Alternative content

16:55 26 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Vətən mənim üçün Böyük Mərcanlıdan başlayır
Vətən mənim üçün Böyük Mərcanlıdan başlayır
ANA SƏHİFƏ / CƏMİYYƏT
01:31 30.10.2020


Əli Həsənovun indi yeganə arzusu azad edilmiş kəndində ata ocağının işığını yandırmaq, yurdunu abad etmək, valideynlərinin narahat ruhlarını qovuşdurmaqdır


Həyatının ən ağır, ən çətin günlərini yaşayırdı... Dünyaya göz açdığı, böyüdüyü doğma kəndi, rayonu əsl sahibinin qoynundakı, azadlıqdakı son günlərinin dadını çıxarırmış kimi o qədər "bəzənib” gözəlləşmişdi ki, tamaşa etməyə iki göz yetmirdi. Necə deyərlər, gül-gülü çağırırdı, bülbül-bülbülü... O da bir tərəfdən yurdunun bu gözəlliklərinə valeh ola-ola, gördüyü əsrarəngiz mənzərələri yaddaşına köçürür, digər tərəfdən də ürəyinə qara qanlar axıdır, qəm-qüssədən boğulurdu. Belə bir cənnət məkanın düşmən caynağına keçmə təhlükəsi içini yandırıb qovururdu. Bəlkə də bu, doğma yurdla son görüş, son vida idi...

Bu torpağı, doğulduğu kəndi, el-obanı bir də görə biləcəkdimi? Bu füsunkar təbiətdən bir də zövq ala biləcəkdimi? Bu ayrılığa, hicrana dözmək mümkün olacaqdımı? Kənd əhlinin, öz ailəsinin taleyi necə olacaqdı? Qarmaqarışıq hisslər, içini didib-dağıdan duyğular, ağlına gələn müxtəlif cür fikirlər orda Ulu Öndər Heydər Əliyevin tapşırığı ilə olduğu bir ay ərzində ürəyindən, beynindən çıxmırdı.

Ana baladan, ət dırnaqdan ayrılmadığı kimi, onlar da bu torpaqlardan qopa bilməzdilər. Elə ona görə də hər təhlükəni gözə alıb kənddən çıxmamağa qərar vermişdilər. Lakin avqustun 16-da hökumət rəhbərinin göstərişi ilə Bakıya qayıtmalı olur. Anasına qadın və uşaqlarla birlikdə onunla Sumqayıta getməyi təklif etsə də, qəti rədd cavabı alır. Beləcə, anasını, 9 bacı-qardaşının ailəsini... və ruhunu kəndə əmanət edib Bakıya qayıdır...

Bir həftə sonra Cəbrayılın işğal olunduğunu eşidən kimi Biləsuvar keçid məntəqəsinə gəlib gözünü yollara dikir, içində qorxu, təlaş və həyəcanla ailə üzvlərinin yolunu gözləyir. 3 gün sonra min bir çətinliklə Araz çayını keçərək, canlarını qurtaran anasını, doğmalarını görəndə sevinir, ürəyi toxtaqlıq tapır...

Amma içində böyük bir boşluq yaranır. Düşmən tapdağı altında inləyən ata yurdunun xiffətindən yaranan boşluq...

27 il o boşluğu heç nəylə qapada bilmir. Vətən həsrətilə qanayan yarasını sağaltmağa heç bir məlhəm yetmir. İşğalda qalan elinin, ocağının, ruhunun, uşaqlıq illərinin, atasının məzarının azadlığa qovuşacağı günün nisgili, ümidilə yaşayır, anasının son arzusunu gerçəkləşdirmək üçün Allahdan möhlət diləyir...

Və düz 27 ildən sonra həsrətlə, səbirsizliklə gözlədiyi o böyük günü görmək ona qismət olur...


Yük vaqonunda başlayan həyat


Yeni Azərbaycan Partiyası sədrinin müavini, "Şöhrət” və II dərəcəli "Vətənə xidmətə görə” ordenləri ilə təltif edilmiş dövlət xadimi Əli Həsənov "Qarabağ söhbətləri”ndə doğulub boya-başa çatdığı Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndindən söhbət açır, doğma yurdu ilə bağlı xatirələrə işıq saçır, işğal zamanı keçirdikləri ağrı-acıları yada salır, qələbə sevincini bölüşür.

- Atam Şamil Cəbrayılın Daşkəsən kəndindən idi. Bakı-Yerevan dəmir yolu xətti 1938-ci ildə Böyük Mərcanlı kəndinə çatanda atamı oradakı dəmiryol stansiyasiyanın rəisi qoyurlar. O vaxtdan Böyük Mərcanlı kəndində yurd salır. Atam yetim olsa da, Dəmiryol Texnikumunda oxumuşdu. Sonra işləyə-işləyə Rostov Dəmiryol İnstitutunu da bitirdi. 45 il, təqaüdə çıxana qədər o vəzifədə nümunəvi şəkildə işlədi. Olduqca humanist, ədalətli insan idi.

Anam Gülxanım Zəngilanın Böyük Ağalı kəndində dünyaya gəlib. O kəndin torpağının 60 faizi onun atası Hüseynalı kişiyə məxsus olub. Anamın anası Qubadlının Alaqurşaq kəndində doğulub. Onlar böyük şəcərədi, əsilləri-kökləri Qərbi Azərbaycana gedib çatır. Anamın ulu nənəsi Dərələyəzdən Sisyanın Dəstəəyri kəndinə gəlin köçür. Nənəsi Sisyandan Alaqurşaq kəndinə, anası isə ordan Zəngilana, Böyük Ağalı kəndinə ərə gəlir. Anamın ata, anası öləndən sonra bütün qohum-əqrəbalarını kulak adı ilə Qazaxıstana sürgün edirlər. Anam iki qardaşı ilə Zəngilanda qalır. Qardaşı Əlini kolxoz sədri öz oğlunun əvəzinə İkinci Dünya müharibəsinə göndərir, orda itkin düşür. Mənə həmin dayımın adını qoyublar. Qumlaqda dəmiryol stansiyasının rəisi işləyən qardaşı İslam isə İrana gedəndə həlak olur. Beləcə, anam tək, kimsəsiz qalır. O vaxtlar cəbrayıllılar o torpaqlarda işləyir, çəltik əkirdilər. Atamın böyük bacısı da orda işləyirdi. O, 1943-cü ildə 18 yaşı olan anamı götürüb Cəbrayılın Daşkəsən kəndinə gətirir. Atamla anam ailə qurub Böyük Mərcanlıda yaşayırlar.

O vaxtlar kəndin camaatı tərəkəmə idi, daha çox qoyunçuluqla məşğul olurdular. Yaylağa Sisyana, Gorusa gedirdilər, qışlaqları da İmişli, Beyləqanda idi. Kənd əhli köçəri həyat tərzi sürdüyü üçün kənddə ev yox idi. Atam danışırdı ki, 1938-ci ildə kəndə dəmir yolu xətti çəkiləndə hər yan qara kolluq, tikanlıq imiş. Ona görə də bir yük vaqonu açıb qoyublar qırağa, olub stansiya. Onun da yanında zastava əvəzinə 50 metr diametrində çadırlar qurulub. Sərhəd xidmətinin əsgərləri orda qalıblar. Həmin yük vaqonun yarısı stansiya olub, yarısı da bizim evimiz. Anam o evə - o vaqona gəlin köçüb. Mən bax, o vaqonda dünyaya göz açmışam. Böyük bacım, məndən kiçik qardaşım da o vaqonda doğulub. Kim bilərdi ki, 50 il sonra yük vaqonlarında məskunlaşan məcburi köçkünlərin mənzillərə köçürülməsilə Prezidentin tapşırığı ilə məhz mən məşğul olacam. Görünür bu, Allahın yazdığı qismətmiş. Axı mən o insanların yaşantılarını, ağrılarını bilirdim, uşaqlıqdan görmüşdüm, tanış idim...


Evimizin viran qalmış halına baxıb ağlayırdıq


- Anam tək olduğu üçün çox əziyyət çəkirdi. Ağdamda Tibb Texnikumunu bitirmişdi, 4 kəndə həkimlik edirdi. Bir at vermişdilər ona. Rayona dərman dalınca, kəndlərə xəstə müayinəsinə də onunla gedirdi. Kəndin uşaqlarının 80 faizinin "göbək nənəsi” anam olub. Çox zəhmli, sərt qadın idi. Kənddə ona "Ərəbzəngi” deyirdilər.

Ev, məişət, uşaqların qayğılarını da anam təkbaşına çəkib. Biz nə əmi, dayı, nə xala, bibi görmüşük. Anamın o cür imkanlı ailəsindən heç kim salamat qalmamışdı. Atamın da bütün qohum-əqrəbaları müharibədə həlak olmuşdular. Hər ikisi yetim idi. Ona görə bizim də böyüməyimiz nisgilli olub. Anam ömrünün axırına kimi ailəsi üçün göz yaşı axıdıb. Uşaq vaxtı biz də ona qoşulub ağlayırdıq. 6 bacı, 5 qardaş idik. Bacılarımın dördünə anam öz bacılarının adlarını qoymuşdu. Taleyə bax ki, işğaldan bir il qabaq anam qardaşımla Zəngilana getdi, ailə üzvlərinin qəbirlərinin üstünü, başdaşlarını təzədən götürüb, hasara aldı... Ancaq o məzarları bir də ziyarət etmək ona qismət olmadı. Ömrünün sonuna qədər onların nisgilini ürəyində gəzdirdi.

8 yaşım olanda, 1956-cı ildə atam ilk evimizi tikdi. Vaqondan ora köçdük. Dördotaqlı daş evimizi isə Dəmiryol İdarəsinin rəisi Abbas Bağırov bizim üçün tikdirdi. Zəngilanda dəmiryol stansiyası tikiləndə atam ordakı işçilərə təcrübə mübadiləsi keçirdi. Abbas Bağırov da o vaxt atamın işçisi olub. Hər dəfə Naxçıvana gedəndə gəlib bizimlə görüşürdü. İdarə rəis olanda daş evi tikdirdi ki, ayıbdı, stansiya rəisi belə evdə yaşamaz. Amma kənddə ilk elektrik işığı, radio, televizor bizim evimizdə olub. Kənd işğal olunana qədər anamgil o evdə yaşayıb, ata ocağı idi. Evi dolu şəkildə tərk edib, bir çöp də götürmədən 9 bacı-qardaş 9 evin qapısını bağlayıb çıxıblar...

Hərdən peykdən çəkilmiş görüntülərdə kənddəki evimizə baxırdıq. Eləcə quru divarları qalıb, damına kimi söküb aparıblar. O mənzərəni görmək içimizi yandırırdı. Evimizin viran qalmış halına baxıb ağlayırdıq. Deyirdik, görəsən oralara getmək nə vaxt bizə qismət olacaq?


Böyük Mərcanlıdan Sumqayıta qədər uzanan ömür yolu


- Məktəbə də elə kəndimizdə getmişəm. Özü də 5 yaşımın tamamına 2 ay qalmış, sinif jurnalına isə adım 3-cü sinifdə yazıldı. 4 yaşımda əlifbanı, hesabı, vurma cədvəlini tam bilirdim, yazıb, oxuyurdum. Kənddə 3 məktəb vardı, amma öz müəllimlərimiz yox idi. Müəllimlər qonşu kəndlərdən gəlirdi. Çaxırlı kəndindən olan Mələk adlı ibtidai sinif müəlliməsi günorta bizdə nahar edirdi. Bir gün gördü ki, qəzetlərdən şəkilləri kəsib yığıram. Yanımdakı 1-ci və 2-ci sinif dərslikləri diqqətini cəlb etdi. Məni sorğu-sual elədi, baxdı hər şeyi bilirəm. Dedi, "ay Gülxanım, bu uşaq hər şeyi bilir ki... Qoy onu aparım məktəbə”. Anam dedi, yox, nə danışırsan, uşağın sümüyü hələ bərkiməyib. Müəllimə israr elədi, dedi bu uşağın gələcəyi var. Onda böyük bacım 3-cü sinifdə oxuyurdu. Müəllimə məni məktəbə aparıb, bacımla eyni partada oturtdu. Beləliklə, birbaşa 3-cü sinifdə oxumağa başladım.

Məktəb illəri ömrümün ən maraqlı, qayğısız, xoşbəxt illəri olub. O zamanlar necə saf idik. Uşaqlar arasında necə böyük səmimilik, mehribanlıq vardı. Kəndin günəşindən, tozundan, yağışından, hətta ayağımızın palçığa batmasından da ləzzət alırdıq. Bütün kənd uşaqları necə, mən də o cür olmuşam. Dərslərimi əla oxumaqla bərabər, həm də yaxşı oyunçu idim. Kəndin futbol və voleybol komandasında 3 nömrə altında oynayırdım. Dəmir yolunun altında bizim evə yaxın yerdə kəndimizin qəşəng stadionu yerləşirdi. O vaxtlar futbola dəhşət böyük maraq, həvəs vardı. Rayon komandası ilə kəndimizin komandası arasında yarışlar olurdu. Cəbrayılı da ilk dəfə elə onda görmüşəm. Rayonda bir neçə dəfə yarışa qatılmışam. Adətən bizim komanda qalib gəlirdi. Özü də yarışa 3 maşın gedirdik. Bir maşında oyunçular, birində azarkeşlər yığışırdı. Üçüncü maşında isə ağac yığıb aparırdıq. Dava düşəndə dalaşmaq üçün... Yadımdadı, bir dəfə yarışda rayon komandasına uduzduq. Dava düşdü, kəndimizin sakinləri rayon camaatını döydü. Futbolçulardan biri vurub gözümü qaraltdı. Məni maşına mindirmədilər ki, sən döyülmüsən. Maşın 200 metr aralanandan sonra geri qayıdıb məni götürdü. İçəridəkilərdən kimsə deyib ki, Gülxanım bilsə, bizi kənddən köçürər. Bir dəfə də komsomola keçəndə rayona getmişdim...

16 yaşımda 11-ci sinfi bitirib Neft və Kimya İnstitutuna daxil oldum. Elə o vaxtdan kənddən çıxdım. Əvvəl tələbəlik, sonra Sumqayıtda iş həyatı, müxtəlif vəzifələr... Artıq başqa bir həyat, başqa bir dövr başlamışdı mənim üçün...


Elə darıxıram o ağaclar üçün...


- Lakin heç nə məni kəndimizdən uzaqlaşdıra bilməmişdi. Sumqayıtda yaşasam da, ayda bir dəfə mütləq kəndə gedirdim. Maaşımdan bütün bacı-qardaşlarıma paylayırdım. Ailədə 11 övlad olsaq da, həyətdə bütün ağaclarımızı mən əkib becərmişəm, qulluq etmişəm. Kənddə bostan tərəvəzini ilk dəfə anam əkib. Biz bazardan pomidor, xiyar, qarpız, yemiş almamışıq heç vaxt. Anama kömək edirdim: torpağı belləyirdim, çevirirdim, ağacları əhəngləyirdim, sulayırdım, ləkləri düzəldirdim... Elə darıxıram o ağaclar üçün...

İndi də bağımdakı ağaclara özüm qulluq edirəm. Bütün meyvə ağaclarını özüm əkmişəm, onları göz bəbəyim kimi qoruyuram. Torpaqda işləmək mənə xüsusi zövq verir, mənəvi qida alıram. Təbiət vurğunuyam. Bəlkə də ölkəmizin Cəbrayıl kimi füsunkar təbiətli dilbər guşəsində doğulub böyüməyim təbiəti, torpağı sevməyimin bir səbəbidi. Təəssüf edirəm ki, Cəbrayılın gözəllikləri ilə çox gec tanış oldum. İşğala bir ay qalmış... Kaş daha əvvəl rayonumuzu qarış-qarış gəzib bütün mənzərələrini yaddaşıma həkk edərdim...

1993-cü ilin yayında Azərbaycan Prezidentinin səlahiyyətlərini icra edən Ulu Öndər Heydər Əliyev göstəriş verdi ki, get rayonda qal, tədbir gör ki, Araz qırağı kəndlər boşalmasın. Onda qardaşım Ramizdən başqa bütün bacı-qardaşlarım kənddə yaşayırdı. Evləri də yan-yana idi. Həmin vaxt Mahmudlu stansiyasında qərargah yaratdım, bir ay orda qaldım. O bir ay ərzində Cəbrayılla yaxından tanış oldum, kəndləri gəzdim, kəhrizin suyundan içdim, məşhur çinara baxdım. Heyf ki, o çinarı erməni vəhşiləri indi məhv ediblər. Xudafərin körpüsünü də ilk dəfə onda görmüşəm. Əsrarəngiz, qədim tarixi olan möhtəşəm abidədir. O vaxtlar Cəbrayılın Arazqırağı kəndlərindən başqa bütün kəndləri boşaldılmışdı. Biz də bütün kəndləri gəzib camaatla söhbət edirdik, qoymurduq çıxmağa. Hamıya da deyirdim bacı-qardaşlarım kənddədi, istəyirsiz gedin baxın. İnanın ki, hər gün gəlib baxırdılar. O inam, güvən sayəsində camaat evini tərk etmədi. Düzdü, sonradan bəlkə də çoxu məni qınadı. Çünki mən qoymamışdım vaxtında kənddən çıxmağa. Dolu ev-eşiklərini qoyub, quruca canlarını götürüb, Araz çayını keçməklə xilas olmuşdular...


Anamı o vəziyyətdə görəndə sarsıldım


- İşğala 1 həftə qalmış avqustun 16-sı Heydər Əliyevin köməkçisi məni Bakıya geri çağırdı. Atam artıq 13 il idi rəhmətə getmişdi. Anama dedim gəl səni, qadınları, uşaqları özümlə birlikdə Sumqayıta aparım. Razılaşmadı. Uşaqları da aparmağa qoymadı. Əli ilə qapını göstərib dedi, çıx get, bu kənddən ən axırıncı biz çıxacağıq. Dedim, yaxşı, nənə, tərslik eləyirsən, amma eşitsəniz ki, Horadiz işğal olunub dərhal özünüzü verin Araza, keçin o taya.

Elə də oldu. 9 ailə nəvəli-nəticəli hardasa 100-dən çox adam idi. Anam onların hamısının qolundan tutub bir-bir Arazdan keçirmişdi. Çox cəsur, mərd, qorxmaz, zirək qadın idi. Həkərinin qırağında böyüdüyü üçün də suyun iti axanı, lal axanı necə olur bilirdi. Nə qədər kənd camaatının kiçik yaşlı uşağı suyun lal axan yerində batmışdı. Su boğazdan yuxarı qalxanda boğulurdular, analar başlarının üstünə qaldırdıqları uşaqları əllərindən çaya buraxırdılar. İmişlidə Bəhramtəpədə dayanıb anamgili gözləyəndə çayda nə qədər uşaq meyiti görmüşdüm...

Horadizin işğal olunduğunu eşidən kimi Biləsuvara gəldim. Gecə İmişlidə çadır şəhərciyində qalırdım, səhər də durub gəlirdim Biləsuvar keçid məntəqəsinə. O qədər narahat idim ki... Bilmirdim başlarına nə iş gəlib. Kim ölüb, kim sağ qalıb. Nəhayət, 3 gün sonra hamısı sağ-salamat gəlib çıxdı. Elə əyinləri yaş hamını avtobusa doldurub keçirmişdilər bura. İmişlidə çadır şəhərciyinə gəldim, axtardım tapdım onları. Şəhərcikdəki kənd arvadları sağ olsunlar, anamın əynindəki yaş paltarları soyundurub quru paltar vermişdilər. Amma hündürboy qadın idi deyə paltarlar əyninə balaca idi. Gördüm anam torpağın üstündə oturub, qabağına da bir ləyən qoyub, əynindən çıxardığı paltarları yuyur. Onu bu vəziyyətdə görəndə sarsıldım, çox pis oldum. Birdən başını qaldırıb məni qəhərlənmiş gördü. Dedi, "özünü yığışdır, nolub ki, ağlayırsan. Şükür Allaha hamını sağ-salamat gətirmişəm, ölüm-itim yoxdu. Ev-eşik dağılıb, eybi yoxdur, yenisini tikərik, təki sağlıq olsun”.


Dolanışığın çətin olduğu zamanlarda belə, o, dəyərli əşyaları satmadı


- Getdim İmişli bazarından bir az pal-paltar alıb gətirdim. Sumqayıtdakı tanışlara, dostlara zəng elədim. 10-15 maşın xahiş elədim. Doğmalarımı yığıb gətirdim Sumqayıta. O vaxt Sumqayıtda dövlət tərəfindən verilmiş 3 otaqlı evim vardı. Amma bağım, maşınım, ikinci evim yox idi. Bir ailəni öz evimə, birini qardaşım Ramizin evinə yerləşdirdim. Bir hissəsini dənizin qırağında bağ yeri vardı və bir daxma kimi otaq - ora apardım. Qalanlarını da dost-tanışların boş evlərinə yerləşdirdim.

Bax beləcə, atamın qəbri qaldı kənddə. Anam isə oldu köçkün...

Köçkünlük ağır duyğudu, dərddi, yükdü. Baxmayaraq ki, öz vətənindəsən, insan özünə yer tapa, kök sala bilmir. Özünü doğma eldə yad, qərib kimi hiss edirsən...

Üstəlik o illər çox çətin dövr idi. 1992-ci ildə Xalq Cəbhəsi hakimiyyətə gələndə məni işdən çıxarmışdılar. İşsiz idim, aylıq maaşım yox idi. Sağ olsun Sumqayıt çörək zavodunun direktoru Tofiq Hüseynov gündə 35 çörəyi pulsuz verirdi. Bir-iki qır-qızılları vardı, onları satıb yeməyə verirdilər. Çox böyük çətinliklə dolanırdıq. Anam kənddən cəmi üç əşya çıxara bilmişdi. Biri Sisyandan Qubadlının Alaqurşaq kəndinə gələn ulu nənəsinin qədimi xalçası idi. Digəri 1890-cı ildə Almaniyada istehsal olunan tikiş maşınıydı. O maşınla anam bütün kəndin qızlarının gəlinliyini, eləcə də özünün paltarlarını tikib. Bu iki əşyanı kənd adamlarından birinin maşınına qoyub gətirmişdi. Anasının cehizi olan, Dərələyəzdən Böyük Mərcanlıya qədər gəlib çıxan gümüş, qızıl və mis qatlı çaydanı isə özü əlində tutub gətirmişdi. Dolanışığın çətin olduğu zamanlarda belə, o dəyərli əşyaları satmadı, göz nuru kimi qoruyub saxladı. İndi onların hərəsini bir bacım anamdan yadigar saxlayır.

Sonradan işə bərpa olundum. Qardaşlarım, onların ailə üzvləri də özlərinə iş tapdılar, dolanışığımız düzəldi. Bacardığım qədər kömək etdim, bununla təskinlik tapmağa çalışdım. Çünki özümü borclu bilirdim. Onları kənddə mən saxlamışdım, qoymamışdım tez çıxsınlar. Sonradan anama balaca bir bağ sahəsi aldım, ev tikdirdim, orda ayrıca qalırdı. Bacardığım qədər ona xidmət edib, qulluğunda durmağa çalışdım, ovcumun içində saxladım. Məni bu günə qədər yandıran odur ki, atama xidmət edə bilmədim. Bir kostyum belə alıb hədiyyə eləmədim. Amma anama ürəyi istəyəni, xoşladığını aldım. Hər axşam gedirdim yanına.

Hər bazar isə qardaşlarımla anamın başına yığışırdıq. Bizə çolpa şorbası bişirirdi. Necə dadlı idi... Anam gözəl yeməklər bişirirdi. Zəngilan aşı - döşəmə plovunun dadı hələ də damağımdadı. Bu gün bacılarım da bişirir, amma dadı o cür olmur. Rahatçılığım, təsəllim odur ki, qoymadım anam korluq çəksin. Çox qohumcanlı qadın idi. Pul kisəsi vardı. Daim cibində gəzdirirdi. Bir zəngilanlı, yaxud qubadlılı görən kimi ürəyi atlanırdı, çıxardıb pul verirdi.


Allahdan möhlət diləyirəm ki, anamın son arzusunu gerçəkləşdirim


- Bircə onunla təskinlik tapıram ki, anamı xəstə yatağında, əldən-ayaqdan düşmüş görmədim. Bir gün belə xəstə yatmadı. Amma artıq zəif düşmüşdü. 2005-ci ildə dünyasını dəyişməyinə 3 gün qalmış məni yanına çağırdı. Dedi, səndən üç xahişim var. Birincisi, mən rəhmətə gedəndə ağlamayın. Hamınız böyümüsüz, salamatsız, ev-eşik qurmusuz, nəvə-nəticə sahibisiz. Ağlamalı heç nə yoxdu. Sinə daşıma da "Zəngilan, Cəbrayıl, Qubadlı həsrəti ilə” yazarsız. İkincisi, atanla 50 il ömür sürmüşəm. Bizi o biri dünyada ayırmayın. Məni aparıb onun yanında dəfn edin. Dedim, ay nənə, vəziyyəti bilirsən axı, bu istədiyin indi mümkün deyil, ancaq söz verirəm, torpağımız azad olunanda sizi qovuşdurucam.

Son xahişi də olduqca müşkül idi. Dedi bizim heç kimə borcumuz yoxdu, ancaq uzun illərdir mənim bir adama borcum qalıb. Başladı danışmağa ki, "1943-cü ildə bibin məni Daşkəsənə gətirəndə ağır günlər idi. Bibinin əri ölmüşdü, 2 qızı ilə tək qalmışdı. O vaxt adam başına 50 qram çörək verirdilər. Qeydiyyatım yox idi deyə mənə çörək payı düşmürdü. Üç gün ac qaldım. Qonşuda Turab adlı bir yaşlı kişi vardı. Məni çağırıb soruşdu ki, eşitmişəm 3 gündü acsan, düzdü? Dedim hə. Qayıtdı ki, mənim uşağım çoxdu deyə çörək çox alırıq. Hər gün sənə bir az çörək gətirəcəm, amma heç kimə demə. O kişi hər gün bir dilim çörək gətirib mənə verirdi, beləcə acından ölməkdən qurtuldum. Mənim o kişiyə borcum qalıb. Gör onun ailəsindən kimsə qalıbsa, o borcu qaytar”.

Anamın ölümündən düz bir həftə sonra Nazirlər Kabinetində qəbul günüm idi. Otağa bir nurani ağbirçək xanım girdi. Qayıtdı ki, "iki oğlum şəhid olub, biri Milli Qəhrəmandı. Üç oğlum da var, amma işsizdilər. 1993-cü ildən bəri bir qapı döyməmişəm. İlk dəfədi qapı açıram. Dedilər sən deyəsən bizim tərəfdənsən, ona görə yanına gəldim. Heç olmasa bu uşaqlardan birinə iş düzəlt”. Dedim, çalışacam, nə imkan olsa eləyəcəm. Çıxanda qayıtdı ki, sən bizi tanımarsan, amma Maya bacın tanıyar. Mən Turab kişinin qızıyam. Bunu deyəndə duruxdum. Axşam getdim bacımdan soruşdum. Məlum oldu ki, bu, anamı acından ölməkdən xilas edən həmin o Turab kişinin qızıdır. Səhər işə gəldim, o xanımı və oğlunu çağırtdırdım. Səbəbini demədən oğlunu Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsində işə götürdüm. Bir müddət sonra 7-ci mikrorayonda köçkünlər üçün tikilən binada ona Milli Qəhrəman ailəsi kimi ev verdik. Atası direkror müavini işlədiyi məktəbi təmir etdirdik. Beləcə, 62 il sonra anamın borcunu qaytardım...

O vaxtdan mənim yeganə nisgilim, arzum qalmışdı - anamın son xahişini yerinə yetirmək. Anamın qəbrini qaçqınlıqdan aparıb atamın işğal altında qalan qəbri ilə qovuşdurmaq. Ən böyük arzum bu idi. Allaha dua edirdim ki, bu günü mənə qismət etmədən canımı alma, mənə möhlət ver, anamın istəyini həyata keçirim. Amma indi bütün qəlbimlə inanıram ki, kəndimizi də görəcəm, anamın arzusunu da yerinə yetirəcəm... O gün gəlib çatdı nəhayət...


Prezident öz adını Azərbaycan tarixinə qızıl hərflərlə həkk etdirir


- Qəribədir ki, həmin gecə yuxuda müharibə görmüşdüm, kəndimizdə, evimizdə gəzmişdim. Görünür insanın nəyisə əvvəldən hiss etməsi, əyan olması doğrudur. Sentyabrın 27-si günorta nahar vaxtı televizora baxırdım. Birdən kəndimizin işğaldan azad edildiyini eşitdim. Bu, elə bir hissdir, elə bir xoşbəxtlikdir ki, sözlə təsvir oluna bilməz. Sevincimin, həyəcanımın həddi-hüdudu yox idi. Mənim kimi sərt adam göz yaşlarımı saxlaya bilmədim... Elə bil ruhum 27 illik işğaldan qurtularaq pərvazlanıb vücuduma qovuşdu. Atamın, anamın ruhları şad oldu. Kəndimizin hər qarışı gözümün önünə gəldi, uşaqlığım, yeniyetməliyim, xatirələrim canlandı... İşğal günləri, burdakı ağır günlərimiz yadıma düşdü...

1993-cü ildə Horadiz əməliyyatında Cocuq Mərcanlı kəndi də işğalçılardan təmizlənmişdi, lakin təhlükəsizlik baxımından orda məskunlaşma qeyri-mümkün idi. 2016-cı ildə Lələtəpə yüksəkliyi azad edilən kimi Prezident İlham Əliyev kəndin bərpası üçün göstəriş verdi. Yenidənqurma işlərindən sonra dövlət başçısının kəndə səfəri zamanı söhbət əsnasında dedim, cənab Prezident, mənim doğulduğum kəndə burdan 9 km yol var. Müdafiə naziri Zakir Həsənov da qayıtdı ki, Ali Baş Komandan əmr versin, 2 saata o kəndi alarıq. Prezident də özünəməxsus, təmkinli tərzdə cavab verdi ki, tələsməyin, hər şeyin vaxtı var. Həqiqətən də nəyi nə vaxt və necə edəcəyini ölkə rəhbəri hər kəsdən yaxşı bilirmiş. 27 sentyabrdan bəri Azərbaycanın yeni, şanlı tarixi yazılır.

Möhtərəm Prezident cənab İlham Əliyev xanımı hörmətli Birinci vitse-prezident Mehriban Əliyeva ilə milləti birləşdirdilər, milli həmrəyliyi yaratdılar, millətimizin, ordumuzun, zabit və əsgərlərimizin cəsarətini, döyüşkənliyini dünyaya nümayiş etdirdilər. Dünya ordularına və hərbi ekspertlərinə nümunə göstərdilər ki, ermənilərin 30 ildə qurduqları istehkamları ildırım sürəti ilə qısa müddətdə necə darmadağın etmək olar. Dünyanın ali beynəlxalq təşkilatlarına, Minsk qrupunun həmsədr dövlətlərinə və həmsədrlərə göstərdilər ki, sizin 30 ildə həll edə bilmədiyiniz və ya həll etmək istəmədiyiniz problemi bir ay ərzində necə həll etmək olar. Prezident-xalq-ordu birliyinin ən yüksək nümunəsini dünyaya nümayiş etdirdilər. Azərbaycan Prezidenti 17 il hazırlıq görərək yüksək sərkərdəlik və Ali Baş Komandanlıq bacarığını bütün dünyaya göstərdi. Cənab İlham Əliyev 17 il prezidentlik fəaliyyəti dövründə gördüyü işlərlə, dünyagörüşü, bacarığı, yüksək idarəçilik təcrübəsi, intellekti ilə artıq Azərbaycan çərçivəsinə sığmır, necə ki, Ulu Öndər Heydər Əliyev ötən əsrdə 14 il respublikaya rəhbərlik etdikdən sonra Azərbaycanın çərçivəsinə sığmadı.


Kəndimə qayıdacam


- Bu gün mərd Azərbaycan əsgəri canı, qanı, hünəri ilə torpaqlarımızı erməni terrorçularından təmizləyir və sonadək təmizləyəcək. 27 il biz xalq olaraq bu günlərin həsrətilə yaşamışıq. Doğma elimizi-obamızı bir gün belə unutmamışıq. Yuxularımızda, xəyallarımızda, xatirələrimizdə o torpaqları gəzmişik. Vətən nisgili yaralarımızı qanatsa da, ora yenidən qayıtmaq ümidini heç vaxt itirməmişik. Məhz o ümid, inam bizi yaşadıb, ayaqda saxlayıb.

Mən niyə 51 il Sumqayıtda yaşadım? Çünki Bakıya, şəhər mühitinə uyğunlaşa bilmədim. 15 ildi bağda yaşayıram. Kənddəki təmiz hava, su, qida, səmimiyyət şəhərdə yoxdu. Kənd həyatında hər şey təmizdi, insan da təmizdi, içi, mənəviyyatı safdı. Mən bax o mənəviyyat, saflıq üçün darıxırdım. Kəndim, ata ocağım üçün burnumun ucu göynəyirdi. Daim yuxularımda görürdüm. 27 il idi atamın məzarını ziyarət edə bilmirdim. Ermənilər dağıdıbmı, yoxsa salamatdı bilmirəm.

Hər zaman deyirəm - vətən doğulduğun yerdən başlayır. Vətən mənim üçün dünyaya göz açdığım yerdən, Böyük Mərcanlıdan başlayır. Hər kəs doğulduğu yerin qədrini bilsə, ümumən Azərbaycanın qədrini bilər. Doğulduğun yerin qədrini bilmirsənsə, bütün Azərbaycanın qədrini bilməzsən. Özü də tək biz torpaq üçün yox, torpaq da bizim, öz sahibi üçün darıxıb, inanın ki, belədir. Çox şükür artıq bütün ayrılıqlar, nisgillər başa çatır. Artıq vüsala yetmə, qovuşma anıdır. Tezliklə, Ali Baş Komandanın göstərişi ilə müzəffər ordumuz bütün torpaqlarımızı işğaldan azad edəcək. Hər kənddə, qəsəbədə, şəhərdə müqəddəs üçrəngli bayrağımız dalğalanacaq. Qarabağa, əzəli-əbədi dədə-baba yurdumuza böyük qayıdış, böyük köç başlayacaq.

Mən də o köçün tərkibində kəndimə qayıdacam. Ata ocağımın işığını yandıracam, yurdumu abad edəcəm, valideynlərimin narahat ruhlarını qovuşduracam. İndi mənim bundan başqa arzum yoxdu...

O günə az qalıb... Çox az...

Xəyalə MURADLI,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM