22 Oktyabr 2020 13:43
655
SİYASƏT
A- A+

“The Telegraph” qəzeti: Dağlıq Qarabağda sülhün təmin olunmasının əsas yolu Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsidir


Böyük Britaniyanın "The Telegraph” qəzetində "Dağlıq Qarabağda sülhün təmin olunmasının əsas yolu Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsidir” sərlövhəli məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə Ermənistan ilə Azərbaycan arasında 30 ilə yaxındır davam edən münaqişənin tarixi, Azərbaycana qarşı ərazi iddiaları sürən Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizinin işğal olunması, Dağlıq Qarabağda və ona bitişik rayonlardakı azərbaycanlıların öz daimi yaşayış yerlərindən məhrum edilərək məcburi köçkünə çevrilməsi, eləcə də bu münaqişə ilə bağlı həqiqətlərin düzgün və dolğun şəkildə dünya ictimaiyyətinə çatdırılması ilə bağlı görülən işlər öz əksini tapıb.

Məqalədə beynəlxalq KİV-lərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin işıqlandırılması zamanı bəzilərinin yanlış olaraq bu münaqişəni "mübahisəli Dağlıq Qarabağ anklavı” kimi təqdim etdikləri bildirilir.

Qeyd edilir ki, bu münaqişə nəticəsində 800 mindən çox Azərbaycan vətəndaşı məcburi şəkildə öz evlərindən didərgin salınıb, dinc sakinlər qətlə yetirilib və mülki infrastruktur məhv edilib. Münaqişə nəticəsində Azərbaycan tarixboyu üzləşdiyi ən böyük humanitar böhranla üz-üzə qalıb.

Sülhün əldə olunması üçün vaxtın çoxdan yetişdiyini vurğulayan müəllif qeyd edir ki, belə bir sülh yalnız hər iki tərəfin xoş niyyətlə apardığı danışıqlar vasitəsilə mümkün ola bilər. Beynəlxalq ictimaiyyət başa düşməlidir ki, Azərbaycan ərazilərinin bir hissəsi işğal olunub və tərəflər arasında baş tutacaq hər hansı danışıqların obyekti məhz işğal olunmuş həmin ərazilərin geri qaytarılmasıdır.

Müəllif Dağlıq Qarabağın bəzən "mübahisəli anklav” kimi təqdim edilməsinin yanlış olduğunu vurğulayaraq, Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ bölgəsinin və onun ətrafındakı yeddi rayonun bütün dünya ictimaiyyəti tərəfindən Azərbaycan ərazisi kimi tanındığını bildirir. Həmçinin 30 ilə yaxındır ki, Birləşmiş Millətlər Təşkilatı tərəfindən Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən və Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ ərazisindən dərhal çıxarılmasını tələb edən dörd qətnamənin qəbul edildiyi vurğulanır.

Məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dini mahiyyət daşıması ilə bağlı fikirlərin də tamamilə yanlış olduğu bildirilir. Müəllif əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanda əhalisinin əksəriyyəti xristian olan Ermənistandan fərqli olaraq böyük yəhudi və xristian icmalarının, eləcə də müxtəlif konfessiyaların nümayəndələrinin tarixboyu dinc yanaşı yaşadıqlarını qeyd edir.

Məqalədə, həmçinin Dağlıq Qarabağ bölgəsinin Azərbaycanın gözəl təbiətə və mədəni irsə malik olduğu, lakin erməni işğalı altında olan həmin ərazilərdə Azərbaycana məxsus tarixi keçmişin əlamətlərini silmək və tarixi dəyişdirmək məqsədilə bir çox abidələrin və memarlıq nümunələrinin dağıdıldığı qeyd olunur.

Müəllif yazır ki, sülhün əldə olunması üçün vaxt çoxdan yetişib və bu sülh üç şeydən asılıdır. Birincisi, bu münaqişə ilə bağlı həqiqətlər barədə dünya ictimaiyyətinə daha geniş və dolğun məlumatın çatdırılmasıdır. İkincisi, münaqişənin həll yolunun tapılmasında beynəlxalq ictimaiyyətin səylərinin daha da artırılmasıdır. Üçüncüsü isə sülhün əldə olunmasının əsas yolunun Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə mümkün olduğunun qəbul edilməsidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video