22 Oktyabr 2020 00:56
2869
SİYASƏT
A- A+

Böyük Zəfərə doğru


Azərbaycan cəmiyyəti qələbə ovqatındadır. Müzəffər ordumuzun qazandığı parlaq zəfərlər xalqımızı qalibiyyət əhvali-ruhiyyəsində kökləyib. Hərbçilərimizin apardıqları uğurlu əməliyyatlar nəticəsində Füzuli, Cəbrayıl rayonları, Xocavənd, Hadrut qəsəbəsi, Murovdağ zirvəsi, Suqovuşan su anbarı, onlarca kənd, strateji yüksəkliklər azad edilib.

On minlərlə soydaşımız illərdir daş kimi qəlbimizdən asılmış məcburi köçkün adı ilə vidalaşır. Artıq hamı 30 ilə yaxındır ki, həsrətlə gözlədiyi Böyük Qələbənin çox yaxında olduğuna əmindir. Şanlı Ordumuz cəbhədən gələn hər zəfər xəbərləri ilə bizi addım-addım arzularımızdakı o günə yaxınlaşdırır.

Əsgərimiz bir neçə gün əvvəl Xudafərin körpüsünə bayraq sancdı. Üçrəngli bayrağımız qədim dövlətçilik nişanələrimizdən olan bu abidə üzərində də dalğalandı. Azərbaycan milli yaddaşımızın 27 illik işğaldan qurtuluşunu bayram etdi. Bu, o qədər böyük mənəvi dəyəri olan əlamətdar məqamdır ki, adam sözlə izahına belə çətinlik çəkir. Oktyabrın 20-də isə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciətində Zəngilan şəhərinin və onun yaşayış məntəqələrinin işğaldan azad olunduğu müjdəsini verdi. Prezident İlham Əliyevin rəhbərliyi altında möhtəşəm tarix yazan şanlı ordumuza bizə bu qüruru yaşatdığına görə bir ömürlük minnətdarlıq borcumuz var.

Yeni qürur anlarımız isə hələ qarşıdadır. Azərbaycan əsgəri torpaqlarımızı işğalçılardan təmizlədikcə, tarixi məkanlarımız bayrağımızdakı üç rəngin işığına, müqəddəsliyinə büründükcə bu hissi təkrar-təkrar yaşayacağıq. Əslində, təxminən 30 illik işğalın əzablarına, sıxıntılarına, müharibənin bütün itkilərinə, ağrı-acılarına rəğmən, bu günləri də görə bildiyimizə görə özümüzü xoşbəxt sayırıq.


Hər addımın öz vaxtı, öz vədəsi var


Azərbaycan bu qələbələrlə işğalçı Ermənistanın illərdir ki, danışıqlar pərdəsi altında gizlənərək qoruyub saxlamaq istədiyi status-kvonu aradan götürdü. Təmas xəttini cəbhənin bir neçə əhəmiyyətli istiqamətlərindən yararaq düşməni geri oturtdu. Ordumuz təcavüzkar Ermənistana bu illərin ən böyük məğlubiyyətini, hərbi sarsıntısını yaşatdı. İşğalçı qonşumuzun beynəlxalq aləmdəki havadarları da gördülər ki, əgər sülh danışıqları səmərə verməzsə, Azərbaycanın öz torpaqlarını hərbi yolla azad etmək iqtidarında olması barədə zaman-zaman deyilənlər, sadəcə, bəyanat deyil.

Azərbaycan istənilən an düşmənlə ən müasir silahların dilində danışa və onu diz çökdürə bilər. Ali Baş Komandan İlham Əliyev oktyabrın 20-də xalqa müraciətində dedi: "Bu gün çalışırlar ki, status-kvonu bərpa etsinlər. Mən demişəm, status-kvo yoxdur. Status-kvonu biz məhv etmişik və düz də etmişik. 30 ilə yaxın gözləmişik. On il bundan əvvəl Minsk qrupunun həmsədrləri, onların prezidentləri səviyyəsində açıqlama verilmişdir ki, status-kvo qəbuledilməzdir. Biz də bunu dəstəklədik, biz bunu bəyəndik və bizdə böyük ümidlər yarandı, ondan sonra danışıqlar masasında əldə edilmiş müəyyən tərəqqi bizim ümidlərimizi artırdı. Amma sən demə, mənfur düşmən, sadəcə olaraq, bizi və beynəlxalq aləmi aldadırdı. Bu, beynəlxalq vasitəçilərə hörmətsizlikdir. Biz döyüş meydanında güc göstərərək status-kvonu dəyişdirdik”.

Son hərbi əməliyyatlardakı ağır itkilərini artıq Ermənistan rəsmiləri də etiraf etməyə, vəziyyətlərinin ağır olduğunu bildirməyə başlayıblar. Böyük itkilərdən sonra Ermənistanın ordusunun şəxsi heyəti sarıdan ciddi problemlərlə üzləşdiyi bu ölkədən yayılan süjetlərdən də görünür. Tam səfərbərlik etmiş işğalçı ölkədə ordudakı boş yerləri doldurmaqdan ötrü artıq heç bir hərbi fiziki hazırlığı olmayan, beli bükülmüş, dişləri tökülmüş qocalar da cəbhə bölgələrinə göndərilir. Artıq növbə qadınlara çatıb. Ermənistanın məğlubiyyətdən isterika vəziyyətinə düşmüş rəhbərliyi onları labüd ölümə göndərir.

Azərbaycan cəmiyyəti isə öz milli həmrəyliyi ilə göstərdi ki, biz işğal faktı ilə barışan deyilik. Azərbaycan dövləti öz əzəli və əbədi torpaqlarında ikinci Ermənistan dövlətinin yaranmasına heç zaman imkan verməyəcək. Düşmən dövlətin öz havadarlarının əli ilə illərdir işğal altında saxladığı torpaqlarımızı nə yolla olur-olsun azad edəcəyik. Sadəcə hər bir addımın öz vaxtı, öz vədəsi var.

Hələ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2020-ci il tarixli iclasında Prezident İlham Əliyev demişdi: "Nəyi nə vaxt, necə etmək lazımdır, bunu biz bilirik. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda, döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik”. Azərbaycan Prezidenti bu deyilənlərin sadəcə söz olmadığını sübuta yetirdi. Bu günədək aparılan siyasət, atılan adımlar, o cümlədən sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatları dövlət başçısının bu fikirlərinin tam əsaslı olduğunu bir daha təsdiqlədi. İstər danışıqlar masasında, istərsə də hərb meydanında atılan hər bir düşünülmüş və dəqiq addım bizi əsas hədəfə daha da yaxınlaşdırmaqdadır.


Ermənistan dövlət terrorunu davam etdirir


Əfsuslar olsun ki, məğlubiyyətin qaçılmazlığını bilə-bilə Ermənistan rəhbərləri 1992-ci ilin 26 fevralında Xocalıda olduğu kimi mülki vətəndaşlara qarşı dövlət terrorunu, soyqırımı siyasətini davam etdirir. Azərbaycanın yaşayış məntəqələri, mülki əhalimiz və sənaye obyektlərimiz, ölkəmizin ərazisindən keçən qlobal əhəmiyyətli enerji-kommunikasiya layihələri ballistik raketlərdən atəşə tutulur. Onların Gəncədə, Tərtərdə, Ağdamda, Goranboyda, Mingəçevirdə və başqa yaşayış məntəqələrimizdə törətdikləri Azərbaycan xalqına qarşı soyqırımı siyasətinin təzahür formasıdır. İşğalçı ölkə cəbhədə əldən verdiyi strateji mövqelərin, sarsıdıcı itkilərinin əvəzini bu yolla çıxmağa çalışır. Əsgər və zabitlərimizin böyük rəşadət hesabına düşməndən azad edərək möhkəmləndikləri yaşayış məntəqələrini yenidən geri alıb məğlubiyyətdən sarsılmış erməni cəmiyyətində müəyyən ruh yüksəkliyi yaratmaqdan ötrü insanları məqsədli şəkildə qırğına verir. Özü də bütün bunlar Rusiyanın vasitəçiliyi ilə Moskvada əldə edilmiş humanitar atəşkəs dövründə edilir.

Azərbaycan Prezidentinin Türkiyənin "Haber Türk” televiziya kanalına müsahibəsində də qeyd etdiyi kimi, Ermənistanın apardığı çirkin siyasət anlaşılandır. Çünki onlar hər zaman döyüş meydanında məğlubiyyətə uğrayanda belə çirkin əməllərə əl atırlar. Mülki şəxslərə, əliyalın insanlara qarşı qəddarlıq göstərmək onlar üçün adi bir haldır. Azərbaycan xalqı bunu Xocalı soyqırımının timsalında görüb.

Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı bu xain hücumunun məqsədi münaqişənin coğrafiyasını genişləndirmək, üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını münaqişəyə cəlb etməkdən ibarətdir. Ona görə də Ermənistan ərazisindən şəhər və kəndlərimiz, mülki vətəndaşlarımız atəşə tutulur, Azərbaycanı eyni şəkildə cavab atəşlərinə təhrik edilir. Amma Azərbaycan bu məsələdə öz təmkinini qorumaqdadır. Azərbaycan Ordusu düşməndən qisasını döyüş meydanlarında alır. Mülki əhali, qeyri-hərbi obyektlər ordumuzun hədəfi deyil. Hərbçilərimiz Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağda və ətraf rayonlarda yuva qurmuş terrorçulara qarşı antiterror əməliyyatlarını davam etdirir. Hər gün yeni yaşayış məntəqələrimizin işğaldan azad olunması, orada Azərbaycan bayrağının dalğalanması barədə xoş xəbərlər eşidirik.

Mülki əhalini hədəfə çevirərək həm də insanlar arasında şaşqınlıq yaratmaq, xalqımızın mübarizə əzmini sarsıtmaq istəyən erməni siyasiləri bu niyyətlərinə də çata bilmirlər. Çünki Azərbaycan xalqı ayaqdadır. Cəmiyyətdə böyük ruh, milli vəhdət var. Xalq nəyin bahasına olursa-olsun bu haqq savaşından dönən deyil. Xalqımız qələbəyə inanır və uzun illərdir intizarında olduğumuz Böyük Zəfərin əldə edilməsi üçün dövlətimizə, rəşadətli Ordumuza, Ali Baş Komandanımıza dəstək verir. "Prezident kimi mənim fəaliyyətim üçün əsas məsələ, əsas vəzifəm Azərbaycan torpaqlarının qaytarılmasıdır, ərazi bütövlüyünün bərpa edilməsidir və bu gün biz bunu döyüş meydanında edirik”, - deyə ölkə rəhbəri oktyabrın 20-də xalqa müraciətində bununla bağlı mövqeyini qətiyyətlə, birmənalı şəkildə bildirdi.


Erməni faşizminin nişanələri


Azərbaycan əsgərinin üzərində bayrağımızı dalğalandırdığı Xudafərin körpüsünün azadlığa qovuşmasının rəmzi mənası çox böyükdür. Bu körpü ətrafında Arazın hər iki sahilində olan xalqımızın çoxlu qədim mədəni nişanələri - müxtəlif tipli memarlıq, tarix-arxeologiya və təbiət abidələrini birləşdirir. Ümumdünya əhəmiyyətli tarixi hadisələrlə bağlılığına, gözəl landşaftla üzvi birliyinə, yüksək memarlıq-mühəndis həlli və digər xüsusiyyətlərinə görə Xudafərin körpüsü Azərbaycan memarlığının universal dəyərli abidələrindəndir. İşğaldan azad edilmiş torpaqlarımızda normal həyat bərpa olunandan sonra bu körpüyə ziyarətçi axınının başlanacağı, Azərbaycan əsgərinin işğalçı düşməndən təmizləyib dünyaya təqdim etdiyi bu məkanın ölkəmizin ən böyük turizm mərkəzlərindən birinə çevriləcəyi, həyata keçiriləcək infrastruktur layihələrinin bölgəyə yeni həyat verəcəyi günlər artıq uzaqda deyil. Bura yurd yerlərimizi, əcdadlarımızın bu torpaqlardakı müqəddəs mirası olan maddi-mədəniyyət abidələrimizi simvollaşdırır. Artıq Xudafərin körpülərinin UNESKO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlərin keçirilməsi işinə hazırlıq başlanmışdır.

Azərbaycan hərbçiləri hər yeni yaşayış məntəqəsini düşməndən azad etdikcə o ərazilərdən şəkillər, video materiallar yayılır. Adam bu çəkilişlərə baxanda torpaqlarımızın azadlığa çıxmasına, illərin həsrətinin bitməsinə sevindiyi qədər erməni vandalizminin sərhədsizliyindən də dəhşətə gəlir. Vaxtilə böyük, qurulu, abad yaşayış məskənlərindən ibarət olan bu ərazilərdə, düşmən demək olar ki, daşı-daş üstündə qoymayıb. Nəyi söküb daşımaq, satıb-sovmaq mümkündürsə onu edib. Bu məqama Ali Baş Komandan İlham Əliyev Füzulu şəhərinin və ətraf kəndlərin işğaldan azad edilməsi münasibətilə xalqımıza müraciətində də toxundu: "Füzuli şəhəri deyəndə, əlbəttə, biz hamımız bilməliyik ki, şəhərdən bir şey qalmayıb, əsər-əlamət qalmayıb, bir dənə də salamat bina qalmayıb... Bütün binalar sökülüb, dini abidələrimiz sökülüb, hər şey talan edilib, evlərin dam örtükləri, pəncərələri, əşyaları, hər şey. Sanki vəhşi bir qəbilə bu şəhəri zəbt etmişdir. Füzuli şəhərinin qalıqları erməni faşizminin təzahürüdür və erməni faşizminin şahididir”.


İşğal yaraları sağalacaq


Azərbaycan hərbçilərinin irəlilədikləri dağılmış yolların ətrafında göz işlədikcə uzanan torpaqlara, təbiət gözəlliklərinə, dağlara, yaşıllıqlara baxdıqca duyğulanırsan. İllərdir ki, insan əlinin tumarına, nəvazişinə, həsrətdir bu torpaqlar. Üzərinə sanki hüznün, əzabın rəngi çöküb, öz sahibinin yolunu gözləyir. Onu əkib-becərəcək, suyunu, toxumunu əskik etməyəcək, 30 il əvvəlki səliqə-sahmanını, bərəkətini, bol məhsulunu, abad yollarını, tikililərini özünə qaytaracaq insanların intizarındadır.

Əsgər və zabitlərimizdən az sonra bu torpaqlara onu yenidən quracaq, həyata qaytaracaq insanların böyük köçü başlanacaq. Torpağın köksündəki işğal yaraları tez bir zamanda sağalacaq. Azərbaycan dövləti 2016-cı ilin Aprel döyüşlərindəki qələbədən sonra cəmi bir neçə ayın içində yaratdığı Cocuq Mərcanlı nümunəsinə bu yurdlarımızın hər birində nail olacaq. Düşmənin vəhşicəsinə dağıdıb talan etdiyi yurdlarımızı dünyanın ən abad, ən gözəl yaşayış məskənlərinə çevirəcək, onların hər daşına sevgimizi qoyacağıq. Biz o yurdlarımızı həm də verdiyimiz itkilərin təsəllisi kimi abad edib quracağıq. Hər tikilisini o torpaqlar uğrunda canını fəda etmiş şəhidlərimizin ruhuna ehtiramımız kimi ucaldacağıq. Terrorçu Ermənistan dövlətinin bütün müharibə qanunlarını pozaraq Gəncədə, Tərtərdə, Goranboyda, Naftalanda raket atəşləri ilə qətlə yetirdiyi gül üzlü körpələrimizin, dinc sakinlərimizin əbədiyyət ömrü salacağımız o yeni məskənlərdə yaşayacaq.

"Bütün o torpaqları biz cənnətə çevirməliyik... Ona görə biz indi artıq o bölgələrin inkişaf planları üzərində işləməliyik, müvafiq göstərişlər artıq verilibdir. Planlama hazırlanacaq ki, o bölgələrə Azərbaycan əhalisi qayıtsın və maksimum qısa müddət ərzində artıq onlar oraya yerləşsinlər”. Azərbaycan Prezidentinin bu arzusundan, göstərişindən özünü vətənə bağlı sanan, azərbaycanlı ruhunu canında hiss edən hər kəsə pay düşür. Faşist xislətli ermənilərin o vandallığı etməkdə əsas niyyətləri bir tərəfdən sökülüb dağıdılan binalardan ələ gələn nə varsa satıb pul-para qazanmaq idisə, digər tərəfdən də fikirləşirdilər ki, azərbaycanlılar daha buralara qayıtmazlar. Amma o mənfurlar Azərbaycan xalqının iradəsini, tarixən qurucu bir xalq olduğumuzu unudurlar. Bizim ermənilərdən və tarixən dağıdıcılıq əməlləri ilə tanınmış başqa toplumlardan bir əsas fərqimiz də elə budur. Biz dağıtmaq üçün yox, qurmaq üçün yaşayırıq. Ömrün mənasını tikib abadlaşdırmaqda görürük. Dünən ucaltdığımızı bu gün bəyənmirik, ondan daha yaxşısını edirik. Bu, xalq olaraq bizim möhtəşəmliyimizdir, xoşbəxtliyimizdir. İşğalçı mahiyyətdən, faşist xislətindən dünyaya qalan ancaq dağıntılardır, bünövrəsinə qədər sökülüb talanmış xarabalıqlardır, quruyan ağaclar, suya həsrət çəmənliklərdir.

Biz işğaldan azad etdiyimiz yurdlarımızı Yer üzünün ən gözəl guşəsinə çevirəcəyik. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, "O torpaq canlanacaq, oraya həyat qayıdacaq, uşaqların gülüşü gələcək, insanların təbəssümü qayıdacaq”. Azadlığına qovuşmuş Qarabağdakı məscidlərimizdə yenidən azan səsi eşidiləcək.

Bu gün Azərbaycan Prezidenti öz qətiyyətli mövqeyi ilə regionun geopolitik mənzərəsini dəyişir. Münaqişənin həllindən sonra Cənubi Qafqaz bölgəsində sülh və inkişaf imkanları daha geniş olacaq, dünyanın təhlükəsiz, abad, dayanıqlı, zəngin mərkəzlərindən birinə çevriləcək.

O gələcəyi yaradan bizik!

O günün üfüqləri isə artıq görünməkdədir!

İradə ƏLİYEVA,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video