21 Oktyabr 2020 00:36
1662
SİYASƏT
A- A+

Lider ətrafında milli birlik daha da güclənib


Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsində qələbəmizi yaxınlaşdıracaq gəncliyin üzərinə daha çox məsuliyyət düşür


Dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycanda Dövlət-Xalq-Ordu həmrəyliyi və Lider ətrafındakı milli birlik bu qədər güclü hiss edilməmişdi. Bir qədər də dəqiqləşdirsək, biz bu hissləri 2016-cı ilin Aprel döyüşlərində duyduq! 2020-ci ilin iyul ayının ortalarında Tovuz istiqamətindən dövlət sərhədimizi ağır artilleriyalarla kobudcasına pozan, dinc və mülki əhalini, eləcə də sıravi əsgərimizdən generalımızadək terrora məruz qoyan təcavüzkar Ermənistanın sentyabrın 27-də yenidən törətdiyi təxribata cavab vermək üçün Ali Baş Komandanın hər bir əmrinə hazır olan, onun ətrafında yumruq kimi birləşən xalqımızın, o cümlədən gəncliyimizin ordumuzla göstərdiyi həmrəyliyin bir daha şahidiyik.

Azərbaycan gəncliyinin səsi bu gün dövlətinin və xalqının yanından, düşmənlə üz-üzə səngərdən, dünyanın inkişaf etmiş ölkələrinin nüfuzlu ali məktəblərindən gəlir. Onlar Vətənə layiqli övlad olacaqlarına and içiblər. Andına sadiq gəncliyimizin üzərinə bu gün daha çox düşən missiya isə düşmənin təcavüzkarlığına son qoymaq, işğalda qalan torpaqların, dağıdılan yurd-yuvaların əsarətdən xilası üçün Ali Baş Komandanın ətrafında daha sıx, monolit birləşməkdir. Onlar bu ali və şərəfli vəzifəni layiqincə dərk edir. Bunun səbəbləri də var, gənclik vətənpərvər ruhda yetişir. Çünki Azərbaycanda uğurlu dövlət gənclər siyasəti həyata keçirilir. Bu siyasət isə ölkə gənclərinin hərtərəfli inkişafını təmin edir.

Azərbaycan əhalisinin əksəriyyətinin gənclərdən ibarət olması da ölkəmizin davamlı inkişafının təminatıdır. Demək, gəncliyin əsas yolu və vəzifəsi ilk növbədə dövlət başçısının ətrafında daha sıx birləşərək azərbaycançılıq, vətənkeşlik ideologiyasına sədaqətlə xidmət etməkdir.


"...Heç vaxt heç bir kənar qüvvə, heç bir yad dairə bizim xoşbəxtliyimizi istəməyib...”


Gənclər üçün əsas istiqamət, əlbəttə, ilk növbədə vətənpərvərlik, daha sonra isə təhsildir. Bu prizmadan yanaşaraq dövlət başçısı hesab edir ki, məhz bu iki istiqamətə daha çox fikir verilməlidir. Gənclər peşəkar olmalıdırlar. Onlar milli və hərbi-vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar. Elə bu yanaşmanın nəticəsidir ki, Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsinə çevrilib. Buna görə də dövlət başçısı xüsusi qeyd edir ki, gənclərimizlə fəxr edə bilərik.

Azərbaycan Prezidenti gənclərlə keçirdiyi görüşlərdə həmişə bildirir ki, ölkədə təlim-tərbiyə işi yeni müstəviyə qalxmalıdır: "Gənclər özləri də tarixi yaxşı bilməlidirlər. Əgər tarixi yaxşı bilsələr, görərlər ki, tariximizdə heç vaxt heç bir kənar qüvvə, heç bir yad dairə bizim xoşbəxtliyimizi istəməyib, əksinə, bizi əzmək istəyib, özünə ram etmək istəyib, sərvətlərimizi talamaq istəyib, bizi alçaltmaq istəyib...”

Azərbaycan Prezidenti respublikamızın gələcəyi sayılan gənclərdə vətənpərvərlik hissinin daha güclü olmasını istəyir. Həm də yalnız bu, sadəcə, istək və arzu deyil. Eyni zamanda bunun üçün münbit zəmin hazırlayır, şərait yaradılmasını tələb edir: "Gənclər milli ruhda, vətənpərvərlik ruhunda, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdırlar. Bax belə gənclər ölkəmizi gələcəyə inamla aparacaq. Hesab edirəm ki, bugünkü gənclərin mütləq əksəriyyəti bu meyarlara cavab verir - bilikli, savadlı, Vətənə bağlı, vətənpərvər və dünyaya açıq. Elə olmalıdır ki, Azərbaycanın dövlət müstəqilliyi güclənsin”.


Torpaqlarımızın müdafiəsinə can atan gənclik


Azərbaycan gəncliyi öz dövlətini və xalqını təcavüzkarlardan qorumaq üçün ötən 30 il ərzində sinəsini düşmən gülləsinə sipər edib. Onlar heç vaxt arxadan vurulmayıblar. Milli Qəhrəman Mübariz İbrahimov kimi düşmənə layiqli cavab veriblər! Qəhrəmancasına şəhid olublar, heç vaxt erməni silahlı qulduru kimi fərarilik etməyiblər!

Bu, xalqımızın döyüşkən ruhunun qorunub saxlanan əzmkarlığı, mübarizliyidir. Həmin ruhda tərbiyə alan Azərbaycan gəncliyi Tovuz hadisələrində olduğu kimi, bu gün də ordu sıralarına könüllü yazılmaqla düşmənə layiqli cavab verərək, tezliklə qazanılacaq qələbədə payının olmasını düşünür.

Sentyabrın 28-də Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanının müvafiq sərəncamı ilə ölkədə qismən səfərbərlik elan edilib. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini general-mayor Zaur Abdullayev sərəncamdan irəli gələn məsələlərə aydınlıq gətirərkən mühüm bir məqama xüsusi diqqət yetirib: "...Son günlər xeyli sayda Azərbaycan vətəndaşı ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak üçün Xidmətə könüllü müraciət edirlər. Bu hal onu göstərir ki, vətəndaşlarımız elan olunmuş qismən səfərbərlik tədbirində böyük ruh yüksəkliyi ilə iştirak edəcəklər”.

Gəncliyin özünün bu məsələyə baxışları dövlət başçısının fikirlərini əks etdirir. Gənclərimiz Azərbaycan Prezidentinin onlara göstərdiyi diqqət və qayğıya cavab olaraq öz üzərlərinə düşən vətəndaşlıq borcunu yerinə yetirmək üçün yaradılan şəraitdən yalnız məmnun qaldıqlarını deyil, həm də bunun məsuliyyətini unutmurlar.


"Qarabağ bizimdir, bizim olacaq”


Hələ 2016-cı il Aprel döyüşlərində Azərbaycan Ordusunun Lələtəpə zirvəsini fəth etməsi böyüklü-kiçikli xalqımızı ayağa qaldırmışdı. Əlbəttə, bu coşqu ilə əlində silahı olmayan belə, "Qarabağ bizimdir, bizim olacaq!” çağırışı ilə üçrəngli bayrağımıza sarınaraq üzü Qarabağa yürüş edən iştirakçıların, demək olar ki, hamısı da gənclər idi. Qanlı Tovuz hadisələrində isə biz həmin coşğunun bir az da artdığının, düşmənə öz yerini göstərmək üçün, hətta cəbhəyə, ön xəttə can atanların əsasən gənclərdən ibarət olduğunun şahidinə çevrildik.

Bu da 27 sentyabr! Xalq, o cümlədən Ali Baş Komandanın hər an döyüş əmrini gözləyən vətənpərvər gəncliyimiz könüllü şəkildə Azərbaycan Ordusunun sıralarında düşmənə öz yerini göstərmək üçün səfərbər olduqlarını nümayiş etdirdi. Çünki onlar yaxşı bilirlər: bu, qələbəyədək aparan müqəddəs yoldur! Tarixən bütün döyüşlərdən zəfərlə çıxmış igid, qəhrəman xalqımızın, onun müdriklərinin dediyi kimi, "bu yolda öldü var, döndü yox!”

Bütün bunlardan sonra onu da qeyd edək ki, Ali Baş Komandanın ətrafında sıx birləşib, əzəli-əbədi torpaqlarımızı işğalçılardan azad etmək istəyənlər yalnız ölkə vətəndaşları deyil, minlərlə gənc soydaşımız Azərbaycandan çox-çox uzaqlarda yaşayıb, oxusalar da, "cənab Prezident, Sizin ətrafınızda birləşərək, Vətənimizin ərazi bütövlüyünü təmin etmək üçün canımızdan keçməyə hazırıq,”- deyir. Bu da Azərbaycan Prezidentinin "Biz birlikdə qalibik!” çağırışına səs verməkdir!

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video