilmiş növbəti rəy sorğusunun nəticələrinə əsasən, Paşinyanın reytinqi sürətlə aşağı düşüb. Ancaq əldə edilən məlumata əsasən, bu rəqəm də reallıqdan tamamilə çox uzaqdır. Təxminən bir ay əvvəl gizli rəsmi kanallarla aparılan sorğunun nəticələrinə görə, Paşinyanın reytinqi heç 3 faiz belə deyil”.


Bəzi hakimlər Paşinyanla görüşməkdən imtina ediblər


Bu arada Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin Ali Məhkəmə Şurasının üzvləri ilə görüşüb. İclas iştirakçıları jurnalistlərə verdikləri müsahibələrdə görüşdən əvvəl hansı məsələlərin müzakirə edilməli olduğunu bilmədiklərini deyiblər. Bir sıra hakimlər isə bu görüşdə iştirak etməkdən imtina ediblər. Bunlar Ermənistan Ali Məhkəmə Şurasının sədri Ruben Vardazaryan və Şuranın üç üzvü - Stepan Mikaelyan, Armen Aykyan və Mesrop Makyandır. Onlar baş nazirlə baş prokurorun, İstintaq Komitəsi sədrinin, Xüsusi İstintaq Xidməti rəhbərinin də iştirak etdiyi belə görüşün Ali Məhkəmə Şurasının Konstitusiya statusuna zidd və qanunsuz olduğunu qeyd ediblər.

Ermənistanın Vatikandakı keçmiş səfiri, sabiq prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyan Nikol Paşinyanı və erməni xalqını Qarabağda ölən minlərlə əsgərə qarşı hörmətsizlikdə ittiham edib. Keçmiş diplomat bütün dünyanın erməni xalqının necə aciz duruma düşdüyünü müşahidə etməsindən də söz açıb. Bildirib ki, dünya anladı ki, biz döyülə, öldürülə bilərik və bir erməni bunu tez unuda, heç bir şey olmamış kimi davranaraq yaşamağa davam edə bilər.

Minasyan deyib ki, Paşinyanın müharibədəki itkilərlə bağlı laqeydliyi başadüşüləndir, çünki ölüm onun üçün faciə deyil: "Paşinyan hər şeyin tez unudulmasını istəyir. Bəs ölkə? Ölkədə "Cümə” endirimləri marafonu var, restoranlar və mağazalar işləyir. Bayrağımız heç bir yerdə endirilməyib. Ermənistanın heç bir səfirliyində yas kitabı açılmayıb. Bilirsiniz niyə? Yas tutmaq üçün əvvəlcə nə baş verdiyini anlamaq lazımdır. Baş nazir bunu anlamır. Çünki bu, onun üçün siyasi mübarizədir. O, dəlidir və faciəmizi başa düşə bilməz. Bəs ölkədə hər kəs Nikoldurmu? Hələ heç kim faciənin dərinliyini tam anlamayıb?”

Sarkisyanın kürəkəni onu da vurğulayıb ki, xalqın bu gün yas tutmamasının bir səbəbi reallığı qəbul etmək istəməməsidir. İnsanlar reallıqdan qaçırlar. Baş verənləri anlamamağa, eyni ətalətlə yaşamağa, eyni tələyə düşməyə çalışırlar.

Hərbi cinayətkar və sabiq prezident Sarkisyanı da, onun kürəkənini də, sələflərinin yolu ilə gedən Paşinyanı da məğlub edən, aciz duruma salan, onları bir-biri ilə sonugörünməz çəkişməyə düçar edən Ermənistanın işğalçı siyasəti oldu. Azərbaycan Ermənistanı bu müharibədə elə bir vəziyyətə saldı ki, onun siyasi, iqtisadi və sosial yaralarının sağalması qeyri-mümkündür.

Elçin CƏFƏROV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video