28 Noyabr 2020 00:48
648
SİYASƏT
A- A+

Ermənistan vətəndaş müharibəsi astanasındadır


Ermənistanda cərəyan edən son proseslər vətəndaş qarşıdurması ehtimalını sürətlə artırır.

Buna əsas səbəb odur ki, müharibədəki məğlubiyyətdən sonra Paşinyan hakimiyyətinin istefasını tələb edən xalqa qarşı iqtidar repressiya siyasətini davam etdirir. Etirazçılar isə məqsədlərinə çatmayana qədər mitinqlərə son qoymayacaqlarını bildirirlər.


Baş nazirin kortejinin keçdiyi yolu bağladılar


İki həftədən çoxdur Yerevanda baş nazir Nikol Paşinyanın əleyhinə keçirilən kütləvi aksiyalar davam edir. 17 müxalifət partiyasının təşkil etdiyi nümayişə minlərlə insan qatılır.

Son aksiyalar zamanı Yerevanın Azadlıq meydanında Paşinyana qarşı növbəti dəfə istefa şüarları səsləndirilib. Daha sonra aksiya iştirakçıları hakimiyyət nümayəndələrinə öz narazılıqlarını bildirmək üçün parlamentin qarşısına toplaşıblar.

Son zamanlar aksiyaçılar arasında deputatlar və tanınmış ziyalılar da olub. Məlumatlara görə, Paşinyanın ətrafında olan məmurlardan da bəziləri etirazçılara qoşulub. Çıxış edənlər Ermənistanda təcili növbədənkənar parlament seçkilərinin keçirilməsinin vacibliyini bildiriblər. Onlar yaranmış vəziyyətdən çıxış yolu kimi Nikol Paşinyanın və prezident Armen Sarkisyanın istefasını tələb ediblər. Əks təqdirdə, bütün məsuliyyətin hazırkı rəhbərliyin üzərinə düşdüyü qeyd olunubdur.

Bu arada itkin düşmüş əsgərlərin yaxınları N.Paşinyanın kortejinin keçdiyi yolu bağlayıblar. Məlumata görə, baş nazir hökumət binasından çıxıb kortejə tərəf keçsə də, əsgər yaxınları ilə görüşmək istəməyib. Daha sonra əsgər valideynləri hökumət binası qarşısında etiraz aksiyasını davam etdiriblər - onlar hakimiyyətin dərhal reaksiya verməsini və övladlarının qaytarılmasını tələb ediblər: "Uşaqlarımızı bizə qaytarsınlar və sonra nə istəyirlər etsinlər. Biz yalnız uşaqlarımızın qaytarılmasını istəyirik, bizə başqa heç nə lazım deyil”.


Paşinyan çıxış yolu tapa bilmir


Ağır sosial-iqtisadi problemlər məngənəsində boğulan Ermənistanın üzləşdiyi böhranın qarşıdakı müddət ərzində daha da dərinləşəcəyi istisna deyil. Belə vəziyyətdə Ermənistanda sayı sürətlə azalmaqda olan əhalinin hakimiyyətə qarşı sosial narazılığının daha da güclənəcəyi, eyni zamanda, miqrasiya prosesinin yeni vüsət alacağı gözlənilir.

N.Paşinyanın qubernatorların iştirakı ilə müşavirəsində bu məsələlər müzakirə olunub. Müşavirədə müharibədən sonra müxtəlif sahələrdə yaranmış vəziyyət, sosial-iqtisadi problemlər, ayrı-ayrı sahələr üzrə əsaslı proqramların həyata keçirilməsinin gedişi və qarşıda duran vəzifələr müzakirə edilib.

Baş nazir ölkə daxilində vəziyyətin gərgin olduğunu bildirib. Qeyd olunub ki, sabitlik çox vacib və strateji məsələdir. Xarici və daxili təhlükəsizliyi, eyni zamanda sabitliyi təmin etmək ölkənin həll etməli olduğu ən böyük problemdir. İmzalanmış üçtərəfli bəyanatın icrası çox ağrılıdır. Lakin qərar alternativin daha ağrılı ola biləcəyi vəziyyətdə qəbul edildi.

Hadisələrin sözügedən səpkidə inkişafına görə əsas məsuliyyət daşıyan tərəf kimi Paşinyan hakimiyyəti və onun yarıtmaz siyasəti göstərilir. "İravnuk” qəzeti yazır ki, ölkəni üzləşdiyi çoxsaylı problemlər burulğanından xilas etmək əvəzinə, hakimiyyət təmsilçiləri əvvəlki kimi şəxsi mənafelərini güdməklə məşğuldurlar. Nəticə isə ondan ibarətdir ki, diqqətlər müharibədəki məğlubiyyətə yönəlib, korrupsiya və rüşvətxorluğun miqyası isə durmadan genişlənir ki, bu da öz növbəsində iqtisadi tənəzzül prosesini daha da sürətləndirir. Qeyd edilir ki, korrupsiya və rüşvətin gömrük və vergi orqanlarında get-gedə daha dərin kök salması Ermənistan üçün çox təhlükəlidir. Çünki bu hal həm dövlət büdcəsinin boş qalmasına, həm də Ermənistan kimi idxaldan asılı olan bir dövlətdə inflyasiyanın davamlı artımına rəvac verir.


Vətəndaş qarşıdurması üçün münbit şərait yaranıb


Ermənistanda hamıya aydındır ki, Paşinyanın hakimiyyətdə qalmaq istəyi mümkün olmayacaq. Əvvəlki dövrlərdə ölkədəki hakimiyyət komandaları iqtidarda qalmaq üçün daxili auditoriyaya Ermənistanı qalib ölkə kimi təqdim edirdilər. Necə deyərlər, xəstə təfəkkürü və işğal siyasətini bütün erməni cəmiyyətinə sırımışdılar. Amma bu siyasətin Ermənistanı iflic vəziyyətinə salması son illərdə özünü daha qabarıq büruzə verdi. Paşinyan da hakimiyyətə gəldikdən sonra əvvəlki iqtidarların siyasətini davam etdirdi. İndi bu amil aradan qalxıb. Amma istənilən halda ölkədə baş verənlər yeni toqquşmalar və vətəndaş qarşıdurması üçün münbit şərait yaradıb. Ermənistanda daha xaotik hadisələrin baş verəcəyi qaçılmazdır.

Artıq Ermənistan parlamentində deputatlar arasında insidentlər başlayıb. Belə davalardan biri N.Paşinyanın başçısı olduğu "Mənim addımım” fraksiyasının deputatı Amazasp Danielyanın çıxışı zamanı düşüb. Belə ki, "Çiçəklənən Ermənistan” partiyasının deputatı Mikael Melkumyanın müharibədəki məğlubiyyətlə bağlı sualına A.Danielyan kobud cavab verib. Bu zaman müxalif partiyanın daha bir üzvü Naira Zoqrabyan N.Paşinyanın Azərbaycanda animasiya filmlərinin qəhrəmanına çevrildiyini söyləyərək müdaxilə edib. A.Danielyan isə cavabında "siz də Azərbaycanda super ulduzsunuz” deyib. Bundan sonra parlamentdə dava düşüb. Mühafizəçilər zala daxil olaraq mübahisə edən şəxsləri sakitləşdirməyə çalışıblar.

"Daşnaksütyun”un nümayəndəsi İşxan Saqatelyan "Facebook” səhifəsində yazıb ki, Ermənistanda hakimiyyət yoxdur: nə hökumət var, nə də xarici işlər naziri. Qeyd edib ki, diz çökmüş lider danışıqlar apara, xalqımızın mənafelərini və hüquqlarını qoruya bilməz.

Bütövlükdə bütün bunlar Ermənistanın böyük tənəzzül yaşadığını göstərir. İşğal siyasətinin qurbanı olan bu ölkə üzləşdiyi problemlərdən hələ uzun müddət xilas ola bilməyəcək.

Elçin CƏFƏROV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video