26 Noyabr 2020 00:57
909
SİYASƏT
A- A+

Qələbə ilə açılan səhərlərdən biri...


27 ildən sonra kəlbəcərlilər qalibiyyətlə öz doğma yurdlarına qayıdırlar


Süsənli-sünbüllü, lalalı dağlar 27 il idi ki, kəlbəcərlilərin gözlərində dumana-çənə bürünürdü. Çünki bu illərdə Kəlbəcərə yaz gəlmədi. Sazın-sözün beşiyi olan bu yurdda yağı dilində danışırdılar. Çal-çağırlı günlərini də itirmişdi...

Bəli, hər şeyin vaxta, zamana ehtiyacı var, deyirlər. Sentyabrın 27-dən başlayan Vətən müharibəsinin də vaxta, zamana ehtiyacı olduğunu çoxlarımız bilirdik. Müzəffər Ordumuz Ali Baş Komandanımızın bircə əmrinə bənd idi. Nəhayət, vaxt gəldi, əmr verildi, 44 gün ərzində 30 illik həsrətə Qələbəmizlə son qoyuldu! Mədəniyyətimizin, mənəviyyatımızın tacı olan Şuşada dalğalandı üçrəngli bayrağımız. Bu gün-sabah Şuşaya çəkilən yeni yolla şuşalılarımız doğma yurdlarına qovuşacaqlar, Murovdağdan ağlaya-ağlaya aşan kəlbəcərlilər, laçınlılar da dönəcəklər cənnət-məkanlarına...

Düşmən tapdağında qalan bütün torpaqlarımız dekabrın 1-dək Ermənistan silahlılarından azad ediləcək. Kəlbəcəri noyabrın 15-dən boşaltmağa başlayan erməni vandalları onlara doğma olmayan ev-eşiyimizi, ormanlarımızı belə odlara qalamaqdan çəkinmədilər. Bu barbarlığa dünya xalqları nifrətlə baxdı ekranlardan.

Biz Kəlbəcərimizə qayıdırıq! Gözlərin aydın olsun, məzarı Ağdabanda 28 ildir ki, qalan, ziyarətinə gedə bilmədiyimiz Dədə Şəmşir! Ruhun duydu, ziyarətinə gəlir ellərin, şeirdillilərin...

Kəlbəcərin 1993-cü ildə işğalı Dədə Şəmşirin yurd saldığı Ağdaban kəndinin yağılar, daşnaklar tərəfindən odlara qalanmasından, yer üzündən silinməsindən başlamışdı.

Ağdabanın 8 aprel 1992-ci il tarixli səhəri heç vaxt yaddan çıxmaz. Ağdabanın tarixinə həmin gün qara hərflərlə yazılıb. Əslində, qan qırmızı rənglə - şəhid qanıyla yazılıb o gün.

Ağdabana aprelin 8-də səhər tezdən çatmışdıq. Yağılar kəndi tar-mar edib, dağıtdığından baxmaq olmurdu bu yerlərə. Od vurulmuş evlərdən hələ də burum-burum qara tüstü qalxırdı. Çapar tərəfdən atılan toplar bizdən o yana düşüb "salamat qalmış” bir neçə evi də dağıtdı. Kəndin köməyinə gəlmiş müdafiəçilər düşməni susdurmağa çalışsalar da, bunun heç bir əhəmiyyəti yox idi. Ağdaban qan içində boğulur, "tüstüsü başından çıxırdı”...

Kəlbəcərin Yolaşan adlanan yerində Şəhidlər xiyabanı salınırdı. Bu xiyabana ilk şəhid karvanı yolu başlamışdı. Bu qara karvan ağdabanlıların idi...

1989-cu il iyulun 11-də tütün sahəsində çalışan ağdabanlı qadınlar 7 erməni silahlı quldurunu tutmuşdular. Rayon prokurorluğu istintaqa başlamışdı. Respublika Prokurorluğu isə işin DQMV hərbi komendantının sərəncamına göndərilməsinə göstəriş vermişdi. İyulun 14-də həmin erməni quldurlarını Xankəndiyə, guya, istintaqa aparmaq üçün rus hərbçilərinin müşayiəti ilə Kəlbəcərə 2 hərbi helikopter gəldi. Nədənsə, onlar nəzərdə tutulmuş meydançaya deyil, şəhər stadionuna endilər. Erməni quldurlarını götürüb qalxarkən vertolyotlardan birinin pərləri elektrik dirəyinə toxundu. Helikopter "müvazinətini itirərək” stadionun yanındakı divarın dibinə düşdü. Bu zaman onun "dəmir qanadları” burada futbol oynayan məktəbyaşlı uşaqları biçib-tökdü. O gün Kəlbəcər 8 azyaşlı məktəblinin qanında boğuldu. Kim idi onlar: ermənilərə güllə atanmı?! Bəs nə idi onların günahsız axan qanına bais?!

Aprelin 7-dən 8-nə keçən gecə ermənilər gecə ikən hücum edərək Ağdabanı ikinci Xocalıya çevirdilər. Hücumdan xəbərsiz kənd əhalisi başıaçıq-ayaqyalın qarlı meşələrə, dağlara dağıldılar. Kəndi müdafiə edən kiçik dəstə ermənilər tərəfindən məhv edildiyindən əhali müdafiəsiz qalmışdı. Bu qanlı faciə zamanı 32 nəfər dinc əhali - qoca, qadın, uşaq həlak oldu, iki nəfər evdə diri-diri yandırıldı, 7 nəfər girov götürüldü. Kənd bütünlüklə demək olar ki, odlara qalandı. Səhər tezdən köməyə gələn yerli özünümüdafiə batalyonunun 6 döyüşçüsü həlak oldu. Kəndə yardıma gedən hərbçilər və mülki adamlar yollarda gülləbarana tutuldular.

Ağdaban faciəsi ermənilərin Kəlbəcərə qarşı başladığı böyük müharibənin siqnalı idi. Ağdabanın ermənilərin əlində olması digər kəndlərin işğalını asanlaşdırar, Murov yolunun quldurlar tərəfindən tutulmasına və beləliklə də 52 min nəfərlik əhalinin tamamilə məhvinə gətirib çıxarardı.

Ağdaban iki dəfə erməni quldurları tərəfindən darmadağın edildi. 8 aprel 1992-ci il Ağdabanın faciəsi kimi yaddaşlara yazıldı. Ermənilər Ağdabanı təkcə strateji məkan olduğu üçün deyil, Kəlbəcər ədəbi mühitinin beşiyi kimi də çoxdan hədəfə almışdılar. Məhz ona görə də hələ 1990-cı il iyul ayının 11-də Ağdərənin Otaqqaya ərazisində Tərtər-Kəlbəcər marşrutu ilə gedən (150-yə yaxın maşından ibarət) karvanın qarşısını kəsərək Çimnaz Şəmşir qızını, milis mayoru, Zərdab rayon milis rəisinin müavini Şahlar Şükürovu (Azərbaycanın Milli Qəhrəmanı), Aslan Xıdırovu, ittifaq miqyaslı "İstisu” sanatoriyasında müalicəyə gedən yüzlərlə dinc sakini (əksəriyyəti xəstə və qocalardan ibarət) terror nəticəsində qətlə yetirmişdilər.

Ağdabanın ikinci faciəsi 26 mart 1993-cü ildə yazıldı. Həm Ağdərə, həm də Ermənistanın Basarkeçər rayonu istiqamətindən hücuma məruz qalan, müdafiə olunmayan kənd əhalisi qarlı-çovğunlu günlərdə dədə-baba yurdlarından ayaqyalın-başıaçıq, bütün əmlakını ataraq dəniz səviyyəsindən 3400 metr yüksəklikdə olan Murovdağ aşırımından qaçmağa məcbur edildi. Siyasi oyunların, daxili çəkişmələrin nəticəsində və satqın hərbçilərin xəyanətindən 52 min nəfər kəlbəcərli doğma yurdundan qovuldu.

Ağdabanın 26 mart 1993-cü ildə ikinci dəfə işğalı Kəlbəcərin tamamilə Ermənistan tərəfindən zəbt olunması demək idi. Bundan sonra Kəlbəcər hər tərəfdən mühasirəyə alınaraq 1993-cü il martın 31-dən aprelin 2-dək Ermənistan silahlı qüvvələri tərəfindən tamamilə işğal edildi.

Bu yurdun işğalı nəticəsində 53340 nəfər didərgin düşüb, 55 hərbçi, 511 sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb, minlərlə sakin yaralanıb. Rayonun 3 Milli Qəhrəmanı var. Bu işğaldan sonra BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunan rayonlarından dərhal çıxarılması tələb olunub. Lakin Ermənistan həmin qətnamədən irəli gələn öhdəlikləri yerinə yetirməyib. Hazırda Kəlbəcər əhalisi məcburi köçkün kimi Azərbaycanın 60-a yaxın rayonunun 700-dən artıq yaşayış məntəqəsində müvəqqəti məskundur.

Hər gecənin bir işıqlı səhəri var. İşğal altında inləyən yurdlarımızın, eləcə də Kəlbəcərin, Ağdabanın üstünə artıq gün doğub. Səmamız da məqsədimiz, məramımız və amalımız kimi aydındır, işıqlıdır, nurludur. Kəlbəcərə gedən yol Ağdabandan başlayır.

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video