16 Oktyabr 2020 01:18
2462
SİYASƏT
A- A+

Azərbaycanın hərbi zəfərləri Qafqaza sülh gətirir


"Bu xain hücumlar bizi zərrə qədər də yolumuzdan döndərə bilməz. Ermənistanın digər bir məqsədi bizi dayandırmaqdır. Onlar zənn edirlər ki, bu xain zərbələr bizi dayandıracaq. Bizi heç kim dayandıra bilməz. Çünki biz haqq yolundayıq, bu yolu davam edirik və uğurla davam edirik. Bayrağımızı qaldırırıq, torpaqlarımızı azad edirik və sona qədər bu yolu gedəcəyik!”

Türkiyənin "Haber Türk” televiziya kanalına müsahibəsində Prezident İlham Əliyev humanitar atəşkəs elan edildikdən sonra Ermənistanın Gəncə şəhərinə raket zərbələrinin səbəbi, Azərbaycan Ordusunun Qarabağda apardığı uğurlu antiterror əməliyyatlarının gedişatı ilə bağlı ətraflı məlumat verdi.


Prezidentdən növbəti müjdə


Dövlət başçısı yenə də xalqımıza müjdə verdi. Bildirdi ki, Azərbaycan Ordusu bütün cəbhə boyu uğurlu əməliyyat keçirərək bir neçə kəndimizi işğaldan azad edib və uğurlu əməliyyatlar davam edir: "Bu gün səhər mənə verilən məlumata görə, Azərbaycan Ordusu bu istiqamətdə daha böyük uğurlara imza atdı. Bu məsələ ilə bağlı lazım olan vaxtda açıqlama veriləcək”.

Bunun ardınca Ali Baş Komandan özünün rəsmi "Twitter” səhifəsində bu müjdəni paylaşdı: "Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”

Prezident həmçinin əməliyyatların gedişatını da dəyərləndirdi. Azərbaycan Ordusunun antiterror əməliyyatları nəticəsində düşmənin hərbi hədəfləri bir daha nəzərdən keçirilib və dəqiq, sərrast atışlarla məhv edilib. Erməni ordusuna çox böyük zərər vurulub, 200-dən çox tank, 2 "S-300” hava hücumuna qarşı qurğu, bir çox başqa texnika məhv edilib, 33 tank və digər texnika qənimət kimi götürülüb.

Bu xoş xəbər əlbəttə ki, ürəyi ordumuzla döyünən hər bir ölkə vətəndaşının böyük sevincinə səbəb oldu.


Mülki şəxsləri yalnız faşist Ermənistan hədəfə ala bilər


Prezident Gəncədə baş verənləri Ermənistanın növbəti terror aktı kimi qiymətləndirərək dedi ki, mülki şəxslərə, insanlara qarşı qəddarlıq göstərmək faşist xislətli ermənilər üçün adi bir haldır.

Azərbaycan xalqı bunu Xocalı soyqırımının timsalında görüb.

Bu xain hücumların səbəbləri də bəllidir. Ermənistan münaqişənin coğrafiyasını genişləndirmək və üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını münaqişəyə cəlb etmək istəyir. Məhz buna görə də Ermənistan ərazisindən Azərbaycan torpaqlarını, mülki şəxsləri atəşə tuturlar və ölkəmizi cavab atəşinə təhrik edirlər.

Beynəlxalq təşkilatların və beynəlxalq ictimaiyyətin bu məsələyə reaksiyasına gəlincə, Azərbaycan Prezidenti bildirdi ki, Türkiyə hər zaman olduğu kimi, ölkəmizi açıq və birmənalı dəstəkləyib. Pakistan və digər dost ölkələr böyük həmrəylik göstərərək çox müsbət açıqlamalar veriblər. Ancaq bəzi ölkələr hələ də susqun qalırlar. Axı Ermənistanın bu terror aktı dünya miqyasında geniş vüsət aldı və belə namərd hücumun təşkil edilməsi, açıq-aşkar atəşkəsin kim tərəfindən pozulduğunu əyani şəkildə göstərdi.

Ancaq hər hansı bir terror aktı və istənilən çirkin oyunlar Azərbaycan xalqının iradəsini qıra bilməyəcək. Doğma torpaqlarında Vətən müharibəsinə başlayan Azərbaycan düşmənə qarşı daha böyük əzmlə, iradə ilə vuruşacaq, işğal altındakı torpaqlarını azad edəcək və qədim yurd yerlərimizdə üçrəngli bayrağını qaldıracaq.


Heç bir təxribat cavabsız qalmayacaq


Bu gün görünən odur ki, işğalçı Ermənistan humanitar atəşkəsə zərrə qədər əməl etmir. Ona görə də Prezidentin dediyi kimi, bu məsələ ilə bağlı indiki mərhələdə yalnız irəli gedilməlidir. Çünki cənab İlham Əliyevin işğalçıya verdiyi son şansdan onlar yalnız öz çirkin məqsədləri naminə "yararlanmağa” çalışır.

Həqiqət budur ki, təcavüzkar ölkənin terrorçu rəhbəri Nikol Paşinyan siyasət meydanında olduğu kimi, savaş meydanında da məğlub olduğunu görüb əsl erməni xislətini nümayiş etdirir. Ancaq onun istənilən oyunu Ermənistana baha başa gələcək, necə ki, indi də gəlir.

Prezidentin də dediyi kimi, bu gün düşdüyü acınacaqlı durumdan qurtulmaq üçün istənilən dünya liderinə yalvaran Paşinyan Şuşada sərxoş vəziyyətdə yallı gedib Azərbaycan xalqını təhqir edəndə bilməli idi ki, bunun cavabı ağır olacaq. Bu gün Azərbaycan Ordusu onun hərəkətlərinin heyfini döyüş meydanında alır. Azərbaycan əsgəri döyüş meydanında kimin haqlı, kimin haqsız olduğunu göstərir.

Cənab İlham Əliyev bir daha bəyan etdi ki, N.Paşinyanın istənilən təxribatı cavabsız qalmır və qalmayacaq: "Azərbaycan xalqının ləyaqəti bərpa olunur. Şəhidlərimizin qanı yerdə qalmır və qalmamalıdır. Bu gün azad etdiyimiz şəhərlər, kəndlər Paşinyana və onun kimilərə bizim ən gözəl cavabımızdır. O, artıq anladı ki, kim kimdir. Mən ona xəbərdarlıq etmişdim. Mən ona demişdim ki, bu yol sizi fəlakətə aparacaq”.

Bu gün isterikaya qapılan N.Paşinyan təşviş içindədir. Çünki güvəndiyi "sarsılmaz erməni səddi” Azərbaycan Ordusu tərəfindən darmadağın edilir. Erməni hərbçisi Azərbaycan əsgərinin qarşısında duruş gətirə bilmir, silahını, bayrağını ataraq qaçır. İşğal olunmuş torpaqlarımız terrorçulardan təmizlənir. Bu uğurlu əməliyyatlar sonuncu erməni əsgəri Qarabağdan rədd olana qədər davam edəcək.


Azərbaycanın mövqeyi daha da güclənəcək


O ki qaldı müharibə başa çatandan sonrakı dönəmə, Prezident dedi ki, nəinki bölgə, dünya dəyişəcək. Azərbaycanla hesablaşmaq səviyyəsi daha da artacaq. Onsuz da bu gün müəyyən regional məsələlərdə Azərbaycanın rolu çox önəmlidir.

Bu durum həm də Türkiyə-Azərbaycan birliyini daha da möhkəmləndirəcək. Bu da Türkiyə və Azərbaycan üçün həyati əhəmiyyət, xüsusi önəm daşıyır. Çünki Türkiyə-Azərbaycan birliyi bölgəyə sabitlik, sülh gətirir. Qardaş ölkə bölgədə və yeni coğrafiyada çox əhəmiyyətli sabitləşdirici rol oynayır.

Müharibədən sonra baş verəcək prosesləri dəyərləndirən dövlət başçısı bu istiqamətdə hədəfləri də açıqladı: "Bundan sonra bu bölgədə biz yeni bir strateji mənzərə, strateji baxış yaratmalıyıq. Artıq bu barədə düşünməyə başlayırıq, ancaq hadisələri qabaqlamaq istəmirik. Qoy bunu həll edək, bu iş bitsin, ərazi bütövlüyümüz bərpa edilsin, ondan sonra Azərbaycanın yeni dövrü başlanacaq, bölgənin yeni dövrü başlanacaq, güclər nisbəti dəyişəcək və hesab edirəm ki, Türkiyə və Azərbaycanın gücü daha da möhkəm olacaq”.

Cənab İlham Əliyevin müsahibədə səsləndirdiyi qətiyyətli fikirlər bir daha hər bir azərbaycanlıda əminlik yaratdı ki, işğal altında olan torpaqlarımız tam azad olunacaq. Əgər təcavüzkar ölkə Azərbaycanın şərtləri ilə razılaşmasa, Ermənistan nəinki ordusunu itirəcək, hətta çıxılmaz sosial-iqtisadi, siyasi və hərbi böhranla üz-üzə qalaraq tarix səhnəsindən silinəcək.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video