27 Noyabr 2020 14:04
513
SİYASƏT
A- A+

İspaniyanın nüfuzlu beyin mərkəzində keçirilən seminarda Ermənistanın törətdiyi müharibə cinayətlərindən danışılıb


İspaniyanın beynəlxalq münasibətlər və diplomatiya sahəsində tanınmış araşdırma institutlarından sayılan Beynəlxalq və Strateji Araşdırmalar üzrə Fondun təşəbbüsü və təşkilatçılığı ilə Madrid şəhərində Ermənistanın ölkəmizə hərbi təcavüzü, habelə azərbaycanlı mülki əhaliyə qarşı törətdiyi müharibə cinayətləri, tarixi-dini abidələrimizə qarşı vandalizm aktları mövzusunda seminar təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Fondun prezidenti Xose Mariya Alveres de Eulate i Penyaranda bu məqsədlə seminara dəvət olunmuş Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmovu şanlı Qələbə və Ermənistanın işğalı altındakı ərazilərimizin müzəffər Ordumuz tərəfindən azad olunması münasibətilə təbrik edib, bunun regionda sülh və sabitliyə əhəmiyyətli töhfə verəcəyinə əminliyini bildirib.

Seminarda çıxış edən səfir Anar Məhərrəmov diqqətə çatdırıb ki, sentyabr 27-də Ermənistan silahlı qüvvələri atəşkəs rejimini yenidən kobud şəkildə pozaraq, təmas xətti boyunca Azərbaycan Respublikasının mövqelərini, habelə təmas xəttinin yaxınlığında yerləşən kəndləri iriçaplı silahlar, minaatanlar və müxtəlif növ artilleriya qurğularından atəşə tutaraq Azərbaycana qarşı növbəti hərbi təcavüz törədib. Hərbi təxribat zamanı mülki əhali məqsədli şəkildə hədəf seçilib, nəticədə 94 dinc sakin həlak olub, 414 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib, bir sıra yaşayış və inzibati binalar ciddi dağıntılara məruz qalıb.

Bildirilib ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq və təmas xətti boyunca sıx şəkildə yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə özünümüdafiə hüququ çərçivəsində, eyni zamanda, beynəlxalq humanitar hüquqa tam riayət etməklə əks-hücum və cavab tədbirləri həyata keçirib.

A.Məhərrəmov qeyd edib ki, Azərbaycanın dinc əhalisini qətlə yetirmək məqsədilə ardıcıl olaraq hərbi təxribatlar törədərək sülh və insanlıq əleyhinə yönəlmiş müharibə cinayətlərini və terror aktlarını davam etdirən Ermənistan silahlı qüvvələri oktyabrın 10-u və 17-də cəbhə bölgəsindən 100 kilometr uzaqda yerləşən, ölkəmizin qədim tarixə malik, ikinci ən böyük şəhəri olan Gəncənin əhalinin sıx məskunlaşdığı mərkəzi hissələrini, oktyabrın 28-də isə Bərdə şəhərini Ermənistan ərazisindən ballistik raket atəşinə tutub. Dinc əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrinin Ermənistanın növbəti hərbi təcavüzünə məruz qalması nəticəsində aralarında azyaşlı uşaqlar olmaqla, çoxsaylı insan tələfatı və yaralanma halları baş verib, bir çox mülki infrastruktur obyektləri dağıdılıb, beləliklə, mülki əhaliyə külli miqdarda maddi, mənəvi və fiziki ziyan vurulub.

Xüsusi olaraq vurğulanıb ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu tərəfindən 28 ildir Ermənistanın işğalı altında olan torpaqlarımız, o cümlədən ölkəmizin musiqi beşiyi olan qədim Şuşa şəhəri işğaldan azad edilib.

Azərbaycan Respublikasının və Rusiya Federasiyasının prezidentləri, Ermənistan Respublikasının baş naziri tərəfindən noyabrın 10-da imzalanmış, Ermənistan ilə Azərbaycan arasında atəşkəsin əldə olunması və erməni silahlı qüvvələrinin Ağdam, Kəlbəcər və Laçın rayonlarından çıxarılmasını özündə ehtiva edən birgə bəyanatdan irəli gələn bəzi müddəalar barədə seminar iştirakçılarına məlumat verilib. Qeyd olunub ki, sözügedən bəyanatın müddəalarına əsasən, işğalçı qüvvələr Kəlbəcər rayonundan noyabrın 15-dək çıxmalı olduğu halda, Ermənistan tərəfi Rusiya vasitəsilə Azərbaycandan rayonun təhvil verilməsi üçün əlavə 10 gün vaxt istəyib. Azərbaycanlı mülki əhaliyə qarşı müharibə və insanlıq əleyhinə cinayətlər, Xocalı soyqırımını törətmiş Ermənistanın 1993-cü ildə Kəlbəcər rayonunu işğal edərkən azərbaycanlı əhaliyə rayonun ərazisini tərk etmək üçün cəmi 10 saat vaxt versə də, Azərbaycan dövləti öz humanistliyini bir daha nümayiş etdirərək işğalçı Ermənistan qüvvələrin Kəlbəcərdən çıxma müddətinin noyabrın 25-dək uzadılmasına razılıq verib.

Noyabrın 20-də Ağdam rayonunun, 25-də isə Kəlbəcərin Ermənistanın işğalından azad edildiyi, dekabrın 1-də Laçın rayonunun Azərbaycana təhvil veriləcəyi iştirakçıların diqqətinə çatdırılıb.

Ermənistanın işğaldan azad olunmuş Azərbaycan ərazilərindən çıxmasının vandalizm aktları ilə müşayiət olunduğu diqqətə çatdırılıb, yaşayış məskənlərinin yandırılması, meşələrin kütləvi şəkildə qırılması ilə Ermənistanın növbəti dəfə ekoloji cinayətlər törətməsi, qanunsuz arxeoloji qazıntılar apararaq aşkar olunmuş nadir mədəni nümunələrin Ermənistana daşınması, işğal olunmuş ərazilərdə Azərbaycanın maddi-mədəni irsinin talan edilməsi barədə seminar iştirakçıları ətraflı məlumatlandırılıb.

Seminar zamanı Azərbaycan-Ermənistan münaqişəsinin reallıqları ilə bağlı fotoslayd və videoçarxlar, həmçinin Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin işğaldan azad olunmuş Füzuli, Cəbrayıl və Ağdam rayonlarındakı çıxışları təqdim olunub.

Sonra tədbirdə iştirak edən müəllim və tələbələrin mövzu ilə bağlı çoxsaylı sualları cavablandırılıb.

Seminardan məmnunluğunu bildirən Fondun rəhbərliyi və tələbələr tədbirin maraqlı keçdiyini, münaqişə reallıqlarının onlarda dərin təəssürat doğurduğunu bildiriblər.

Fondun prezidenti Xose Mariya Alveres de Eulate i Penyaranda dərin məzmunlu çıxışına və təqdimata görə səfir A.Məhərrəmova minnətdarlığını bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video