22 Oktyabr 2020 12:26
474
SİYASƏT
A- A+

Ermənistan işğalçı ölkədir və uzun illər qəsb etdiyi Azərbaycan torpaqlarını tərk etməlidir

 
Ermənistan işğalçı ölkədir və artıq 30 ildir ki, qəsb etdiyi Azərbaycan torpaqlarını tərk etməlidir.

AZƏRTAC xəbər verir ki, bu fikir Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadənin Tokionun tanınmış ali təhsil müəssisəsi olan Keyo Universitetinin müəllim və tələbə heyəti ilə onlayn formatda keçirilmiş "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son durum” adlı seminarda səslənib.

Qeyd edək ki, 1858-ci ildə yaradılmış Keyo Universiteti Yaponiyanın xüsusilə iqtisadiyyat sahəsində tanınmış nüfuzlu ali təhsil müəssisəsi hesab edilir. Bu universitetdə Yaponiya hökumətinin, parlamentinin yüksək səviyyəli nümayəndələri, o cümlədən Azərbaycan-Yaponiya parlamentlərarası işçi qrupunun həmsədri Akira Amari və digər nüfuzlu siyasətçilər təhsil alıblar.

Seminarı açan Keyo Universitetinin professoru Yoko Hirose Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə qısa məlumat verib.

Sonra çıxış edən səfir G.İsmayılzadə əvvəlcə Azərbaycan dövləti, onun tarixi, 1918-1920-ci illərdə müsəlman dünyasında ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətindən (AXC) danışıb, 1991-ci ildə müstəqilliyin bərpasından sonra ölkəmizin qarşılaşdığı çətinliklərdən bəhs edib. İştirakçılara 1918-1920-ci illərdə AXC-nin xəritəsini nümayiş etdirən G.İsmayılzadə ölkəmizin tarixi ərazisi olan Zəngəzurun və digər torpaqların keçmiş sovet hökuməti tərəfindən Ermənistana verildiyini bildirib. 1920-ci ildə qədim Azərbaycan torpaqlarında yaradılmış Ermənistan Respublikasının əhalisinin yarıdan çoxunun azərbaycanlılar olduğu da iştirakçıların diqqətinə çatdırılıb. Qeyd edilib ki, Sovet İttifaqı dövründə bu insanlar Ermənistan ərazisindən tədricən ya köçürülüb, ya da qovulub.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən səfir 1988-ci il və 1992-1994-cü illərdə Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələri haqqında geniş məlumat verib. Bu xüsusda ermənilərin törətdiyi Xocalı soyqırımı haqqında danışıb.

Seminarda ATƏT-in Minsk qrupunun həmsədrlərinin münaqişənin həlli istiqamətində fəaliyyəti, Madrid prinsipləri haqqında iştirakçılara geniş məlumat verilib. Səfir vurğulayıb ki, BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnamə qəbul edib. Bu qətnamələr erməni işğalçı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Lakin 27 ildir ki, bu qətnamələrin tələbləri yerinə yetirilmir.

2018-ci ildə Ermənistanda N.Paşinyanın hakimiyyətə gəlməsinə toxunan səfir, həmin vaxtdan Ermənistanın Azərbaycana qarşı daha aqressiv və təxribatçı siyasət yeritməsi haqqında konkret faktları diqqətə çatdırıb. Cari il iyulun 12-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan – Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində təxribatı haqqında geniş məlumat verilib.

Səfir bildirib ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan ordusunun cəbhə zonasında yerləşən mövqelərini atəşə tutub. Ermənistan silahlı qüvvələrinin mülki insanların sıx şəkildə yaşadığı yerləri intensiv şəkildə atəşə tutması nəticəsində mülki əhali və hərbi qulluqçular həlak olub və yaralanıb, çoxsaylı mülki obyektlərə ciddi ziyan dəyib. Azərbaycanın Silahlı Qüvvələri Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq və təmas xətti boyunca sıx şəkildə yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə özünü müdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa tam riayət etməklə əks-hücum və cavab tədbirlərini həyata keçirməyə başlayıb. G.İsmayılzadə vurğulayıb ki, vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür.

Rusiya Federasiyasının vasitəçiliyi ilə tərəflər arasında iki dəfə humanitar atəşkəs elan olunduğunu qeyd edən səfir bildirib ki, hər iki halda Ermənistan silahlı qüvvələrinin bu razılaşmanı pozaraq etdiyi raket hücumları nəticəsində Azərbaycanın Gəncə, Mingəçevir şəhərlərinə, Ağdam, Tərtər və Ağcabədi rayonlarına ciddi ziyan dəyib. Həmin hücumlar nəticəsində aralarında körpə uşaqlar da olmaqla 60 nəfər həlak olub, 100-dən çox insan yaralanıb.

G.İsmayılzadə vurğulayıb ki, dinc insanların məqsədli şəkildə öldürülməsi müharibə cinayəti və insanlıq əleyhinə cinayətdir. Ermənistan rəhbərliyi bu cinayətə görə tam məsuliyyət daşıyır. Ermənistanın davam edən təcavüzü və mülki insanlara qarşı qəddar hücumları dayandırılmalıdır və beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycan xalqına qarşı bu qeyri-insani aktlarına göz yummamalıdır.

Səfir Ermənistanın bu təcavüzkar və terrorçu əməllərinin dünya dövlətləri, o cümlədən Yaponiya tərəfindən də qətiyyətlə pisləməyə və bu ölkəni beynəlxalq hüquqa və beynəlxalq öhdəliklərinə riayət etməyə məcbur etmək üçün qətiyyətli addımlar atmağa çağırıb.

Diplomat bildirib ki, Ermənistan silahlı qüvvələrinin bu təxribatçı əməli təcavüzkar Ermənistan rəhbərliyinin son zamanlar bölgədə gərginliyin artmasına xidmət edən fəaliyyət və bəyanatlarının davamı kimi nəzərdən keçirilməlidir. Təcavüzkar siyasətini ölkənin təhlükəsizlik strategiyasında əks etdirən Ermənistan münaqişənin nəticələrini aradan qaldırmaq, işğalçı qüvvələrini Azərbaycanın beynəlxalq tanınmış ərazilərindən çıxarmaq əvəzinə, yeni mövqelər ələ keçirmək, gərginliyi artırmaq məqsədinə xidmət etdiyini açıq şəkildə nümayiş etdirir. Həmçinin səfir qeyd edib ki, Ermənistanın cinayətkar rəhbərliyi cəbhədə vəziyyəti gərginləşdirmək və təxribatlar törətməklə əhalinin diqqətini daxili problemlərdən, ölkənin acınacaqlı vəziyyətindən, COVID-19 pandemiyası ilə bağlı yaranmış dəhşətli vəziyyətdən yayındırmaq məqsədi güdür.

G.İsmayılzadə Azərbaycan Ordusu tərəfindən Ermənistan işğalından azad olunmuş ərazilərinin xəritəsini də iştirakçılara təqdim edib.

Müəllim və tələbə heyəti tərəfindən böyük maraqla qarşılanan seminarın sonunda səfir mövzu ilə bağlı sualları ətraflı cavablandırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video