13:02 20 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
03:29 20.01.2021

11 qələbə müjdəsi


03:13 20.01.2021

Tələbə şəhid


02:52 20.01.2021

Şərəfli ömür yolu


02:45 20.01.2021

Qafqazın incisi


02:35 20.01.2021

Bakı qara hazırdırmı?


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

10 ölkə, 27 KİV, 73 çıxış...
ANA SƏHİFƏ / SİYASƏT
00:32 03.12.2020


Prezident İlham Əliyevin çağırışına qoşularaq informasiya müharibəsinin əsgərinə çevrilən Fərid Şahbazlı indi də Şuşanın Türk Dünyasının Gənclər Paytaxtı kimi tanınması təşəbbüsünün icraçısıdır


"Vətən müharibəsi başlayandan sonra biz gənclər də informasiya cəbhəsində savaşa çıxdıq. Cənab Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gənclərə çağırış etdiyi kimi, hər birimiz informasiya müharibəsinin əsgərlərinə çevrilərək bu mübarizəyə qoşulduq.

Azərbaycanın haqq səsinin, ölkəmizin öz tarixi torpaqlarını bərpa etmək üçün başladığı əməliyyatların diplomatik istiqamətini tanıtmaq, eyni zamanda Ermənistanın işğalçılıq siyasətini ifşa etmək üçün geniş təbliğata başladıq. Çox qürurluyuq ki, bu müharibədə hərbi müstəvidə böyük qələbə qazanmaqla yanaşı, həm də informasiya savaşında erməniləri diz çökdürdük”.


44 günlük qəhrəmanlıq salnaməsində gənclərimizin böyük payı oldu


Bəli, 44 günlük Vətən müharibəmizi şanlı Qələbə ilə başa çatdırdıq. Torpaqlarımızın 30 illik işğalını bitirdik, ana yurdumuz Qarabağı düşmən tapdağından azad etdik, yüz minlərlə məcburi köçkünümüzün yurd nisgilinə nöqtə qoyduq. Bu tarixi qələbədə hər birimizin zərrə qədər də olsa payı oldu. Bütün Azərbaycan xalqı bir yumruğa dönərək düşmənin başında zərbəyə çevrildi.

Bu 44 gündə hamımız Vətənin əsgəri olduq. Amma haqq uğrunda qalxdığımız bu savaşa öndərliyi gənclərimiz edirdi, kimisi qızğın döyüşlərin getdiyi ön cəbhədə sinəsini sipərə döndərərək qanı, canı bahasına Vətəni qorudu, kimisi də arxa cəbhənin qəhrəmanına çevrilərək düşmənin məkrli siyasətinə qarşı gecə-gündüz çarpışdı. Heç şübhəsizdir ki, əl-ələ verən şücaətli gəncliyimizin tarixin qızıl səhifələrinə həkk edilən bu 44 günlük qəhrəmanlıq salnaməsində böyük payı oldu.

...O da sentyabrın 27-də Vətənin harayına hay verən gənclərdən, "Arxa cəbhənin qəhrəmanları”ndan oldu.

On illiklərdir xaricdə aparılan anti-Azərbaycan təbliğatının, Ermənistanın böyük lobbisinin 44 gün ərzində darmadağın edilməsində aktiv iştirak etdi...

Prezident İlham Əliyevin komandanlığı ilə aparılan informasiya savaşının peşəkar əsgərlərindən olan "İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı məkrli erməni yalanının ayaq açıb dünyada yeriməsinə mane olmaq üçün atılan addımlardan söhbət açır...


Öncə Vətən, öncə Qarabağ


1991-ci ildə Bakı şəhərində anadan olan Fərid Şahbazlı hələ orta məktəb illərindən etibarən aktiv ictimai fəaliyyətlə məşğul olub. Təhsil aldığı məktəbdə Şagird Parlamentinin sədri, bakalavr təhsili aldığı universitetdə Tələbə Elmi Cəmiyyətinin sədri, magistr təhsili aldığı Türkiyədə 107 ölkədən 4500 xarici tələbənin təhsil aldığı Beynəlxalq Tələbələr Birliyinin rəhbəri kimi fəaliyyət göstərib.

Bakalavr pilləsində Odlar Yurdu Universitetinin Jurnalistika ixtisasını fərqlənmə diplomu ilə və magistr pilləsində isə Türkiyə Respublikasının İstanbul Aydın Universitetinin İctimaiyyətlə əlaqələr ixtisasını bitirən Fərid Şahbazlı rəhbərlik etdiyi "İslahatçı Gənclər” İctimai Birliyinin xətti ilə 2005-2019-cu illərdə

600-dən artıq yerli və xarici layihə və tədbir reallaşdırıb. Gerçəkləşdirdiyi bu tədbirlərin ana xəttini isə Qarabağla bağlı həqiqətlərin dünyada təbliği təşkil edib. Azərbaycanı, Qarabağ həqiqətlərini dünyaya çatdırmaq məqsədi ilə məqalə və müsahibələri dəfələrlə dünyanın çox nüfuzlu televiziyaları, qəzetləri və informasiya portallarında yayımlanan gənc müsahibimiz bu illər ərzində Polşa, Avstriya, Bolqarıstan, Slovakiya, Rusiya Federasiyası, Türkiyə, Ukrayna, Gürcüstan, Monteneqro, Şimali Kiprdə beynəlxalq təşkilatların keçirdiyi beynəlxalq tədbir və görüşlərə qatılaraq Azərbaycanı təmsil edib. 2018-2019-cu illərdə Polşanın paytaxtı Varşavada ATƏT-in 57 ölkədən diplomat və siyasətçilərin iştirak etdiyi İllik Zirvə Toplantısında bir neçə dəfə çıxış edərək, Azərbaycana qarşı qarayaxma kampaniyası aparan müxtəlif yerli və xarici təmsilçilərə cavab verib.

Bundan başqa, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin ifşa edilməsi, azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevə azadlıq tələbi ilə bu ölkənin Varşavadakı səfirliyi önündə etiraz aksiyasına rəhbərlik edib.

Eyni zamanda Leyla xanım Əliyevanın beynəlxalq səviyyəli təşəbbüsünə qoşularaq Türkiyənin müxtəlif şəhərlərində yüksək səviyyədə təşkil edilən, Azərbaycan və Türkiyədən dövlət rəsmilərinin, millət vəkillərinin, nüfuzlu KİV-in qatıldığı "Xocalıya Ədalət Həftəsi”nə təşkilatçılıq edib.


Ermənistan informasiya savaşında da təxribatlar törədirdi


Vətən müharibəmiz başlayandan sonra isə Azərbaycanın haqq səsinin dünyaya çatdırılması, Ermənistanın işğalçılıq siyasətinin ifşa edilməsi istiqamətində daha aktiv təbliğata başlayan gənc fəalımız bu dövr ərzində dünyanın 10 ölkəsinin mediası iləəməkdaşlıq həyata keçirib. Xüsusən də qardaş ölkə Türkiyənin televiziyalarında, "CNN Türk”, "Ahaber”, "HaberTürk” başda olmaqla, bütün nüfuzlu kanallarda bir neçə dəfə qonaq olub, həmin verilişlərdə Azərbaycanla bağlı şərhlər verib.

- Müharibə yalnız cəbhədə getmirdi, Ermənistan informasiya savaşında da təxribat törədirdi, sürətli olaraq yalan məlumatlar yayır, dünya ictimaiyyətini çaşdırmağa çalışırdı. Mən də həmin yalanların ifşa edilməsi üçün səhər, axşam, gecə yayımlarına qatılaraq məlumatlar verməyə çalışırdım.

Türkiyə ilə yanaşı, Pakistanın, Əfqanıstanın, Latviyanın, Ukraynanın, Moldovanın, Banqladeşin, Səudiyyə Ərəbistanının və digər 10 ölkənin media orqanları ilə bu müddətdə çox səmərəli əməkdaşlıq qurdum. Bu əməkdaşlıq çərçivəsində Ermənistanın işğalçılıq siyasətini ifşa edən, həmin dövrdə gedən döyüş proseslərindən bəhs edən, Azərbaycan Ordusunun yalnız öz dədə-baba torpaqlarının geri qaytarılmasına hesablanan haqlı mübarizəsini əks etdirən məqalələr dərc etdirdim. Ümumilikdə, 10 xarici ölkədə 27 KİV-də 73 dəfə teleçıxışım oldu, müsahibəm və məqaləm dərc olundu.


Savaş həm də sosial seqmentdə gedirdi


Bəlli olduğu kimi, bu müharibədə döyüşlər həm də sosial seqmentdə gedirdi. 21-ci əsrin əsas trend və çağırışlarından olan sosial şəbəkələr üzərindən də ermənilər çox ciddi təxribatlar həyata keçirirdilər. "İslahatçı Gənclər” İctimai Birliyinin sədri deyir ki, bu təxribatlar həm Azərbaycanın ölkə olaraq daxilinə, həm də xarici səviyyədə beynəlxalq imicini zədələməyə yönəlmişdi.

- Ölkəmizdə xalqı təfriqəyə salmaq, fikirləri çaşdırmaq məqsədi ilə müxtəlif səs yazıları, videolar yayılırdı, eyni zamanda beynəlxalq səviyyədə də Azərbaycan Ordusunun apardığı əməliyyatları qaralamağa yönəlmiş kampaniyalar gedirdi. Biz də bu müddət ərzində sosial şəbəkələrdə müxtəlif dillərdə - ingilis, rus, fars, hətta erməni dilində böyük bir kampaniya başladaraq əsl həqiqətləri çatdırmağa çalışdıq. Operativ olaraq "Edtor.az” internet televiziyasına əməkdaşlar cəlb etdik və onlar erməni dilində Ermənistan hakimiyyətinin bu gün üzə çıxan və o zaman xalqından gizlətdiyi həqiqətləri Ermənistan ictimaiyyətinə çatdırmaq üçün fəaliyyətə başladılar. Elə bu fəaliyyət çərçivəsində indiyə qədər 50-dən çox erməni dilində material hazırlanıb ki, həmin materiallar sosial şəbəkələrdə erməni seqmentində 100 minə yaxın baxış qazanıb.

Xüsusilə vacib bir məsələni diqqətə çatdırmalıyam ki, uzun illərdir azərbaycanlı sosial şəbəkə iştirakçıları "Twitter”ə inteqrasiya ola bilmirdi, baxmayaraq ki, bütün siyasi proseslər orada cərəyan edir, aktiv mesajlar oradan verilirdi. Amma cənab Ali Baş Komandan cəbhədə olduğu kimi, informasiya savaşının da önündə getdi. Bizə bir yol xəritəsi göstərdi və çox diplomatik bir addımla mesajları "Twitter” üzərindən verməklə qısa müddət ərzində ictimaiyyətin, aktiv gənclərin bura sürətli inteqrasiyasına səbəb oldu. Bu gün Azərbaycan gəncləri 10 illərdir zəif olduğumuz "Twitter”də böyük səhifələrə, böyük gücə malikdir. Biz istənilən məsələni bir saatın içərisində trendə sala bilirik ki, bu zaman da bütün dünyanın həmin məsələdən xəbəri olur.


Şuşa Türk Dünyası ölkələrinin Gənclər Paytaxtı olsun


İşğaldan azad edilən Şuşa şəhərinin Türk Dünyası ölkələrinin Gənclər Paytaxtı elan edilməsi ilə bağlı beynəlxalq təşəbbüsə başladıqlarını deyən Fərid Şahbazlı deyir ki, Ali Baş Komandan

İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 30 ildir ki, işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etdi. İşğaldan azad edilən torpaqlarımız arasında yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının mədəniyyət beşiyi olan qədim Şuşa da var. 30 ildir ki, qədim mədəniyyət beşiyi Şuşanın torpağı, təbiəti kimi tarixi abidələri, mədəni irsi də işğal altında olub. Hazırda işğal edilmiş digər torpaqlarımız kimi, Şuşada da zəruri infrastrukturun, eyni zamanda tarixi və mədəni irsin bərpası üçün dövlətimiz tərəfindən mühüm addımlar atılmağa başlayıb.

Şuşanın işğaldan azad edilməsindən sonra bütün dünyadan olan insanlar, xüsusilə də gənclər bu qədim şəhəri ziyarət etməyə, onun tarixi irsi ilə tanış olmağa böyük maraq göstərirlər. "İslahatçı Gənclər” İctimai Birliyi olaraq Şuşanın və onun timsalında Qarabağın tarixi irsini bütün dünyaya tanıtmaq məqsədi ilə xarici ölkələrdəki tərəfdaş təşkilatlarla birlikdə 2021-ci ildə Şuşanın Türk Dünyası ölkələrinin Gənclər Paytaxtı elan edilməsi üçün beynəlxalq kampaniyaya start vermişik.

Bu təşəbbüsə artıq Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr Türk respublikaları gənclərindən və digər türkdilli xalqların fəallarından böyük dəstək gəlməkdədir.

Şuşanın Türk Dünyası ölkələrinin Gənclər Paytaxtı kampaniyası çərçivəsində türk dünyasından olan gənclərin bu şəhərə səfərləri reallaşdırılacaq, Şuşanın tarixi və mədəni irsi, düşmənin qədim şəhərimizə qarşı törətdiyi vandallıqlarla bağlı konfranslar və müxtəlif tədbirlər keçiriləcəkdir.


İlham Əliyev informasiya savaşını da tam zəfərlə bitirdi


Hələ mübarizənin başında olduqlarını söyləyən gənc fəal Fərid Şahbazlı qeyd edir ki, onları qarşıda uzun bir yol, mərhələ gözləyir.

- Əvvəlki illərdə biz bu qədər professional şəkildə informasiya müharibəsi apara bilmirdik. Açığını demək lazımdır ki, indiyə qədər erməni lobbisi ilə bağlı böyük miflər yaradılmışdı. Amma Ali Baş Komandanın rəhbərliyi ilə elə bir şərait yetişdirildi, elə bir beynəlxalq vəziyyət yaradıldı ki, artıq diplomatik müstəvidə də onlar heç bir addım ata bilmədilər və böyük şok keçirdilər.

Müharibə yeni başlayan dövrdə dünyanın bir çox media qurumları açıq-aydın bizə qarşı qərəzli mövqe nümayiş etdirirdilər. Onlara qarşı informasiya blokadasını da verdiyi müsahibələrlə cənab Prezident şəxsən özü yardı. Həmin müsahibələrdə verilən cavablar təkcə o jurnalistlərə yox, bütün dünyaya Azərbaycan xalqının siyasi iradəsini, milli-mənəvi həmrəyliyini göstərən mesajlar idi. İlham Əliyev informasiya savaşını da tam zəfərlə bitirdi.

Biz gənclər də bu siyasətdən nəticə çıxarıb fəaliyyətimizi daha da artırmalı, proseslərə aktiv qoşulmalıyıq. Xüsusilə də xaricdə yaşayan azərbaycanlılar fəal olmalı və orada işimizi diaspor fəaliyyətindən lobbiçiliyə keçirməliyik. İndi cəbhədəki uğurlarımızın diplomatik müstəvidə möhkəmləndirilməsinin məqamıdır.

Bəli, bu gün ön cəbhədə müharibə bitib, Azərbaycan öz tarixi torpaqlarını qaytarıb, 30 ildir icra olunmayan BMT qətnamələrini yerinə yetirib. Buna baxmayaraq, o da reallıqdır ki, bəzi xarici qüvvələr Azərbaycanın bu haqlı qələbəsini gözdən salmağa çalışır, qondarma rejimi tanımağa yönəlik addımlar atmaq istəyirlər. Bu isə onu göstərir ki, qarşıda bizi hərbi fazadan daha aktiv olan diplomatik müharibə gözləyir.

Amma əminik ki, elə həmsöhbət olduğumuz gənc fəal Fərid Şahbazlının timsalında bütün Azərbaycan gəncləri diplomatik savaşın önündə yenə də inamla irəliləyəcək, xalqımızın haqq səsini müxtəlif tribunalardan dünyaya hayqıracaqlar.

Yasəmən MUSAYEVA,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM