Alternative content

01:24 06 Dekabr 2020
ONLINE XƏBƏR LENTİ
01:07 06.12.2020 KİMDİR GÜNAHKAR?!
01:05 06.12.2020 Məğlubların faciəsi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yolum Füzuliyədir
Yolum Füzuliyədir
ANA SƏHİFƏ / CƏMİYYƏT
00:54 23.10.2020


27 illik zimistandan sonra yurduma bahar gəldi


"Füzuliyə, itirdiyim uşaqlığımı axtarmağa gedəcəm. Özümdən orada bir nişanə gəzəcəm. Bilmirəm, bəlkə bir gəlinciyim qalıb haradasa? Bəlkə kitablarımdan cırılmış bir səhifə tapdım, bəlkə kölgəsində oynadığım hansısa ağacın kötüyünə, üstündə anamın sac qoyub yuxa bişirdiyi ocaq daşlarına rast gəldim...

Bilirəm, doğma səslər gələcək qulağıma, anam "ay Bahar, hardasan?” deyəcək, atamın "oyan, Bahar, saat 7-dir, dərsə gecikərsən” sözlərini eşidəcəm...”

Cəmi iki ay ərzində həyətlərində keçilməz sədd kimi uzanıb sıxlaşan otları yara-yara evlərinə sarı getmişdi. Əlini dəstəyə uzadıb qapını açmaq istəsə də, bir anlıq dayanmış, içəri girməyə tərəddüd etmiş, qorxmuşdu. Qapının arxasında şahid olacağı ürək dağlayan mənzərəyə ürəyinin tab gətirəcəyinə şübhə etmişdi. İstəməmişdi ocaqlarının viranə qalmasına, hər birinin üzərində doğma nişanəsi olan sınıb-dağılmış əşyalarının otaqlarda ora-bura səpələnib qalmasına şahidlik etsin. İstəmişdi hafizəsində, xatirələrində hər şey əvvəlcədən necə idisə, eləcə də qalsın...

Amma düşmən gülləsi ilə şüşələri çiliklənmiş pəncərələrdən arxasınca boylanan o kədərli mənzərələr, o ağrılı səhnələr ömrü boyu gözlərinin önündən getməmişdi...

Bir gün mütləq qayıdacağına söz verərək, gözlərində selə dönən qüssə qarışıq qəzəblə uzaqlaşmışdı doğma evindən, yurdundan, elindən...

Bütün bunlar 1993-cü ilin bir yay günündə, Füzulinin işğalından cəmi bir ay əvvəl baş vermişdi...


Vətən, bizi bağışla ki, gec gəldik, amma güclü gəldik, deyəcəm...


Üzərindən xeyli zaman keçsə də, bütün məcburi köçkünlərin olduğu kimi, onun da ürəyindəki ümid heç zaman ölməmiş, arzusuna çatdırmışdı. Artıq düz 27 il əvvəl acı göz yaşları içərisində tərk etdiyi doğma evlərinə, yurdlarına getməyə tələsirdi: "Füzuliyə ilk qədəm qoyanda o torpağa baş əyəcəm. Bizi bağışla ki, gec gəldik, amma güclü gəldik, deyəcəm. Biz Füzulidən çıxanda çox zəif idik. Ona görə də düşünürəm ki, ana torpaq güclənib qayıtdığımız üçün, o torpağa ayağımızı möhkəm basdığımız üçün bizi bağışlayacaq. Üzərində gəzənlərin öz övladları olduğunu mütləq hiss edəcək”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "Qarabağ söhbətləri”ndə dünyaya göz açıb, boya-başa çatdığı Füzulidən danışır. Xatirələr cığırı ilə doğma yurdundakı xoş anlarına işıq tutur, ağrılı-acılı günlərini yada salır və 27 il sonra aldığı qələbə müjdəsinin yaşatdığı təsvirəgəlməz hisslərindən söz açır.


Bilirsinizmi vətəndə qəribçilik necə hissdir?!


- Bilirsinizmi vətəndə qəribçilik necə ağrılı hissdir?! Əslində, bunun sözlə ifadəsi mümkünsüzdür. Biz həmişə düşünmüşük ki, kimsə başqa bir ölkədə olanda qərib olur. Yaxud da bizim ölkəyə gələnləri qərib adlandırmışıq... Amma öz vətənində qərib olmaq heç bir düşüncəyə sığmır, baxmayaraq ki, öz xalqının içərisindəsən, öz ölkəndəsən, səninlə bu yükü, ağrını və acını daşıyan yüz minlərlə insan var. Və ömründə oranı görməmiş, dünyaya qərib gəlmiş övladlarımız var... Ki, onlar üçün vətən, doğma yurd, atalarının, babalarının doğulduğu, yaşadığı, böyüdüyü, dünyaya pərvazlandığı Qarabağdır...

Həmin uşaqlar da özlərini qərib hiss edirdilər. Bu, bizlərdə bir natamamlıq kompleksi yaradırdı. Sanki hər şeydə çatışmazlıq, yarımçıqlıq vardı. Elə bil birdən-birə vaxtilə özünü tam mənasında bütöv hiss etmiş insanın əl-qolunu kəsib şikəst etmişdilər. Bax, özümüzü belə hiss edirdik...


Qarabağa gedən yolların hamısı yarımçıq qırılırdı...


- Yollar da yarımçıq idi, xüsusilə üzü Qarabağa doğru gedən yollar. Baxırsan yoldur gedir, qarşıda bir məhdudiyyət görünmür, amma ora sənin üçün qaranlıqdır, bağlıdır. Bu dəhşətli hissi mən daha çox Horadizdə olanda yaşamışam. 20 il parlamentdə Füzulini təmsil etmişəm. Ora təkcə füzulili yox, həm də deputat, müstəqil hakimiyyət qanadında təmsil olunan şəxs kimi çox getmişəm. Ən müxtəlif səpkili görüşlərimdə, insanlarla ünsiyyətdə, tədbirlərdə ətrafımda olan insanları da məhz özüm kimi ağrılı-acılı görmüşəm.

Kiminsə gücü yetirdi, bu hissləri hər zaman pərdələməyə çalışırdı, kimisi də bunu bacarmırdı. Məsələn, mən hər zaman çalışmışdım ki, onlar mənim timsalımda bütöv, güclü bir insan görsünlər. Çünki əli hər yerdən üzülən və taleyinin bu qisməti ilə barışmaq, onu qəbul etmək istəməyən insanların qarşısına gərək güclü xarakterlə çıxasan. Ona görə də insanın daxili xarakteri ilə zahiri davranışında bir uyğunsuzluq yaranırdı. Özün özünü zəif, kövrək hiss etdiyin anda güclü görünməliydin. Bu, insanın daxilində çox böyük təlatümlər, həyəcanlar yaradır...


Səndən ömür istəmirəm, Tanrı, mənə möhlət ver...


- Bu 27 il ərzində qəbirlərimizi, məzarlıqlarımızı ziyarət edə, əzizlərimizi aparıb doğma torpağında dəfn edə bilmədik.

Atam Füzulinin işğalına cəmi iki il dözə bildi. Bu iki ildə, neçə dəfə əyin-başını geyinib evdən çıxırdı. Deyirdi ki, mən yurduma gedirəm. Anam qarşısına keçib onu zorla saxlayırdı ki, hara gedirsən? Əslində, o özü də bilmirdi ki, hara gedir. Sadəcə yaşadığı yerdə hövsələsi çatmırdı, oradan çıxmaq, öz yurdu tərəfə yol almaq istəyirdi. O, Füzulinin Yuxarı Yağlıvənd kəndində dünyaya göz açmışdı.

Ulu Öndərimiz Heydər Əliyev 1994-cü ildə Horadiz və 22 kəndi azad etdikdən sonra atamın yurdu, yəni Füzulinin Yağlıvənd kəndinin aşağı hissəsi də azad edilmişdi. 1995-ci ildə atam vəfat edəndə onu Aşağı Yağlıvəndin qəbiristanlığında dəfn etdik və işğal zamanı Füzulu şəhərindəki həyətimizdən götürdükləri torpağı qəbrinin üstünə səpdik. Atamın vəfatından sonra anamda bir növ ruh düşkünlüyü yaranmışdı. Hər bizə nəsihətində, vəsiyyətində söyləyirdi ki, məni atanın yanında dəfn edərsiniz. Ondan əvvəl də Tanrıya üz tutub hər zaman diləyirdi ki, "mən səndən ömür istəmirəm, mənə möhlət ver, Tanrı. Gedim o yurdu görüm, dünyamı dəyişim. Əvəz görmədi, mən onun yerinə yurdumuzu görüm”. Amma anamın bu diləyi yerinə yetmədi, atamın yanında dəfn olunmaq qisməti oldu. İndi orada qoşa uyuyurlar...


Füzuli ilə bağlı xatirələr hər zaman məni uşaqlığıma aparır


- Füzulidən 15 yaşında çıxmışam. Amma sanki ömrümün ən mənalı, dəyərli hissəsi elə həmin o 15 ildən ibarətdir. Baxmayaraq ki, o zaman da Füzulidən uzaqda, Bakıda tələbə idim, özümü qərib hiss etmirdim. Bilirdim ki, istənilən vaxt evimizə gedə bilərəm və gedirdim. Füzuli ilə bağlı xatirələr hər zaman məni uşaqlığıma aparır, gözlərim önündən yeniyetməliyim keçir. O, ömrümün ən gözəl illəridir, çünki ailəmin içərisində idim, valideynlərim sağ idi, bacı-qardaşım yanımda idi. Mən həyatı bütün rəngləri ilə təsəvvür edirdim. O illər mənim qəlbimdə, beynimdə yaşayır, ruhuma hopub, xatirələrimdə canlanır. Oranın hər daşı, kəsəyi, doğulduğum ev, həyət, küçə, Füzuli rayonunun özü, onun kəndləri, yolları hamısı gözümün önündədir. Və mənə elə gəlir ki, sanki qoyub gəldiyim kimidir. Gedib hamısını yerində görəcəm. Təbiidir ki, biz oranı yenidən gözəl bərpa edəcəyik, o, tamamilə başqa bir şəhər olacaq. Amma bizim hər birimizin qəlbində o qoyub gəldiyimiz Füzuli qalacaq. Füzulidə çox daşlar qoyub gəlmişik, doğmalarımızın baş daşlarını, tariximizi xatırladan daşları, ocaq daşlarını... Əzəlimiz o müqəddəs bünövrələrə söykənir...

Füzuliyə son səfərim isə 1993-cü ildə, işğala bir ay qalmış, iyul ayında olmuşdu. Bir şəhidin yas mərasiminə getmişdim və onda iki bacımla bərabər ayaqüstü tərk olunmuş Füzuli şəhərinə də baş çəkdim. Şəhərin bu başından o başına piyada evimizə getdik. Evin qapısını açmadıq, yalnız sınıq pəncərələrdən baxdıq içərisinə. Çünki evimizi dağılmış halda görmək istəmədik...


Evimizdə yenə də məni atamla anam qarşılayacaq, amma bu dəfə ruhları...


- 27 il sonra və elə sentyabrın 27-nə keçən gecə yuxuda özümü Füzulidə gördüm. Bir-birinə yaxın təpələrin arasındakı yarğanabənzər dərələrdə hiss edirdim özümü. Gah təpənin başında, gah dərin yarğanlarda olurdum. Daha sonra su və torpaq qarışıq sürüşmə yarandı və sanki bu sürüşmələrin içində mən də var idim. Çox qəribə bir hiss idi... Səhəri gün isə şanlı Azərbaycan Ordusunun düşmən təxribatının qarşısını alaraq, Qarabağda azadetmə əməliyyatının başlandığını eşitdim. İlk dəfə mistika ilə reallığın belə bir əlaqəsini öz həyatımda hiss elədim. Amma bundan əvvələ qədər Füzulini yuxularımda real görürdüm, özü də kiçik uşaqlıq, 15 yaşıma qədərki yeniyetməlik dövrümü. Oyuncaqlarımı, kitab-dəftərlərimi, həyətimizi... Atam, anam da hər zaman gənc olurdu röyalarımda...

Elə həyatda da hər zaman onları bu cür xatırlayıram. Füzuli ilə bağlı hər zaman xatırladığım ilk mənzərə həyətimizin qapısından girəndə atamla anamın hər ikisinin qollarını açaraq məni qarşılaması olur. İndi mənə elə gəlir ki, Füzuliyə qədəm qoyanda yenə əvvəlki kimi olacaq. Həyətimizə girəndə məni atamla anam qarşılayacaq...

...Əlbəttə, qarşılayacaq, amma bu dəfə ruhları.


Vətən uğrunda şəhid gedənlərin ruhunun şad olduğu günlərdir


- Bəlkə də bizlər həyatda canlı olan doğmalarımızın, yaxınlarımızın qarşısında götürdüyümüz öhdəliklərə, verdiyimiz sözə bir çox hallarda sadiq olmuruq. Düşünürük ki, yetirməsəm, bağışlayar məni, doğmamdır. Amma ruhların, bu dünyadan həsrətlə köçən doğmalarımız qarşısındakı vədlərimiz çox vacibdir. Bu yurd üçün canını verən, qanını o torpağa tökən, ömrünün cavan yaşında qurban gedən cavanlarımız qarşısındakı vəzifələrimiz çox mühümdür. Və bu gün biz o öhdəliklərimizi, vəzifələrimizi yerinə yetiririk. O torpağa qayıdırıq, onların ruhunu şad edirik.

Əslində, bu illər ərzində heç zaman şübhəm olmayıb ki, biz o torpaqlara qayıdacağıq və mən o günləri görəcəm. Buna əminliyim isə Azərbaycan əsgərinin Lələtəpə qalibiyyətindən sonra birə min artdı. Elə özümdə vətənpərvərlik ruhunda şeir yazma qabiliyyətini də Lələtəpə zəfərindən sonra kəşf etdim...

Zirvəsi var, Lələtəpə,

Yağış, dolu səpə-səpə.

Addım-addım, təpə-təpə,

Vətən, sənə qurban olum!

Mən onda yəqin etdim ki, biz ölkəmizi təpə-təpə, qarış-qarış, addım-addım azad edəcəyik.

Hər halda bizi ora qaytaran ilk növbədə inamımız oldu. Geniş mənada buna inanmasaydıq, bunun mümkünlüyünü qəbul etməsəydik, biz ora qayıda bilməzdik.

Mən Heydər Əliyevin nitqlərini dəfələrlə dinləyən və oradakı hər məqamı əldə rəhbər tutan bir şəxs kimi inanırdım ki, elə bir zaman gələcək ki, bu qayıdış üçün lazımi şərait olacaq. Həm iqtisadi gücümüz, həm də bir xalq olaraq daxili birliyimiz, döyüş və vətənpərvərlik ruhumuz buna hazır olacaq. Beynəlxalq aləmdə siyasi şərtlər də elə olmalıdır ki, bizə kömək edən olmasa da, mane olmaq imkanları da olmasın.

Baxın, hazırda belə bir mühit yetişdi. Bu mühitin yetişməsində isə nə qədər amillər iştirak etdi.


İlham Əliyev bütün bunların öhdəsindən qəhrəmanlıqla gəldi


- Amma ən əsas amil Ali Baş Komandanımız İlham Əliyevdir. Dövlət başçımız bu illər ərzində Heydər Əliyevin zamanında söylədiyi bütün şərtlərin yetişməsinə zəmin yaratdı. Azərbaycan iqtisadi tərəfdən güclənməli, vətəndaşların sosial vəziyyəti yüksək səviyyəyə çatdırılmalıydı. Ölkəmiz öz taleyinin sahibi olub müstəqil iradə ortaya qoymalı, sərvətlərini öz ölkəsinin və dünya ökələrinin marağına uyğun elə bir şəkildə istifadə etməliydi ki, o, Azərbaycanın təhlükəsizlik kəmərinə çevrilsin. Həmçinin regional qlobal miqyasda yeritdiyi siyasət də burada heç bir real güclərin maraqları üçün ziddiyyətlər yaratmamalıydı. Əksinə, elə olmalıydı ki, bir-birinə zidd mövqedə olan beynəlxalq güclər əməkdaşlıq məkanı üçün Azərbaycanı seçsin. Bura nəinki dinlərin, konfessiyaların, etnik qrupların, mədəniyyətlərin ziddiyyətlərdə olduğu bir məkan, əksinə, onların harmoniyada olduğu, bir-birinə qovuşduğu, bir-birini tamamladığı, bir-birini zənginləşdirdiyi bir məkan kimi diqqətləri çəksin. Görün biz bunları sadalamağa qalxsaq, nə qədər faktorlar Azərbaycanın müdrikcəsinə müəyyənləşdirdiyi və qətiyyətlə həyata keçirdiyi siyasətindən qaynaqlanır. Bu regiondakı ictimai-siyasi mühit, qüvvələr nisbəti və onların maraqlarının nəzərə alınması ücün mühit yetişdirilməli idi. İlham Əliyev bütün bunların öhdəsindən qəhrəmanlıqla gəldi. Artıq bunların nəticələrini biz addım-addım irəlilədikcə hiss etməkdəyik.

Bu vəziyyət həm ölkə Prezidenti cənab İlham Əliyevin və onun yaxın silahdaşı Birinci vitse-prezident Mehriban xanım Əliyevanın timsalında ayrı-ayrı ölkələrlə ikitərəfli və çoxtərəfli formatda apardıqları məqsədyönlü, bütün parametrlərilə Azərbaycan maraqlarının reallaşmasına və eyni zamanda qarşılıqlı faydalı əməkdaşlığa yönəlmiş siyasətin konkret nəticəsidir ki, biz bu gün qalibiyyət marşımızı davam etdirməkdəyik. Azərbaycanda gedən Vətən müharibəsi özünün məntiqi sonluğuna yaxınlaşmaqdadır. İnanıram ki, qısa müddətdən sonra biz bütöv Azərbaycan haqqında danışacağıq.


Qəlbimizdəki zirvələrin bayrağı azadlığa, işığa çıxıb...


- Bu illər ərzində hər bir azərbaycanlı, o yerlərdən köçkün düşmüş insanlar üçrəngli bayrağımızı qəlbimizdəki zirvədə daşıyıb. İndi isə o, azadlığa, Yer üzünə, işığa çıxıb. Özünün varlığı ilə də bizə qürur yaşadır. Sanki o keyimiş əl-qolumuzu hiss etməyə başlayırıq, beynimizin dumanı, qəlbimizin donu açılır. Mənə elə gəlir ki, indi insanlar da, ailə üzvlərimiz də tamam dəyişib, onları tamam başqa cür görməyə başlayıram. Və nələrdən məhrum olduğumuzu sanki bir daha dərk edirik. Amma nə qədərimiz bu günləri görə bilmədi, qərib köçdü dünyadan. Amma inanıram ki, onların da ruhu artıq bu qələbə sevincini hiss etməkdədir.

Zənnimcə, bu günləri inanaraq gözləməyinə, dözməyinə, bu çətinlikləri, məhrumiyyətləri çəkməyinə dəyərdi. Çünki bu qələbə günləri sanki bütün yaralarımıza sığal çəkir, məlhəm qoyur, ağrı-acılarımızı unutdurur.

İşğaldan azad olunan torpaqlarımızı göstərən xəritədəki yaşıl rəng artdıqca, bizim də ruhumuza sakitlik gəlir. Bu illər ərzində Ermənistan işğal edilmiş ərazilərdə yanmış torpaqlar siyasəti həyata keçirib. Sanki yaz gəlirdi ora, çəmənlər göyərirdi, ağaclar yarpaqlayırdı, amma onu biz yaşıl rəngdə görə bilmirdik. Bax, indi o torpaqlarımıza yaz gəlir, təbiətin nəfəsi qayıdır, hər şey öz rənginə bürünür...


Gilasın heç yerdə belə ətri ola bilməz, o yalnız Füzulidədir


Uşaqlığı, yeniyetməliyi Füzuli rayonunda keçmiş, Kiçik Qafqaz dağlarına, onun ətəyindəki zümrüd meşələrə baxa-baxa böyümüşdü, yaşıla vurğun olmuşdu Bahar...

Artıq 27 il idi ki oraları görmürdü. Yaşadığı yer, getdiyi yol, oxuduğu məktəb yalnız xatirələrdə və bir də bəzi fotolarda qalmışdı. Bu illər ərzində təkcə Füzulidən deyil, həm də uşaqlığından, atalı-analı xatirələrindən uzaq düşmüşdü...

Amma budur, həmin ağrı-acıların, qüssəli hadisələrin özü xatirəyə çevrilməyə başlayır yaddaşında. Yenə evlərinə yüyürür, doqqazda onu qarşılayan ata-anasının qolları arasında özünü dünyanın ən xoşbəxti hiss edir. Yurdunun daş-kəsəyinə, divarlarına əl çəkir, hər küncündə, bucağında barmaqlarını gəzdirir...

Haradansa burnuna yenicə ağarmış gilasın ətri gəlir. Gəlib ağacın altında dayanır və diqqətlə baxır. Ağarmış, bir az böyümüş gilas gördükdə sevincinin həddi-hüdudu olmur... Bu gilasın özünəməxsus ətri var və ona elə gəlir ki, gilasın heç yerdə belə ətri ola bilməz, o yalnız Füzulidədir, atasının onun adına əkdiyi, balaca Baharın da hündürboylu və bol məhsullu olması ilə fəxr etdiyi ağacdadır...

Bəli, artıq düz 27 illik zimistandan sonra Füzuliyə bahar gəlib...


Yumruğun gücü

Dünənimdən sabahıma öz içimdən yol gəlirəm

Qürub edən günəş kimi dan yerinə tələsirəm.

İstəyirəm sabahların al şəfəqin,

Bu müqəddəs torpağıma özüm səpəm.

Üfüqədək yol yoldaşım, can sirdaşım,

Bu günümün çiyindaşı, qan qardaşım.

Birlik üçün könül verib qucaqlaşan

Səf-səf duran arkadaşım, vətəndaşım!

Sən bilirsən hansı qurban bahasına,

Ümid dolu sabahları gözləmişik.

Yaradanın dərgahına əl uzadıb,

Tanrımızla ruhumuzu bir etmişik.

Uzaq, yaxın bu yolların gərdişində,

Düşmənlərin tuzağına tuş gəlmişik.

Horadizlə Lələtəpə döyüşündən,

Tovuz, Qazax sınağından qalib cıxıb,

Cənnətməkan Qarabağa yol almışıq.

Hər kəs bilsin qarşımızda bir seçim var:

Zalımları öz yerinə oturtmalı,

Bu bayrağı zirvələrdə ucaltmalı!

Gücümüzü bir yumruğa toplamalı,

Heydər baba zirvəsindən İlhamlanıb,

Yurdumuzu əsarətdən çıxartmalı!

BAHAR


Yasəmən MUSAYEVA,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


ARXİV


TƏQVİM