19 Noyabr 2020 00:43
3460
SİYASƏT
A- A+

QALİB SƏRKƏRDƏ


Bu gün Qarabağda əsgərinə əmr verən Komandan İlham Əliyevdir!


İlham Əliyevin və xanımının Ermənistanın rəsmi təslimindən cəmi 6 gün sonra Qarabağa - işğaldan azad edilmiş torpaqlara səfəri, şübhəsiz ki, yalnız hərbi kontekstdə dəyərləndirilə bilməz. O, Ali Baş Komandan statusunda hərbi-strateji məntəqələrə baxış keçirtdi, Prezident kimi bu bölgədə aparılacaq quruculuq-bərpa işlərinin ilk istiqamətlərini müəyyənləşdirdi.

Ən əsası isə LİDER olaraq öz şəxsində bütün dünyaya Azərbaycanın tam qələbəsini birbaşa Qarabağdan nümayiş etdirdi.


Xudafərində Zəfər bayrağı


İlham Əliyevin timsalında hər bir azərbaycanlının mübariz əhvali-ruhiyyəsi, xoş ovqatı, zəfər sevinci də bu səfər müddətinin hər bir məqamında görünürdü.

Bayrağımız bir daha enməmək əminliyi ilə Rəhbərin öz əlilə ucaldıldı!

İlham Əliyev bayraq ucaltdığı hər bir məkanda "Qarabağ Azərbaycandır!” çağırışının növbəti nidalarını qoydu!

Ali Baş Komandanın sərhədləri yenidən cızılan cəbhə xəttinin ən öndə yerləşən məntəqələrinə gəlişi Bakıdan Yerevanadək, həmsədr ölkələrin üç paytaxtından dünyanın ən nüfuzlu KİV-inə qədər geniş rezonans doğurdu. Bu, təbii idi.

Çünki Baş Sərkərdə Azərbaycanın şücaət zirvəsinə gəlmişdi. Və buradan təcavüzkara, onun havadarlarına, eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesinə dəxli olan bütün beynəlxalq dairələrə ən sərt mesajını göndərdi, həm də son hərbi üstünlüyü daha da genişləndirməyə qadir olduğunu göstərdi.

Ölkə rəhbərinin və birinci xanımın ön səngərdə olmaları həm də qələbənin təntənəsi idi!

Bu səfərin psixoloji təəssüratları da əhəmiyyətlidir. Ali Baş Komandan hərbi gərginliyin, əslində, heç azalmadığı indiki dövrdə böyük risqə baxmayaraq, düşmənin birbaşa hədəf zərbəsi altında olan məntəqələrə getdi və açıq görüşlər keçirdi.

Bu mübarizlik və mərdlik nümunəsi cəbhə xəttində yaşayan əhaliyə və işğaldan azad olunan məntəqələrə gəlməyə hazırlaşan insanlara, həmçinin Silahlı Qüvvələrimizin şəxsi heyətinə olduqca böyük ruh yüksəkliyi bəxş etdi, onlarda özünə əminlik hissini möhkəmləndirdi.

Eyni zamanda bu ərazilərə nəzarətin birmənalı Azərbaycana məxsusluğunu, dövlət və xalq olaraq torpaqlarımıza birdəfəlik qayıtdığımızı növbəti dəfə təsdiq etdi.

Əsgər arxasında qüdrətli Sərkərdənin, vətəndaş yanında güclü dövlətin, məğlub düşmən isə qarşısında onu tam zərərsizləşdirməyə qadir müzəffər Azərbaycanın olduğunu bir daha gördü!

Ali Baş Komandan qətiyyətli əsgər və zabitlərinin hərbi şücaətlərini məğrurluqla qeyd etdi!

Prezident vətəndaşlarının onu və siyasətini birmənalı dəstəklədiklərini, Qarabağa məhz onun sayəsində geri döndüklərinə görə minnətdarlığını tam aydınlığı ilə müşahidə etdi!

Lider böyük fədakarlıqla qurduğu qüdrətli və möhtəşəm dövlətin Qarabağdan daha əzəmətli görünən nailiyyətlərini məmnunluqla seyr etdi!

İlham Əliyevin şəxsi cəsarəti, mərdliyi timsalında bütünlüklə Azərbaycan övladlarının qəhrəmanlığı, igidliyi və vətənpərvərliyi təcəssüm etdi!


İlham Əliyev Paşinyana indi onun öz evində - Ermənistanda qalib gəlir


Prezidentin və xanımının keçirdikləri görüşlərdə emosional məqamlar, vətəndaşlarla rəsmiyyətdən çox uzaq olan mehriban ünsiyyət, yüksək səmimiyyət ovqatı, duyğusallıq xüsusi nəzərə çarpırdı.

Mehriban xanım Əliyevanın telefonla etdiyi çəkilişlərdə İlham Əliyevin yol boyu rastlarına çıxan ərazilərə, düşmənin xarabalığa çevirdiyi kəndlərə, qürur rəmzlərimiz olan tarixi məkanlara həssas reaksiyası, bəzən qüssəli, çox vaxt qəzəbli münasibəti, ancaq ən əsası sabaha inam aşılayan sözləri hər birimizin qələbə ovqatını birəmin artırdı.

Ali Baş Komandan ilə Birinci vitse-prezidentin azad edilən Qarabağda çiyin-çiyinə dayanmalarının qürurverici mənzərəsi şərəflə məsuliyyətin bir-birini tamamladığı anlar idi...

Ali Baş Komandanın məğrur görkəmi, əsgər və zabitlərimizin müzəffər duruşu qalib Azərbaycan Ordusunun ən bariz hərbi təcəssümü, səmimi ictimai görüntüsü, dəqiq siyasi mənası, yüksək psixoloji effekti idi...

Erməni təxribatları nəticəsində meydana gələn hərbi gərginliyi Silahlı Qüvvələrimizin hərbi üstünlüyünə, nəticədə isə böyük zəfərə çevirmək təcrübəsinin müəllifi olan Prezident Qarabağın artıq Azərbaycanın - İlham Əliyevin nəzəratində olduğunu göstərirdi.

Ermənistanı, onun rəhbərliyini uzun illərdir beynəlxalq miqyasda, informasiya cəbhəsində mütləq uğursuzluğa salan, bölgənin iqtisadi xəritəsindən silən, bütün qlobal layihələrdən təcrid edən İlham Əliyev artıq təcavüzkarı döyüş meydanından da qovaraq, onu təslimçilik aktı imzalamağa məcbur etdi.

Artıq Qarabağda əsgərinə əmr verən Komandan İlham Əliyevdir!

Amma görünən odur ki, İlham Əliyev bununla da kifayətlənən deyil!

Prezident cəbhə bölgəsində verdiyi açıqlamalarda son savaşı "Xeyirlə Şərin mübarizəsi” kimi dəyərləndirdi və şərin nəhayət ki, məhv edildiyini bildirdi. Xüsusi vurğuladı ki, Ermənistan əhalisi indi Azərbaycanın 1992-ci ildəki durumunu yaşayır.

"Bizim erməni xalqı ilə işimiz yoxdur. Mən bu 44 gün ərzində çoxsaylı müsahibələrimdə demişəm, onlar bizim vətəndaşlarımızdır və onlar görəcəklər ki, Azərbaycan rəhbərliyi altında onlar yaxşı yaşayacaqlar, onlar kriminal, qorxaq xunta rejimindən öz yaxasını qurtarmalıdırlar” - İlham Əliyevin bu müraciəti əslində, erməni xalqına veriləcək ən yaxşı, ən düzgün məsləhətdir!

Azərbaycan Prezidenti bölgədə, Qarabağda sülh yaranmasa, Ermənistanın iflasının, məhvinin daha da tezləşəcəyi faktını əsas götürür və erməni xalqına bu yeni hərbi-siyasi reallıqdan dərs almasını tövsiyə edir. İlham Əliyevin bu yanaşması artıq Yerevanda geniş əks-səda yaradıb və bu qənaətlə tam razılaşan ermənilərin sayı durmadan artır.

İlham Əliyev öz həqiqətləri, düzgün yanaşmaları ilə Ermənistanın ictimai fikrində mifləri dağıdıb və proses günü-gündən daha geniş miqyas alır!

İlham Əliyev erməni cəmiyyətində uzun onilliklər dəyişməyən vahid "miatsum” düşüncəsinə alternativ fikrin səslənməsinə rəvac verib və xalqı "Qarabağa birləşək” utopik-mümkünsüz ideyadan ayrılaraq, konkret xilas təklifləri üzərində düşünməyə yönləndirib!

Artıq ermənilər Koçaryan-Sarkisyan-Paşinyan üçlüyünün "əbədi savaş - əbədi səfalət” siyasətinin iflasını anlayaraq, ondan kütləvi şəkildə üz döndərir və öz gələcəkləri üçün İlham Əliyevin "Qarabağda sülh - Qafqazda inkişaf - erməni xalqının rifahı” təklifini dəstəkləyirlər!

İlham Əliyev Paşinyana indi onun öz evində - Ermənistanda qalib gəlir!..


Tezliklə Qarabağda abadlıq, quruculuq, inkişaf başlayacaq


Prezidentin işğaldan azad edilmiş bölgələrdə etdiyi açıqlamaların əksəriyyəti bu ərazilərin bərpası mövzusunda idi. Onun təbirincə desək, "sanki bu torpaqlardan vəhşi bir qəbilə keçib”. Bu ərazilərdə nəinki normal bir bina, heç daşı daş üstündə olan yarımtikili də qalmayıb.

İlham Əliyev o xarabalıqların üzərində dayanaraq məğrurcasına bəyanat verdi: tezliklə bütün Qarabağda abadlıq, quruculuq, inkişaf başlayacaq!

Ali Baş Komandan 4 il öncə Lələtəpədəki səngərdən "tezliklə bayrağımız Şuşada, Qarabağda dalğalanacaq” deyərkən nə qədər inamlı və əzmli idisə, indi də bu dağıntıların tezliklə gülüstana çevriləcəyini söyləyəndə bəlkə də daha artıq əmin və arxayın idi!

Prezidentin söylədiklərindən aydın oldu ki, işğaldan azad edilən bölgələrin bərpa-quruculuğu xüsusi dövlət siyasəti əsasında reallaşacaq. Öncə düşmən tərəfindən vurulmuş ziyan beynəlxalq ekspertlərin iştirakı ilə dəqiq hesablanacaq. Sonra ərazinin dəqiq uçotu aparılacaq. Azərbaycan və xarici mütəxəssislər yeni şəhərsalma planı əsasında bütün yaşayış məntəqələrinin, infrastrukturun, ekologiyanın bərpası üzrə konkret layihələr hazırlayacaqlar. Hər bir şəhər üçün xüsusi baş plan tərtib ediləcək, burada inzibati və ictimai binalar, məktəblər, tibb ocaqları, küçələr, parklar, xiyabanlar, hətta Qələbə abidələri nəzərə alınacaq. Beləliklə, bərpa-yenidənqurma işlərinə başlanılacaq. Qısa müddətdə zərərçəkmiş bütün insanlar dövlət dəstəyi hesabına öz dədə-baba torpaqlarına qayıdacaqlar.

İlham Əliyev bu mövzuya da nidasını qoydu: "Hamısını icra edəcəyik, hamısını! Necə ki, torpaqlarımızı qaytardıq, düşməni məhv etdik, bu üçrəngli bayrağımızı ucaltdıq, bütün qalan məsələləri də həll edəcəyik”.

"Qarabağ Azərbaycandır!” - bəyanatının Soçidən Xudafərinədək şərəfli taleyi, zəfər yolu oldu...

İlham Əliyev bu ifadəni səsləndirdikdən 13 ay sonra onun əsgəri bu milli şüarı Şuşadan car çəkdi...

Sabah Ağdam "Qarabağ Azərbaycandır!” deyəcək...

Ardınca Kəlbəcər, Laçın "Qarabağ Azərbaycandır!” hayqıracaq...

Bütün millət və məmləkət isə böyük şükranlıq və əbədi minnətdarlıqla hər zaman deyəcək:

Qalib Azərbaycandır!

Qarabağ Azərbaycandır!..


İxtiyar HÜSEYNLİ,
"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video