24 Noyabr 2020 01:01
755
SİYASƏT
A- A+

Paşinyan repressiyanı davam etdirir


Günlərdir Yerevanda davam edən etirazların qarşısını hakimiyyət oqranları qeyri-adekvat güc tətbiqi və zorakılıqla almağa çalışırlar.

Buna paralel olaraq Ermənistan cəmiyyətinin N.Paşinyan iqtidarından narazılığı artan xətt üzrə inkişaf edir. Aksiyalarda iştirak edənlərə qarşı repressiv tədbirlərə, onlara qarşı terrora baxmayaraq etirazlar səngimir.


Belə getsə, vətəndaş müharibəsi qaçılmaz olacaq


İki həftəyə yaxındır davam edən aksiyalar artıq özünün daha gərgin və həlledici mərhələsinə qədəm qoyub. Etiraz edənlərin yeganə tələbi Paşinyanın hakimiyyətdən getməsidir. Bu baş tutmasa, Ermənistanda vətəndaş müharibəsi qaçılmaz olacaq.

"İravunk” qəzetinin bununla bağlı reportajında qeyd olunur ki, aksiyanın əsas fəallarından olan Suren Baqdasaryan kütləvi etirazlara çağırışlarına görə həbs olunub. Onun ailə üzvləri işdən çıxarılıb.

Etirazçının qardaşı Arşak Baqdasaryan bildirib ki, Suren hazırda polis bölməsində saxlanılır və ən ağır işgəncələrə məruz qalır.

Hərbi tibb bacısı Anait Ohanyan hərbidəki çatışmazlıqlarla bağlı müxalifətin mitinqində çıxışından sonra hökumətin təqiblərinə məruz qalıb. Ohanyan İkinci Qarabağ savaşında Azərbaycan Ordusu tərəfindən məhv edilən mayor Mkrtıç Ohanyanın anasıdır.

Reportajda bildirilir ki, ölkə üzrə həbs edilənlərin sayı yüzlərlə ölçülür. Vurğulanır ki, bu həbslər Ermənistanda etirazların qarşısını ala bilməyəcək və hakimiyyətə qarşı çıxanların sayı artacaq.

Siyasi ekspertlər hesab edirlər ki, xalqla hakimiyyət arasında hansısa dialoq əsla baş tutan deyil. Erməni politoloq Armen Qasparyanın sözlərinə görə, hakimiyyət polisə və qoşunlara əmr verməkdən ibarət deyil: "Yəni ölkədə hakimiyyət olması, əmrlərin yerinə yetirilməsi üçün cəmiyyət iqtidara inanmalıdır. İndi bu inam yoxdur. Ermənistan baş naziri legitimliyini itirib. Onsuz da, onun legitimliyi yox idi. İndi o nə xarici siyasəti, nə də daxili siyasəti müəyyənləşdirə bilir”.

Politoloqun fikrincə, siyasi partiyalar vəziyyətdən sui-istifadə etməyə can atmaq əvəzinə böhrandan çıxış yolunu aramalıdır: "Problemin həlli N.Paşinyanın mövqeyində yox, cəmiyyətin konkret qərarlar qəbul etməsindədir. Cəmiyyət isə indiki hakimiyyətin iqtidardan getməsini tələb edir və bu hal Paşinyan komandasının durumunu daha da ağırlaşdırır”.


İttihamlar həm də baş nazirin həyat yoldaşına qarşıdır


Ermənistanın sabiq baş naziri Qrant Baqratyan ordunun cənub korpusunun Paşinyanın arvadına görə məğlub olduğunu bildirib. Bununla bağlı "4rd.am” saytına açıqlamasında o deyib ki, dövlətin hava hücumundan müdafiə sisteminin də etibarlı olmadığı üzə çıxıb.

Keçmiş baş nazir, həmçinin Ermənistan prezidenti Armen Sarkisyanı korrupsiyada və ölkənin mineral ehtiyatlarını qarət etməkdə günahlandırıb. Bundan əlavə, Q. Baqratyan Ermənistan prezidentinin xarici kəşfiyyatın gizli agenti olduğuna əminliyini bildirib. Q.Baqratyan Paşinyanın hakimiyyətdəki günlərinin bitdiyinə və onun qaçılmaz istefasının əvvəldən gözlənilən bir nəticə olduğuna inandığını da deyib.

"Daşnaksütyun” partiyasının təmsilçisi Lilit Qalstyan isə "Facebook” səhifəsində yazıb ki, Nikol Paşinyan nəinki Ermənistanın məğlubiyyətinin, həmçinin alçaldılmış dövlətçiliyinin rəmzidir.


İşğal siyasətinin nəticəsi olan kapitulyasiya


Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri və ölkə prezidentinin Qarabağ nizamlanması üzrə sabiq xüsusi nümayəndəsi (1994-1995-ci illər) David Şahnazaryan "Sputnik Ermənistan”a verdiyi müsahibəsində deyib ki, Nikol Paşinyanın baş nazir postunu tutduğu ilk gündən onun istefasını tələb edib. "Bütün bu müddət ərzində danışıqlar prosesinin hansı kontekstdə inkişaf etdiyi barədə ölkəmizin ictimaiyyətinə fasiləsiz olaraq məlumat verir, hansı daxili dəyişikliklərin baş verdiyini söyləyirdim. Güc strukturlarının məqsədyönlü şəkildə necə dağıdıldığını izah etməyə çalışırdım - özü də söhbət yalnız Milli Təhlükəsizlik Xidmətindən getmirdi. Söhbət həm hüquq mühafizə orqanlarından, həm də ordudan gedirdi. Dövlət mexanizmində baş verən qanunazidd proseslərdən danışırdım. Qarabağa gəlincə, Paşinyanın, hətta Serj Sarkisyanın vaxtilə imtina etdiyi nizamlama layihəsinə belə nail ola bilməyəcəyi artıq o zaman aydın idi”.

Şahnazaryanın sözlərinə görə, Paşinyan məqsədyönlü və ardıcıl olaraq elə siyasət aparıb ki, Azərbaycanın müharibəyə başlamaq üçün getdikcə daha çox bəhanəsi olub: "Əslində sonda elə onun da şahidi olduq. Başımıza gələnlər xalqımızın tarixində baş verən ən faciəli hadisədir”.

David Şahnazaryan müharibədəki səhvlərdən, ön xətlə bağlı yalan məlumatlar verilməsindən, döyüşlərə siyasi naşıların rəhbərlik etməsindən, texnika baxımından rəqibdən zəif olmalarından və bütün bunların sonda biabırçı məğlubiyyətə gətirdiyindən danışaraq bildirib ki, Yerevanda çox böyük etiraz aksiyalarının olacağını gözləyirmiş: "Mən düşünürdüm ki, Yerevan qaynayacaq. Amma yox. Bu baş vermədi... bu günlərdə tanışlarım məndən xahiş etdilər ki, nəticədə həqiqətən nə baş verdiyini aydın və ətraflı şəkildə izah edim. Dedim ki, artıq Şuşada muğam səslənir. Daha nə izah? Bu, həqiqətən, biabırçı kapitulyasiyadır, amma ən dəhşətlisi odur ki, Paşinyan və komandası hətta indi də hakimiyyətdən əl çəkmək istəmirlər. Sükanı əllərində saxlamağa çalışırlar. Siyasi təqiblər ara vermir”.


"Milli xain və onun marioneti”


Konstitusiya eksperti Qoar Meloyan "Facebook” səhifəsində yazıb ki, Azərbaycan 120-dən çox diplomat, hərbi attaşe və beynəlxalq təşkilatların əməkdaşlarının Füzuli şəhərinə səfərini təşkil edib. Azərbaycan hakimiyyətinin məqsədi ermənilər tərəfindən tamamilə dağıdılmış Füzuli şəhərini göstərmək və bizi təcavüzkar kimi təqdim etməkdir.

O vurğulayıb ki, Azərbaycan sonradan Ermənistandan 50 milyard dollarlıq zərərin əvəzinin ödənilməsini tələb etmək niyyətindədir: "Müharibə zamanı Azərbaycan hakimiyyəti Gəncə və Bərdə şəhərlərinə də analoji səfərlər təşkil edib. Bəs bizim iqtidar nə edir? Heç bir şey. Bu arada milli xain (Nikol Paşinyan - red.) və onun marioneti - milli kloun (Qarabağ separatçılarının lideri Araik Arutyunyan - red.) hökumət binasında görüşürlər”.

Göründüyü kimi, Ermənistanda siyasi vəziyyət ağır olaraq qalır. İşğal siyasətinin qurbanı olan bu ölkə indi öz mövcudiyyətinin ən ağır dövrünü yaşayır.

Elçin CƏFƏROV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video