22 Noyabr 2020 01:47
719
SİYASƏT
A- A+

Vandalizmin son həddi


Gedirlər. Çünki Ermənistan silahlı qüvvələrinin otuz ilə yaxın işğal altında saxladıqları torpaqların əsl sahibləri geri qayıdır.

Amma gəldikləri kimi getmirlər. XX əsrin son onilliyində yurdlarını tərk etmək məcburiyyətində qoyduqları azərbaycanlılardan qurulu evlər qalmışdı. Sahibləri o evlərdən yalnız canlarını götürüb getməli olmuşdular. Yollarda da erməni silahlılarının təqibindən qurtula bilməmişdilər. Onlarca azərbaycanlını da o qaçhaqaçda şəhid etmişdilər. Sağ qalanlar gözlərinin önündə qətlə yetirilən doğmalarını, əzizlərini heç dəfn etməyə də imkan tapmamışdılar. Güllə yarası alanlar, soyuq, şaxtalı-boranlı havada yollarda donan, sağlamlıqlarını itirənlər də çox olmuşdu.


Vandallar təbiətə də aman vermirlər...


O vaxtlar - 1990-cı illərdə ermənilər işğal nəticəsində daxil olduqları kəndlərimizi, qəsəbələrimizi, şəhərlərimizi dağıdıb talan etdilər. Nəinki evlərimizdəki, hətta muzeylərimizdə saxlanılan qiymətli əşyaları yağmaladılar. Ancaq ermənilər o yerlərə doğmalaşa bilmədilər. Çünki o yerlər tarixi Azərbaycan torpaqlarıdır. Heç ruhlar şəhəri də buna imkan vermədi. Odur ki, cəhənnəmə çevirdikləri cənnət guşəmizdə duruş gətirə bilmədilər. Ermənistan dövləti özü belə nə burada qurduğu qondarma respublikaya, nə də Azərbaycan torpaqlarını əbədi işğal altında saxlaya biləcəyinə inandı. İnansaydı, otuz ilə yaxın müddəti silahlanmağa, istehkamlar qurmağa deyil, az da olsa qurub-yaratmağa sərf edərdi.

Bu illər ərzində Ermənistanın təşvişi, xofu heç bitmədi. Amma xülyalarından da əl çəkmədi. İşğal etdiyi Azərbaycan torpaqlarına nəinki Ermənistandan, hətta digər ölkələrdən də ermənilərin köçüb gəlmələrinə, burada məskunlaşmalarına səy göstərdi. İndi isə həmin ermənilər zəbt etdikləri Azərbaycan torpaqlarını, azərbaycanlıların evlərini tərk edirlər. Və... gəldikləri kimi getmirlər.

Azərbaycanlılar 1990-cı illərdə evlərindən yalnız əyinlərindəki paltarla çıxdılar. Gedəndə evlərinə od vurub yandırmadılar. Çünki bu yerlərdə əcdadları ömür sürmüşdü. Uluları kimi sağ ikən yaşayış, ölərkən də məzar yerləri kimi baxdıqları yurdun köksünə dağ çəkməyə, yandırmağa qıymadılar. Evlərindən çıxarkən qıfılladıqları qapılarının açarlarını otuz ilə yaxındır saxlayan azərbaycanlılar var. Ancaq artıq o açarların açacağı qapılar qalmayıb. Ermənilər talan ediblər, apardıqlarını aparıb, apara bilmədiklərini yandırıblar.

O zaman azərbaycanlılar "yağılara qalmasın” deyib nəinki evlərini yandırdılar, həm də indi ermənilərin od vurduqları meşələrin də bir çöpünə qıymadılar. Apara bilmədikləri mal-qaralarına belə acıdılar. Son dəfə toyuq-cücələrinin dənini, suyunu, mal-qaralarının yemini verdilər. Hinlərinin, tövlələrinin qapısını açıq qoydular. İtlərini zəncirdən açıb buraxdılar. "Heyvanlar yazıqdır, acından ölməsin” dedilər.


Məktəbi yandıran erməni "məktəb direktoru”


İndi işğalçı ermənilər torpaqlarımızı tərk edərkən nəinki evlərə, təbiətə, dilsiz-ağızsız heyvanlara belə aman vermirlər. Apara bilmədikləri mal-qaranı tələf edirlər.

Ermənilərin gedərkən də əl çəkmədikləri insanlığa yaraşmayan hərəkətlərini, qəddarlıqlarını, vəhşiliklərini əks etdirən kadrları bütün dünya təəccüblə seyr edir. İşğalçılar isə torpaqlarımızı tərk edərkən də heç nədən çəkinmirlər.

Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış razılaşmaya uyğun olaraq işğal etdikləri torpaqlarımızdan getməli olan erməni işğalçıları bütün yaşayış və inzibati binaları məhv edirlər. Ermənistan KİV-in isə heç utanmadan verdiyi məlumatlardan biri də Azərbaycanın işğaldan azad edilcək Kəlbəcər rayonunda bir məktəb direktorunun rayonu tərk edərkən tədris binasını yandırmasıdır.

Məsələyə Azərbaycan Respublikası Təhsil naziri Emin Əmrullayev münasibət bildirib. O, qeyd edib ki, Kəlbəcərdə qanunsuz məskunlaşdırılmış ermənilərin köçürülməsi zamanı direktorun məktəbi nümayişkaranə şəkildə yandırması təəssüf doğurur və bu, vandalizmdir. Nazir diqqətə çatdırıb ki, bütün bu hallar nazirlik tərəfindən sənədləşdirilir və müvafiq kanallarla beynəlxalq təşkilatlara çatdırılır. Emin Əmrullayev vurğulayıb ki, ermənilər ərazilərimizi işğal edən zaman oranı tərk edən azərbaycanlılar məktəbə, eləcə də digər infrastruktura toxunmamışdı: "İndi isə işğal altında olmuş Cəbrayılda, Füzulidə, Qubadlıda bütün infrastruktur yerlə-yeksan edilib”.

Nazir təəssüflə qeyd edib ki, Azərbaycanda 10 nəfər şagird düşmən tərəfindən atılan raket hücumları nəticəsində həlak olub: "Müharibə dövründə 340 min şagirdin təhsil aldığı məktəblər risk zonasına daxil olduğundan orada təhsilin təşkili, ümumiyyətlə, mümkün olmayıb. Düşmənin atdığı raket zərbələrindən 50 məktəb bu və ya digər dərəcədə zərər görüb. Bəzi məktəblər isə ümumiyyətlə, yararsız hala düşüb”.

Azərbaycan əsgəri yalnız döyüş meydanında düşmənə layiq olduğu cavabı verib. Ermənistan silahlı qüvvələri isə məktəbləri, evləri hədəf almaqdan, uşaqları qətlə yetirməkdən heç vaxt çəkinməyib. Şübhəsiz, onların bu qeyri-insani davranışlarında məktəb binasını yandırmağa qadir olan həmin o erməni məktəb direktoru kimi müəllimlərinin böyük rolu var.

Sadə olduğu qədər də dərin bir həqiqət mövcuddur. Əsl müəllim şagirdlərinə yalnız savad vermir, elm öyrətmir, həm də nəsillər yetişdirir, tərbiyə edir. Müəllim şagirdləri üçün insanlıq nümunəsi olmalıdır. Bizə müəllimlərimiz başqalarının vətənini işğal etməyi, qocasını, qadınını, uşağını öldürməyi, ümumiyyətlə, düşmən belə olsa döyüşçü olmayanın canına qəsd etməyi, təbiətə zərər vurmağı, talançılığı öyrətməyiblər. Müəllim adını şərəflə daşıdıqları, şagirdlərinə ləyaqətli olmağı öyrətdikləri üçün onlara hörmət və rəğbətimiz sonsuzdur.


Tarixin yaddaşında hər kəs öz əməlləri ilə qalacaq


Bunu da unutmaq olmaz. Tarixin yaddaşı güclüdür. Hər kəs öz əməlləri ilə xatırlanacaq. Kəlbəcərdə işğal nəticəsində zəbt etdikləri yerləri tərk edərkən məktəb binasını yandıran erməni direktorun bəd əməli isə yalnız özünə deyil, həm də hər zaman xalqına utanc gətirəcək. Təəssüf ki, bunu hələ də dərk etmək iqtidarında deyillər.

Hazırda Azərbaycan hökuməti işğaldan azad edilən bütün bölgələrdə Ermənistanın vurduğu zərəri hesablayır və yenidənqurma çərçivəsində tədbirlər görülür. Bununla yanaşı, ərazilər mina və partlamamış mərmilərdən təmizlənir.

İşğaldan azad edilən doğma yurdlarını uzun illər sonra yenidən görənlər kədərli mənzərələrlə qarşılaşırlar... Evlərindən geriyə yalnız uçulub dağılmış daşları qalıb. Buna baxmayaraq özlərini xoşbəxt hiss edirlər. Çünki o yurd yerlərini yenidən abad görəcəkləri, orada ömür sürəcəkləri günlər uzaqda deyil.

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video