20 Oktyabr 2020 00:46
656
SİYASƏT
A- A+

Azərbaycan Ordusu xalqımızın 30 illik arzusunu şərəflə həyata keçirir


Sentyabrın 27-dən başlayaraq tariximizə yeni və şərəfli səhifələr yazılır. Ermənistanın növbəti təxribatına cavab olaraq rəşadətli Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində 30 ilə yaxındır düşmən tapdağında qalan doğma torpaqlarımız işğaldan azad edilir.

Cəbrayılda, Hadrutda, Xocavənddə, Suqovuşanda və digər neçə-neçə kəndimizdə Azərbaycan bayrağı ucalır. Füzuli şəhərinin və rayonun bir sıra kəndlərinin azad edilməsi, Xudafərin körpüsündə bayrağımızın ucaldılması göstərdi ki, möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz qarşısında duran şərəfli vəzifəni inamla yerinə yetirir və tezliklə bütün torpaqlarımız azad ediləcək.

Xalqımız torpaqlarımızın işğaldan azad ediləcəyi günü çoxdan gözləyirdi. 30 ilə yaxın idi hər bir azərbaycanlı məhz bunu arzulayırdı. Çünki 1994-cü ildən aparılan sülh danışıqları ATƏT-in Minsk qrupunun səriştəsizliyinə görə nəticəsiz qalırdı. Ona görə Ermənistanın təxribatından sonra Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusunun əks-hücuma keçməsini xalqımız coşqu ilə qarşıladı. Döyüşlərin başladığı gündən xalqımız bu müqəddəs amal uğrunda yumruq kimi birləşdi. Hər bir azərbaycanlı bu müharibədə cənab İlham Əliyevin ətrafında sıx səfərbər olub. Məramından, baxışlarından asılı olmayaraq bütün siyasi partiyalar (Ə.Kərimlinin sədri olduğu AXCP-dən başqa) dövlət başçısı ilə həmrəy olduqlarını bildirib.

Ermənistan-Azərbaycan münaqişəsinə dair ən mühüm sənədlər BMT Təhlükəsizlik Şurasının 1993-cü il ərzində qəbul etdiyi 4 qətnamədir. Həmin qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir və işğalçı qüvvələrin Azərbaycan ərazisindən qeyd-şərtsiz çıxarılması tələb edilir. Lakin BMT kimi mötəbər bir təşkilatın qətnamələri 27 ildir kağız üzərində qalıb. Bu gün isə şanlı Azərbaycan Ordusu torpaqlarımızı azad etməklə tarixi ədaləti inamla bərpa edir.

Azərbaycan həmişə danışıqlar prosesinə sadiq olub. Lakin hələ 2016-cı ilin aprelində Azərbaycana qarşı hərbi təxribat törədən Ermənistan danışıqlarda maraqlı olmadığını göstərdi. Rəşadətli Ordumuz həmin vaxt dördgünlük müharibədə inamlı qələbə qazandı, torpaqlarımızın bir hissəsini işğaldan azad etdi.

Ötən ildən başlayaraq isə Ermənistanın baş naziri, Sorosun göstərişlərini icra edən Nikol Paşinyanın yürütdüyü siyasət danışıqların aparılmasını tamamilə mənasız etmişdi. Hakimiyyətə gəldikdən sonra Dağlıq Qarabağ problemi ilə bağlı ziddiyyətli açıqlamalar verən, danışıqların formatının dəyişdirilməsini istəyən Paşinyanın sərsəm "Qarabağ Ermənistandır” bəyanatı, Azərbaycanın qarşısında 7 şərt qoyması, nəhayət bu ilin iyulunda Tovuza hücum etməsi bu ölkə ilə sivil danışıqları tamamilə mənasız etmişdi. Bunların davamı kimi avqustda Goranboy istiqamətində diversiya-kəşfiyyat təxribatı, Azərbaycanın işğal olunmuş ərazilərində Livandan gətirilən ermənilərin qeyri-qanuni məskunlaşdırılması, Şuşada qondarma rejimin andiçmə mərasiminin keçirilməsi göstərdi ki, Ermənistanla danışıqlar aparılmasının heç bir mənası yoxdur.

Bu məsələlər, o cümlədən Ermənistanın cəbhə zonasına yeni hərbi qüvvələr cəmləməsi Azərbaycan tərəfindən zamanında beynəlxalq təşkilatların diqqətinə çatdırılmışdı. Prezident

İlham Əliyev sentyabrın 21-də BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda demişdi ki, hərbi təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını nümayiş etdirir. Sentyabrın 25-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən də Prezident İlham Əliyev son dövrlərdə baş verən bütün prosesləri, Ermənistanın iyul təxribatını, Azərbaycana diversiya qrupu göndərdiyini onun diqqətinə çatdırdı.

Sentyabrın 27-dən sonra baş verənlər Prezident İlham Əliyevin beynəlxalq ictimaiyyəti xəbərdar etməkdə nə qədər haqlı olduğunu göstərdi. Xəbərdarlıqlardan nəticə çıxarmayan, Azərbaycan torpaqlarında ikinci erməni dövləti qurmaq istəyən, son dövrlər təxribatlarını daha da artıran Ermənistan indi tarixinin ən ağır günlərini yaşayır. N.Paşinyanın atəşkəs üçün zəng etmədiyi dövlət başçısı qalmayıb.

Sentyabrın 27-dən bəri cəbhədə baş verənlər bir daha göstərdi ki, Azərbaycanda ordu quruculuğu ən yüksək səviyyədə həyata keçirilib. Çünki bu gün ordumuz ən müasir metodlarla döyüş əməliyyatları aparır. Hətta dünyanın ən güclü ordularına malik dövlətlərindən olan ABŞ və Hindistanın generalları Azərbaycanın həyata keçirdiyi əməliyyatları təqdir edirlər. Təbii ki, ordumuzun bu cür yüksək döyüş imkanlarını mənimsəməsində qardaş Türkiyənin böyük rolu var. Hərbi gücünə görə

NATO-nun liderlərindən olan Türkiyə ilə Azərbaycan arasında müdafiə sahəsində uzun illərdən bəri dərin əməkdaşlıq mövcuddur. Qardaş ölkə Azərbaycan Ordusunu NATO-nun standartlarına uyğunlaşdırılmasına, müdafiə sənayesi kompleksinin inkişafına mühüm töhfələr verib. Belə bir ölkənin ordusu ilə hər il birgə hərbi təlimlərin keçirilməsi isə Azərbaycan Ordusunun ən müasir döyüş imkanlarını mənimsəməsində böyük rol oynayır.

Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilməyən Ermənistan bu günlərdə ölkəmizin ayrı-ayrı yaşayış məntəqələrini atəşə tutmaqla, 60 nəfərdən artıq mülki vətəndaşımızı qətlə yetirməklə növbəti dəfə müharibə cinayətlərinə imza atdı. Döyüş bölgəsindən kifayət qədər kənarda yerləşən Gəncənin üç dəfə ballistik raketlə atəşə tutulması nəticəsində 27 nəfərin, Tərtərdə qəbiristanlığın atəşə tutulması ilə 3 nəfər mülki şəxsin qətlə yetirilməsi Ermənistanın insanlıq əleyhinə törətdiyi cinayətlərdir. Bütün bunlar dünyanın gözü qarşısında baş versə də, beynəlxalq təşkilatlar sanki görməzdən gəlirlər. Dünya sussa da, Azərbaycan Ordusu öz sözünü deyəcək, torpaqlarımızı azad etməklə həm də qətlə yetirilən günahsız mülki vətəndaşlarımızın da intiqamını alacaq.

Bu şərəfli və məsuliyyətli günlərdə hamımız işğal altındakı torpaqlarımızın azad olunması, müstəqil dövlətçiliyimizin qorunması və daha da inkişaf etdirilməsi naminə Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında daha sıx birləşməliyik. Bu çətin dönəmdə biz ağsaqqallar gənclik enerjisi ilə fəaliyyət göstərməli, Vətənimiz uğrundakı ölüm-dirim mübarizəsində hərəmiz öz mövqeyimizdə daha əzmlə çalışmalıyıq. Azərbaycanın şanlı tarixi boyu ən məsuliyyətli məqamlarda hər zaman xalqın önündə olmuş respublika ağsaqqalları torpaqlarımızın azadlığı uğrunda başlanmış bu müharibədə də yüksək döyüş ruhu ilə dövlətimizin, Silahlı Qüvvələrimizin və onun Ali Baş Komandanının yanındadırlar. Biz bu məsul günlərdə bütün xalqımızı milli həmrəylik göstərməyə, hər bir sahədə düşmənə layiqli cavab verməyə çağırırıq.

Bu gün Azərbaycan əsgərinin rəşadəti bizi o qədər ruhlandırıb ki, Respublika Ağsaqqallar Şurasının hər bir üzvü yaşından asılı olmayaraq, gənclərlə yanaşı, döyüşə atılmağa, üzərinə düşən vəzifələri şərəflə yerinə yetirməyə hazırdır. Bu günlərdə hamımızın qəlbi dövlət başçısının irəli sürdüyü "Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” şüarı ilə döyünür. Qələbə bizimlədir, çünki bizim işimiz haqq işidir, biz Vətənimiz uğrunda, torpaqlarımızı işğaldan azad etmək üçün vuruşuruq! Biz əminik ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin başçılığı altında qüdrətli Ordumuz işğal altındakı bütün torpaqlarımızı tezliklə azad edərək Vətənimizin ərazi bütövlüyünü təmin edəcək və şanlı bayrağımızı Şuşada, Xankəndidə dalğalandıracaq!

Eldar QULİYEV,

Azərbaycan Ağsaqqallar Şurasının sədri,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video