22 Oktyabr 2020 19:00
568
SİYASƏT
A- A+

Adil Əliyev : İşğaldan azad olunan ərazilərimizə yeni nəfəs gələcək!


İşğaldan azad edilmiş şəhər və rayonlarımızın siyahısının artması, mütəmadi olaraq yeni qələbə xəbərlərinin gəlməsi hər bir azərbaycanlını sevindirir. Azərbaycanın ərazi bütövlüyü uzun illərdən sonra bərpa olunmağa başlayır, torpaqlarımız kənd-kənd, qarış-qarış düşmən tapdağından təmizlənir. Necə qürur duymaya bilərik axı? Təxminən 30 ilə yaxın işğal altında olan tarixi məskənlərimizin azad edilməsini, həmçinin Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun Ermənistana vurduğu zərbəni xain qonşularımız uzun illər unutmayacaq...

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclis Sədrinin müavini Adil Əliyev bildirib.

Adil Əliyev deyib ki, bu gün yalnız Ermənistan hərbi cəhətdən uduzmur və düşmənin döyüş meydanında silahlı texnikası məhv olmur, eyni zamanda, bu ölkənin iqtisadiyyatı da artıq çökür. Bu günə qədər Ermənistanın itkisi 1,5 milyard dolları keçib, büdcəsi də ki, məlumdur.

COVID-19 infeksiyasının Ermənistan ərazisində sürətlə yayılması və vəziyyətə nəzarət etmə imkanlarının olmaması səbəbindən onsuz da bu ölkənin iqtisadiyyatının tənəzzül yaşadığını deyən Milli Məclis Sədrinin müavini bildirib: "Üstəgəl, haqsız olaraq apardığı müharibədə itirdikləri iqtisadi resurslar onlara uzun müddət özlərinə gəlməyə imkan verməyəcək. Onların aylarla yığdıqları ianələrlə alınmış silah-sursatı Ordumuz cəmi bir neçə dəqiqə içində məhv edir. Hələ davam edən müharibədə Ermənistanın verdiyi itkilərin isə sayı-hesabı yoxdur. Məğlubiyyətə uğradıqca daha çox geri çəkilməyə məcbur olurlar ki, bu da ordumuzun sürətini və işğaldan azad edilən yurdlarımızın sayını artırır”.

A.Əliyev qeyd edib ki, müharibənin ilk günləri Ordumuz kəndləri və qəsəbələri işğaldan azad edirdisə, bu gün artıq bütöv rayon və şəhərləri düşmən təcavüzündən qurtarır. Müdafiə Nazirliyinin döyüş bölgələrindən çəkdikləri videolara baxanda bir daha əmin oluruq ki, Ermənistan rəhbərliyi heç bir halda bu əraziləri sülhlə tərk etməyəcəkdi. İşğaldan azad edilmiş bəzi ərazilərdə son vaxtlara qədər yaşayışın olması bunun əyani sübutudur. Ermənistan yenə də öz vandal əməllərindən əl çəkmir. Belə ki, geri çəkilərkən gələcəkdə istifadəsi mümkün ola biləcək bütün mülki obyektləri məhv edir.

Ermənistanın məğlubiyyəti artıq o yerə çatıb ki, təcavüzkar siyasətin lideri olan baş nazir Paşinyan öz "Facebook” səhifəsindən xalqa çağırış edir. Hamını 30 nəfər şəklində birləşməyə, özlərinə lider seçməyə və döyüşə getməyə çağırır. Bu məsələni şərh etməmişdən əvvəl, erməni xalqının bu paylaşımları necə məsxərəyə qoymasının bir daha şahidi olduq. Vəziyyət o yerə çatıb ki, nizami ordunun qarşısına xalqın 30 nəfərlik qruplarını çıxarmaq istəyir, bunun üçün xahiş edir.

Adi bir nümunəyə baxsaq görərik ki, əvvəlcə yaşı 60-a qədər şəxslərlə bağlı səfərbərlik elan etdilər və burada 60 yaşdan yuxarı şəxsləri də cəlb etdilər. Bundan sonra isə qadınlardan ibarət bölmə yaratmaq istədilər və təbii ki, bu da baş tutmadı. Bu gün isə mülki əhalini döyüşə səsləyir ki, bu daha absurd düşüncədir.

Azərbaycanda isə hər gün on minlərlə gənc Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli bölmələrinə müraciət edərək, döyüşə getmək istədiyini bildirir.

Bu, həm də Azərbaycan xalqının öz Liderinə, Ali Baş Komandanına, Ordusuna olan dərin inamının təzahürüdür. Hər birimiz məsuliyyətimizi dərk etməli və apardığımız uğurlu əməliyyatların məntiqi davamına hazır olmalıyıq.

Milli Məclis Sədrinin müavini, həmçinin vurğulayıb : "İşğaldan azad edilən ərazilərimizdə artıq yeni infrastrukturun qurulmasına başlanılması onu göstərir ki, Ermənistanın işğalı bitdikdən sonra tarixi və əzəli torpaqlarımıza yenidən nəfəs gələcək. Talış və Suqovuşan kəndlərinə yeni avtomobil yollarının çəkilməsi böyük qayıdışın artıq başladığının əlamətlərindən biridir.

Tarixi torpaqlarımız boşalır və hər birimiz tezliklə işğaldan azad olunan ərazilərimizə geri qayıtmağımızı səbirsizliklə gözləyirik! Qarabağ Azərbaycandır!”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video