22 Noyabr 2020 02:06
3074
SİYASƏT
A- A+

Müharibə dövrünün uşaqları...


"Onlar döyüş meydanında bizim qarşımızda duruş gətirə bilmirlər və çalışırlar ki, bu acı məğlubiyyətin əvəzini dinc insanlardan çıxsınlar... Bu, qəsdən törədilmiş cinayətdir. Məhz mülki əhalinin yaşadığı yerləri məqsədyönlü şəkildə atəşə tutublar. Bildiyiniz kimi, çoxlu itkilərimiz var, yaralılarımız var, o cümlədən uşaqlar, qadınlar, qocalar. Bu, bir daha erməni faşizminin yırtıcı mahiyyətini göstərir. Bu, bir daha göstərir ki, biz erməni faşizminin belini qırmaqla bölgəmizi böyük bəladan, böyük faciədən xilas etmiş oluruq...”

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan


Çağıran Vətəndirsə, övladı mütləq səsinə səs verəcək. Hər dövrdə belə olub. İndi də belədir. Sentyabrın 27-dən bəri davam edən Vətən mübaribəsinin qəhrəmanları da onlar - gənc yaşlarında tarix yazan Azərbaycan igidləridir. Dar günündə Vətənin qeyrət qalasına dönüblər, namərd düşmənin qarşısına sipər çəkiblər.

Bir də bu günlərin - Vətən mübaribəsi dövrünün uşaqları var. Onların vətənpərvərliyini seyr etmək də ayrı bir qürur verir. Duyğularını anlamaq çətin deyil. Çünki hisslərini özlərinə, yaşlarına xas tərzlərdə göstərə bilirlər. "Dava-dava” oyununu bu günlərdə hər zamankından daha çox sevirlər. Hər biri əlinə silah alıb yağı düşməni qovmaq, torpaqlarımızı işğaldan azad edərək qəhrəman olmaq istəyir.

Oyundan yorulanda da fikirlərindən, xəyallarından cəbhədə gedən döyüşlər çıxmır. Böyük qardaşlarının, atalarının, əmilərinin, dayılarının qəhrəmanlıqlarından, azğın düşməni necə geri çəkilməyə məcbur etdiklərindən qürrələnə-qürrələnə danışırlar.

Ancaq aldıqları xəbərlərin hamısı sevindirici deyil. Ermənistan silahlı qüvvələri nəinki döyüş bölgələrində, hətta cəbhədən uzaq məsafələrdə yerləşən Gəncə, Bərdə, Beyləqan və digər ərazilərdə yaşayan mülki əhalini raket və ağır artilleriya hücumlarına məruz qoyur. Namərd düşmən Azərbaycanın dinc, günahsız vətəndaşlarını evlərində qətlə yetirir. Həlak olanlar arasında nəinki onların yaşıdları - uşaqlar, hətta onaylıq Narin də var. Körpə Narin oktyabrın 17-də ermənilərin törətdikləri ikinci Gəncə terrorunun qurbanı oldu.

Ermənilərin Gəncəyə atdıqları raket atəşi zamanı dağıntılar arasından xilas edilən yaralılar arasında uşaqlar da az deyil. Onlardan biri də Ömər Nəsirovdur. "Daşın altında qaldım. Qorxdum... Bu, heç vaxt yadımdan çıxmayacaq...”. Azyaşlı Ömərin söylədiyi bu sözlər nəinki onun özünün, heç bir azərbaycanlının yaddaşından silinməyəcək...

Xain düşmən zərbəsilə neçə-neçə ailəyə od düşdü, ocaqlar söndü. İnsanlar əzizlərini, doğmalarını itirdilər. Ermənistan ordusu neçə-neçə azərbaycanlı uşağı atasız, anasız, bacısız, qardaşsız, nənəsiz, babasız qoydu.

Oktyabrın 11-də Ermənistandan Gəncəyə atılan raket zərbəsindən dağılan binada yaşayan balaca Nilay da terror aktı baş verən gecə atası Adil Əliyevi, nənəsini itirdi. Həmin gecə yaralanmış anası Günay Əliyeva isə cəmi bir gün sonra xəstəxanada həyatla vidalaşmalı oldu.

Səkkiz yaşlı Hüseynlə on altı yaşlı bacısı Sevilin valideynləri - Anar və Nurçin Əliyevlər erməni faşistlərinin Gəncəyə atdıqları raket hücumu nəticəsində həlak oldular.

Erməni silahlı bölmələrinin oktyabrın 17-də gecə saatlarında Gəncə şəhərini raket atəşinə tutması nəticəsində xoşbəxt həyatları yarımçıq qalanlardan biri də Şahnəzərovlar ailəsi oldu. Ermənistan ərazisindən atılan raketin yaratdığı dağıntılar altından ailənin yalnız bir üzvü - 2017-ci il təvəllüdlü Xədicə Şahnəzərova sağ çıxarıldı. Azyaşlı qızın atası Röyal, anası Züleyxa və yaşyarımlıq bacısı Məryəm isə erməni terrorunun qurbanları oldular. O, dəhşətli günlərdə baş verənləri anlamayan üç yaşlı Xədicənin doğmalarını axtaran ürkək baxışları hər kəsi qəhərləndirdi.

Erməni işğalçıları bu uşaqları yalnız valideynsiz qoymadı, həm də onları ömrün qayğısız illəri adlandırdığımız uşaqlıq sevincindən məhrum etdi. Ancaq hər zamankı kimi yenə də qəddar düşmənin arzusu gözündə qalır. Ermənistan silahlı qüvvələrinin bütün bəşəri dəyərləri heçə sayaraq mülki əhalini hədəf seçmələri, günahsız insanları şəhid etmələri, yaralamaları Azərbaycan əhalisini qorxutmur. Erməni cinayətlərinin şahidi olan, əzizləri qətlə yetirilən bu uşaqları da həyatları boyu gözlərində, könüllərində daşıyacaqları nisgil daha da mətin, güclü edəcək. Çünki onlar mərd Azərbaycan xalqının övladlarıdırlar.

Bu gün ölkəmizin hər yerində uşaqların geyimlərinin üzərində, çantalarında, velosipedlərində Azərbaycan bayrağı daşıdıqlarını seyr etmək də bir başqa qürur mənbəyimizdir. Şübhəsiz, böyüklərindən öyrənirlər. Bu günlərdə Azərbaycan bayrağı Vətənə sevginin, cəbhədə döyüşən əsgərlərimizə dəstəyin və qələbəyə inamın simvoluna çevrilib.

Bu yaxınlarda İmişli rayonuna gedəndə gördüm. Yolboyu evlərin, hasarların, darvazaların üstündə vurulan üçrəngli bayrağımız dalğalandıqca elə gözəl mənzərə yaranır ki, baxmaqdan doymursan. Bir mənzərə də üzümüzdə təbəssüb, qəlbimizdə fəxr, fərəh yaradır. Kənd uşaqları velosipedlərinə Azərbaycan bayrağı vurmaqla kifayətlənməyiblər. Velosipedlərinin önünə bərkitdikləri kartonların üzərində "Qarabağ Azərbaycandır” yazıb, böyük bir nida qoyublar.

Məşhur "Bizim Cəbiş müəllim” filmində səslənən mahnı da bu günlərdə uşaqların dilinin əzbəri olub: "Çağırsa ellər gedərəm davaya”...

Böyük bacım danışır ki, İkinci Qarabağ müharibəsi yeni başlamışdı, bir gün qızımın uşaqları - Aynişanla Vəli hövlnak bizə gəldilər. "Nənə, bizə bayraq ver” dedilər. Aynişana bayraq verdim. Dərhal çantasına keçirib çiynindən aşırdı. Vəli bacısından kiçik olduğundan ona dedim ki, sənin çantana gücün çatmır, həm də sən dağınıqsan, bayrağı necə gəzdirəcəksən. Uşaq ağlamsındı: "Nənə, vallah mən bayrağa gözüm kimi baxacam” dedi.

Azərbaycanda bu gün doğma bayrağına gözü kimi baxan uşaqlar böyüyürlər. Gələcək onlarındır. Onlar Füzulisi, Ağdamı, Qubadlısı, Cəbrayılı, Zəngilanı, Laçını, Kəlbəcəri, Ağdərəsi, Xocavəndi, Xankəndi, Şuşası... ilə bütövləşən, daha da güclənən, qüdrətli Azərbaycanımızın gəncləri olacaqlar. Vaxt gələcək, bu uşaqlar İkinci Qarabağ müharibəsi barədə uşaqlıqda eşitdiklərindən danışacaqlar. Bu müharibə haqqında bəlkə də ən yaxşı əsəri yazacaq, ən təsirli filmləri, rəsmləri onlar çəkəcəklər. Və ümidimiz, inamımız və arzumuz budur ki, bu uşaqlar nəinki Azərbaycanda, bütün ölkələrdə sülhün, əmin-amanlığın bərqərar olduğu bir dünyada yaşaya bilsinlər.

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video