13:07 20 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
03:29 20.01.2021

11 qələbə müjdəsi


03:13 20.01.2021

Tələbə şəhid


02:52 20.01.2021

Şərəfli ömür yolu


02:45 20.01.2021

Qafqazın incisi


02:35 20.01.2021

Bakı qara hazırdırmı?


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Prezident İlham ƏLİYEV: “Azəri-Çıraq-Günəşli” bizim əsas gəlir mənbəyimizdir”
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:30 03.12.2020


2017-ci ilin sentyabr ayında imzalanmış "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarının birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş çərçivəsində yeni platforma inşa edilir. "Azəri Mərkəzi Şərqi” adlanan platforma gündəlik 100 min barelədək neft hasil etmək gücündə layihələndirilib. İstismar müddəti ərzində qurğunun 300 milyon barelə qədər əlavə neft hasil edəcəyi gözlənilir.

Platformanın üst və qazma modullarının inşası Bibiheybətdəki tikinti-quraşdırma sahəsində aparılır. COVID-19-un yaratdığı çətinliklərə baxmayaraq, son aylar iri qurğuların qaldırılması proqramına başlanmış, qazma qurğusu sahəyə gətirilmiş, onun hər üç hissəsi barjdan boşaldılmış və tikinti ərazisində yerləşdirilmişdir. Hazırda qazma modulunun inşası davam edir.

Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda isə platformanın dayaq blokunun payalarının tikintisi sona çatdırılmış, qurğular uğurla Xəzərə yola salınmış və dənizin dibində quraşdırılmışdır. Hazır olanda dayaq bloku da dənizə göndəriləcək və həmin payalar üstündə yerləşdiriləcək. Zavodda dayaq blokunun və sualtı qurğuların inşası davam edir.

Platformadan ilk hasilatın 2023-cü ildə əldə ediləcəyi nəzərdə tutulur. Bunun üçün mühəndis və tədarük işləri qrafikə uyğun həyata keçirilir. Təchizatçıların göndərdiyi iri avadanlıqlar hazırda Azərbaycana doğru hərəkət etməkdədir.

"Azəri Mərkəzi Şərqi” AÇG-nin 9-cu platforması olacaq. Hazırda yataqda 8 platforma fəaliyyət göstərir. Bunlardan 6-sı hasilat, 2-si isə emal, qazın kompressiyası, suvurma və texnoloji təchizat qurğusudur.

BP Azərbaycan şirkəti bildirir ki, mövcud hasilat platformalarından neftin və qazın çıxarılması sabit və təhlükəsiz şəkildə davam edir. İlin ötən üç rübündə AÇG-dən ümumi hasilat təxminən 132 milyon barel, yəni 17,9 milyon ton olmuşdur. Yataqlar blokundan gündə orta hesabla 482 min, o cümlədən "Çıraq”dan 36 min, "Mərkəzi Azəri”dən 115 min, "Qərbi Azəri”dən 118 min, "Şərqi Azəri”dən 64 min, "Dərinsulu Günəşli”dən 97 min və "Qərbi Çıraq”dan 52 min barel neft alınmışdır.

AÇG-də ümumilikdə 124 neft hasilatı, 39 su injektor və 7 qaz injektor quyusu istismardadır. Bu ilin ilk 9 ayı ərzində 10 neft hasilatı və 2 suvurma quyusu qazılmışdır.

Qeyd edək ki, Azərbaycanın qaz potensialının da önəmli hissəsi AÇG yataqları hesabına formalaşır. Buradan çıxarılan qaz ümumi sistemimizə daxil edilir. Belə ki, AÇG-nin səmt qazının bir hissəsi layların təzyiqini saxlamaq üçün yenidən kollektora vurulur. Mavi yanacağın xeyli hissəsi isə Azərbaycanın daxili istifadəsi üçün Səngəçal terminalından SOCAR-a məxsus kəmərlə "Azəriqaz” şəbəkəsinə ötürülür. Məsələn, cari ilin ilk üç rübü ərzində AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin Neft Daşlarındakı qurğu vasitəsilə gündə orta hesabla 6 milyon kubmetr, ümumilikdə 1,6 milyard kubmetr səmt qazı verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi yenidən laylara vurulmuşdur.

Xatırladaq ki, AÇG-də BP (30,37 faiz), SOCAR (25 faiz), MOL (bu il aprelin 16-dan "Şevron” şirkətini əvəz edib, 9,57 faiz), İNPEKS (9,31 faiz), "Ekvinor” (7,27 faiz), "EksonMobil” (6,79 faiz), TPAO (5,73 faiz), İTOÇU (3,65 faiz), ONGC Videş Limited (2,31faiz) şirkətləri tərəfdaşlıq edirlər.

Beləliklə, AÇG 26 ildən çoxdur etibarlı tərəfdaşlıq, ekoloji baxımdan zərərsiz əməliyyatlar sayəsində təhlükəsiz işlənir və 23 ildir ahəngdar şəkildə neft-qaz verir. Hazırda bu yataqlar blokundan hasil edilən neft və səmt qazı platformalardan sualtı xətlər vasitəsilə Səngəçal terminalına çatdırılır və buradakı ixrac marşrutları ilə karbohidrogenlərin dünya bazarlarına yolu başlanır.

Prezident İlham Əliyev "Azəri-Çıraq-Günəşli” yataqlarında hasilatın sabit saxlanılmasının vacib məsələ olduğunu qeyd edərək demişdir: "Azəri-Çıraq-Günəşli” ilə bağlı bütün işlər plan üzrə gedir və bu yataq bizim əsas gəlir mənbəyimizdir. Bunu hər kəs bilməlidir”.

Qeyd edək ki, Azərbaycan Respulikası Dövlət Neft Fondu (ARDNF) bu ilin əvvəlindən noyabrın 1-dək AÇG-dən 3 milyard 57 milyon ABŞ dolları həcmində vəsait əldə etmişdir. Bu barədə fonddan məlumat verilmişdir.

Flora SADIQLI,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM