24 Noyabr 2020 01:04
624
SİYASƏT
A- A+

Milli ləyaqət rəmzinə çevrilən Qələbə


İlham Əliyevin Ali Baş Komandanlığı ilə qəhrəmanlıqla döyüşən ordumuz və öz rəhbəri ətrafında sıx birləşən xalqımız bu müharibədən şərəflə çıxdı


Tarix çox istilaçı dövlətlərin kapitulyasiyasına şahidlik edib. Eyni taleyi işğal siyasətindən əl çəkmək istəməyən Ermənistan da iki həftə öncə yaşadı. 44 gün sürən İkinci Qarabağ müharibəsinin yekunu olaraq qalib Azərbaycan Ermənistanı məğlubiyyət aktına imza atmağa məcbur etdi. Beləliklə, dünyanın müharibələr tarixində növbəti təslimçilik hadisəsi Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin şərtləri əsasında baş verdi.


Milli həmrəyliyin ən mükəmməl nümunəsi


Biz bu müharibəni həm də Vətən savaşı adlandırırıq. Çünki bu, torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün təmini uğrunda xalqımızın milli mübarizəsi, haqq davası idi. Azərbaycan vətəndaşları kimliyindən, sosial statusundan, əqidəsindən asılı olmayaraq, bu mübarizədə bir yumruq kimi birləşdilər, Ali Baş Komandanın yanında bir əsgər kimi dayandılar və bütün dünyaya milli həmrəyliyin ən mükəmməl nümunəsini nümayiş etdirdilər.

Müharibədən sonra məğlub Ermənistanla bağlı xeyli həqiqət ortaya çıxdı. Sən demə, bu ölkənin ordusunun döyüş hünəri ilə bağlı deyilənlər mifdən başqa bir şey deyilmiş. Ermənistan Müdafiə Nazirliyinin nümayəndələri hər gün keçirdikləri brifinqdə erməni əsgərlərinin, erməni cəmiyyətinin "vətənpərvərliyi” ilə bağlı geninə-boluna danışırdılar. Amma müharibədən sonra tam aydın oldu ki, Azərbaycan Ordusunun qarşısıalınmaz hücumları düşmən zabit və əsgərlərinə qaçmaqdan başqa çıxış yolu qoymayıb. Savaşın ilk günlərində cəbhə xəttində erməni əsgərlərinin kütləvi məhvindən sonra Ermənistanda hərbi mükəlləfiyyətli vətəndaşlar orduya getməkdən imtina ediblər.

Hətta bunun üçün kütləvi şəkildə həkimlərdən saxta koronavirus arayışları alıblar.

Azərbaycanda isə tamamilə fərqli mənzərə var idi. Artıq sentyabrın 28-dən bütün hərbi komissarlıqların qarşısında yüzlərlə vətəndaş toplaşmışdı. Mərd oğullar gülə-gülə, sevinc hissi, valideynlərin xeyir duası ilə cəbhəyə yola düşürdülər. Savaşın ilk günündən sonuna kimi bu vəziyyət davam etdi. Bu baxımdan Vətən müharibəsi xalqımızın birliyinin təcəssümü oldu. 44 günlük savaşda xalqımız sübut etdi ki, öz rəhbəri ətrafında sıx səfərbərdir. Bir daha təsdiq olundu ki, Azərbaycanda formalaşmış güclü xalq-iqtidar birliyi sarsılmazdır.


Azərbaycan Ordusu öz sözünü dedi


Bu savaşın nəticəsi İlham Əliyevin dediyi kimi oldu. Ali Baş Komandan bu fikri həmişə bəyan edirdi ki, danışıqlar prosesinin nəticəsiz qalacağı təqdirdə Azərbaycan Ordusu öz sözünü deyəcək. Ordumuzun döyüş imkanlarının artırılması ilə bağlı indiyədək həyata keçirilən tədbirlər də məhz bu məqsədə xidmət edirdi. Yüksəkdəqiqlikli hərbi texnikaların Silahlı Qüvvələrin arsenalına daxil edilməsi, müasir döyüş vərdişlərinin mənimsənilməsi, ən müxtəlif şəraitlərdə - gecələr, ekstremal vəziyyətlərdə, qarlı və dağlıq ərazilərdə döyüşlərin aparılması məqsədlərinə xidmət edən təlimlərin keçirilməsi nəticəsində Azərbaycan Ordusunun olduqca qüdrətli mükəmməl hərbi gücə çevrildiyi hələ illər öncədən məlum idi. Ötən 26 ildə işğalçı Ermənistan işğal etdiyi ərazilərimizdə bir neçə mərhələli müdafiə sistemi yaradanda Azərbaycan dövləti ordu quruculuğunu dayanmadan həyata keçirdi. Düşmənin yaratdığı möhkəm müdafiə istehkamlarının yarılması üçün hərbi təlimlərdə dəfələrlə məşq edilmiş, bu istiqamətdə əməliyyatların aparılması daim sınaqdan çıxarılmışdı.

Sentyabrın 27-də Ermənistanın törətdiyi hərbi təxribat Azərbaycana öz torpaqlarının işğaldan azad edilməsi üçün müharibədən başqa yol qoymadı. Elə ilk saatlardan düşmənin burnu ovuldu. İlk gündən düşmənin döyüş meydanında məğlubiyyətə uğradılması ilə torpaqlarımızın azad olunması başlanıldı. Ordumuz keçirdiyi əks hərbi əməliyyatların ilk günündən olduqca mükəmməl hücumları ilə hansı gücə malik olduğunu göstərdi. Ermənistanın yaratdığı bir neçə mərhələli, beton konstruksiyalarla bərkidilmiş, bir-biri ilə gizli yollarla, tunellərlə əlaqələndirilmiş müdafiə mövqelərinin yarılması asan deyildi. Digər tərəfdən, həmin mövqelər yüksəklikdə yerləşdiyindən ərazinin relyefi də təbii istehkam rolunu oynayırdı.

Lakin Azərbaycan Ordusu qarşısında düşmənin gücləndirilmiş səngərləri nəinki bir gün, bir neçə saat belə davam gətirə bilmədi. Bir neçə kəndimizin ardınca Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, Xocavənd, Laçın, Xocalı və Tərtər rayonlarının kəndləri, Murov dağında strateji yüksəkliklər azad edildi. Şuşanın işğaldan azad edilməsi isə dünya hərb tarixinə düşən hadisə oldu. Öz unikallığı ilə fərqlənən Şuşa əməliyyatı birmənalı şəkildə ordumuzun gücünü və əsgərlərimizin rəşadətini bütün dünyaya daha da yaxından tanıtdı.

Məhz Şuşanın azad edilməsindən sonra Ermənistanın baş naziri N.Paşinyanın Müzəffər Ali Baş Komandan İlham Əliyevin şərtlərinə uyğun olaraq kapitulyasiyaya imza atmaqdan başqa yolu qalmadı. Düşmənin məğlubiyyət aktına imza atmasının nəticəsi olaraq Ağdam rayonu da işğaldan azad edildi. Bu gün Ağdam şəhərində və rayonun bütün kəndlərində Azərbaycan Bayrağı ucalır. Yaxın günlərdə isə Kəlbəcər və Laçından işğalçı qoşunların qalıqları rədd olacaqlar.


Ermənistana qarşı iddia qaldırılacaq


Torpaqlarımız işğaldan azad olunduqca rastlaşdığımız mənzərə, şəhər və kəndlərimizin acınacaqlı durumu hər birimizi təsirləndirdi. Bu illər ərzində Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında vandallıqla məşğul olub, bütün yaşayış mənqələrimizi viran qoyub, daş üstündə daş qalmayıb. Düşmən xalqımızın mədəni-tarixi abidələrini dağıdıb, Qarabağın meşələrini qırıb, təbii sərvətlərimizi alçaqcasına talayıb. Tarixdə çox amansız müharibələr olub. Amma belə barbarlıq heç vaxt görülməyib.

Prezident İlham Əliyev çıxışlarında dəfələrlə Ermənistanın Azərbaycan ərazilərində törətdiyi vandallıqdan söz açıb. Ağdamın işğaldan azad edilməsi ilə əlaqədar xalqa müraciət edən dövlətimizin başçısı bir daha bu barədə deyib: "İndi isə Ağdam üçün yeni dövr başlayır. Bizim böyük planlarımız var. İşğal edilmiş torpaqlarda hər şey dağıdılıb. Mənim Füzuli və Cəbrayıla səfərlərim mətbuat tərəfindən işıqlandırılıb və hər kəs, bütün dünya gördü ki, hansı vəhşi düşmənlə biz üz-üzə qalmışdıq. Nə Cəbrayılda, nə Füzulidə bir dənə də salamat bina qalmayıb, yalnız hərbi hissə və hərbi hissəyə aid olan bəzi tikililər. Qalan bütün infrastruktur, bütün binalar, evlər, tarixi abidələr, dini abidələrimiz vəhşi düşmən tərəfindən dağıdılıb”.

İşğal olunmuş ərazilərə Ermənistan tərəfindən vurulan ziyan hesablanacaq. Bu məqsədlə beynəlxalq qurumlar, ekspertlər dəvət olunacaq və Ermənistana qarşı beynəlxalq məhkəmələrdə iddia qaldırılacaq. Düşmən son günlərdə Kəlbəcər və Ağdamda da törətdiklərinin cavabını verəcək.

44 günlük müharibə Azərbaycan üçün şərəf və milli ləyaqət məsələsi idi. İlham Əliyevin Ali Baş Komandanlığı ilə qəhrəmanlıqla döyüşən ordumuz və öz rəhbəri ətrafında sıx birləşən, həmrəylik nümayiş etdirən xalqımız bu müharibədən şərəflə və ləyaqətlə çıxdı. İndi Azərbaycan dünyada həm də o dövlətlərdəndir ki, ərazi bütövlüyünü müharibə apararaq təmin edib. Ona görə də bu Qələbə həm dövlətçiliyimizi şərəfləndirdi, həm xalqımızı qürurlandırdı, həm də Azərbaycanı dünyanın qalib dövlətləri sırasına çıxardı.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video