28 Oktyabr 2020 00:59
742
SİYASƏT
A- A+

Həsrətə son qoyuldu


1993-cü il avqustun 31-də havadarlarının köməyi ilə Ermənistan silahlı qüvvələrinin işğalına məruz qalmış Qubadlı şəhəri rəşadətli ordumuz tərəfindən azad edildi. Nəhayət, 27 ildən çox davam edən həsrətdən sonra - oktyabrın 25-də Azərbaycanın daha bir dilbər diyarı erməni faşistlərindən və muzdlu terrorçulardan təmizləndi.

Qubadlı rayonunda 1 şəhər və 93 kənd var. Sahəsi 802 kvadratkilometr, əhalisi təxminən 40 min nəfərdir. Zəngilan, Cəbrayıl, Laçın, Xocavənd və Ermənistanın Gorus, Qafan rayonları ilə həmsərhəddir. Qubadlı şəhəri Qarabağ yaylasının cənub-şərqində, Bazarçayın sahilində yerləşir.

Qubadlı rayonunun təbiəti olduqca zəngindir. 1969-cu ildə burada dövlət yasaqlığı yaradılmışdı. Rayonda 13,2 min hektar meşə sahəsi vardı. Palıd bu meşələrin arxası, vələs dövləti, alma, armud, fındıq, əzgil, zoğal, yemişan sərvəti, dağ çayları, şəlalələr, buz bulaqlar şöhrəti, qara gözlü əliklər, xınalı kəkliklər, qırqovullar, turaclar, göyərçinlər gözəlliyi idi. Çox təəssüflər olsun ki, hazırda əldə olunan məlumatlara əsasən, Qubadlı meşələri işğalçılar tərəfindən qırılaraq Ermənistana və ya xarici ölkələrə daşınmışdır.

Rayon ərazisindən iki böyük dağ çayı keçir - Həkəri, Bərgüşad. Həkəri çayı öz mənbəyini Kəlbəcərdən götürür. Araza qovuşana kimi bir çox dağ çayları ona qovuşur. Bərgüşad çayının mənbəyi isə Ərikli dağlarından başlayır. Bərgüşad öz gücünü dağ bulaqlarından süzülüb gələn Dəli, Şəki, Sisyan, Taxtakörpü, Daşlıdərə, Bəxtiyarlı və Ağa çaylarından alır. Bərgüşad çayı da Həkəri çayı kimi Araza tökülür. Hər iki çay rayonun Qaralar kəndinin yaxınlığında birləşir.

Qubadlının bir hissəsi aran olsa da, əsas hissəsi dağlıqdır. Rayonun Hərtiz və Səngər dağlarındakı şəfalı bulaqları can dərmanıdır. Qubadlılılar işğalacan əsasən heyvandarlıqla, tütünçülüklə və taxılçılıqla məşğul olmuşlar.

Şəhərdə 62 idarə və müəssisə var idi. Burada Asfalt zavodu, Quşçuluq fabriki, Daş karxanası, Texniki-təchizat idarəsi, Tikiş fabriki, "Neftqazavtomat” təcrübə zavodu və başqa istehsal müəssisələri fəaliyyət göstərirdi. Qubadlı şagirdləri 21 orta, 26 səkkizillik, 15 ibtidai məktəb, bir əyani-qiyabi orta məktəbdə təhsil alırdılar. Xanlıq kəndindəki 126 №-li orta texniki peşə məktəbində hər il 300 nəfər şagird müxtəlif peşələrə yiyələnirdi. Qubadlı rayonunda 33 səhiyyə və 111 mədəni-maarif, eləcə də 125 ticarət, 96 ictimai-iaşə, 25 məişət xidməti və 21 rabitə müəssisəsi əhaliyə xidmət edirdi.

Rayonun ərazisi tarixi abidələrlə zəngindir. Kiçik ölçülü yerüstü daş abidələrin çox az bir hissəsi rayonun tarix-diyarşünaslıq muzeyinə gətirilmişdi. Ümumiyyətlə, tarix-diyarşünaslıq muzeyində 5000-ədək nadir eksponat qorunurdu.

İşğaldan keçən 27 il ərzində rayon ərazisində ictimai binalar, yollar, körpülər, həmçinin tarixi və mədəni abidələr demək olar ki, bütünlüklə ciddi dağıntılara məruz qalıb. Qubadlı şəhəri və rayonun əksər kəndləri işğal edildiyi gündən erməni vandalları tərəfindən dağıdılıb və yandırılıb.

1993-cü il oktyabrın 14-də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qəbul etdiyi 874 saylı qətnaməyə əsasən, erməni silahlı qüvvələri işğal etdikləri Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının ərazisindən geri çəkilməli, həmçinin hərbi əməliyyatları dayandırmalı və atəşkəs imzalanmalı idi. Lakin ermənilər bir sıra xarici dövlətlərin hərbi-siyasi və maliyyə dəstəyi sayəsində iyrənc əməllərindən əl çəkməyib, uzun illər Azərbaycan xalqına qarşı təxribatlar törədiblər. Qubadlı rayonunun ərazisində 100-dən artıq tarixi və mədəni abidə erməni vandalları tərəfindən məhv edilib. Qubadlı Tarix-Diyarşünaslıq Muzeyində saxlanılan 5 mindən çox nadir eksponat talan edilib. Onlarla tarixi abidə dağıdılıb, yandırılıb, dini abidələr mal-qara və donuz tövləsinə çevrilib. Bir sözlə, barbar ermənilər rayonun ərazisində Azərbaycan türkünün izini sübut edən nə varsa, hamısını məhv etməyə çalışmışlar.

Xalqa müraciətində Prezident, Ali Baş Komandan İlham Əliyev demişdir: "Bir daha bu şad xəbəri bütün Azərbaycan xalqına çatdırmaq istəyirəm. Zəngilan, Cəbrayıl, Qubadlı rayonunun sakinlərinə, bu kəndlərdə yaşamış sakinlərə xoş xəbər çatdırmaq mənim üçün böyük şərəfdir. Düzdür, o kəndlərdən bir şey qalmayıb. Eybi yoxdur, bərpa edəcəyik. Azərbaycan xalqının da, dövlətinin də buna gücü çatacaq. Təki torpağımız azad olsun. Təki bayrağımız işğaldan azad edilmiş bütün torpaqlarda qaldırılsın. Biz əsgərlərimizin, zabitlərimizin canı-qanı bahasına bu torpaqları azad edirik. Həm döyüş meydanında, həm siyasi müstəvidə özümüzü təsdiqləmişik, dünyaya təsdiqləmişik. Azərbaycan xalqını qürurlu xalq kimi, cəsarətli xalq kimi, yenilməz xalq kimi təsdiqləmişik. Heç bir təzyiq bizə təsir edə bilməz. Heç bir hədə-qorxu bizi yolumuzdan döndərə bilməz. Çünki haqq yolundayıq, yumruq kimi birik. Bu birlik əbədidir və əbədi olacaq!

Əziz həmvətənlər, mən hələ müharibənin ilk günlərində sizə söz vermişdim ki, biz düşməni torpaqlarımızdan qovacağıq, sona qədər qovacağıq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

Rizvan HİLALOĞLU,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video