01 Dekabr 2020 00:44
3104
SİYASƏT
A- A+

İlham Əliyevin şərtləri ilə başa çatan savaş


Azərbaycan Prezidentinin diktələri Ermənistanın kapitulyasiya öhdəliklərinin bəndləridir


İkinci Qarabağ müharibəsində Azərbaycanın parlaq hərbi qələbəsi nəinki ölkəmizin tarixinin, bütövlükdə dünyanın ən mühüm hadisələrindən biri oldu.

Bu savaşın ən böyük özəlliyi, əlbəttə ki, öz haqq işi uğrunda mübarizə aparan xalqımızın üzləşdiyi beynəlxalq təzyiqlərə, ikili standartlara baxmayaraq, ərazi bütövlüyünü təmin etməsidir. Digər tərəfdən, 44 günlük döyüşlərin nəticəsi olaraq Ermənistanın 30 ildən artıq davam edən işğal siyasətinə son qoyulması müasir dünyada bu tip problemlərin həlli ilə bağlı ən gözəl nümunədir


Ədalətsizliyi təkbaşına da yoluna qoymaq mümkündür


Beynəlxalq hüquqla müəyyən edilmiş prinsiplər, öhdəliklər olduqca mükəmməldir. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı, onun qlobal münasibətlər sistemindəki hüquqları bu prinsiplərin əsas hissəsini təşkil edir. Ən əsası bu prinsiplər bütün dövlətlər üçün eynidir, hüquqlar və öhdəliklər baxımından heç birinə fərq qoyulmur.

Lakin reallıq ondan ibarətdir ki, bəzən beynəlxalq hüquq ya icra olunmur, ya da böyük dövlətlərin maraqlarına xidmət edir. Məsələn, 1993-cü ildə BMT-nin Ermənistanın işğalçı qoşunlarının Azərbaycandan çıxarılmasını tələb edən 4 qətnaməsi qəbul olunsa da, sonrakı dövrdə onların heç biri yerinə yetirilmədi. Daha dəqiq desək, bu sənədlərə səs vermiş beynəlxalq ictimaiyyət onu icra etməyi Ermənistandan tələb etmədi. Halbuki ondan əvvəl də, sonra da bu cür qətnamələrin elə beynəlxalq təşkilatların qərarları ilə məcburi şəkildə yerinə yetirilməsinə dair faktlar var və hansı ki, bu zaman xüsusən Qərb dövlətləri ədalətin təmin olunmasını yox, əsasən öz siyasi və iqtisadi maraqlarını güdüblər.

Azərbaycanla Ermənistan arasında 28 il idi ki, nəticəsiz qalan sülh danışıqları beynəlxalq hüququn normalarının yerinə yetirilməməsi baxımından ən böyük müasir tarixi ədalətsizlik idi. Lakin Prezident İlham Əliyev bütün dünyaya sübut etdi ki, bu ədalətsizliyi təkbaşına, Qərbin köməyindən istifadə etmədən də yoluna qoymaq mümkündür. Eyni zamanda bu qələbə ilə sübut edildi ki, Qərbin ədalətinə güvənmək olmaz.


Azərbaycan Ordusu dünyanın ən qabaqcıl hərbi gücləri ilə bir sıradadır


Ümumiyyətlə, Azərbaycan kimi böyük olmayan bir dövlətin öz haqq işini yoluna qoyması bu gün analoqu olmayan bir hadisədir. Ölkəmizin bu uğurunda həm hərbi gücümüz, həm də Prezident İlham Əliyevin uzaqgörən siyasi-diplomatik gedişləri əsas rolu oynayıb.

Sülh danışıqlarının ilk günündən Azərbaycan bu prosesə sadiq qalmaqla yanaşı, həm də hərbi imkanlarını müasir çağırışlara uyğun olaraq davamlı şəkildə artırıb. Və bu gün ortaya çıxan həqiqətlər respublikamızın nə qədər düzgün mövqe tutduğunu göstərir. Məlum idi ki, Ermənistan heç vaxt işğal etdiyi rayonları qaytarmaq istəməyib. İşğalda olan rayonlarımızda həyata keçirilən qanunsuz məskunlaşdırmalar, kommunikasiya xətlərinin çəkilməsi, onların adlarının dəyişdirilərək erməniləşdirilməsi də bunu təsdiq edirdi.

Buna görə İlham Əliyevin ötən 17 ildə daha çox diqqət yetirdiyi məsələ ordu quruculuğu idi. Ölkə rəhbəri müdrik və uzaqgörən siyasətçi kimi proseslərin nəticəsini əvvəlcədən görürdü. Lakin taleyüklü məsələdə uğur qazanmaq üçün uyğun şərait yetişməli və ya doğru zaman seçilməli idi. Bu mənada ötən 17 ildə danışıqlar prosesinə sadiq qalan İlham Əliyev həm də problemin güc yolu ilə həlli istiqamətində gedişləri xüsusi diqqət mərkəzində saxladı. Dövlət büdcəsində hərbi xərclərin ilk pillədə dayanması da İlham Əliyevin uzaqgörənliyindən xəbər verirdi. Bunun nəticəsi olaraq Azərbaycan Ordusu elə bir səviyyəyə gəlib çatdı ki, döyüş imkanları sarıdan dünyanın ən qabaqcıl hərbi gücləri ilə bir sırada dayandı. Xüsusilə qeyd etməliyik ki, açıq və qətiyyətli siyasət yürüdən İlham Əliyev məqsədini heç vaxt gizlətməyib, günlərin birində Azərbaycanın öz torpaqlarını güc yolu ilə azad edəcəyini həmişə bəyan edib. Bir neçə gün əvvəl Ağdam şəhərinə səfər edən Prezident, Ali Baş Komandan bu barədə danışaraq deyib: "Təsadüfi deyil ki, mənim prezidentlik dövrümdə bizim hərbi xərclərimiz hər il büdcə xərcləri arasında birinci yerdə idi. Mən deyirdim və ya vətəndaşlara izah edirdim ki, bəli, bizim çoxlu başqa məsələlərimiz var, həllini gözləyən problemlər var. Ancaq bizim əsas problemimiz torpaqlarımızın işğal altında olmasıdır. Ona görə bizim xərclərimiz arasında birinci yerdə hərbi xərclər dayanır. Biz lazım olan texnikanı aldıq. Bu texnikanı, müasir silahları Azadlıq meydanında dəfələrlə keçirilmiş paradlarda nümayiş etdirirdik. Biz ordumuzu inkişaf etdirərkən ən qabaqcıl meyilləri nəzərdən keçirmişdik. Biz o silahları alırdıq ki, bu silahlar bizim üstünlüyümüzü təmin etsin və İkinci Qarabağ müharibəsi bunu göstərdi”.


Bu gün Laçın rayonu işğaldan azad edilir


44 günlük davam edən İkinci Qarabağ müharibəsi Prezident İlham Əliyevin diktə və şərtləri əsasında başa çatdı. Ermənistanın müharibənin ilk günlərindən bu şərtlərə əməl etməməsi ona tarixinin ən böyük zərbəsini vurdu. 4 rayonun, o cümlədən Şuşa şəhərinin döyüş yolu ilə işğaldan azad olunması Azərbaycanın möhtəşəm hərbi zəfəri kimi tariximizi şərəfləndirdi. Mühüm məsələlərdən biri odur ki, ordumuzun uğurlu döyüş əməliyyatları hazırda hərbi baxımdan inkişaf etmiş ölkələrdə öyrənilir, təlimlərlə sınaqlardan çıxarılır.

Noyabrın 10-da Ermənistanın baş naziri N.Paşinyanın imzaladığı kapitulyasiya aktının bəndlərindən ikisi artıq yerinə yetirilib. Ağdam və Kəlbəcər rayonları işğaldan azad edilib. İndi bu torpaqlarda Azərbaycan bayrağı ucalır. Bu gün isə kapitulyasiya edən Ermənistanın işğalçı qoşunlarının qalıqları Laçın rayonunu tərk edirlər. Bununla da üçtərəfli bəyanatda yer alan Azərbaycanın əsas şərtlərindən biri də yerinə yetiriləcək.

Beləliklə, 44 günlük müharibə İlham Əliyevin şərtləri ilə bitdi. Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan Prezidentinin diktələri isə Ermənistanın kapitulyasiya öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı bəndləridir.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video