18 Noyabr 2020 01:55
2829
SİYASƏT
A- A+

Müzəffər sərkərdənin Qarabağa qalibiyyət səfəri


Bu son bahar yurdumuza bir başqa gözəllik, bir başqa bar-bərəkətlə qədəm qoydu. Al-əlvan rəngli zəfərləri, göylərdən süzülən nur yağışı xalqımın taleyinə naxış saldı. Bu payızda hər tərəfdən buram-buram vətən qoxusu gəldi, üçrəngli məğrur bayrağım Kiçik Qafqazın şah zirvələrində dalğalandıqca coşan rüzgarlar bütün Azərbaycan elinə Qarabağın azadlıq, qələbə müjdəsini yaydı!

Göydə şimşək kimi çaxıb, ildırım tək kükrəyərək "sən ey yağı düşmən, diz çök önümüzdə, yurdumun məğrur aslanları gəlir!” deyə yeri-göyü titrədəcək sədalar eşidildi.

Bəli, düz 30 illik həsrətdən, qubardan, nisgildən sonra Qarabağın tutqun üzü açıldı, başındakı duman avazıdı, çən-çiskini dağıldı...

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuz, qəhrəman əsgərlərimiz müqəddəs torpaqlarımızdan düşmənin murdar ayağını kəsib atdı. Bütün elimizə, obamıza qələbə ərməğan etdi, yurdundan didərgin düşən yüz minlərlə vətəndaşımızın Vətən yarasına məlhəm çəkdi, yurda qayıdış ümidlərini dirçəltdi.

Və qalib Ali Baş Komandan İlham Əliyev düşmən caynağından azad edilən vətən torpaqlarına müzəffər sərkərdə kimi qədəm qoydu...


Düşmən Qarabağı qəlbimizdən söküb atmaq istəmişdi


Mənfur düşmən bu illər ərzində nə məkrlər düşünmüş, nələri planlaşdırmamışdı ki... Hətta adı belə hansısa xalqdan oğurluq olan bu kiçik tayfa xəstə xülyalara qapılaraq zəbt etdiyi torpaqlarımızda əbədi qalmaq arzusunda olmuşdu. Elə bilmişdi ki, insanlığa xas olmayan hərəkətləri, vəhşilikləri ilə Şuşanı, Laçını, Kəlbəcəri, Ağdamı, ümumiyyətlə, Qarabağı xalqımızın qəlbindən söküb ata biləcək. Buna görə idi ki, işğal etdiyi bütün yurdlarımızı viran eləmiş, daşı daş üstündə qoymamışdı. Təbiətimizə qənim kəsilmiş, çaylarımızı qurutmuş, meşələrimizi yandırmış, qiymətli ağaclarımızı kəsib məhv etmişdi.

Bu illər ərzində yeraltı-yerüstü bütün sərvətlərimizi talayaraq qəsb etmiş, maddi-mədəni abidələrimizə yiyə durmağa çalışmışdılar. Doğma torpaqlarımızda Azərbaycan xalqından heç bir nişanə qalmaması üçün ağlagəlməz vəhşiliklərə əl atmışdılar.

Azərbaycan xalqının bir daha bu yurdlara dönməyəcəyini sanmışdılar...


Daşına, torpağına qurban olum, ana Vətən!


Amma yanılmışdılar, cılız ağılları ilə anlaya bilməmişdilər ki, Qarabağ Azərbaycandır! Bu torpağın suyu-torpağı ilə yoğrulan xalqımın qəlbindən Qarabağ sevdasını yox etmək mümkün deyil və heç bir zaman dilimi bu hökmə qabil deyil, hətta 30 illik uzun bir ayrılıq olsa belə. Azərbaycan Ordusunun bir-bir azad etdiyi yurdlarımızın çəkiliş kadrlarına baxdıqca, o viranə qalan yurdlarımızı gördükcə bir ağızdan "can” dedik, "daşına, torpağına qurban olum, yaralı yurdum, tezliklə yaralarına məlhəm olmağa gələcəyik”, "səni dardan qurtardıq, indi abadlaşdırmağa, yenidən cənnət-məkana çevirməyə gələcəyik” söylədik.

Dağılan məscidlərimizdən ucalan azan səsini eşitdikcə ruhumuz şad oldu, ümidlərimiz, arzularımız dirçəldi, qollarımıza qüvvət gəldi. Şuşada, Gövhər ağa məscidində sıra-sıra düzülüb dua edən igid əsgərlərimizə qoşulduq, "şükür sənə, İlahi, bizə Qarabağımızın azadlığını görməyi nəsib etdin” deyib əl açdıq göylərə.

Hələ 2016-cı ildə yağı tapdağından azad edilmiş Cocuq Mərcanlı kəndində Şuşa məscidinin bənzəri olan məscid tikilmişdi. Bu müqəddəs ocağın inşası ilə işğalçı Ermənistana və beynəlxalq aləmə həm də mesaj verilmişdi, işarə edilmişdi ki, gün gələcək, Şuşadakı məscid də bərpa ediləcək və oradan ucalan azan səsi Qarabağımızda, bütün Azərbaycanda əks-səda verəcək.

Bütün bu arzularımızın bir andaca çin olması, öləziyən ümidlərimiz müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti sayəsində həyata keçdi. Dövlət başçısı indi xoşbəxtliyini yaşadığımız bu günlərin şah memarı oldu, bizə qalibiyyət, qələbə sevinci bəxş etdi. Vətəni, xalqı qarşısında götürdüyü bütün öhdəlikləri yenə də layiqincə yerinə yetirdi, söz verdiyi kimi, yüz minlərlə məcburi köçkünün vətən həsrətinə son qoydu...


Ali Baş Komandan cənnət Qarabağın mələyi Cəbrayıldan salamladı bizi


Müzəffər Ali Baş Komandan doğma Qarabağımıza qalib sərkərdə kimi qədəm qoydu. Ali Baş Komandan məğrur Füzuli yurduna qonaq oldu, cənnət Qarabağın mələyi Cəbrayıldan salamladı bizi.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində oldular, min illərin şahidi Xudafərin körpüsünə baş çəkdilər.

Dövlət başçısı və birinci xanım bu ərazilərdə yolboyu mənfur ermənilərin yurdumuza qarşı necə vəhşiliklər, vandallıqlar törətdiklərinə bir daha şahidlik etdilər, bu dəhşətli mənzərələrə təəssüf hissi ilə baxdılar. Sükan arxasında belə bu faşist xislətli varlıqlara qarşı qəzəbini boğa bilməyən cənab Prezident söylədi ki, bütün dünya bunu görüb bilsin ki, biz hansı yaramaz düşmənlə üz-üzəyik: "Baxın, baxın Cəbrayıl şəhərini nə günə salıb mənfur düşmən. Bütün dünya bunu görsün, görsün və bilsin, hansı yaramaz düşmənlə biz üz-üzəyik. Bütün binaları dağıdıblar, talan ediblər. Onların məqsədi var idi ki, heç vaxt bundan sonra burada azərbaycanlı insanlar yaşamasınlar. Yaşayacağıq, əbədi yaşayacağıq! Hamısını bərpa edəcəyik, hamısını. Baxın nə günə qoyub. 30 il ərzində bu barədə hansısa bir beynəlxalq qurum bir məsələ qaldırıbmı? Burada monitorinq aparılıbmı? İndi bütün dünya görəcək. nə günə salıblar Cəbrayıl şəhərini”

Ali Baş Komandan elə Cəbrayıldan bu vəhşilikləri törədənlərin tezliklə beynəlxalq məhkəmələrdə cavab verəcəklərini bəyan etdi.


"Biz qayıtmışıq”


Onu da vurğulamalıyıq ki, Azərbaycan illər boyu erməni vandallarının xalqımıza qarşı törətdikləri vəhşiliklərə baxmayaraq, öz humanist mövqeyindən heç zaman əl çəkməyib. Elə Kəlbəcəri boşaltmaları üçün onlara daha 10 gün möhlət verilməsi də insanpərvərliyin, humanizmin ən bariz nümunəsidir. Bəs qarşılığında nə görürük? Erməni vandalları Kəlbəcərdə meşələri yandırır, ağacları kəsib Ermənistana daşıyır, evlərə od vurur, alban məbədlərini talan edirlər. Bütün dünya da görür ki, onlar yenə də öz çirkin əməllərindən əl çəkmirlər, ya da çəkə bilmirlər, "qozbeli qəbir düzəldər”.

Amma onların Kəlbəcərdə törətdikləri bu iyrənc əməllərə də göz yumulmayacaq, törətdikləri vəhşiliklərə görə cavab verəcəklər.

Qarabağa zəfər səfəri edən qalib Ali Baş Komandan da Kəlbəcərdə ermənilərin törətdikləri yanğınların cavabının veriləcəyini dedi: "Mən demişəm, bir daha demək istəyirəm, beynəlxalq qurumlar, ekspertlər gələcək, bütün ziyan hesablanacaq, 30 il ərzində bizə vurulmuş zərər nəzərə alınacaq və onlara qarşı təzminat iddiası qaldırılacaq. Bugünlərdə Kəlbəcəri dağıdan, meşələri qıran, binaları, məktəbləri yandıran düşmən onun da cavabını verəcək. Onlar düşünürdülər ki, bu dağıntılardan sonra heç vaxt Azərbaycan əhalisi bura qayıtmayacaq. O məqsədlə buraları dağıdıblar. Amma səhv ediblər. Biz qayıtmışıq, durmuşuq burda, öz doğma torpaqlarımızda, Cəbrayıl şəhərində. Bütün buraları yenidən bərpa edəcəyik”.


İlham Əliyev bir daha bəyan etdi: "Qarabağ Azərbaycandır!”


Nə xoşdur Qarabağın səmalarında məğrur Azərbaycan qartallarının süzməyini seyr etmək. Necə bəxtəvərlikdir Xudafərin körpüsünə igid vətən övladlarımızın yol almasına tamaşa etmək. Sanki bu payızdan elimizə bahar nəfəsi yayıldı, yaz ətri səpildi. 30 illik Qarabağ həsrətimizə son qoyuldu.

Cəmi bir neçə ay əvvələ qədər röyalarımızın bəzəyi, ümidlərimizin zirvəsi olan bu arzuları cənab Ali Baş Komandan İlham Əliyev düşmənin başına endirdiyi bir yumruğunun zərbəsi ilə həyata keçirdi.

Müzəffər sərkərdəmiz işğaldan azad edilən doğma torpaqlarımıza, Cəbrayıla, Füzuliyə qalibiyyət səfəri edərək bir daha qorxaq düşmənə bəyan etdi ki, Qarabağ Azərbaycandır!

Qələbə günündən 8 gün və Ermənistanın kapitulyasiya aktını imzalamasından 6 gün keçəndən sonra Ali Baş Komandan Füzuli-Şuşa avtomobil yolunun çəkilişinə göstəriş verməklə bu haqq nidasını tezliklə Şuşadan, Laçından Kəlbəcərdən, Ağdamdan və digər Qarabağ torpaqlarından bütün dünyaya bəyan edəcəyi barədə xoş müjdə verdi...

Yasəmən MUSAYEVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video