14:48 20 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
03:29 20.01.2021

11 qələbə müjdəsi


03:13 20.01.2021

Tələbə şəhid


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Koronavirusun artmasını istəmiriksə, məsuliyyətli olmalıyıq
ANA SƏHİFƏ / CƏMİYYƏT
00:57 29.11.2020


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVID-19 adlandırılan infeksiyanı pandemiya elan etdiyi gündən doqquz aya yaxın bir zaman keçir.

Dünyanın qabaqcıl mütəxəssisləri, səhiyyə təşkilatları bu təhlükəli virusa əlac olacaq dərman axtarışını davam etdirirlər. Ancaq hələ ki ümidləri doğruldan cavab yoxdur. Qlobal bəla isə kabus kimi dünyanın başının üstündə dolaşmaqda, can almaqdadır. Təəssüf ki, hər gün koronovirusa yoluxanların və bu xəstəlikdən dünyasını dəyişənlərin sayında rekord nəticələrin yeniləndiyinin şahidi oluruq.

Dünyada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 62 milyonu ötüb. Hər gün dünyada koronavirusla bağlı statistika yenilənir. Çox təəssüf ki, bu "yenilik” bəşəriyyətin təşvişini daha da artırır. Səhiyyə sisteminin inkişafı ilə öyünən düyanın iri, qabaqçıl ölkələrinin bu siyahıda ön sıralarda yer alması da COVID-19-un təhlükəsinin böyüklüyündən xəbər verir.

Statistika onu göstərir ki, bizə qonşu olan ölkələrdə - Türkiyədə, Rusiyada, İranda, Gürcüstanda da vəziyyət ürəkaçan deyil. Bu təhlükəli virusa yoluxanların və bu səbəbdən dünyasını dəyişənlərin saylarındakı artım hər gün sürətlə yüksəlməkdə davam edir. Eyni vəziyyət ölkəmizdə də müşahidə olunur. Yaranmış kritik vəziyyətə görə karantin rejimi sərtləşdirilib. İnfeksiyanın yayılmasının qarşısını almaq məqsədilə müxtəlif tibbi-profilaktik tədbirlər gücləndirilib.

Ümumiyyətlə, COVID-19 bəlası dünyanın kabusuna çevrilməyə başladığı ilk günlərdən Azərbaycanda məhdudlaşdırıcı tədbirlər diqqət mərkəzində olub. Ölkəmizdə mütəmadi olaraq infeksiyanın yayılma sürətini zəiflətmək üçün lazımi işlər həyata keçirilir. Nazirlər Kabineti yaranmış sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq ölkə ərazisində xüsusi karantin rejiminin müddəti dekabrın 28-dək uzadıb. Əyani məktəbə qayıtmağın riskli olduğu nəzərə alınaraq bütün təhsil pillələri üzrə tədrisin distant təşkili davam etdirilir. Hər həftə sonları paytaxtın mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarında xüsusi dezinfeksiya işləri aparılır. Bu zəruri tədbirlər bölgələrdə də mütəmadi olaraq həyata keçirlir. Lakin təəssüf ki, oktyabr ayından bir sıra obyektiv və subyektiv səbəblərdən yeni növ koronavirus infeksiyasına gündəlik yoluxmada nəzərəçarpan artımın qarşısını almaq mümkün olmayıb.

Hökumət, əlaqədar strukturlar ölkədə COVID-19-dan əhalini qorumaq, təhlükənin miqyasını azaltmaq üçün gərgin çalışsa da, hələ ki gözlənilən nəticə yoxdur. Bunun əsas səbəbkarları çox təəssüf ki, elə vətəndaşlar özləridirlər. Bəziləri bilməyərəkdən, bir çoxları isə təhlükə barədə xəbərdarlıqları qulaqardına vuraraq həm özlərini bəlaya düçar edirlər, həm də yaxınlarını, doğmalarını.

Başa düşmək olar ki, əksəriyyət küçələrə çıxmaq, parkları dolaşmaq, dostları ilə görüşmək istəyir. Amma bu, sadə həqiqətdir, indi hər kəsin ağlından keçirdiyi bütün işləri reallaşdırması üçün münbit şərait yoxdur. Bu, həmin arzuların sonsuzadək gerçəkləməyəcəyi anlamına gəlmir. Sadəcə, bir az səbirli olmaqda fayda var. Əslində, əhalidən tələb olunanlar mürəkkəb, yaxud yerinə yetirilməsi çətin işlər də deyil. Mütəxəssislər nəzərə çatdırırlar ki, bəşəriyyətin koronavirus bəlasından qurtulması üçün, ilk növbədə, sadə və zəruri qaydalara əməl edilməlidir. Sosial məsafə saxlanılmalı, tibbi maskadan istifadə edilməli, gigiyenik qaydalara əməl olunmalıdır. Yoxsa COVID-19 infeksiyasına yoluxma halları kəskin artmaqda, sanitar-epidemioloji vəziyyət pisləşməkdə davam edəcək. Diqqətə çatdırdığımız sadə və zəruri qaydalara əməl etməklə isə yalnız özümüzü deyil, həm də ətrafımızdakı insanları yeni növ koronavirusdan qoruyuruq. Hər kəs diqqətli olmalı, COVID-19-a yoluxduğundan şübhələnirsə, xəstəliyin əlamətlərini hiss edirsə, həkimə müraciət etməlidir. Evdə müalicəyə gəlincə, bu zaman müalicənin həkim nəzarəti altında aparılması tövsiyə olunur.

Lakin verilən məlumatlardan aydın olur ki, bəziləri hətta koronavirus xəstəsi olduğunu bildiyi halda da qaydaları eyninə almır. Evdən çıxma qadağasına baxmayaraq, nəinki yaşayış yerini tərk edir, elələri var ki, başqa şəhərlərə belə getmək niyyəti ilə yola çıxmaqdan belə çəkinmirlər. Verilən məlumata görə, Azərbaycanın bölgələrində koronavirusa yoluxduğu halda evdən çıxaraq ictimai yerlərə gedən 10-dan çox şəxs saxlanılıb. Bu barədə DİN Mətbuat xidmətindən bildirilib. Məlumata görə, Tovuz rayonu İbrahimhacılı kənd sakini Sakit Gülməmmədovun ev şəraitində müalicə almasına baxmayaraq, Qazax rayonuna getməsi aşkarlanıb. Quba rayon ərazisində qurulmuş karantin postunda xidmət aparan zaman yaşadığı evi qanunsuz olaraq tərk edən koronavirus xəstəsi, rayon sakini Mübariz Şirinov saxlanılıb. O, qaydaları pozaraq Bakı şəhərinə getmək istəyib. Astara rayonunun Kijəbə qəsəbəsinin sakini Vüsal Babayev və Maşxan kənd sakini F.Babayevaya COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilsə də, onların yaşayış yerlərini tərk etdiyi müəyyən edilib və saxlanılaraq yaşadıqları ünvanlara geri qaytarılıblar. Dünənədək Astarada yaşayış yerini tərk etmiş

5 nəfər koronavirus xəstəsi barəsində cinayət işi başlanılıb və hazırda istintaqı davam etdirilir. Göyçay rayonunun Kürdəmiş kənd sakini Nicat Babaşov koronavirusa yoluxsa da, evi tərk etdiyi üçün saxlanılıb. Oxşar faktlar Siyəzən, Xaçmaz, Xızı, Ağsu, Ağcabədi, Bərdə rayonlarında da qeydə alınıb. COVID-19 infeksiyası testlərinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib. Lakin onlar yaşayış yerlərini tərk etdikləri aşkar olunub və yaşadığı ünvana geri qaytarılıb. Qeyd edilən hər bir faktla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Eyni fakt - koronovirus xəstəsinin yaşayış yerini tərk etməsi faktı Bakıda və ərtaf rayonlarda da baş verir. Dünən Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində ev şəraitində müalicə alan koronavirus xəstəsi Xırdalan şəhərində yaşayan Elnarə Hüseynova saxlanılıb. Bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, aktiv COVID-19 virusunun daşıyıcısı olan bu şəxs karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk etdiyi aşkarlanıb. Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə o, yaşadığı evə qaytarılıb. Və barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Belələrinin qanunla cəzaları məlumdur. Və qanun onlara layiq olduqları cəzanı verir. Lakin başqa bir mətləb insanı çox düşündür. Tutaq ki, heç kimsə görmür, heç bir yoxlama aparılmır, heç kamera da çəkmir. Bəs insanın öz vicdanı? İnsan nə qədər vicdanını itirməlidir ki, təhlükəli virusun daşıyıcısı olduğunu bildiyi halda, xəbərdarlıqdan kənara çıxmalı, yaşayış yerini tərk etməlidir? Həm də bununla neçə-neçə insanı yoluxduracağını yaxşı bildiyi halda. Bəlkə bu xəstələr düşünürlər ki, onların orqanizmi güclüdür və xəstəliyə qalib gələcəklər. Və bəlkə də bu, doğrudan da, belədir. Ancaq onların yoluxdurduğu insanların COVID-19-a yenilməyəcəyinə kim zəmanət verə bilər? Bir nəfər gör neçə həyatın sönməsinə vəsilə ola bilər.

Hər gün KİV-də, sosial şəbəkələrdə həyəcan təbili çalınır ki, yaxşılığa doğru dəyişikliklər müşahidə olunmur, virusun geniş yayılma tendensiyası təşviş yaradır. İndilikdə təhlükədən uzaq qalmağın yolu Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə, əhalinin sağlamlığının etibarlı qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara və müəyyənləşdirdiyi qaydalara əməl etməkdir. Bu bəlalı günlər bitəcək. O vaxtadək səbirli olmaq və qaydalara riayət etmək lazımdır.

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM