02 Dekabr 2020 00:50
785
SİYASƏT
A- A+

GUAM ölkələrinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində infrastruktur layihələrində iştirakı müzakirə edilib


Kiyevdə GUAM-ın Milli Əlaqələndiricilər Şurasının videokonfrans formatında keçirilən 54-cü iclasında quruma üzv ölkələr arasında iqtisadi əlaqələrin gücləndirilməsi, Azərbaycanın işğaldan azad olunan ərazilərində yeni layihələrin icrası məsələləri müzakirə olunub.

AZƏRTAC xəbər verir ki, iclası giriş sözü ilə açan GUAM-ın baş katibi Altay Əfəndiyev qurum çərçivəsində siyasi, iqtisadi əməkdaşlığın perspektivləri, beynəlxalq təşkilatlarda birgə fəaliyyətin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Videokonfransda iştirak edən Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib ki, bu il Azərbaycanın quruma sədrliyi dövründə əsasən infrastruktur, nəqliyyat, enerji layihələrinin həyata keçirilməsi istiqamətində layihələrin yekun variantları müzakirə edilib. Pandemiya dövründə GUAM daha səmərəli fəaliyyətə nail olmasa da, bir sıra vacib məsələlər müzakirə edilib.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yeni böyük infrastruktur layihələrin həyata keçiriləcəyini vurğulayan M.Məmmədquliyev bildirib ki, GUAM ölkələri də bu layihələrə öz töhfəsini verə bilər.

"Azərbaycan öz ədalətli haqqını bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi regionun inkişafına ciddi problemlər yaradırdı. Artıq problem həllini tapıb, işğaldan azad olunmuş ərazilərdə yeni quruculuq işlərinə başlanılır. Prezident İlham Əliyev həmin ərazilərin yenidən qurulması üçün dövlət proqramının hazırlanması tapşırığını verib. Bir sıra regional yol, infrastruktur layihələr həyata keçiriləcək”, - deyə M.Məmmədquliyev əlavə edib.

İclasda çıxış edən Ukrayna, Gürcüstan və Moldova xarici işlər nazirlərinin müavinləri atəşkəsin əldə olunmasını, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini yüksək qiymətləndirdiklərini bəyan ediblər.

Videokonfransda həmçinin vurğulanıb ki, quruma üzv ölkələr beynəlxalq təşkilatlarda koordinasiyalı işi daha da təkmilləşdirməli, infrastruktur, enerji layihələrinin həyata keçirilməsini intensivləşdirməlidirlər.

Qeyd edək ki, 2021-ci ilin yanvarında GUAM-a sədrlik Azərbaycandan Gürcüstana keçəcək. Dekabr ayında GUAM-a üzv ölkələrin xarici işlər nazirləri, Baş nazirləri səviyyəsində iclasların keçirilməsi də nəzərdə tutulur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video