29 Oktyabr 2020 02:58
2288
SİYASƏT
A- A+

Böyük qələbələrlə tariximizə şanlı səhifələr yazılır


Hər şəxsiyyət öz dövrünün yetirməsidir. Amma bütün müxtəlifliklərə, fərqlərə baxmayaraq, bu insanları birləşdirən ümumi cəhətlər, ortaq dəyərlər də var. Bunlar o dəyərlərdir ki, tarixin heç bir dönəmində başqalaşmır, məzmununa xələl gətirmir. Dünyanı yaşadan, gələcəyə ümidi, inamı sarsılmaz edən belələrinin haqq yolunda apardıqları qətiyyətli fəaliyyətləri hər addımda ümumxalq dəstəyi ilə əhatə olunur.

Bu da təsadüfi deyil, çünki onların həyata keçirdiyi ali məqsədlərdir, yüksək amallardır. Cəmiyyətin firavanlığına, xoşbəxtliyinə bu proseslərin əsas məqsədi kimi yanaşanlar, insanı müasir həyatımızın ən qiymətli dəyəri kimi qəbul edənlərsə zəmanəmizin ən zəngin, cəfakeş, müdrik insanlarıdır. Bu baxımdan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətində məsuliyyət yükü ağır və şərəflidir. O, millətin tərəqqisi üçün yeniləşən ideyalar sahibidir. Azərbaycanın Birinci vitse-prezidentinin inkişafa doğru hər addımı sosial reallığı dəyişən, daha gözəl, daha sağlam, hər kəs tərəfindən məmnunluqla qarşılanan yaradıcılıq məzmunu təqdim edir.


Onun hər müraciəti dünyaya bir çağırışdır


Nəcib əməllərinə, Azərbaycana xidmətlərinə görə vətəndaşlarımızın, ümumən, bütün dünya azərbaycanlılarının böyük sevgi və ehtiramını qazanan ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, UNESKO və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bu çətin sınaq günlərində cəmiyyətimizdə milli həmrəyliyin əldə olunmasında müstəsna xidmətləri var.

Müzəffər Ordumuzun hər şanlı qələbəsindən sonra Mehriban xanımın müxtəlif sosial şəbəkələr üzərindən xalqımıza ünvanladığı təbrik sözləri, sevinc, qürur və ümid dolu kəlmələri insanlar arasında qələbə əzmini daha da gücləndirir. Onları vahid amala, milli hədəflərə doğru səfərbər edir.

Azərbaycanın informasiya müharibəsindəki qələbələrində də Mehriban xanım Əliyevanın rolu çox böyükdür. Məlumdur ki, müharibə təkcə səngərlərdə, döyüş meydanlarında aparılmır. Müasir dünyamızda öz həqiqətlərini beynəlxalq aləmə düzgün çatdıra bilməyin, düşmənin informasiya təxribatlarının qarşısını almağın və bu sahədə də işğalçılara qalib gələ bilməyin çox böyük önəmi var. Üstəlik, nəzərə almalıyıq ki, biz son dərəcə məkrli, çirkin bir düşmənlə üz-üzəyik. Ermənistan dövləti, erməni diasporu əsrlər ərzində dünyaya müxtəlif yalanlar təqdim edib və onlar bu "ənənəni” indi də saxta xəbər və rəylərlə davam etdirməkdədirlər.

Ona görə informasiya savaşında iştirak, düşmənin yalanlarının ifşası və insanlara doğruların çatdırılması özünü Azərbaycana bağlı bilən hər kəsin müqəddəs missiyasıdır.

Ali Baş Komandan İlham Əliyev mahir sərkərdə və diplomat kimi ordumuzu düşmən üzərinə səfərbər edərək, eyni zamanda müxtəlif müsahibələri vasitəsilə Azərbaycanın mövqeyini dünyanın siyasi dairələrinə, güc mərkəzlərinə, beynəlxalq ictimaiyyətə çatdırdığı kimi, Mehriban xanım Əliyeva da öz çağırışları, bəyanatları, tövsiyələri ilə hər bir cəmiyyət üzvünü, hər bir fərdimizi düşmənlə informasiya savaşına səfərbər etməyə, haqq davamızda insanlarımızın öz imkanlarını birləşdirməsinə çalışır.


Hamımız əsgərik


Hələ hərbi əməliyyatların ilk günlərindən Mehriban xanım öz "Instagram” səhifəsində paylaşım edərək yazmışdı: "Əziz həmvətənlər! Rəşadətli Ordumuz əzəli Azərbaycan torpaqlarını erməni işğalından azad etmək üçün uğurlu əks-hücum əməliyyatı apardığı bir vaxtda düşmən öz məkrli niyyətlərini göstərməkdən əl çəkmir. Qızğın döyüşlərin davam etdiyi bütün həftə ərzində Ermənistan vicdansızcasına feyk xəbərlər tirajlayır. Bu şiddətli hücumda beynəlxalq birliyi fəal surətdə yanlış məlumatlandıran erməni diasporu xüsusi rol oynayır. Bu gün biz hamımız, həqiqətən, tarixi hadisələrin şahidləriyik! Lakin biz baş verənləri, sadəcə, kənardan müşahidə edə bilmərik. Bizim hər birimiz Böyük Qələbə anını yaxınlaşdırmaq üçün əlimizdən gələni etməyə borcluyuq. Deməli, biz hamımız erməni yalanını ifşa etmək üçün maksimum səy göstərməyə borclu olan əsgərlərik”.

Mehriban xanım Əliyeva düşmənin cəbhə bölgəsindəki təxribatlarına qarşı əks-hücum əməliyyatlarının başladığı 27 sentyabr tarixindən bütün beynəlxalq hüquq normalarını pozub müxtəlif şəhər və kəndlərimizdə dinc sakinləri, o cümlədən körpələri qətlə yetirən Ermənistanın hərbi cinayətlərini öz müracilərində ifşa edir. Hətta dəfn mərasimi zamanı qəbiristanlığı belə atəşə tutub mülki vətəndaşların həyatına son qoyan işğalçı dövlətin, bu ölkənin rəsmilərinin insaniyyətdən kənar olduğunu, rəhmsizliyini, vandallığını, bununla da mənəvi tənəzzülə uğradığını dünyaya göstərir. Beynəlxalq ictimaiyyəti Ermənistanın müharibə cinayətlərini qınamağa çağırır.


Tarixi ədalət bərpa olunur


Ölkə sərhədlərindən çox-çox kənarlarda nəcib əməllərə imza atmış Mehriban xanım Əliyevanın iki böyük qurumun UNESKO və ICESCO-nun xoşməramlı səfiri kimi beynəlxalq nüfuzu, rəy lideri kimi başqalarına təsir imkanları, onun şəxsiyyətinə olan inam Azərbaycan həqiqətlərinin dünyaya obyektiv çatdırılmasına, münaqişəni kənardan izləyən əcnəbilərin bu məsələdə kimin haqlı, kimin haqsız olmasını müəyyən etməsinə, bu savaşda Azərbaycanın mövqeyini dəstəkləyənlərin sırasının getdikcə genişlənməsinə kömək göstərir.

Azərbaycanın Birinci vitse-prezidentinin "Trend” Agentliyinə verdiyi müsahibəsində toxunduğu məqamlar da bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Mehriban xanım Əliyeva təxminən 30 illik uzun fasilədən sonra Azərbaycan əsgərinin əzəli, tarixi torpaqlarımızda yenidən bayrağımızı ucaltmasını böyük sevinc və fəxarət hissilə bəyan edir, bunu sadəcə, hərbi uğur deyil, tarixi ədalətin bərpası kimi qiymətləndirir. Müsahibəsində Mehriban Əliyeva deyir: "Mübaliğəsiz demək olar ki, bu gün Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqı yeni tarix yazır. Bizim birgə qələbələrimizin tarixini!

Mən xalqın öz Prezidenti ətrafında necə sıx birləşdiyini, dövlət başçısının ümumi məqsəd naminə, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi naminə birləşməyə çağırışını gənclərimizin necə qətiyyətlə və mərdliklə qəbul etmələrini görürəm”. Bununla da ölkənin birinci xanımı dünyaya bir çağırış edir. Lider-xalq birliyinin gündən-günə möhkəmlənməsini, insanların ruh yüksəkliyini, iradəsinin güclənməsini, tükənməz əzmini göstərir. Mehriban xanım Əliyeva erməni təbliğatının feyklərini ifşa edən, erməni təcavüzü haqqında həqiqətləri bütün mümkün platformalarda beynəlxalq ictimaiyyətə çatdıran Azərbaycan gənclərinin, vətəndaşlarımızın yerinə yetirdikləri böyük əhəmiyyətli missiyadan qürurla söz açır. Tarixin saxtalaşdırılması hallarının aşkar edilməsində, əsassız, yalan, təhrikçi materialların yayılmasının qarşısının alınmasında bu fəaliyyətin rolunu xüsusi vurğulayır: "Azərbaycan xalqı öz Prezidentinə inanır və əmindir ki, Prezident nəyi necə, nə vaxt etmək lazım olduğunu bilir. Buna görə də biz bütün hərəkətlərimizdə və fəaliyyətimizdə həmişəkindən daha çox həmrəyik. Şübhəsiz, bizim əsgərlərimiz bu dəstəyi hiss edirlər. Bilirlər ki, onların arxasında bütün Azərbaycan xalqı dayanır”. Bu çox əhəmiyyətli bir məqamdır, xalqın dövlətinə olan sadiqliyini göstərir. Məhz belə bir vəhdətin nəticəsidir ki, istər ayrı-ayrı şəxslərin xalqa bəyanatlarında, istər beynəlxalq danışıqlarda nümayiş etdirilən mövqelərdə, istər cəbhədən xəbərləri paylaşan jurnalistin reaksiyalarında, istərsə də orduya çağırılacağı vaxtı gözləyən hər bir gəncin çıxışında ölkə rəhbərinin nəfəsi, iradəsi hiss olunur. Bu səbəbdən dövlət başçısı böyük əminliklə və dərin bir güvənlə bildirir ki, "Azərbaycan vətəndaşları cəsarət göstərirlər, hər kəs öz yerindədir, ordumuza, dövlətimizə hər an dəstək verməyə hazırdırlar və bunu edirlər”. Əslində, belə bir güvən güclü birlik deməkdir. Sarsılmaz olduğumuzu, istənilən an güclü bir sel kimi hərəkətə gələ bilmək əzmimizi ortaya qoyur.


Erməni terrorizminin ifşası


Mehriban xanım müsahibəsində vurğulayır ki, Gəncə, Mingəçevir, Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Goranboy, Naftalan və digər yaşayış məntəqələrinin dinc əhalisinə edilən hücumlarla düşmən özünün nə qədər mənfur, çirkin xislətli olduğunu göstərir. Günahsız mülki şəxslərin, uşaqların, qadınların öldürülməsi Ermənistanın insanlığa qarşı cinayətlərinin, dövlət səviyyəsində həyata keçirdiyi terrorizm siyasətinin açıq ifşasıdır. Bütün bunlar birmənalı şəkildə göstərir ki, rəsmi Yerevanın sülhdə əsla marağı yoxdur, işğalçı ölkə yalnız münaqişənin eskalasiyasını, onun regional qarşıdurmaya çevrilməsini arzu edir. "Lakin Ermənistanın heç bir alçaq əməli, - nə siyasi platformaya əsaslanan iyrənc provokasiyaları, nə informasiya məkanında məkrli avantüraları, nə dinc vətəndaşlara vəhşicəsinə hücumları, - heç nə Azərbaycan xalqının iradəsini sındıra bilməz. Birlik, həmrəylik, bir-birinin dərdinə şərik olmaq və qarşılıqlı dəstək nümayişi müəyyən mənada heç kəsin heç vaxt bizim iradəmizi və Vətənimizi işğaldan azad etmək istəyimizi sındıra bilməyəcəyinə dair Azərbaycan xalqının ismarıcıdır”, - deyir Mehriban xanım və dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa, Ermənistanın beynəlxalq konvensiyalara, habelə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə etinasızlığına son qoymağa çağırır.

Bu tarixi günlərdə Mehriban xanımın fəaliyyəti təkcə informasiya savaşındakı nəticələrlə məhdudlaşmır. Xalqımızın bu haqq işində canını fəda edərək şəhidlik zirvəsinə ucalmış hərbi qulluqçularımızın ailələri, düşmənin hərbi cinayətlərindən zərər çəkmiş insanlar da ölkənin Birinci vitse-prezidentinin diqqət və qayğısı ilə əhatə olunub. Onun tapşırığı ilə Heydər Əliyev Fondu həlak olanların ailələrinə lazımi kömək göstərir. Yaralı əsgərlərin sağalması və normal həyata qayıtması üçün mümkün tədbirlər həyata keçirilir.


İki düşmənlə üz-üzə


Mehriban xanım Əliyeva cəmiyyətimizi hazırda iki düşmənlə mübarizə apardığımız faktını da unutmamağa çağırır. Bu düşmənlərdən biri işğalçı Ermənistandırsa, digəri bütün dünyanı sarmış koronavirus pandemiyasıdır. Azərbaycan bir çox ölkələrin pandemiya səbəbindən üzləşdiyi faciəli ssenaridən fərqli olaraq bugünədək vaxtında və hərtərəfli düşünülmüş tədbirlər sayəsində xilas ola bilib. Ekspertlərin fikrincə, bizim ölkəmiz epidemiyanın ilk və olduqca təhlükəli mərhələsini ən az sayda itki ilə başa vurmuş dövlətlər sırasındadır. Amma təhlükə hələ aradan qalxmayıb və son günlər baş verən yoluxma sayı dinamikanın yüksəldiyini göstərir. Pandemiyaya qarşı mübarizə tədbirlərinin daha da gücləndirildiyi bu günlərdə vətəndaşlarımız COVID-19-un doğurduğu təhlükələrə qarşı da sayıqlığını itirməməlidirlər. Doğmalarımız, özümüz, Vətən naminə...

Mehriban xanım cəmiyyətimizi buna çağırır, hər birimizə koronavirus təhlükəsini unutmamağı, aylarla riayət etdiyimiz elementar qaydaları gözləməyi, sosial məsafə saxlamağı, həqiqətən, real zərurət olmadığı halda insanların kütləvi şəkildə toplaşdığı yerlərə getməməyi tövsiyə edir. "Biz yalnız birliyimizi qorumaqla və Prezidentin ətrafında sıx birləşməklə bu ilin yadda qalacağı bütün çağırışları və çətinlikləri dəf edə bilərik. ...Bu gün ordumuz öz tarixi missiyasını davam etdirdiyi bir vaxtda dövlətimizin, o cümlədən səhiyyə sisteminin üzərinə düşən yükü maksimum azaltmaq lazımdır. İndi bütün resursların bizim xilaskarlıq əməliyyatı üzərində cəmləşməsi müstəsna əhəmiyyət kəsb edir. Biz arxa cəbhədə öz sağlamlığımızın qeydinə qalmaqla, sayıqlıq və intizam nümayiş etdirməklə, eyni zamanda ön cəbhədəki əsgərlərimizə kömək edir və onları qoruyuruq. Əminəm ki, biz bu vəzifənin öhdəsindən gələcəyik və bir daha sübut edəcəyik ki, gücümüz birlikdədir!”

Bu günlərdə Yaponiyanın "Nikkei” qəzetinə müsahibəsi zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Mehriban xanım haqqında səsləndirdiyi fikirlər onun Vətən qarşısındakı böyük xidmətlərinə ümumxalq qiymətinin ifadəsi oldu: "Onun azərbaycanlılar arasında güclü dəstəyi var. Siz küçədə istənilən şəxsdən soruşa və onların onu necə sevdiyini və dəstəklədiyini görə bilərsiniz”. Mehriban xanım Əliyeva, həqiqətən, xalqımızın qürur duyduğu şəxsiyyətdir. Belə şəxsiyyətlərimizin yaratdığı qürurun, milli həmrəyliyin, bəşəriyyətə xidmət arzusunun gücü ilə tariximizdə böyük qələbələrlə şanlı səhifələr yazacağıq.

İradə ƏLİYEVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video