00:50 20 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
23:13 19.01.2021 Faktiki hava proqnozu
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Qələbəniz mübarək, Ali Baş Komandan!
ANA SƏHİFƏ / CƏMİYYƏT
00:54 24.11.2020


Bu məktubu cənab Ali Baş Komandan, sizə hansı minnətdarlıqla başlamaq barəsində çox düşündüm.

Siz xalqımızı 30 illik deyil, elə hesab edin ki, yüzillik bir töhmətdən, qınaqdan, məğlubiyyətdən xilas etdiniz! Buna görə də Sizə minnətdarlıq üçün söz tapmaqda çətinlik çəkirəm. Amma ana sözü, ana diləyi müqəddəsdir. Ona görə də Sizə əsgər anası kimi yazıram. Hər sözümü, kəlməmi minnətdarlıq kimi qəbul etsəydiniz, sevinərdim.

Cənab Ali Baş Komandan! Bizim ailə əslən Kəlbəcərdəndir. Qarabağın işğaldan azad edilməsində iştirak edən oğlum Cabbarov Əkbər Rəsul oglu 1992-ci il noyabr ayının 7-də Bakıda anadan olub. Xatırladım ki, onun doğum tarixi ilə əmisi Əkbər Cabbarovun şəhidlik zirvəsinə ucalması eyni vaxta təsadüf etdi. Ona görə də oğlum əmisinin adını daşıyır. Uşaqlıqdan vətənpərvərlik hissləri ilə böyüyən Əkbər həmişə deyirdi ki, darıxmayın, əmimin və bütün şəhidlərimizin qanını alacağıq, az qalıb.

Bu hiss ona sanki İlahidən gəlirdi.

Orta məktəbi çox yüksək qitymətlərlə oxuyan Əkbər elə həmin il Azərbaycan Texniki Universitetinə daxil olub, mühəndis ixisasına yiyələndi. Ali məktəbi əla bitirib hərbi xidmətə yollandı. Orta və ali məktəblərdəki fəallığı orada da özünü göstərdi. Buna görə də ona çavuş rütbəsi verdilər.

Birillik hərbi xidmətini də müvəffəqiyyətlə başa vurub qayıdan Əkbər ailə qurdu. Bütün bunlar onun Kəlbəcərə, ümumiyyətlə, Qarabağa doğru addımlarını yaxınlaşdıran hadisələr imiş.

Bu ilin yay aylarından ermənilərin Vətənimizə, cəbhə xəttindən xeyli uzaq yaşayış yerlərinə amansız və aramsız hücumları onu özündən çıxardırdı. Nəhayət, gözlədiyi gün gəlib çatdı. Sentyabrın 27-də düşmənin qarşısını almaq üçün əks-hücuma keçən ordumuzun müzəffər yürüşləri başlayan kimi Əkbər könüllü olaraq Vətənin müdafiəsinə qalxan döyüşçülərimizin yanına tələsdi.

Minlərlə Azərbaycan oğulları könüllü olaraq orduya yazılıb, döyüşlərə atıldığı bir vaxtda Əkbəri evdə saxlamaq mümkün deyildi. Axı, o, bu günü səbirsizliklə gözləyirdi. İlk vaxtlarda Cəbrayıl, Füzuli, Qubadlı, Xocavənd və Şuşadan xəbəri gəlirdi. Sonra eşitdik ki, Əkbər də Laçın yüksəkliklərinin alınmasında iştirak edib.

Bu gün Şuşada dalğalanan üçrəngli bayrağımızı televiziya ekranlarından görəndə bir döyüşçü anası kimi qürur duyuram. Bütün analar, bacılar belə yüksək hisslərlə yaşayır. Şuşanın əlbəyaxa döyüşlə alınması xəbərini eşitdik. Şuşa xalqımızın müqəddəs, mənəviyyat, mədəniyyət beşiyidir. Orada murdarların qanının tökülməməsi üçün canından keçən igid, ərən oğullarımızın qarşısında, başda Ali Baş Komandanımız İlham Əliyev olmaqla, baş əyirik! Belə igid oğullarla ancaq öyünmək, fəxr etmək azdır! Onlar rəşadətli tarix yazan qəhrəmanlardır!

Əkbər telefonla danışarkən qürur hissi ilə atasına bildirmişdi ki, başını dik tut, qisas alındı: "...Əmimin, o zaman döyüşlərdə şəhid olanlarımızın yarımçıq qalan işlərini layiqincə yerinə yetirdik. Şuşa da bizimdir, İnşallah, tezliklə, Kəlbəcərə də gedərik, həm də bu dəfə döyüşsüz, qan tökülmədən. Düşmən məğlubiyyətini qəbul edib, qaçırlar, həm də bilirsiz necə, vəhşi sürü kimi. Silah-sursatını da atıb gedirlər. Bu, bizim Ordumuzun qalibiyyətidir...”

Ali Baş Komandanımız, sizin xalqımıza bəxş etdiyiniz bu günlər ömür-günümüzü nurlandırdı, qocalar da özünü gümrah hiss elədi ki, doğma yurd yerlərimizə qayıda bilsinlər. Tanrı Sizi və Ordumuzu, xalqımızı, birliyimizi qorusun!

Aidə CABBAROVA,

Kəlbəcər rayonunun Almalıq kənd sakini, əsgər anası



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM