22 Oktyabr 2020 22:39
461
SİYASƏT
A- A+

Azərbaycan səfiri Litva mətbuatına müsahibəsində Ermənistanın son hərbi təxribatlarından danışıb


Litvada böyük oxucu kütləsinə malik "Alkas” xəbər portalında Azərbaycanın Litvadakı səfiri Tamerlan Qarayevin videomüsahibəsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, müsahibədə səfir Tamerlan Qarayev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixçəsi və hüquqi aspektləri, ermənilərin həyata keçirdiyi etnik təmizləmə siyasəti, münaqişə ilə bağlı beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və təxribatları, eləcə də mülki əhalinin, infrastrukturun və mədəni abidələrin atəşə məruz qalması, o cümlədən torpaqlarımızın işğalının regiondakı sülhə, sabitliyə və təhlükəsizliyə göstərdiyi mənfi təsirlər barədə ətraflı şəkildə məlumat verib.

1994-cü ildə tərəflər arasında elan edilmiş atəşkəs rejimindən sonra ATƏT-in Minsk qrupu çərçivəsində aparılan sülh danışıqlarının nəticəsiz qaldığını xatırladan səfir Ermənistan tərəfinin atəşkəsi dəfələrlə pozduğunu bildirib. Qeyd edib ki, BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilmiş 4 qətnamədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsi də daxil olmaqla, işğal altındakı bütün torpaqlardan çıxarılmasının tələb olunmasına baxmayaraq, işğalçı ölkə bu tələbləri hələ də yerinə yetirməyib.

Diplomat bildirib ki, Ermənistanın son təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu əks-həmlə əməliyyatına başlayıb. Bu əməliyyatlar özünümüdafiə xarakteri daşıyır, ölkənin suverenliyinin və ərazi bütövlüyünün bərpasına, vətəndaşların təhlükəsizliyinin təminatına yönəlib.

Ermənistanın son təxribatının sentyabrın 27-də baş verdiyini xatırladan səfir bununla da döyüşlərin alovlandığını, baş verən qanlı müharibənin əsl səbəbkarının Ermənistan rəhbərliyi olduğunu vurğulayıb. Ermənistan ordusunun Azərbaycana növbəti hücum cəhdinə Silahlı Qüvvələrimiz tərəfindən əks-hücumla cavab verildiyini bildirib.

Diplomat, həmçinin münaqişənin davam etdiyi müddətdə iki dəfə humanitar atəşkəsin elan olunmasına baxmayaraq, Ermənistan tərəfinin buna riayət etmədiyini, məhz bu ölkənin təxribatları nəticəsində atəşkəsin pozulduğunu və döyüşlərin yenidən davam etdiyini söyləyib. Ermənistan ordusunun döyüşlərin davam etdiyi ərazilərdən çox uzaqda yerləşən və dinc əhalinin yaşadığı ərazilərimizi hədəfə aldığı, Azərbaycanın Gəncə, Mingəçevir şəhərlərini Tərtər, Ağcabədi və digər rayonları artilleriya atəşinə tutduğu, bu amansız hücumlar nəticəsində 60-dan çox mülki şəxsin həlak olduğu, 270 nəfərin yaralandığı dinləyicilərin diqqətinə çatdırılıb. Qeyd edilib ki, onların arasında körpə uşaqların, qadınların və yaşlı insanların da olması Ermənistan dövlətinin barbarlığını, faşist siyasətini təsdiq edir. Diqqətə çatdırılıb ki, bu hücumlar nəticəsində çoxsaylı infrastruktur və mülki obyektlər də ziyan çəkib.

Videomüsahibə çərçivəsində litvalı jurnalistin - Bu müharibənin başa çatması üçün nə olmalıdır? sualına cavab verən səfir bildirib ki, Azərbaycan sülhsevər, tolerant və multikultural dəyərlərə sahib bir ölkədir. Hazırda Azərbaycan dövləti və xalqı öz torpaqlarının azad edilməsi və suverenliyinin bərpası istiqamətində haqlı mübarizə aparır. Ermənistan ordusunun BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin şərtlərini yerinə yetirərək, işğal altında saxladığı Azərbaycan torpaqlarını tam, dərhal və qeyd-şərtsiz tərk etməsi müharibənin dayanması üçün kifayət edər. Səfir bundan sonra bölgədə sülhün tamamilə bərqərar olunacağına inandığını vurğulayıb.

Müsahibənin sonunda diplomat Litva vətəndaşlarını Azərbaycan xalqının ərazi bütövlüyünün bərpası uğrundakı mübarizəsini dəstəkləməyə çağırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video