24 Noyabr 2020 00:58
579
SİYASƏT
A- A+

Ermənistanın xilası hakimiyyətə sağlam qüvvələrin gəlməsindədir


Təbii ki, əgər varsa...


Müharibə ölkəmizin qələbəsi ilə başa çatdı. İndi Azərbaycan dinc quruculuq dövrünə başlayıb. Kəndli bol məhsul götürmək üçün əkin-biçin qayğısı ilə yaşayır, sənaye və digər istehsal sahələri müharibədən əvvəlki dövrdə olduğu kimi, ahəngdar işini bərpa edir, müvafiq qurumlar düşmənin viran qoyduğu torpaqları yenidən dirçəltmək üçün layihələr hazırlayır.

Artıq Füzuli-Şuşa magistral avtomobil yolunun salınmasına başlanılıb. Tərtərin işğaldan azad olunan Talış kəndinə də yol çəkilir. Suqovuşanda quruculuq-abadlıq işlərinə start verilib. Ölkənin 2021-ci ilin sosial-iqtisadi inkişafı üçün dövlət büdcəsi müzakirə üçün Milli Məclisə göndərilib. Bunlar Azərbaycanın bugünkü real mənzərəsidir.

Ermənistanda isə vəziyyət acınacaqlıdır. Düşmən ölkə uğradığı acı məğlubiyyətdən doğan isterikadan yaxasını qurtara bilmir. Siyasi çəkişmələr dövlət qurumlarına kütlə tərəfindən hücumlara, iqtidarın istefa tələbinə, xaotik duruma səbəb olub. Hazırda, demək olar ki, Ermənistan idarə edilmir. Çünki müxalifət üçün ölkələrinin məğlubiyyəti göydəndüşmə olub. Onlar iqtidardan qisas almaq üçün Ermənistanın taleyini sanki qumara qoyublar. Paşinyan iqtidarının müharibədə ağır məğlubiyyəti müxalifət üçün "at ölüb, itlərin bayramıdır” deməkdir. İndi Ermənistandakı siyasi qüvvələr yaranmış vəziyyətdən maksimum istifadə etməkdən ötrü hər cür rəzilliyə, xəyanətə hazırdır. Ölkənin düşdüyü bu acınacaqlı durum, ondan çıxış yolları müxalifəti qətiyyən maraqlandırmır. Təki iqtidardan qisas alsınlar. Bu da ermənilərin xislətinə xas olan keyfiyyətdir.

Onlar torpaqlarımızın işğalını da o dövrdə ölkəmizdəki siyasi böhrandan yararlanaraq həyata keçirmişdilər. İndi də həmin üsulu öz xalqı və dövlətinə qarşı tətbiq edirlər. Qısası, müxalifət Paşinyanın istefa tələbindən əl çəkənə oxşamır. Ancaq üzdəniraq baş nazir bununla qəti şəkildə razılaşmır. Bilir ki, indiki halda istefa onun siyasi və fiziki məhvini daha da sürətləndirəcək. Buna görə də axıradək hakimiyyətini qorumaq niyyətindədir.

Paşinyanın Qarabağda atəşkəs haqqında sənədi imzalaması ilə öz ölkəsinə xəyanət edib-etməməsi barədə məsələyə Rusiya Prezidenti Vladimir Putin "Rossiya-1” telekanalına verdiyi müsahibəsində aydınlıq gətirib. Rusiya dövlətinin başçısı açıq şəkildə bildirib ki, əgər Paşinyan bu sənədi imzalamasaydı, Ermənistanı daha böyük fəlakət gözləyirdi. Ən azından onun 25 min əsgər və zabiti ya məhv ediləcək, ya da əsir götürüləcəkdi. Ən maraqlısı isə telejurnalistin Ermənistandan bağlanan sazişin ləğvi barədə eşidilən çağırışlar haqqında verdiyi suala V.Putinin verdiyi cavabdır. Rusiyanın dövlət başçısı deyib ki, əgər onlar belə bir addım atarsa, bu, Ermənistanın intihar etməsi olar.

Rusiyanın nə dediyini, nə istədiyini nəzərə alan ermənilər, deyəsən, indi bir qədər "cızıqlarından çıxmaq istəyirlər”. Bu da onların düşdüyü isterika ilə bağlıdır. Hazırda işğalçı ölkədə üzünü Qərbə çevirən açıq və gizli siyasi qüvvələr fəallaşıb. İş o yerə çatıb ki, Ermənistandakı Rusiya hərbi bazasının çıxarılması tələbi səslənir. Bəziləri bir az da irəli gedərək Ermənistanın Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Təşkilatından çıxması barədə çağırışlar edirlər.

Bunu bacaracaqlarmı? İnanmaq olmur. Səbəb sadədir. Məlumdur ki, Ermənistanın müstəqilliyi formal xarakter daşıyır. Onun əksər strateji iqtisadi və infrastruktur obyektləri Rusiyaya məxsusdur. Ermənistanın hətta öz dövlət sərhədlərini qorumaq üçün canlı qüvvəsi və resursları yoxdur. Bu səbəbdən də onun sərhədlərini də Rusiya qoruyur.

İndi ABŞ və Fransa da Dağlıq Qarabağ münaqişəsinin həllindən kənarda qaldıqlarının qisasını almaq istəyirlər. Daha doğrusu, Cənubi Qafqazdakı maraqlarını qorumaq üçün məğlub Ermənistandan istifadə etməyə çalışırlar. Belə ki, bu münaqişədə Azərbaycanın istəyi ilə Türkiyə və Rusiya bölgəmizdə söz sahibi olub. ABŞ və Fransanı narahat edən başlıca məsələ isə Türkiyənin regionda mövqe nümayiş etdirməsi, Azərbaycanla yaxınlığıdır. Lakin döyüşdə qalib olduğumuz üçün artıq ABŞ və Fransanın bizə təsir imkanları minimumdur. Belə şəraitdə əgər Ermənistandakı siyasi qüvvələr ölkələrinin məlum bəyanatdan imtina etməsinə nail olarlarsa (bəri başdan deyək ki, bu ehtimal çox azdır), məğlub tərəf yenə də Ermənistan olacaq. Çünki Azərbaycanın öz milli maraqlarını qoruması üçün həm güclü siyasi iradəsi, həm də hərbi potensialı var.

Buna baxmayaraq, Azərbaycan istəyir ki, Ermənistanda daha rasional siyasi qüvvələr hakimiyyətə gəlsin (təbii ki, varsa), bölgəmizdə sülh və iqtisadi inkişaf üçün siyasi şərait yaransın. Prezident İlham Əliyev Ağdam rayonunun işğaldan azad olunması ilə bağlı xalqa etdiyi müraciətində bu barədə demişdir: "Hərbi məğlubiyyət, özü də belə biabırçı məğlubiyyət, əlbəttə ki, istənilən ölkədə təlatümə gətirib çıxara bilər. Ona görə yəqin ki, indi bu böhran da keçəndən sonra əgər Ermənistanda sağlam qüvvələr hakimiyyətə gələrsə, biz sağlam qüvvələrlə normal münasibətlər qurmağa hazırıq. Ancaq cəlladlarla, Azərbaycan xalqının qanını tökənlərlə bizim heç bir əlaqəmiz ola bilməz. Bunu hər kəs bilsin!”

Rüstəm KAMAL,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video