20 Noyabr 2020 01:06
1635
SİYASƏT
A- A+

İlham Əliyev Ermənistanı cəzalandıraraq işğala son qoydu


Məğlub edilmiş düşmən Azərbaycanın şərtlərini yerinə yetirməyə məhkumdur


Ərazi bütövlüyünün bərpası məsələsi torpaqları işğala məruz qalmış dövlətlər üçün tarixboyu ən müqəddəs vəzifələrdən biri olub. Bu vəzifənin yerinə yetirilməsi dövləti qaliblər sırasına çıxarıb, onun xalqını daha məğrur edib. Belə bir qürur doğuran taleyi indi Azərbaycan yaşayır. Ermənistanın işğalına son qoyaraq ərazi bütövlüyünü təmin edən xalqımız son 200 illik tarixinin ən şərəfli səhifələrini yazır.


İşğalçı kapitulyasiya aktına imza atmağa məcbur edildi


44 gün davam edən Vətən müharibəsi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yenilməz iradəsi və ordumuzun qəhrəmanlığı sayəsində Qələbə ilə başa çatdı. Noyabrın 10-da imzalanan üçtərəfli bəyanatla işğalçı Ermənistan kapitulyasiyaya, təslim olmağa məcbur edildi, ölkəmizin ərazi bütövlüyü tam təmin olundu. Azərbaycan müharibənin əvvəlcədən sülhə məcburetmə əməliyyatı olduğunu, qan tökmək və torpaq qəsb etmək məqsədi güdmədiyini bildirirdi. Məğlubiyyət bəyanatının Ermənistan tərəfindən imzalanması isə sülhə məcburetmə əməliyyatının uğurla bitməsinin təsdiqi oldu. "Mən münaqişənin və İkinci Qarabağ müharibəsinin əvvəlində demişdim, bu gün də bunu böyük qürur hissi ilə bir daha deyirəm ki, məsələnin hərbi-siyasi həll yolları var idi və Azərbaycan bunu döyüş meydanında sübut edib. Biz düşməni məcbur etdik ki, kapitulyasiya aktına imza atsın və beləliklə, bizim bugünə qədər işğal altında qalan Ağdam, Laçın və Kəlbəcər rayonları da yaxın günlərdə Azərbaycana qayıdır”, - deyə Prezident İlham Əliyev Füzuli rayonuna səfəri zamanı bununla bağlı bildirib.

Qeyd edək ki, Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin bəyanatı ordumuzun zəfər yürüşü nəticəsində yaranmış reallığa tam uyğundur və Ermənistanın kapitulyasiyanın rəsmi-hüquqi təsdiqidir. Beləliklə, Azərbaycan xalqı 30 ildən bəri gözlədiyi böyük Qələbənin sevincini yaşayır. İlham Əliyevin Ali Baş Komandanlığı ilə Azərbaycan Ordusunun 30 illik işğala son qoyaraq torpaqlarımızı azad etməsi dövlətçilik tariximizi qürurlandırdı, hər birimizə intizarında olduğumuz qələbənin sevincini yaşatdı. Eyni zamanda haqq davamızın nəticəsi olan bu qələbə xalqımızı daha da bütövləşdirdi, daha da mübariz etdi, milli həmrəyliyimizi gücləndirdi. 44 günlük müqəddəs savaş dövlətimizin və xalqımızın iftixar ünvanına çevrildi. Bu gün böyükdən kiçiyə qədər hər kəs vəzifəsindən, əqidəsindən, sosial statusundan asılı olmayaraq hər bir azərbaycanlı özünü daha vüqarlı, daha mətin hiss edir. Çünki artıq biz qalib bir xalqın nümayəndələri olmağımızla, torpaqlarımızı hünər meydanında azad etməyimizlə fəxr edirik, öyünürük, qürurlanırıq.


Güclü Azərbaycanın qarşısında Ermənistan heç vaxt duruş gətirə bilməz


Bu qələbə istər Azərbaycan, istər Ermənistanla bağlı həqiqətlərə yeni işıq saldı. Azərbaycanla bağlı həqiqət ilk növbədə ölkəmizin hərbi qüdrəti ilə bağlıdır. 44 gündə Azərbaycan Ordusu özünün möhtəşəm qələbələri ilə dünya hərb tarixinə yeni şanlı səhifələr yazdı. Silahlı Qüvvələrimizin kompleks inkişafı və modernləşdirilməsi ilə bağlı son 17 ildə İlham Əliyevin xüsusi diqqəti altında həyata keçirilən hərbi siyasətin səmərəliliyi döyüş meydanında təcəssümünü tapdı. Hərbi əməliyyatların aparıldığı 1 ay 10 günlük müddət göstərir ki, Azərbaycan Ordusu mümkün olmayanı etməyə qadirdir.

Düşmənin uzun illər ərzində qurduğu, keçilməz hesab edilən müdafiə xətləri ilk andan yarıldı. Ümumiyyətlə, Azərbaycan Ordusu bu savaşda müasir döyüşlərin aparılmasının nümunəsini yaratdı.

Ermənistana gəldikdə, ikinci Qarabağ müharibəsi ilk gündən göstərdi ki, bu işğalçı dövlət Azərbaycanla hərb meydanında mübarizə aparmağa qadir deyil. Bu savaş təsdiqlədi ki, işğal siyasətinin qurbanı olan Ermənistan 30 il əvvəl necə idisə, elə də qalıb və inkişaf baxımından bir addım belə addımlaya bilməyib. Bütün dünya gördü ki, Ermənistanın məğlubedilməz ordusunun olması barədə deyilənlər tamamilə əfsanə imiş. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Ermənistanın məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi ilk gündən dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi.

44 gündə Ermənistanın baş naziri N.Paşinyan xilas olmaq üçün hər gün ayrı-ayrı dövlət başçılarına yalvarmaqla məşğul oldu. Ermənistanın ardıcıl təxribatlarını dayandırmaq üçün Azərbaycanın həyata keçirdiyi əks-hücum həmlələrindən narahat olan Fransa ciddi-cəhdlərlə bu prosesi dayandırmağa çalışdı. Prezident Makronun Rusiya, ABŞ rəhbərliyi ilə təmaslarının, ardıcıl olaraq Azərbaycan Prezidentinə zənglər etməsinin məqsədi də Ermənistanı tam iflasdan qurtarmaq idi. Təsadüfi deyil ki, sonda Fransa XİN öz simasını tam ifşa edərək açıq ermənipərəst bəyanat da yaydı. Lakin heç nə Azərbaycanı öz yolundan döndərə bilmədi və ordumuz Qarabağın incisi Şuşaya qədər gedib işğalda olan torpaqlarımızı azad edərək öz vəzifəsini yerinə yetirdi. Həmin günlərdə Prezident İlham Əliyev bütün siyasi təzyiqlərin qarşısını aldı, dünya erməniliyinin ölkəmizə qarşı diplomatik cəbhə yaratmasına imkan vermədi. Fransadan və digər ölkələrdən Ermənistana silah daşınması ilə əlaqədar çoxsaylı faktlar var idi, ancaq müxtəlif kanallarla bütün siyasi təzyiqlərə və Ermənistana olan hərbi yardımlara baxmayaraq, Azərbaycan Prezidenti ölkəmizin diktə etdiyi şərtlərlə münaqişəni həll etdi.

İndi Ermənistanın daxilindəki hazırkı biabırçı mənzərə və gərgin vəziyyət, Paşinyana qarşı artan etirazlar, bununla müqayisədə Azərbaycan xalqının əhvali-ruhiyyəsi, bayram sevinci kimin qalib, kimin isə məğlub olduğunu aydın şəkildə nümayiş etdirir. Bu baxımdan Prezident İlham Əliyev bu qələbə ilə kimin kim olduğunu bütün dünyaya göstərdi. İlham Əliyev sübut etdi ki, güclü Azərbaycanın qarşısında Ermənistan heç vaxt duruş gətirə bilməz. Eyni zamanda heç bir qüvvə Azərbaycanın iradəsinə təsir göstərə bilməz.


Bu qələbə ilə yeni reallıq yarandı


Azərbaycanın işğal olunmuş ərazilərini güc yolu ilə azad etməsi Dağlıq Qarabağ problemi ətrafında da tamamilə yeni reallıq formalaşdırıb. Münaqişənin müxtəlif həlli variantlarının və onların prinsiplərinin müzakirəsi artıq arxada qalıb. Danışıqlar prosesində Ermənistanın yerinə yetirməli olduğu şərtlər vardı. Lakin ATƏT-in Minsk qrupu onlara əməl etməyi işğalçıdan tələb etmirdi. 44 gün davam edən müharibənin nəticəsi olaraq Azərbaycan güc yolu ilə həmin şərtləri təmin etdi. Danışıqlar prosesində Azərbaycan Şuşaya yaxın buraxılmırdı. Lakin rəşadətli ordumuz qədim yurd yerimiz, mənəvi paytaxtımız Şuşanı azad etməklə Ermənistanın işğalçı siyasətini, sərsəm tələblərini darmadağın etdi.

Yeni reallıq ondan ibarətdir ki, Azərbaycan ərazi bütövlüyünü təmin etdi və Ermənistanın Dağlıq Qarabağın statusu ilə bağlı bütün planlarının üstündən xətt çəkildi. Bütün dünya gördü ki, separatçı rejimlərə və işğal siyasətinə necə son qoyulur və beləliklə, 30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi. Məlum olduğu kimi, danışıqlar prosesinin müxtəlif mərhələlərində müzakirə olunan razılaşma variantları var idi. Lakin indi hansısa razılaşmadan söhbət belə gedə bilməz və bütün şərtləri Azərbaycan diktə edir. Bir mühüm məsələni də qeyd edək ki, xalqımızın bu qələbəsi ilə həm də Naxçıvan blokadadan azad olunur. Belə ki, ilk dəfə olaraq Azərbaycanın əsas hissəsinin Ermənistan ərazisindən qısa yolla Naxçıvanla əlaqəsi yaradılacaq ki, bu da respublikamızın Qələbə nəticəsində düşməni məcbur etməsinin mühüm nəticəsidir.

Artıq Ermənistanın Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratlarını təyinetmə ilə əlaqədar bütün iddiaları qüvvədən düşüb. Dağlıq Qarabağla bağlı bütün tənzimlənmələr yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü prinsipləri çərçivəsində həll ediləcək. İndi bütün şərtləri İlham Əliyev diktə edir. Məğlub Ermənistan isə bu şərtləri yerinə yetirməyə məhkumdur.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video