21 Noyabr 2020 01:06
2182
SİYASƏT
A- A+

Həsrətin sonu varmış


Bu həsrətə Ali Baş Komandan İlham Əliyev son qoydu


Ağdam da azad edildi!

Şanlı Azərbaycan Ordusu tərəfindən!

İlham Əliyevin rəhbərliyi ilə!

Nə yaxşı ki, Ağdamı döyüşərək azad etdik!

ATƏT-in Minsk qrupu "sülh yolu ilə” onu bizə qaytarmadı!

Belədə Ağdam uğrunda vuruşaraq həlak olan oğullarımızın ruhu narahat olardı!

Heç bilirsiniz Ağdamda necə oğullar itirmişik?

Ürəyinin hökmü ilə respublikanın hər yerindən könüllü olaraq gəlmiş, doğma Azərbaycanımızın coğrafiyasını əks etdirən igid, nər oğullar!

Biz ağdamlılar onların hamısını öz ağdamlımız hesab edirik, xatirələrini əziz tuturuq, heç zaman unutmuruq və unutmayacağıq da!

Düşmən torpaqlarımıza soxulanda Ağdam Qarabağın qeyri-rəsmi mərkəzinə çevrilmişdi.

Azərbaycanın nəbzi burada döyünürdü!

Əsl Azərbaycanın, vətənpərvər Azərbaycanın!

O biri Azərbaycanın, siyasiləşmiş, "Xalq Cəbhəsi”ndə birləşsə də, xalqın düşmənə qarşı müharibə cəbhəsində iştirak etməyən Azərbaycanın yox!

Onları hakimiyyət düşündürürdü, vəzifə ehtirası idarə edirdi!

İşğal olunmuş torpaqlar isə belələrinə ölkə rəhbərliyinə qarşı mübarizədə, onu hakimiyyətdən kənarlaşdırmaqda gərək idi!

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi hərbi müstəviyə keçəndə, silahlandırılmış düşmən torpaqlarımıza hücuma başlayanda "Həyat” və "Azərbaycan” qəzetinin Qarabağ bölgəsi üzrə xüsusi müxbiri - hərbi müxbiri olmuşam.

O zaman nə internet vardı, nə də email poçt. Yazılarımızı ya kiminləsə Bakıya göndərər, ya da özümüz gətirərdik.

Bir ayağımız paytaxtda, biri bölgədə olardı. Odur ki, paytaxtda və döyüş cəbhəsində vəziyyəti şəxsən müşahidə edib öyrənmək, müqayisəli şəkildə təhlil etmək imkanımız vardı.

Yekun qənaət isə daim belə olardı: Bakının müharibədən xəbəri yoxdur!

Qarabağda qanlı döyüşlər gedir, paytaxtda isə hakimiyyət uğrunda mübarizə!

İqtidara gələndən sonra müxtəlif partiyalara parçalanan AXC Bakıda "ikinci cəbhə” açmaqla əsl xəyanət yolu tutmuşdu.

1992-ci ildə Parlament çevrilişi edərək hətta Laçını və Şuşanı müdafiə etməli olan zirehli texnikanı, döyüşçüləri Bakıya gətirərək müdafiəni zəiflətmişdilər. Düşmən isə belə vəziyyətdən dərhal istifadə edirdi.

Əslində müharibə dövlət səviyyəsində aparılmırdı: nə ordu yaradılmışdı, nə də lazım olan silah-sursat vardı!

Xalq öz gücü, öz vəsaiti hesabına könüllü özünümüdafiə dəstələri yaradırdı. Müxtəlif adlar daşıyan belə hərbi birləşmələr şəxsi igidliyə və şücaətə arxalanır, adətən bir-birləri ilə əlaqəli şəkildə hərəkət etmir, vahid komandanlığa tabe olmurdular.

Silah, sursat, ərzaq təchizatı sistemi hərbin tələblərinə uyğun deyildi.

Ancaq ozamankı ölkə başçıları müdafiəni təşkil etmədiklərindən, öz haylarına qaldıqlarından başqa çarə yox idi.

Ağdamın sayılıb-seçilən, sözü keçən igid oğlanlarının təşəbbüsü ilə müxtəlif könüllü özünümüdafiə dəstələri yaradılmışdı. Sonralar bu işə yeni yaradılan Müdafiə Nazirliyi də qoşuldu. Rayonun yaşayış məntəqlərini müxtəlif istiqamətlərdən aşağıdakı dəstələr qoruyurdu:

Milli Qəhrəman Şirin Mirzəyevin komandiri olduğu 836 nömrəli özünümüdafiə alayı;

Milli Qəhrəman Allahverdi Bağırovun özünümüdafiə batalyonu;

Milli Qəhrəman Asif Məhərrəmovun (Fred Asif - B.S.) özünümüdafiə batalyonu;

Yaqub Rzayevin (Qatır Məmməd) özünümüdafiə batalyonu;

Ərşad Nadirovun "Kötəl” batalyonu;

Ədalət Zeynalovun "Qıyaslı” batalyonu;

Həsən Sarıyevin komandiri olduğu Papravənd rotası və başqaları uzun müddət Ağdamın müdafiəsində dayandılar.

Lakin düşmənin nizami ordu hissələrinin mövcudluğu, daha üstün silahlar və texnika ilə təmin edilməsi, AXC - Müsavat cütlüyünün ölkəni vətəndaş müharibəsinə sürükləməsi, igid oğul və batalyonların vahid ordu şəklində birləşdirilməməsi acınacaqlı nəticəsini verdi.

Göstərilən kütləvi qəhrəmanlıqlara, verilən çoxsaylı şəhidlərə baxmayaraq, Ağdamı qoruyub saxlamaq mümkün olmadı!

Batalyon komandirlərinin bir qismi isə xəyanət əməlləri nəticəsində şəhid oldu! Qeyd edək ki, Qarabağ müharibəsi dövründə ölkə üzrə verilən iyirmi min şəhidin altı minə yaxını Ağdamın payına düşür.

Ölkədəki hərki-hərkilik və sahibsizlik üzündən çəkilən bütün əziyyətlərə, verilən qurbanlara baxmayaraq, müharibədə mühüm strateji mövqeyə malik Ağdam düşmən əlinə keçdi və beləliklə, 27 illik ayrılıq, həsrət, torpaq dərdi qövr etməyə başladı.

Havadarlarının köməyi ilə hücuma keçən düşmən 23 iyul 1993-cü ildə Ağdamı ələ keçirdi.

Həmin vaxtlarda yazdığım və "Azərbaycan” qəzetinin 28 iyul 1993-cü il tarixli nömrəsində dərc olunmuş "Müharibə ya qeyrətlə udular, ya siyasətlə” adlı yazımdan bir parçanı xatırladıram:

"Düşmən Ağdama çoxdan dişini qıcatmışdı. Lakin beşillik müharibə dövründə Ağdamın qazandığı təcrübə, coğrafi mövqeyi elə idi ki, onu digər rayonlar kimi "bir həmləyə almaq” olmazdı. Həm də Ağdam Qarabağ uğrunda (əslində isə "Böyük Ermənistan”ın yaradılması yolunda) müharibədə sonuncu və həlledici nöqtə olduğundan məqam gözləmək, geniş hazırlıq görmək lazım idi. Şuşa, Laçın, Kəlbəcər alınandan, Ağdərə qaytarılandan sonra növbə Ağdama çatmışdı. "Gəncə əməliyyatı” nəticəsində (Surət Hüseynovun məlum qiyamı - B.S.) respublikada yaranan gərgin vəziyyət isə əsl məqam idi.

Ermənistan Rusiyadan aldığı bütün silahı və zirehli texnikanı, habelə güclü təlim keçmiş külli miqdarda canlı qüvvəni Ağdamın üzərinə göndərmiş, hücum əməliyyatı diqqətlə hazırlanmışdı. "Gəncə əməliyyatı” ərəfəsində döyüş texnikası və canlı qüvvənin Gəncəyə və Bakıya göndərilməsindən istifadə edən düşmən mühüm strateji yüksəklikləri ələ keçirərək orada möhkəmlənmişdi. 24 kənd alındıqdan sonra mühasirə vəziyyətinə düşən Ağdam şəhərinin müdafiəçiləri qaçmaq və təslim olmaq niyyətində deyildilər. Ağdam 40 gün döyüşdü, 40 gün müdafiə olundu. Şəhərə saysız-hesabsız top və "Qrad” mərmiləri yağdırılsa da, müxtəlif növ silahlardan fasiləsiz atəşə tutulsa da, hətta dinc sakinlər oranı tərk etmir, kömək gələcəyinə, Ağdamın saxlanılacağına ümidlərini itirmirdilər! Heyhat! Rafaellinin (ATƏT-in o zaman fəaliyyətdə olan sədri - B.S.)gəlib-getməsi də ermənini ağıllandırmadı!

Ağdamın da düşmən əlinə keçməsi, yandırılıb-dağıdılması "bizim apardığımız” müharibənin qanuni və məntiqi yekunudur.

Müharibə ya qeyrətlə udular, ya siyasətlə!”

***

Biz Ağdamdan çıxanda abad şəhər, kənd və qəsəbələr, işlək vəziyyətdə olan fabrik, zavod, müəssisələr, barlı-bəhərli bağlar, üzüm plantasiyaları, içi zəruri əşyalarla dolu evlər, mənzillər qoymuşduq.

İndi isə xatabalıqlara, dağıdılıb viranə qalmış, bayquşlar ulayan məkana qayıtdıq.

Ağdamın erməni faşistləri tərəfindən xarabazara çevrilməsini bilirdim. Ara-sıra sosial şəbəkələrə sızan şəkil və video çəkilişlərini görmüşdüm. Dostlarımın, qohumlarımın Google vasitəsilə Ağdamdakı xaraba qoyulmuş evlərini tapıb baxdıqlarından da xəbərdardım. Dəfələrlə mənə internet vasitəsilə ruhlar şəhərinə çevrilmiş Ağdama baxmağı tövsiyə də etmişdilər. Amma heç vaxt ürəyim gəlməmişdi, baxa bilməmişdim və baxmırdım! Düşünürdüm ki, düşmən nə etməlidir, xüsusən faşist xislətli düşmən?! Həm də istəyirdim ki, Ağdam yadımda əvvəlki kimi, abad, yaraşıqlı, döyüşkən, yağıya toy tutan şəhər tək qalsın!

***

Erməni hər şeyi öz xislətinə, murdar mahiyyətinə uyğun dəyişmişdir.

Bizə heç zaman unutmayacağımız və unudulması mümkün olmayan yaralar vurub qaçmışdır.

Bəli, biz güclü, arxalı-köməkli düşmən qarşısında doğma yurd-yuvamızı məcburən tərk etmişdik.

O dövrün ən varlı, ən abad yaşayış məntəqələrindən sayılan Ağdamı boşaltmışdıq.

Çünki zəif idik, nə ordumuz vardı, nə rəhbərimiz, nə də sərkərdəmiz!

İndi isə cənab İlham Əliyevin simasında məğrur sərkərdə və müdrik rəhbəri olan qüdrətli ordu ilə geri qayıtdıq!

Dağıdılmış, xarabalıqlara çevrilmiş, tanınmaz vəziyyətə düşmüş Ağdama qədəm qoyduq!

Düşmən arxasına baxmadan qaçırdı!

Çünki onu İlham Əliyev Qarabağdan iti qovan kimi qovurdu!

***

Uzun sürən ayrılıqdan, doğma el-oba həsrətindən sonra, nəhayət, biz Ağdama qayıtdıq!

Əsl həqiqət budur ki, bizi Ali Baş Komandan İlham Əliyev Ağdama qaytardı!

Açıq desək, çoxumuz "Biz tezliklə doğma yurda qayıdacağıq” söyləsək də, əslində qayıdışa ümidimizi tamamilə üzmüşdük.

Bu, İlham Əliyev möcüzəsi oldu!

Həm də bu möcüzəni Prezidentimiz ölkəyə rəhbərlik etdiyi 17 ildə yaratmış, bizi qələbəyə, qayıdışa addım-addım yaxınlaşdırmışdı!

Həmin möcüzəli addımlar hansılardır:

Dövlətin gücü onun büdcəsi, maliyyə imkanları ilə ölçülür.

* Ən əvvəl, İlham Əliyev uğurlu daxili və xarici siyasəti, həyat vəsiqəsi verdiyi transmilli layihələri hesabına Azərbaycana çoxlu pul qazandırdı.

* Elə həmin siyasətlə də dostlarımızın, sıx əməkdaşlıq etdiyimiz ölkələrin sayını artırdı.

* Güclü ordu qurdu, qazanılan vəsait və dostlar hesabına Azərbaycan Ordusunu ən yeni silahlarla təchiz etdi.

* Ordumuz ən yeni, hədəfi dəqiq vuran silahlarla, müasir taktiki variantlardan istifadə etməklə hərbi əməliyyatlar aparmağı da öyrəndi.

* Ermənistanın küçədən hakimiyyətə gəlmiş baş naziri Paşinyanın naşı hərəkətlərindən, məsuliyyətsiz bəyanatlarından onun öz əleyhinə məharətlə istifadə etdi.

* Beynəlxalq qurum və təşkilatlarla sıx və səmərəli əməkdaşlıq etdi, BMT-nin tribunasından bacarıqla bəhrələndi.

* Qabaqcadan informasiya müharibəsinə hazırlaşaraq bu sahədəki uğuru da təmin etdi.

* Şəxsən özü dünya informasiya məkanında Azərbaycanın haqq işinin təbliği və Paşinyanın ifşası ilə bağlı intensiv və səmərəli fəaliyyət göstərdi.

* Ənənəvi müttəfiqlərinin Ermənistanı açıq-aşkar dəstəkləməsinin, kömək göstərməsinin qarşısını irəlicədən aldı.

* Türkiyə və Azərbaycan dostluğunu, qardaşlığını indiyədək olmamış səviyyəyə yüksəltdi.

* İldırım sürətli əks-hücum əməliyyatı ilə düşməni tar-mar etdi!

Beləliklə, Prezident İlham Əliyev Azərbaycan tarixinin yeni, ən şərəfli səhifəsini yazdı!

***

Ağdam aran Qarabağın qapısıdır.

Bu qapı həm də Dağlıq Qarabağa açılır.

Ağdamın geriyə qaytarılması müharibənin həlledici mərhələsi, strateji uğurudur!

Qarabağa qayıdışın, torpaqların işğaldan azad edilməsinin banisi və müəllifi isə məhz cənab İlham Əliyevdir!

Qədirbilən xalqımız bunu heç zaman unutmayacaq!

Ümidləri çiçəkləndirdiyinə, doğma yurda dönüşü təmin etdiyinə görə ağdamlılar da Ali Baş Komandana qəlbən minnətdardırlar!

Səni min yaşa, Ali Baş Komandanım!

Qələbən mübarək, mənim Prezidentim!

Gözün aydın, Azərbaycanım!

Qarabağ Azərbaycandır!


Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video