20 Noyabr 2020 00:54
5161
SİYASƏT
A- A+

Şuşa Qarabağın baş tacıdır


Şuşa 28 il yarım işğal altında idi. Şuşanın Azərbaycan tarixində xüsusi yeri vardır.


Bu, bizim qədim, tarixi şəhərimizdir. Əsrlərboyu azərbaycanlılar Şuşada yaşayıb, qurub, yaradıb. Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir... Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır.

İlham ƏLİYEV


Gözəl Şuşanın işğaldan azad olunmasından günlər keçsə də, o anların sevinci o qədər böyük, qüruru elə misilsiz idi ki, bunu ifadə etməkdə çətinlik çəkirsən. O anlarda bütün məmləkət bu fəxarətdə birləşmişdi. Hamı şuşalı idi, bir-birinə gözaydınlığı verir, "Şuşa, azadlığın mübarək!” deyirdi...

2020-ci ilin 8 noyabrı - Müzəffər Azərbaycan Ordusunun ulu yurdun qədim şəhərlərindən biri, Qarabağımızın baş tacı Şuşanı erməni işğalçılarından azad etdiyi gün bizim - bu böyük tarixi günün şahidlərinin yaddaşına beləcə, bayram əhvali-ruhiyyəsi ilə köçür. Şuşanın təcavüzkarların əllərindən xilası xəbəri hər bir azərbaycanlıya könül rahatlığı gətirir. Otuz ilə yaxın işğal altında qalan torpaqlarımızın hər qarışı - kəndi, qəsəbəsi, rayonu, şəhəri, dağı, dərəsi, təpəsi, yamacı azad edildikcə bu hissləri yaşadıq. Qürurlandıq, sevindik və kövrəldik.

Şuşaya gəlincə, Prezident İlham Əliyev Türkiyənin "A Haber” televiziya kanalına müsahibəsində demişdi: "İşğal edilmiş torpaqların hər bir qarışı, hər bir şəhər bizim üçün doğmadır, əzizdir. Mənim üçün hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə müqayisədə eynidir, bərabərdir. Ancaq siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar”.

Alınmaz qala sayılan bu şəhərin işğaldan azad edilməsilə düşmənin İkinci Qarabağ müharibəsində məğlub olduğunu etiraf etməkdən başqa çarəsi qalmadı.

Qədim və gözəl Şuşa işğalda qaldıqca onların - bu şəhərin təməlini qoyan, onu sevən, abadlaşdıran, adını göylərə ucaldan, yolunda canından keçən insanların ruhu rahatlıq tapmadı. Amma indi o narahat ruhlar da sevinir.

O şəhərin hər daşı, bənzərsiz memarlıq abidəsi olan hər tikilisi Azərbaycan tarixinin bir hissəsidir. Tarixinə nəzər salaq. Bünövrəsi 1752-ci ildə Qarabağ hökmdarı Pənahəli xan tərəfindən qoyulub. Elə bu səbəbdən bu şəhər ilk çağlarda Şuşa ilə yanaşı, xanın şərəfinə Pənahabad da adlandırılıb. İşğaladək Şuşanın - Seyidli, Culfalar, Quyuluq, Çuxur məhəllə, Dörd çinar, Dördlər qurdu, Hacı Yusifli, Çöl qala, Qurdlar, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçilər, Hamamqabağı, Merdinli və Təzə məhəllə adlandırılan 17 məhəlləsi vardı.

Şuşa adının mənşəyi haqqında müxtəlif fikirlər irəli sürülüb. Eramızın II əsrində yaşamış qədim Roma tarixçisi Tasit Korneli Qafqaz ərazisində dondar türk tayfasına məxsus Sosu (latın dilində "ş” səsi yoxdur) şəhərinin olması haqqında məlumat verib. Xalq əfsanəsinə görə, bu yerlərin havası büllur kimi saf və şəfalı olduğu üçün onu "Şuşa” (şüşə) adlandırıblar.

Bəzi mənbələrə görə, "Şuşa” sözü Azərbaycanda skiflərə məxsus olduğu ehtimal olunur. Sözdə birinci "ş” səsi sonrakı "s” səsini öz məxrəcinə salmışdır (assimilyasiya) və "Şuşa” deyimi alınıb. Mənbələrdə Şuşa şəhərinin adı türk tayfaları və türk sözləri ilə izah olunur. Şiş qayalarla əhatə oluduğu üçün bəzən "Şişə” də deyilib. Tədqiqatların bəziləri isə Şuşa sözünü türk dilində mənasını "uc”, "yüksək” olan "şiş” komponenti ilə əlaqələndirirlər. Bəzi tədqiqatçılar da Şuşa adının qədim türk sərkərdəsi Şunun (e. ə. 344-334) - Makedoniyalı İsgəndərlə vuruşan səxsin tikdirdiyi "Su” qalası ilə eyniliyini, Şumer (şu+er) adı ilə səsləşdiyini qeyd ediblər.

Qarabağ hökmdarı Pənahəli xan ərazini düşmənlərdən qorumaq məqsədilə tədbirlər görüb. Xanlığın ən strateji mövqelərində müdafiə qurğularının tikintisinə başladıb. 1748-ci ildə Bayat Qalası, 1752-ci ildə isə Şahbulaq qalası tikilib.

Şuşa qalası Pənahəli xanın müharibələr zamanı əhalinin sığınıb müdafiə olunması üçün daha etibarlı, üç tərəfi keçilməz sıldırım qayalarla əhatə olunmuş əlçatmaz dağ yaylasında yeni bir qala ucaltmaq qərarı ilə inşa olunub. Həmin qalaya əvvəlcə öz banisinin adı ilə "Pənahabad” adı verilib.

Feodal ara müharibələri dövründə qala dəfələrlə ağır sınaqlarla üzləşdi. Bu qalaya hücum edən Məhəmməd Həsən xan Qacar, Fətəli xan Əfşar, Ağa Məhəmməd şah Qacar onu ala bilməyiblər.

XVIII əsrdə Azərbaycanın ən mühüm şəhərlərindən birinə çevrilib Şuşa. Böyük, güclü sədlə əhatələnib, sənətkar məhəllələri salınıb. Şuşalı tacirlər İran və Rusiya şəhərləri ilə ticarət əlaqələri qurublar. Burada Pənahabadi adlanan gümüş sikkə də zərb edilib.

XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrilib. Şuşanı "Kiçik Paris”, "Qafqazın sənət məbədi”, "Azərbaycan musiqisinin beşiyi”, "Zaqafqaziyanın konservatoriyası” adlandırıblar. XX əsrdən başlayaraq burada peşəkar musiqi təhsili daha geniş sahələri əhatə edib. Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin misilsiz əməyi nəticəsində peşəkar musiqi təhsilinin bünövrəsi qoyulub.

Tarixin müxtəlif dönəmlərində Şuşanın başı çox müsibətlər çəkib. 1905, 1920 və 1992-ci illərdə Şuşa üç dəfə yandırılıb. Qarabağın göz bəbəyi Şuşa şəhəri 1992-ci il mayın 8-də erməni hərbi birləşmələri tərəfindən işğal edilib. Şuşanın işğalı nəticəsində şəhərdə 195 nəfər azərbaycanlı xüsusi amansızlıqla qətlə yetirilib, 165 nəfər yaralanıb, onlardan 150 nəfəri əlil olub, 552 körpə valideynlərini itirib. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə hələ də məlumat yoxdur. 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün həyatı yaşamalı olub.

Erməni vandalları azərbaycanlıların tarixi izlərini silmək üçün hər vasitəyə əl atdılar. 600-ə yaxın tarixi memarlıq abidəsini, həmçinin Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər ağa məscidini, Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə yeksan etdilər. 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evini, 22 klubunu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, eləcə də Şuşa Tarix Muzeyini, Azərbaycan Xalça Muzeyinin filialını və xalq tətbiqi sənəti muzeyini, Qarabağ dövlət tarix muzeyini, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtdılar, nadir sənət incilərini taladılar, məhv etdilər. Şəhərin tarixi muzeyinin 5 minədək eksponatını, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyi Şuşa filialı, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək əşyası, xatirə muzeylərinin fondları qarət olundu.

Ancaq Şuşanı iyirmi səkkiz il işğal altında saxlayan erməni işğalçıları heç zaman rahat olmadılar. Çünki bilirdilər ki, bu yerlərin, bu qədim yaşayış məskənlərinin əsl sahibləri bir gün gələcəklər. Şuşa üçün həmin gün 8 noyabr 2020-ci il oldu. Şəhər Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan qurtuldu.

1993-cü ildən başlayaraq hər il mayın 9-da ermənilər Şuşada özlərinin saxta "Qələbə bayramı”nı qeyd edirdilər. Daha erməni təqvimində elə bir gün olmayacaq.

İyirmi səkkiz ilin qürurumuzu əzən qəm yükünü atdıq könlümüzdən. Beləcə, böyük tarixi günlərin şahidi olduq. Təqvimizə yeni əlamətdar günlərdən biri də Şuşanın işğaldan azad edildiyi gün yazıldı.

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video